“Ana dilimizi sevək,
sevdirək”
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin Təhsil Nazirliyinin dəstəyi ilə “Ana
dilimizi sevək, sevdirək”
çağırışı altında ölkəmizdə keçirdiyi X ənənəvi məktəbli
yarışması başa
çatmışdır. Beynəlxalq Ana Dili Günü ərəfəsində
Azərbaycan Dövlət Milli Dram Teatrında
təşkil olunan təntənəli mərasimdə müsabiqənin final mərhələsinin qalibləri
mükafatlandırıldılar.
Azərbaycan dilinin şərəfinə qurulmuş şənlikdə qaliblərin müəllimlərindən və doğmalarından əlavə, ölkənin tanınmış dilçi və ədibləri, dövlət və hökumət rəsmiləri, media təmsilçiləri də iştirak edirdilər. Salonun görünən yerində ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu “Ana dilimiz müstəqil Azərbaycan xalqının ən böyük milli sərvətidir” sözləri, ulu öndərin və Prezident İlham Əlyevin portretləri diqqəti cəlb edirdi. Səhnədə müsabiqənin turlarını əks etdirən videogörüntülər, ana dilimizi vəsf edən şeir və musiqi parçaları axşamın təntənəsini daha da artırırdı.
Xocavənd və Xocalı faciələrinin ildönümü ərəfəsində salona toplaşanlar günahsız qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Mərasimin rəsmi hissəsi Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı. İştirakçıları salamlayan “Çağ” Öyrətim Şirkətinin Azərbaycan — Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz “Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsinin tarixçəsi və builki turları barədə ətraflı məlumat verdi.
Natiq bildirdi ki, Azərbaycan dilinin ölkədəki indiki yüksək mövqeyi, onun dövlət dili statusunun təmin olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ sovet dövründə Azərbaycan dilinin respublikada dövlət dili kimi konsititusiyada təsbit olunmasını gerçəkləşdirmişdir. Dövlət müstəqilliyi dövründə isə müvafiq konstitusiya müddəası ayrıca qanun və digər rəsmi sənədlərdə daha da genişləndirilmiş, Azərbaycan dili dövlətin və xalqın həyatında layiq olduğu ali məqama yüksəlmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ana dili problemlərinin həlli ilə bağlı təsirli tədbirlər həyata keçirilmişdir.
Azərbaycan dilinin belə yüksək səviyyədə himayə olunması “Çağ” Öyrətim Şirkətinə 2003-cü ildən bəri təşkil olunan ana dili müsabiqələrini ildən-ilə daha geniş miqyasda, təkmil formalarda keçirməyə imkan yaratmışdır. İlk yarışmalar inşa və qrammatika məharəti üzrə təkcə şirkətin liseylərinin şagirdlərini əhatə etsə də, sonrakı illərdə o, şeir, musiqi və internet saytı nominasiyaları da əlavə olunmaqla nüfuzlu ümumrespublika müsabiqələrinə çevrildi. Builki yarışmada şəhər və rayonların 1200-dək məktəbinin 39 minədək yuxarı sinif şagirdi ilk turun iştirakçısı olmuşdur. İkinci mərhələdə yüzlərlə istedadlı şagird məharətini sərgiləmiş, onların arasından seçilmiş 15 məktəbli isə finalın qalibləri olmuşlar.
Təhsil nazirinin müavini Qulu Novruzov ana dili müsabiqələrinin ölkəmizdə böyük dil bayramına çevrilməsində “Çağ” Şirkətinin müəllim və şagirdlərinin xidmətini vurğulayaraq, builki qalibləri səmimi təbrik etdi, onlara təhsildə və qabiliyyət yarışmalarında daha böyük uğurlar dilədi.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən musabiqənin uğurlar estafetinin yüksələn xətlə davam etməsində Təhsil Nazirliyinin dəstəyindən söz açdı. O əlavə etdi ki, bu yarışmanın qalibləri və fəal iştirakçıları son illərdə Türkiyədə keçirilən beynəlxalq türkcə olimpiadalarının təntənələrinə də qoşulur, “Azərbaycanı tanıtım” tədbirlərində ölkəmizi ən yüksək səviyyədə təmsil edirlər.
Qaliblərə 5 nominasiya üzrə ilk 3 yerin mükfatlarını və hədiyyələri rəsmi şəxslər və tanınmış ziyalılar təqdim etdilər. Bədii hissədə çıxış edən final iştirakçıları Azərbaycan dilinin gözəlliyini, ifadə zənginliyini əks etdirən seçmə şeir, musiqi, esse nümunələrini təqdim etdilər.
Tahir AYDINOĞLU,
Xalq qəzeti.- 2013.- 21
fevral.- S. 7.