Nizami rayonu: 2012-ci
ildə sosial-iqtisadi inkişaf
bir qədər də sürətlənmişdir
Dünən
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində
2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat
yığıncağı keçirildi.
Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli
lideri Heydər Əliyevin rayon
icra hakimiyyəti binasının foyesindəki
büstü önünə tər gül dəstələri düzdülər.
Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. Hesabat yığıncağı Nizami rayonunun 2012-ci ilin sosial-iqtisadi inkişafını əks etdirən filmin nümayişi ilə davam etdirildi. Rayonda həyata keçirilmiş geniş miqyaslı abadlıq-quruculuq işlərindən, Prezident İlham Əliyevin rayon ərazisindəki açılış və təməlqoyma mərasimlərindəki iştirakından bəhs edən film yığıncaq iştirakçılarının dərin marağına səbəb oldu. Belə ki, kadrlardan da aydın olduğu kimi, ötən il yeniləşən paytaxtımızın gözəl guşələrindən birinə çevrilmiş Nizami rayonunda abadlıq-quruculuq işləri bir qədər də sürətlənmiş, sakinlərin firavan həyatının təminatına hesablanmış mühüm tədbirlər reallaşdırılmışdır.
2012-ci ildə ölkəmizin ümumi inkişafına mühüm töhfələr vermiş Nizami rayonunun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, rayon üzrə ümumi məhsul buraxılışının həcmi 2 milyon 729 min 830,5 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. İl ərzində rayonun sənaye müəssisələri tərəfindən 418,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu isə 2011-ci illə müqayisədə 5,6 faiz artıqdır. Ötən il rayon üzrə istehsal olunmuş ümumi sənaye məhsulunun 280,9 milyon manatlığı və ya 67,1 dövlət sektorunun payına düşmüşdür. Rayonun 2012-ci ildəki digər makroiqtisadi göstəriciləri də son dərəcə uğurludur. Belə ki, ötən il 2011-ci illə müqayisədə qarğıdalı yağları istehsalı 2,2 faiz, marqarin istehsalı 8,7 faiz, günəbaxan yağları 55,9 faiz, spirtli içkilər istehsalı 59 faiz, kimyəvi məhsulların istehsalı 17,3 faiz, şokolad istehsalı 21,4 dəfə, rezin və plastmas məmulatları 2,3 dəfə, beton, gips və sement məmulatlarının istehsalı 5,4 faiz, betondan yığma tikinti konstruksiyaları 58,8 faiz, mədənçıxarma sənayesi 59,5 faiz, ət məhsulları istehsalı 15,6 faiz çox olmuşdur. Xatırladaq ki, rayon üzrə məhsul istehsalının artımında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Neftqaztikinti” Tresti, “NJT-2000" firması, ”Kaspi Yıldız" MMC, “Bakı Yağ Qida Fabriki” MMC, “Körpü Tunel” ASC, “Azərtunelmetrotikinti” Cəhmdar Cəmiyyətinin Dəmir-Beton Konstruksiyaları Zavodu, “Ulduz” fabriki və başqa müəssisələrin müstəsna xidmətləri olmuşdur.
2012-ci ildə rayonun tikinti təşkilatları öz gücləri ilə 374,3 milyon manat podrat işləri həyata keçirmişlər. İl ərzində rayon iqtisadiyytının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 37,2 milyon manat həcmində investisiya yönəldilmiş, bu sahədə 41,7 faiz artıma nail olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 21,9 milyon manatı və ya 58,9 faizi dövlət, 15,3 milyon manatı və ya 41,1 faizi qeyri- dövlət müəssisələrin payına düşmüşdür. Ötən il rayon üzrə istifadə edilmiş investisiyaların 19,6 milyon manatı istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur. Hesabat ilində rayon üzrə bütün maliyyə mənbələri hesabına 23,9 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Ötən il rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 40,3 faiz artaraq 1 milyon 490,5 min manata, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 218,5 milyon manata çatmışdır. Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin səviyyəsi də əvvəlki illə müqayisədə 11,1 faiz artmışdır. Pərakəndə ticarət dövriyyəsi ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi, istehlak bazarının əmtəə ehtiyatları ilə tam təmin olunması, son illərdə həyat səviyyəsinin və alıcılq qabiliyyətinin yüksəlməsi, xidmətlərin çeşidlərinin və keyfiyyətinin hesabına yüksəlmidir. Rayon üzrə ümumi əmtəə dövriyyəsinin 13,7 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 12,5 faizi fiziki şəxslərin, 73,8 faizi isə yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının dövriyyəsinin payına düşmüşdür.
2012-ci ildə Nizami rayonu üzrə 70,2 milyon manatlıq rabitə və 62 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 67,1 faiz və 39,9 faiz artıqdır.
Son illər bütün ölkədə olduğu kimi, Nizami rayonunda da məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, ötən il rayonda 3088 yeni iş yeri yaradılmışdır ki, bunun da 224-ü yeni açılmış müəssisə və təşkilatların, 1010-u mövcud müəssisə və təşkilatların, 1836-sı isə fiziki şəxslərin payına düşmüşdür. Bütövlükdə isə son üç il ərzində Nizami rayonunda 6252 yeni iş yeri açılmışdır ki, onun da hamısı daimi iş yerləridir.
Hazırda Nizami rayonu paytaxtımızın ən abad, ən yaraşıqlı guşələrindən birinə çevrilmişdir. Bu, rayonda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, rayon ərazisində reallaşdırılan abadlıq-quruculuq tədbirləri dövlət başçısı İlham Əliyevin daimi diqqət mərkəzində olduğu üçün bu işlər xüsusi zövqlə aparılır. Ötən il Prezident İlham Əliyev dörd dəfə Nizami rayonuna gəlmiş, bir sıra obyektlərin açılışında iştirak etmiş və rayonda aparılan abadlıq işləri ilə yaxından tanış olmuşdur.
Məlum olduğu kimi, hazırda ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Bunun da real nəticələri getdikcə aydın hiss olunur. Bu vacib məsələ Nizami rayonunda da diqqət mərkəzində saxlanılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir.
2012-ci ildə rayonun elektrik enerjisi, qaz, içməli su və istilik təchizatı sahələrində həyata keçirilən tədbirlər bu sahədə xidmətin səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, il ərzində rayon ərazisində 74397 metr hava elektrik xətləri yeraltı kabellə əvəz olunmuş, yarımstansiyalarda və transformator məntəqələrində əsaslı bərpa və yenidənqurma işləri görülmüşdür. Bundan əlavə, rayon əhalisinə xidmət göstərən su təchizatı sisteminin işinin günün tələbləri səviyyəsində yenidən qurulması məqsədilə ayrı-ayrı ünvanlarda müxtəlif diametrli yeni su xətləri çəkilmiş, bir sıra təmir-bərpa işləri aparılmışdır. Rayonun kanalizasiya şəbəkəsində də xeyli iş görülmüş, bu sahədə işlər getdikcə intensivləşir.
Ötən il rayonun istilik təsərrüfatı üzrə müxtəlif qazanxanalarından qidalanan və uzun müddət istilik almayan binalarda təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, rayon ərazisindəki qazanxanalarda və digər obyektlərdə təmir-bərpa işləri həyata keçirilmişdir. Bununla da, rayon ərazisindəki ayrı-ayrı yaşayış binalarının, eləcə də təhsil və səhiyyə müəssisələrinin istiliklə təchizatına imkan yaradılmışdır. Rayonun müxtəlif ünvanlarında qaz təsərrüfatının işinin yaxşılaşdırılmasına da diqqət xeyli artırılmış, əhalinin “mavi yanacaq”la təminatının səviyyəsi bir qədər də artırılmışdır.
2012-ci ildə rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də nailiyyətlərlə zəngin olmuş, bu sahədə yüksək uğurlar əldə olunmuşdur.
Tədbirdə çıxış edən natiqlər 2012-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına, eləcə də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin 2013-cü ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, eləcə də Milli Məclisin deputatları Rövnəq Abdullayev, Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
Mirbağır
YAQUBZADƏ,
Xalq qəzeti.- 2013.- 21 fevral.- S. 6.