AĞSU: keçən il böyük uğurlara imza atılmışdır

 

Ağsu rayonunda 2012-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev keçən il rayonda qazanılmış uğurlardan söhbət açmışdır.

 

Məruzəçi qeyd etmişdir ki, reallaşan çoxsaylı layihələr, görülən abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə 158 dəfə artaraq ötən il 44,4 milyon manata çatmışdır.

Təhsil, səhiyyə, mədəni-məişət obyektlərinin inşası diqqət mərkəzində olmuşdur. Ləngəbiz kənd tam, Nəmirli kənd ümumi orta məktəbləri üçün müasir binalar tikilib istifadəyə verilmiş, Qəşəd və Rəhimli kənd ümumtəhsil məktəblərində tikinti-quraşdırma işləri davam etdirilmişdir. Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə ümumilikdə rayonun 17 ümumtəhsil məktəbi üçün dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində ümumi şagird yerlərinin sayı 3884 olan, kompyuter texnikası ilə təchiz edilmiş yeni binalar inşa olunmuşdur. Həmin dövrdə 13 əlavə sinif korpusu tikilərək 4 məktəbdə genişləndirmə işləri aparılmışdır.

Son illərdə Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayı-yerlik yeni bina inşa olunmuş, Yaponiya Hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində rayonun Ərəbmehdibəy kəndində həkim məntəqəsi əsaslı təmir edilmişdir. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər ötən il də davam etdirilmişdir. Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə rayonumuza səfərindən sonra onun müvafiq sərəncamları ilə ilkin olaraq ayrılmış 6 milyon manat vəsait hesabına rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayı yerlik müasir tipli binada tikinti-quraşdırma işlərinə başlanılmışdır.

Ötən il yol infrastrukturunun təzələnməsi sahəsində işlərə ciddi diqqət yetirilmişdir. Belə ki, rayonun 15 kəndinin əhalisinin istifadə etdiyi Ağsu-Çaparlı-Göylər avtomobil yolunda əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, yol üzərində 24 suötürücü və 3 körpü tikilmişdir. Yola asfalt örtük salınmasına hazırlıq görülmüşdür. Rayonun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinə əhalinin və nəqliyyat vasitələrinin gediş-gəlişini asanlaşdırmaq üçün Ağsu çayı üzərində uzunluğu 84 metr olan 3 aşırımlı müasir körpü istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına Ağsu şəhərində abadlaşdırma işləri davam etdirilmişdir. H.Əliyev, Vidadi, Azərbaycan, Ü.Hacıbəyov, Natəvan, Firdövsi, T.Xasiyev küçələrində divarlarda dekorativ üzlənmə işləri aparılmış, 24 ictimai yaşayış binalarının dam örtükləri tamamilə təzələnmiş, fasad hissələrinin təmiri başa çatdırılmışdır.

2012-ci ildə Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün yeni inzibati binaların tikintisində işlər davam etdirilmişdir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin “Aqroservis” filialı üçün istehsalat bazasının tikintisi başa çatmışdır və hazırda tamamlama işləri görülür. İdman-Sağlamlıq Kompleksinin təməli qoyulmuş və tikinti-quraşdırma işlərinə başlanılmışdır.

Görürsünüzmü, Ağsuda görülən işlərin miqyası nə qədər genişdir. Bu barədə ətraflı danışan Ənvər Seyidəliyev bildirdi ki, ötən ilin ən böyük layihəsi Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən 49,9 milyon ABŞ dolları dəyərində “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması olmuşdur.

Daha sonra qeyd olundu ki, Regional Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2012-ci ildə rayonda yeni açılmış iş yerlərinin sayı 989 olmuşdur ki, bundan 690-ı daimi iş yerləridir. 2002-ci il oktyabr ayının 1-dən 2013-cü il yanvar ayının 1-dək isə rayon ərazisində 4996-sı daimi olmaqla 9360 iş yeri yaradılmışdır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Təkcə 2012-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının təşkili məqsədilə 42 sahibkara 781,3 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Həyata keçirilmiş layihələrdən sonra rayonda əlavə olaraq 104 yeni iş yeri yaradılacaq. Qeyd etmək yerinə düşər ki, sahibkarlıq subyektlərinə kreditlərin verilməsi 2011-ci illə müqayisədə 141,7 min manat, yaxud 22,1 faiz artmışdır.

Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq 2012-ci ildə rayon ərazisində istehsalçılara yanacaq və motor yağlarına, buğda əkininə və s. görə 2,5 milyon manat, yaxud əvvəlki ildəkindən 17,0 faiz çox vəsait ödənilmişdir.

Məhz sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin nəticəsidir ki, rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi yüksələrək hesabat ilində 68,0 faizə çatmışdır.

Rayon iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatından söhbət açan natiq qeyd etdi ki, 2012-ci ildə 63,6 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 19,3 faiz çoxdur. Aqrar sahə məhsullarının istehsalı ümumi məhsul buraxılışında 44,3 faiz təşkil etmişdir.

Rayonda sənaye məhsulları istehsalı isə 2011-ci illə müqayisədə 2,6 dəfə artaraq 4,7 milyon manata çatmışdır. Təkcə “Az Granata” MMC-in Şirə və şərab emalı zavodunda 1,6 milyon manatlıqdan çox şirələr və şərab istehsal olunmuşdur ki, bu, ümumi sənaye məhsulunun 34,0 faizi qədərdir.

Hesabat məruzəsində rayonun işıq və qaz təsərrüfatında olan uğurları qeyd edən icra hakimiyyətinin başçısı bu sahədə işlərin davam etdirildiyini xüsusi vurğuladı. Təhsil və səhiyyə sahəsində olan nöqsanları qeyd etməklə yanaşı, əldə edilən uğurlardan da danışdı. Rayon gənclərinin uğurlarını fəxrlə sadaladı.

Məruzə ətrafında çıxış edən digər natiqlər də xüsusilə qeyd etdilər ki, keçən il ağsulular üçün uğurlu olmuşdur. Onlar bildirdilər ki, bu il onlar daha böyük uğurlara imza atacaqlar.

Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev iştirak çıxış etmişdir.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 20 fevral.- S. 5.