Su təsərrüfatı
işçiləri ölkəmizdə həyata keçirilən
sosial siyasətə mühüm
töhfələr verirlər
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində
su təchizatı və kanalizasiya
sektorunda 2012-ci ilin
yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş
müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən 2012-ci ildə də uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Su təchizatı və kanalizasiya sektorunda görülən işlərə toxunan “Azərsu” ASC-nin sədri qeyd etmişdir ki, dövlət başçısının diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son iki ildə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Qeyd olunmuşdur ki, dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2012-ci ildə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmiş, ölkənin 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə başlanmışdır. Natiq onu da bildirmişdir ki, Şirvan-Muğan Qrup su kəmərinin təməlinin qoyulması, Külüllü-Zərdab magistral su xəttinin açılışı 2012-ci ilin mühüm hadisələri kimi tarixə düşmüşdür.
Daha sonra “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, istismar üzrə müavin Köçərli Həsənov, iqtisadi məsələlər üzrə müavin Mahir Məmmədov, “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov, “Bakı Sukanal” İdarəsinin rəisi Habil Quliyev, “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə 2012-ci ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər. Tədbirdə qeyd olunmuşdur ki, 2012-ci ildə ölkə üzrə 1400 kilometr su, 630 kilometr kanalizasiya xətləri çəkilmiş, 45 anbar və 5 ədəd nasos stansiyası tikilmiş, 35 ədəd artezian və subartezian quyusu qazılmışdır. Hesabat dövründə 20 minə qədəri “smart-kart” tipli olmaqla 64 min sayğac quraşdırılmışdır. Ötən il ölkə üzrə 370 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş, 400 mindən artıq vətəndaşın su təchizatı yaxşılaşmışdır.
“Azərsu” ASC-nin AzersuCİS layihəsinin Bentley beynəlxalq layihə müsabiqəsində birinci yerə və səhmdar cəmiyyətin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülməsi də ilin mühüm uğurlarından olduğu vurğulanmışdır. Qeyd olunmuşdur ki, 2012-ci ildə səhmdar cəmiyyətdə maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığı, əməyin təhlükəsizliyi və sosial məsələlərə də diqqət xeyli artırılmışdır.
“Azərsu” ASC-nin sədri iclasa yekun vuraraq 2013-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. Cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin sürətləndiriləcəyini vurğulayan səhmdar cəmiyyətin sədri layihələrin icrasına mütəmadi nəzarət edilməli olduğunu diqqətə çatdırmışdır. Q.Hüseynov “Azərsu” ASC-nin yeni texnologiyalardan istifadəni prioritet seçdiyini xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulamışdır.
“Azərsu” ASC-nin sədri su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, texniki və istismar sahəsində tədbirlərin görülməsi üzrə ciddi tapşırıqlar vermişdir. Q.Hüseynov abunəçilərdən nağd ödəniş qəbul edən, eləcə də içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarına laqeyd yanaşan əməkdaşlara qarşı ciddi tədbirlər görüləcəyini bildirmişdir. “Azərsu” ASC-nin sədri istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abunəçilərlə normal ünsiyyət və davranış qaydalarının təmin edilməli olduğunu qeyd etmişdir. Q.Hüseynov 2013-cü ildə genişmiqyaslı tədbirlərin həyata keçiriləcəyini, bu sahədə səhmdar cəmiyyətin hər bir əməkdaşının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır. Hazırda əhalinin böyük əksəriyyətinə xidmət göstərilməsinin, daha çox vətəndaşın keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsinin qarşıda mühüm vəzifə kimi qoyulduğunu diqqətə çatdıran natiq əminliklə bildirmişdir ki, 2013-cü ildə bu istiqamətdə səylərini daha da artıran su təsərrüfatı işçiləri Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi uğurlu sosial siyasətə öz töhfələrini verəcəklər.
Mirbağır
YAQUBZADƏ,
Xalq qəzeti.- 2013.- 21
fevral.- S. 7.