Bakı Ali Neft Məktəbində
görüş
Rabitə və informasiya
texnologiyaları naziri akademik Əli Abbasovla Bakı Ali Neft Məktəbinin
professor-müəllim və tələbə heyətinin
görüşü keçirildi.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dedi ki, bu günlərdə “Azərspace-1”in uğurla orbitə çıxarılması Azərbaycan üçün tarixi hadisədir. Bu münasibətlə bütün görüş iştirakçılarını təbrik edən rektor bildirdi ki, hazırda Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən birini yaşayırıq. Bu hadisə Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Bu, həm də Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir.
Azərbaycanın
müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl
texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da
möhkəmlənməsində orbitə
çıxarılan ilk Azərbaycan peykinin müstəsna rol
oynayacağına əminlik bildirən rektor Elmar Qasımov
vurğuladı ki, bu peyk ölkəmizin texnoloji
inkişafına böyük təkan verəcəkdir.
Sonra
Elmar Qasımov dedi ki, Bakı Ali Neft Məktəbi Prezident
İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə
yaradılıb. Ali məktəbin təşkilində məqsəd
beynəlxalq standartlara uyğun ən müasir tədris
planları və texnologiyaları əsasında təhsil
prosesini təşkil etməklə sənayenin müasir tələblərinə
cavab verən yüksək ixtisaslı mütəxəssislərə
ehtiyacı ödəməkdir.
Rektor
xatırlatdı ki, 2012-ci il üzrə ali təhsil müəssisələrinin
reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi
başçılıq edir. Bu məlumat Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 2012/2013-cü tədris
ili üçün
Azərbaycan Respublikasının ali və
orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulunun nəticələrinin
elmi-statistik təhlilində öz ifadəsini tapmışdır. Jurnalda abituriyentlərin ərizələrinin
qəbulundan başlayaraq imtahanların təşkili,
biliklərin qiymətləndirilməsi, ali
məktəblər və ixtisaslar üzrə
yerləşdirmə və s. ilə
bağlı təfsilatlı məlumatlar yerləşdirilmişdir.
Rabitə
və informasiya texnologiyaları naziri akademik Əli Abbasov isə
Bakı Ali Neft məktəbinə qəbul olan tələbələri
təbrik etdi. Bildirdi ki,
bu ali məktəbə
qəbul olunanların üzərinə böyük
məsuliyyət düşür. Çünki ölkənin inkişafı və
gələcəyi savadlı, gənc kadrlardan
asılıdır.
Nazir
daha sonra “Azərspace”in orbitə buraxılması ilə
bağlı bildirdi ki, peyk 50-dən artıq ölkəni birləşdirən
məkanda mühüm iqtisadi rol oynayacaq. Bununla yanaşı,
Azərbaycan iqtisadiyyatının şaxələnməsinə
və informasiya təhlükəsizliyinin təmin
olunmasına, həmçinin ölkədə kosmik sahənin
inkişafına şərait yaradacaq.
Akademik
Əli Abbasov qeyd etdi ki, Azərbaycanın birinci telekommunikasiya
peyki fevralın 8-də Fransa Qvianasındakı Kuru
kosmodromundan kosmosa buraxılmışdır. Dünyanın
müxtəlif ölkələrində yaşayan
azərbaycanlılar www.arianespace.tv
saytı ilə birbaşa yayımlanan peykin buraxılması prosesini
müşahidə etmiş və onun funksional imkanları
barədə ətraflı məlumat əldə etmişlər.
Nazir bu tarixi hadisəni Azərbaycan
xalqının qürur günü
adlandırdı. Ə.Abbasov bildirdi ki, Azərbaycanın
birinci telekommunikasiya peykinin müvəffəqiyyətlə
buraxılması ABŞ sənayesinin və Azərbaycan
hökumətinin uğurlu tərəfdaşlığının
mühüm mərhələsinin ifadəsidir.
Bu peyk Azərbaycanın,
Qafqaz regionunun, Mərkəzi
Asiya, Avropa və Afrika ölkələrinin kommunikasiyaya
olan tələbatını indinin özündə və gələcəkdə
təmin edəcəkdir.
“Orbital
Sciences Corporation” şirkəti “Azərkosmos” ASC və Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi ilə imzalanmış müqavilənin
şərtlərinə görə, 205 milyon dollar məbləğində
qabaqcıl telekommunikasiya peyki layihələndirmiş, istehsal
etmiş və təyinat yerinə
çatdırmışdır. 1500 iş yerinin
açılmasına zəmanət verən peykin istehsalı
ABŞ ilə Azərbaycan arasında uğurlu ikitərəfli
münasibətlərin bariz nümunəsidir.
Azərbaycanın
birinci telekommunikasiya peyki 15 il ərzində Mərkəzi
Asiya, Avropa və Afrika ölkələrinə sürətli
internet, teleradio yayımı ilə bağlı xidmətlər
göstərəcəkdir. “Orbital” şirkəti peykin son
sınaq yoxlamalarını apardıqdan sonra o, “Azərkosmos”
ASC tərəfindən Bakı və Naxçıvandakı nəzarət
mərkəzlərindən idarə ediləcəkdir.
Akademik
Əli Abbasov vurğuladı ki, XX əsrin sonlarına
doğru informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin
inkişafına təsir göstərən əsas amillərdən
biri olmaqla, gündəlk həyatımzın tərkib hissəsinə
çevrilməyə başladı. Bu gün
bütün inkişaf
etmiş və inkişaf etməkdə olan
ölkələr İKT-nin verdiyi üstünlüklərdən
faydalanırlar. Dünya təcrübəsi göstərir ki,
İKT-dən geniş istifadə
olunması ölkənin hərtərəfli inkişafına
xidmət edir və bu
texnologiyalar həm də əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin
həlli üçün tutarlı vasitələrdəndir.
İnformasiya
cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin
gələcəyinə gedən yoldur və dünyanı
İKT-nin bəxş etdiyi yeniliklərsiz təsəvvür
etmək qeyri-mümkündür. İKT-nın tətbiqinin
səviyyəsi hər bir ölkənin intellektual və elmi
potensialının, dövlət idarəçiliyində
şəffaflığın və demokratiyanın
inkişafının əsas göstəricilərindəndir. Müasir
dövrümüzdə dünyanın bir
çox dövlətlərində
İKT-nın təsir dairəsi genişlənərək
dövlət strukturlarını, vətəndaş cəmiyyəti
institutlarını, iqtisadi və sosial sahələri, elm və
təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti
əhatə edir. Elə buna
görə də informasiya
texnologiyalarının daha geniş
yayıldığı cəmiyyətlər dünyanın
qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin
əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və sairdir.
Müasir tələblər baxımından informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi hər bir dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan da bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin məqsədlərindən biridir. Təqdirəlayiq haldır ki, ölkəmizdə İKT infrastrukturunun yaradılmasına və gücləndirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin tətbiqinin genişləndirilməsinə böyük diqqət yetirilir. Azərbaycanda İKT-dən istifadə sahəsində mühüm addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb. Bu gün İKT sektoru Azərbaycanda energetikadan sonra ən dinamik inkişaf edən sahədir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də ölkəmizdə bu sahənin inkişafına olan diqqətin göstəricisidir.
Sonda
rabitə və informasiya texnologiyaları naziri akademik Əli
Abbasov Bakı Ali Neft Məktəbi tələbələrinin
suallarını cavablandırdı.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 20 fevral.- S. 5.