Əylis həmişə olacaq, “Əylisli” isə...

 

Tarixdə elə dövrlər olur ki, xalqın ziyalısının səsinə tələbat daha da artır. Bu məsələ xüsusi bir aktuallıq, tarixi bir məna daşıyır, insana su kimi, hava kimi lazım olan zərurət kəsb edir. Millətin, ölkənin ağır çağlarında bu həmişə belə olub. Millətin gözüaçıq, vətənpərvər oğulları, milli ruhu, şüuru güclü olan, əsl kişi xilqətli ziyalılar xalqı qeyrətə, mərdliyə, cürətə çağırıblar, Vətən namusundan, mübarizlik ləyaqətindən danışıblar. XX əsrin əvvəllərində M. Cəlil, M.Ə.Sabir, Ü.Hacıbəyli, XX əsrin axırlarında B.Vahabzadə, X.Rza, M.Araz və başqaları kimi.

 

Qüdsünin (A.Bakıxanov - F.İ.) “Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir” fikri bu gün də xüsusi aktuallıqla səslənir. Bu özbaşınalığın səsi kimliyindən asılı olmayaraq bütün xainləri xalqın gözündən salaraq daş-qalağa basdırmışdır. Əksinə, xalq məfhumunu özünün varlığı hesab edənlər isə kişilik və qeyrət, qəhrəmanlıq zirvəsinədək yüksələrək qan yaddaşına həkk olunmuşlar.

Sən Əkrəm, düşmənin dəyirmanına su tökmək üçün əsərdə erməni qızının yetim Camalın qayğısına qalması, hətta onun başının bitini dırnağı ilə dərindən təmizləməsini göstərməklə Əylis qadınlarının timsalında Azərbaycan qadınlarının nə qədər tənbəl, biganə, ürəksiz olmasını göstərmək istəyirsən. Yox!!! Buna heç kimi inandıra bilməzsən. Çünki Azərbaycan qadınlarının insanlığı, birinci növbədə ailə üzvlərindən tutmuş qohum-əqrəba, dost-tanış, qonum-qonşuya qayğısı, xüsusilə kənd yerlərində milli adət-ənənə hesab edilərək genimizə daxil olmuşdur. Sən tarixən qədim Ordubadın Əylis kəndində ermənilərin məskən saldığını, orada yaşadığını fəxrlə yazır və ermənilərin mədəniyyət sahibi olduğunu qeyd edirsən.

Əvvəla, görünür ki, Əylis kəndinin tarixi haqqında məlumatın zəifdir. Əylis tarixi türk torpağıdır. Uzun müddət Naxçıvan Muxtar Respublikasının toponim və oronimləri ilə məşğul olan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu onamastika şöbəsinin müdiri, f.e.d. Adil Bağırov “Naxçıvan torpağının oykonimləri” (Bakı, “Nurlan” 2008) kitabında yazır: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı və Yuxarı Əylis adları ilə qeydə alınmışdır.” Toponimin izahı ilə bağlı bir çox tarixi mənbələrdən də iqtibaslar gətirən müəllif “Əylis” sözünün Əl-leys, Ağ kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunaraq mənbələrdə türkçülüyü əks etdirir.

Bəs Əylis sözünün etimologiyası haqqında nə demək olar? Rəvayətə görə, Əylis sözü VI əsrdən sonra yaranmışdı. VII əsrdə Məhəmməd (ə.s.) peyğəmbərin ən görkəmli sərkərdələrindən və imamlarından biri olan Malik İbrahim ər-layis islamı yaymaq üçün Ordubada gəlmiş və burada məskunlaşmışdır. Hazırda müqəddəs yer kimi tanınan Ordubad şəhər qəbiristanlığı “Malik İbrahim qəbiristanlığı” adlanır. Qəbiristanlığın baş tərəfində pir tikilmiş, Malik İbrahim ər-ləyisin qəbri də həmin pirin içərisindədir. Beləliklə, Malik İbrahimin şücaətinə görə ona bağışlanan kənd ər-ləyis adını daşımış, sonra da şəhərin adı dissimiliyasiya nəticəsində Əylisə çevrilmişdir.

Hazırda Əylis – Aşağı Əylis, Yuxarı Əylis olmaqla iki kənddən ibarət olmaqla bir ərazidə birləşir və əhalisi 3000 nəfərə yaxındır. Əylis Ordubadın digər kəndlərindən fərqli olaraq daha çox tarixi abidələri özündə qoruyub saxlayan şəhər tipli yaşayış məskəni olubdur. Kəndin bəzi yerlərində hələ də qalan kanalizasiya sistemi, küçələrin daş döşəməsi, qala qapılarının izləri, uca divarlar orta əsr mədəniyyətinin bariz nümunələri kimi ömrünü sürməkdə davam edir. Əylisdə bu gün də öz qədim adını qoruyub saxlayan Xanbağı, Xanlar məhəlləsi, Bəylər yeri kimi yerlər var. Əylisdə beş böyük məscid vardır ki, bunlardan da biri Şah Abbas məscidi adlanır. Sən isə yazırsan ki, Əylisdə 12 kilsə vardır. Nəzərə çatdırıram ki, Naxçıvan MR-də kilsələr qədim “Alban kilsələri” olmuşdur.

Ordubadın qədimliyinin əsas göstəricilərindən biri də kəhriz sistemidir ki, təkcə Aşağı, Yuxarı Əylisdə birlikdə götürəndə 40-a qədər çeşmə olmuşdur. Bu çeşmələrin çoxu dövlət qayğısı nəticəsində təmizlənmiş və Əylisin əsas su mənbəyinə çevrilmiş Quşlu çeşmə və Daş çeşmə, Bazar çeşməsi, Şam çeşmə, Nov çeşmə, Sınaq, Çiçək, Tumayı, Qoşa, Uzun çeşmə, Dizə çeşməsi, Qarabağ çeşməsi, Şiləki və s. adları ilə tariximizdə yaşayır.

O ki qaldı Əylis kəndinin “erməniləşdirilməsi”nə, məlumat üçün deyirəm ki, Naxçıvan əhalisinin tərkibi haqqında ilk məlumatı çar Rusiyasının İranda səfiri, Azərbaycan xalqının taleyində parçalayıcı rol oynayan Türkmənçay müqaviləsinin (10 fevral 1828) yaradıcısı A.S.Qriboyedov 1828-ci il sentyabrın 23-də general Paskeviçə yazdığı məktubda vermişdir. Buradan aydın olur ki, Türkmənçay müqaviləsinə qədər Naxçıvan əyalətində 404 erməni ailəsi olmuşdur.

Naxçıvan Rusiyaya birləşdirildikdən sonra onun əhalisinin tərkibində həm sayca, həm də etnik cəhətdən əsaslı dəyişiklik baş verdi. Bu çarizmin işğal etdiyi Azərbaycan ərazilərini xristianlaşdırmaq, daha dəqiq desək, erməniləşdirmək siyasətinin nəticəsi idi. Ermənilərin Cənubi Qafqaza, eləcə də Azərbaycana axını çoxpilləli bir proses olub bir çox əsrlər boyu davam etmiş və kütləvi şəkildə miqrasiyalar XIX-XX əsrin əvvəllərində baş vermişdi. Nəticədə, Türkmənçay və Ədirnə müqavilələrindən sonra 119,5 min erməni şimali Azərbaycanda məskunlaşmış, 1830-cu ildə isə Naxçıvanla Ordubada 2511 erməni ailəsi (12555 nəfər) köçürülmüşdü. 1828-ci ildə isə cəmi 810 yeni erməni ailəsi yaşamışdır. Artıq erməni ailələrinin sayı 3321-ə çatdı. Onların miqrasiyaları sonrakı dövrdə də davam etmişdi.

Köçürülən ermənilər öz adətləri üzrə yaşadıqları yerlərdə həmin alban kilsələrini erməniləşdirmiş və özəlləşdirmişlər. Mən özüm Yuxarı Əylisdəki kilsələrin üzərindəki “tarixi dəyişikliyin” canlı şahidi olmuşam.

Əkrəm müəllim! Mənim atam Zeynalabdin Əli oğlu İbrahimov 1909-cu ildə Yuxarı Əylisdə doğulmuşdu. Ömrünü maarifçiliyə verən atam uzun müddət Ordubadın Əylis, Nüsnüs, Dəstə, Vənənd, Dırnıs, Aşağı Aza kəndlərində müəllimlik etmiş və bir müddət məktəb direktoru vəzifəsində də işləmişdi. 1942-ci ildə heç kimin getmək istəmədiyi Naxçıvanın ucqar kəndlərindən birinə Əbrəqunus rayonunun Ərəfsə kəndinə məktəb direktoru təyin edilir. O vaxtkı Naxçıvan MSSR maarif komissarı, indiki Naxçıvan Dövlət Universitetinin 1967-1970-ci illərdə rektoru olmuş görkəmli tarixçi alim Əli Əliyev yazırdı ki, (“Biz əzablı ömür yaşadıq”, Bakı “Yazıçı” nəşriyyatı, 1994, səh. 43) “1943-cü ilin yay ayında komissarlığa məlumat gəldi ki, Əbrəqunus rayonunun uzaq kəndlərində müəllimlər üç aydan artıqdır ki, ərzaq norması almır. Mən rayona getdim, maarif şöbə müdiri İsmayıl Əfəndiyevlə Milax-Ərəfsə kəndlərində olduq. Yolda müəllimlərə aparılan taxılın suda batdığını gördük. Ərəfsədə məktəb müdiri Zeynalabdin İbrahimov idi. Acından o vəziyyətə düşmüşdü ki, danışmağa taqəti yox idi.” Atam Ərəfsədə möhkəm xəstələnir və sağlamlığı ucbatından Naxçıvana köçür. Bir neçə il yaşadıqdan sonra Naxçıvan şəhərində 50 yaşında vəfat edir.

Əkrəm müəllim! Ermənilər XX əsr boyu olduğu kimi, bu gün də fürsət düşdükdə Naxçıvana qarşı öz iddialarını irəli sürür və buna mane olan Moskva (mart-1921) və Qars (oktyabr-1921) müqavilələrinin ləğv edilməsini tələb edirlər. Bilirsən nə üçün? Çünki, sən özün də çox yaxşı bilirsən ki, Naxçıvan əhalisinin ciddi mübarizəsi, türk qoşunlarının yardımı, Türkiyə dövlətinin köməyi və Azərbaycanın xarici işlər komissarı Behbud ağa Şahtaxtinskinin diplomatik gedişləri sayəsində Moskva, Qars beynəlxalq müqavilələri ilə Naxçıvanın statusu - onun Qədim Azərbaycan (türk) torpağı olması təsdiqlənib. Ümummilli lider Heydər Əliyev demişdir: “Ermənistanın tarixən həm daşnak hökuməti dövründə, həm də sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanı Azərbaycandan ayıraraq özünə birləşdirmək üçün göstərdiyi səylər Naxçıvan əhalisinin 90 faizindən çoxunun təşəbbüsü və rəy sorğusu nəticəsində 1921-ci ildə Naxçıvan mahalının muxtariyyət statusunda öz həllini tapmışdır.” Bax budur məsələnin siyasi mahiyyəti!!!

Əkrəm müəllim! İnsan mahiyyəti etibarilə bir sirrdir. Lakin bu sirr özünü çox vaxt qeyri-adi hallarda büruzə verir. Qeyri-adi anlar əsl insanı üzə çıxarır. Elə adamlar var ki, müasirləri üçün həmişə “üzdədirlər”, yəni bir sirr olsalar da üzdədirlər. Onlar xalqın mənəvi dünyasında “insan sərvəti” kimi yadda qalacaq. Axı, xalqın zənginliyi onun mənəvi aləmi ilə ölçülür. Bu gün heç kəs demir ki, XII əsrdə Azərbaycan xalqının neçə milyon malı, qoyunu olub. “Bu əsrdə Azərbaycanın Nizamisi dünyaya gəlib” deyirlər.

Bir müdrik yaxşı deyib: “İnsan nə qədər ziyalı düşüncəlidirsə, Vətəninə o qədər xeyirlidir.” Siz Vətənə lazımlığınızı qiymətləndirə bilmədiniz. Hər halda sağlığınızda bunu itirdiniz. Təəssüf ki, insanların taleyində bu cəhət olur.

İnsanın ölümündən sonra onun həyatının qiyməti, dəyəri gördüyü işlərlə, qoyduğu izlərlə ölçülür. İspan şairi Lorkanın həyatına aid son dərəcə maraqlı bir məqamı xatırlatmaq istəyirəm. “...Lorka möcüzəsi onda deyil ki, “Qara jandarm haqqında ballada” yazıb. Bu jandarmlar da gecənin birində şairi dəlik-deşik ediblər. Möcüzə ondadır ki, həmin jandarmlar Lorkanı öldürdükdən sonra yaxınlıqdakı qəlyanaltıya girib içir və özləri də bilmədən indicə xaincəsinə öldürdükləri adamın qoşduğu mahnını zümzümə erməyə başlayırlar.” Bəs Sizin haqqınızda nə düşünəcəklər?! Müdriklik yaşına çoxdan çatmış, yetmiş beş yaşında sən özünə necə haqq qazandıra bilərsən!

Yazıçı ilk öncə əsl insan olmalı, öz ləyaqətini başa düşməli, mənəviyyatca ümumbəşəri əxlaqlara doğru yüksəlməli, öz fəaliyyətini xalqın səadətinə yüksəltməyi, xeyirxah işlər görməyi bacarmalıdır. Nəinki yazdığı əsərə görə xalq qınağına məruz qalmalı!!!

Dahilərdən biri yazır ki, insan əgər yalnız özü üçün zəhmət çəkirsə, o bəlkə də, məşhur alim, böyük mütəfəkkir, çox gözəl yazıçı ola bilər, lakin heç vaxt yetkin və böyük adam ola bilməz. Tarix o kəsləri böyük adam deyə qəbul edir ki, onlar ümumi məqsəd üçün zəhmət çəkməklə daha çox adama səadət gətirmişdir.

“Nadanları öz “dayazlığınla” aldat, onların dayazlığı qoy səni aldatmasın! Hamar torpağın altında bizim keçmiş zirvələrimiz uyuyub, biz bu zirvələrin üstüylə yeriyirik” (O.Süleymenov, “Az və Ya”). Büdrəsən, məhv olarsan, çünki torpaq müqəddəsdir və onu şəhid ruhları qoruyur!!!... Görürsən, müqəddəsliyin pozulması səni xalqın gözündən saldı. Böyüyüb boya-başa çatdığın, baba-nənə, ata-ana və əzizlərinin məzarlarının qovuşduğu, özünə təxəllüs seçdiyin “Əylisli” ifadəsi artıq sənə layiq deyil. Prezident İlham Əliyev haqlı olaraq “Xalq yazıçısı” fəxri adından, Prezidentin fərdi təqaüdündən səni məhrum etdi. İnsan taleyində bundan da böyük faciə və biabırçılıq olarmı?!...

Öz kəndinin, rayonunun, ölkəsinin tarixini öyrənən, maddi, elmi və mədəniyyət sərvətlərindən hali olan yazıçı dərk etməlidir ki, Vətən doğma yurddan başlanır. Vətən genişlənir və Türk dünyası kimi Böyük Vətən anlayışına çevrilir. Vətənə, xalqa, millətə məhəbbət genişlənib, şaxələnib dünyanın qədirbilən adamlarına, xalqlarına, millətlərinə məhəbbətə çevrilir. Öz Vətəninə mənsub olmayan kəs bəşəriyyətə də mənsub olmur. Beynəlmiləlçilik öz rişələrini Vətənə, insanlara məhəbbətdən alır.

Əkrəm müəllim! Mən bütün bunların əksini Sizin “Daş yuxular” adlı əsərinizdə gördüm. Kaş, siz bu yuxunu görməyəydiniz.

 

 

Fizuli İBRAHİMZADƏ,

tarix elmləri namizədi

 

Xalq qəzeti.- 2013.- 20 yanvar.- S. 4.