Azərbaycan xarici siyasət strategiyasını uğurla həyata keçirir

 

Çoxtərəfli əlaqələrimizin inkişafı ölkəmizin dünyaya inteqrasiyasına öz müsbət töhfələrini verməkdədir

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan xarici siyasət xəttini strateji məqsədlərinin reallaşması istiqamətində uğurla davam etdirir. Ötən il və bu ilin ilk ayları ərzində Prezident İlham Əliyevin 15-dək ölkəyə rəsmi, dövlət və işgüzar səfərləri, habelə 22 ölkənin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri, respublikamızın müxtəlif ölkələrlə xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə əməkdaşlığa dair müqavilələrin imzalanması rəsmi Bakının çoxtərəfli əlaqələrin inkişafına önəm verməsindən irəli gəlir. Bu, onu göstərir ki, ölkəmiz özünün milli maraqlarını təmin etmək üçün dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyanı davam etdirir, bu mənada, regional və beynəlxalq təşkilatlarla əlaqələri diqqət mərkəzində saxlamaqla yanaşı, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələrin inkişafına xüsusi önəm verir.

 

Ötən günlərdə Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin ölkəmizə rəsmi səfərinin nəticələri də belə deməyə əsas verir. Son illər hər iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərdə regionlarımız və ümumilikdə Avrasiya məkanı üçün mühüm əhəmiyyətə malik məsələlərin müzakirə edilməsi bir daha göstərir ki, iki dövlət arasındakı əlaqələr adi siyasi-iqtisadi əməkdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq müstəvisinə yüksəlmişdir. Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana səfəri zamanı “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması da dediklərimizi təsdiq edir. Belqrad ilə Bakı arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin mühüm səbəblərindən biri də hər iki ölkənin həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də Kosovo məsələsində eyni mövqedən çıxış etməsidir. Bu da təsadüfi deyil. Çünki oxşar tale yaşayan Serbiya ilə Azərbaycan SSRİ-nin çökməsi ilə birlikdə öz dövlət müstəqilliklərini elan etdikdən sonra tarixin amansız sınaqlarından çıxmalı olmuş, parçalanmaq və vətəndaş müharibəsinə sürüklənmək təhlükəsi ilə üz-üzə qalmışlar. Həmin illərdə Azərbaycanın və Serbiyanın ərazi bütövlüyü pozulmuşdur. Məhz buna görə də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən hər iki ölkə bir-birinə ənənəvi olaraq qarşılıqlı dəstək verir, xüsusilə ölkələrin ərazi bütövlüyünün bərpası məsələsində qətiyyət nümayiş etdirirlər. Dövlət başçımız İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri, o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Serbiya və Azərbaycan bundan belə də öz mövqelərində qətiyyət nümayiş etdirəcəklər. Təsadüfi deyil ki, Prezident Tomislav Nikoliçin Bakı səfərində imzalanan Birgə Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin və Kosovo məsələsinin həllində iki ölkənin qarşlılıqlı olaraq bir-birilərini dəstəkləməsinə dair kifayət qədər konkret ifadələr yer almışdır.

Bütün bunlar, həm də belə deməyə əsas verir ki, ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələrlə yanaşı rəsmi Belqrad da Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Bu, ölkəmizin beynəlxalq aləmdəki mövqelərini gücləndirir. Çünki bütün mötəbər beynəlxalq təşkilatlar da məsələyə dair öz ədalətli qərarlarını vermiş, qətnamələr qəbul etmişlər. Konkret olaraq ötən ilin may ayında NATO-nun Çikaqoda keçirilmiş sammitinin, Qoşulmama Hərəkatının həmin ilin mayında Şarm-əl-Şeyx şəhərində keçirilmiş xarici işlər nazirləri iclasının, avqustda Tehranda keçirilmiş sammitinin, İslam Əməkdaşlıq Təşkilatının avqustda Məkkədə keçirilmiş dördüncü fövqəladə Zirvə Toplantısının, sentyabrda Nyu-Yorkda və keçən ilin oktyabrında Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarının, İqtisadi Əməkdaşlıq Təşkilatının oktyabrda Bakıda keçirilmiş Zirvə Toplantısının yekun qərarlarında Azərbaycan Respublikasının siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə və münaqişənin yalnız bu prinsiplər çərçivəsində həllinə dəstək ifadə olunmuşdur. Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi olmuş, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul etmişlər.

Serbiya kimi Avropa dövlətinin rəsmi Bakının və beynəlxalq təşkilatların mövqeyini dəstəkləməsi Ermənistanın beynəlxalq siyasət arenasında təklənməsini sürətləndirən əhəmiyyətli bir addım hesab oluna bilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əminəm ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, bu ədalətsizliyə son qoyulacaqdır” - bəyanatından sonra Serbiya Prezidenti Tomislav Nikoliçin dövlət başçımıza müraciətlə “Sizin burada söylədiyiniz hər bir sözə mən şərik çıxıram” - deməsi də onun ölkəmizin yeritdiyi xarici siyasətlə həmrəy olduğunu göstərir. Bununla kifayətlənməyən cənab Nikoliç demişdir: “Biz də Azərbaycanı dəstəkləyirik. Əgər söhbət ədalətdən gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın. Əgər söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır. Biz bir çox hallarda mübarizə aparmışıq, itkilər olubdur. Lakin biz hər zaman bu sınaqlardan lazımi qaydada çıxmışıq... Qeyd etmək istəyirəm ki, ölkənizin hətta üzv olmadığı təşkilatlarda da biz Sizi dəstəkləyəcəyik. O təşkilatlarda ki, bizim ölkə özü yoxdursa, Azərbaycan bizi orada təmsil etsin”.

 Azərbaycan ilə Serbiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını müəyyənləşdirən əsas amillərdən biri də qarşılıqlı-faydalı iqtisadi münasibətlərdir. Hər iki ölkənin dövlət başçıları Azərbaycan ilə Serbiya arasında digər sahələrlə yanaşı iqtisadi sahədə də münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə etmişlər. Azərbaycan ilə Serbiya arasında bağlanmış iqtisadi və texnoloji sahədə əməkdaşlıq haqqında müqavilə əlaqələrimizin dərinləşməsinə şərait yaratmışdır. Bu müqavilənin ilk məhsulu olaraq artıq Serbiyada Azərbaycan tərəfinin krediti hesabına 300 min avro dəyərində infrastruktur layihəsinin reallaşdırılmasına başlanılmışdır. Serbiya dövləti Azərbaycan sahibkarlarını ölkədə turizm, kənd təsərrüfatı, energetika və infrastruktur sahələrinə investisiya yatırmağa, ölkənin azad iqtisadi zonalarında fəaliyyət göstərməyə, kömür hasilatı və enerji istehsalı ilə bağlı layihələrdə əməkdaşlığa dəvət etmişdir.

Birmənalı şəkildə demək olar ki, ölkəmizin Transqafqaz nəqliyyat-kommunikasiya sistemi, eyni zamanda enerji layihələri vasitəsiylə Avropaya çıxışını təmin etmək üçün Balkan ölkələri mühüm geosiyasi məkan kimi bu gün də əhəmiyyətini qoruyur. Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu və Trans-Anadolu qaz kəməri layihələrinin daha böyük uğurlara imza atması üçün Balkan regionu ilə əlaqələrin inkişafı vacibdir. Onu da qeyd etmək yerinə düşər ki, adıçəkilən regionun ölkələri də Azərbaycanın təşəbbüsüylə həyata keçirilən qlobal əhəmiyyətli layihələrə böyük maraq göstərir, geostrteji əhəmiyyətə malik olan “Odlar yurdu” ilə münasibətlərin inkişafına xüsusi önəm verirlər. Bu mənada Serbiya Prezidenti Tomislav Nikoliçin bəyanatlarını ümumilikdə Balkan və Avropa ölkələrinin mövqeyi kimi qəbul etmək olar. O, vurğulamışdır ki, Serbiyada kimin və hansı partiyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq ölkələrimiz arasındakı əlaqələr durmadan yüksələcəkdir. Bu arqumentini maraqlı bir faktla da əsaslandırmışdır. Demişdir ki, ikitərəfli əməkdaşlıq barədə ilk addımlar onun partiyası müxalifətdə olarkən keçmiş iqtidar tərəfindən atılmışdır. Lakin indi biz hakimiyyətdəyik. Bu onu göstərir ki, bütün Serbiya Azərbaycanın tərəfindədir. Biz istənilən məsələdə razılaşmaya bilərik. Amma Azərbaycana gəldikdə hər zaman ümumi mövqe nümayiş etdiririk.

 Əlbəttə, bu gün hər bir dövlət Azərbaycan kimi qüdrətli və etibarlı tərəfdaşla münasibətlərini inkişaf etdirmək arzusundadır. Bu baxımdan, Serbiya və digər Avropa, dünya dövlətləri də Cənubi Qafqazda Azərbaycan kimi mötəbər qüdrətli bir ölkəylə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Öz növbəsində rəsmi Bakı da əlaqələrini genişləndirir. Ötən il Azərbaycanın daha iki ölkə ilə diplomatik münasibətlər qurması da buna sübutdur. Həmçinin İsveçrə Konfederasiyası, Braziliya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Monteneqroda Azərbaycanın diplomatik nümayəndəlikləri təsis edilmişdir. Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikası isə Azərbaycanda diplomatik nümayəndəliklərini açmışlar. Beləliklə, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında diplomatik və konsulluq nümayəndəliklərinin sayı 87-yə çatmışdır.

Ölkəmiz beynəlxalq təşkilatlarla da çoxtərəfli əlaqələrini durmadan genişləndirir. Beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə müşavirə, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində davamlı olaraq inkişaf etdirilir. Onu da qeyd etmək yerinə düşər ki, keçən il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında və GUAM-da sədrliyi dövründə bu qurumlar daxilində mühüm siyasi məsləhətləşmələr aparılmış və praktiki əməkdaşlıq baxımından mühüm addımlar atılmışdır.

Bütün bunlar belə deməyə əsas verir ki, hüquqi dövlətə və açıq cəmiyyətə malik Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verməsi, dinamik templə inkişaf etməsi, onu güvənilən və arzu olunan tərəfdaşa çevirmişdir. Azərbaycanın dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, keçən ilin fevral ayında Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, həmin ilin mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olunması da onun qüdrətindən, dünyadakı nüfuzundan xəbər verir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın nəhəng, qabaqcıl və inkişaf səviyyəsi çox yüksək olan qüdrətli dövlətləri sırasına yüksəlməkdədir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 20 fevral.- S. 1.