İstehlakçıların hüquqlarının müdafiəsi daha da gücləndiriləcəkdir

 

 

 

Möhkəm təməl üzərində qurulan Azərbaycan iqtisadiyyatında 2012-ci ildə də dinamik inkişaf müşahidə olunmuşdur. Aparılan məqsədyönlü siyasət ölkədə işgüzar fəallığın yüksəldilməsinə, yoxsulluğun daha da azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsinin, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını və əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artmasını təmin etmişdir. Bu isə istehlak bazarında canlanmaya səbəb olmuş, insanların ən müxtəlif mallara, xidmətlərə olan tələbatını keyfiyyətcə dəyişdirmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışlar. Ona görə də bu gün ölkəmizdə  istehlakçıların hüquqlarının müdafiəsi önəmli məsələlərdən biri olaraq qalır.

 

İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin  təşəbbüsü ilə 1995-ci il  sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun qəbulundan  sonra bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlanmışdır. Ötən müddətdə adı çəkilən qanunla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.  Bu isə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericlikdə müəyyənləşdirilmiş işlərin həyata keçirilməsinə şərait yaratmışdır.

 

Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası Prezident İlham Əliyevin Azərbaycanın qüdrətlənməsinə yönəlmiş məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir. Hazırda ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri mal və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin dünya standartları səviyyəsinə qaldırılması, onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin təmin edilməsidir. Bu məqsədlə istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi,  istehlak bazarının keyfiyyətsiz və saxtalaşdırılmış mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi və s. kimi məsələlər dövlət rəhbəri  tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdəndir.

 

Bu vəzifələrin icrası istiqamətində əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də  İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, haqsız rəqabətin, keyfiyyətsiz mal satışının qarşısının alınması, istehlakçı hüquqlarının qorunması, həmçinin təbliğat-təşviqat və maarifləndirmə işləri ötən ildavam etdirilmişdir.

 

Adı çəkilən qurum tərəfindən inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınması, əmtəə və xidmət bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə nəzarət məqsədilə ötən il ərzində 2461 yoxlama aparılmış və 2340 halda mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanmışdır.

 

İnhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, eləcə də antiinhisarreklam haqqında qanunvericiliyə riayət olunmasına nəzarət məqsədilə yoxlama aparılmış 108 təsərrüfat subyektinin 91-də qanun pozuntusu üzə çıxmışdır. Qanun pozuntusu aşkarlanmış  15 təsərrüfat subyektinə pozuntuların aradan qaldırılması barədə göstəriş verilmiş, 76-sı barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış, bu işlərdən 56-a baxılması yekunlaşmış, 20 işə baxılması isə hazırda davam etdirilir.

 

Mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq və qeyri-ərzaq mallarının satışının qarşısının alınması, eyni zamanda qiymət intizamına nəzarət məqsədilə 2353 yoxlama aparılmış və 2249 halda  mövcud qanunvericiliyin tələblərinin pozulduğu müəyyənləşdirilmişdir.

 

2012-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində mənşəyi bilinməyən, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun gəlməyən 84,6 ton ərzaq malları, 1,6 ton qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir. Dövriyyədən çıxarılmış 65,1 ton tikinti materiallarının isə 0,1 tonu məhv edilmiş, 65 tonu barədə yoxlamalar davam etdirilir.

 

Qanun pozuntularına yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada tədbirlərin görülməsi məqsədilə 2242 qərar qəbul edilmiş və həmin qərarlar əsasında, inzibati xətaya yol vermiş şəxslərə 2334,7 min manat məbləğində cərimə tətbiq olunmuşdur. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə baxılmış işlərin yekunu olaraq 74 qərar qəbul edilmişqanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə 392,6 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.

 

Ötən il ərzində Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq respublikada taxıl məhsullarının keyfiyyət və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində də bir sıra tədbirlər reallaşdırılmışdır. Belə ki, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət məqsədilə bir sıra iri müəssisələrdən buğdaun nümunələri götürülərək laborator şəraitdə yoxlanılmışdır. Həmin nümunələrin keyfiyyət və təhlükəsizlik göstəricilərində kənarlaşma aşkar edilməmişdir. Lakin  bəzi müəssisələrdən götürülmüş un nümunələrində küllülüyün normativ sənədlərlə müəyyənləşdirilmiş normalardan artıq olduğu aşkar edilmişdir. Bununla əlaqədar həmin unların istehsalçısı olan müəssisələrə müvafiq göstərişlər verilmişbu göstərişlərin icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılmışdır.

 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həmçinin mağazalarda satılan çörəklərin mütəmadi olaraq laborator müayinəsi həyata keçirilir. Ümumilikdə saxlama müddəti ötmüş, mənşəyi bilinməyən və normativ sənədlərin tələblərinə cavab verməyən malların satışının qarşısının alınması məqsədilə istehlak bazarında həyata keçirilən nəzarət tədbirləri zamanı ötən il ərzində 10 tondan artıq taxıl məhsulları satışdan çıxarılmış və qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.

 

Ölkə əhalisinin keyfiyyətli taxıl, o cümlədən çörək məhsulları ilə təmin edilməsi üçün təsərrüfat subyektləri tərəfindən müvafiq normativ sənədlərin tələblərinin dərindən mənimsənilməsi və bu sahədə onların biliklərinin artırılması, eləcə də çörək istehsalı sahəsində mövcud problemlərin öyrənilməsi, habelə onların operativ şəkildə aradan qaldırılması məqsədilə iri un və çörək istehsalçıları ilə mütəmadi görüşlər keçirilir.

 

Dövlət Xidməti tərəfindən süni qiymət artımının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, əhali tərəfindən daha çox istehlak  olunan malların, o cümlədən ərzaq malları, tikinti materialları və tərəvəz məhsullarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meylləri barədə məlumatların toplanılması və təhlili üçün Bakı şəhərində və respublikanın regionlarında aparılan mütəmadi monitorinqlər davam etdirilmiş, qiymətlərdə qeydə alınmış dəyişikliklərlə bağlı araşdırmalar əsasında müvafiq tədbirlər görülmüşdür.

 

Aparılan təhlillər nəticəsində bazarda qiymət dəyişikliklərinin inhisarçılıq fəaliyyəti ilə əlaqədar olmadığı, həmin qiymət dəyişikliklərinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun baş verdiyi müəyyənləşdirilmişdir.

 

Respublikada istehsal olunan və satılan ərzaq məhsullarının qiymətlərinin süni surətdə qaldırılmasının qarşısının alınması məqsədilə, həmçinin bir sıra ərzaq məhsulları istehsalçıları, iri ticarət obyektləri və bazarların rəhbərləri ilə müntəzəm olaraq görüşlər təşkil olunmuş, əsassız bahalaşmanın və qiymət artımının qarşısının alınması ilə bağlı görüləcək tədbirlər müzakirə edilmişdir.

 

İstehlak bazarında dövriyyədə olan ərzaq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin laborator şəraitdə qiymətləndirilməsi məqsədilə müasir cihaz və avadanlıqlarla təchiz edilmiş sınaq laboratoriyasının müvafiq qaydada “İSO-17025"  standartı üzrə Latviya Respublikasının Milli Akkreditasiya Bürosu (LATAK) tərəfindən akkreditasiyadan keçirilməsi təmin olunmuşdur. Ölkəmizdə ərzaq məhsullarının keyfiyyət və təhlükəsizliyi üzrə ”İSO-17025" standartı üzrə akkreditasiyalanmış  ilk  laboratoriyanın akkreditasiya sahəsinə ərzaq məhsullarında ağır metalların, pestisidlərin, koliformların, stafilokokkun, salmonellanın, mikroorqonizmlərin ümumi miqdarının, habelə süd məhsullarında quru maddələrin və yağlılığın təyin olunması və s. daxildir.

 

Bundan başqa, Dövlət Xidmətinin Quba-Xaçmaz və Lənkəran regional bölmələrinin yenidən qurulmuş yeyinti məhsullarının keyfiyyəti üzrə sınaq laboratoriyaları Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuşdur. Həmçinin qeyri-ərzaq mallarının, eləcə də son dövrlər aktual məsələlərdən birinə çevrilmiş geni dəyişdirilmiş orqanizmlərin (GMO) keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün laboratoriyaların yaradılması istiqamətində araşdırmalara başlanılması nəzərdə tutulur.

 

İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsi çox böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirilməsi, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlanması, video-çarxların yayımlanması, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanılması və s. kimi tədbirlər həyata keçirilir.

 

İstehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 15 adda 183 min ədəddən artıq buklet, sahibkarlıq subyektlərinin məlumatlandırılması və istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min ədəd yaddaş kitabçası hazırlanaraq paylanılmışdır. Həmçinin, istehlakçıların hüquqlarının qorunması məqsədilə Bakıda və regionlarda  pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ticarət və xidmət qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin izah edilməsinə dair 57 mindən artıq bildirişin paylanması təmin olunmuşdur.

 

Vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində şəffaflığın və operativliyin təmin edilməsi üçün Dövlət Xidməti tərəfindən iki telefon nömrəsi ((012) 498 15 01 və (012) 498 15 04)  ayrılmışdır. İstehlakçılar bu telefonlarla Dövlət Xidmətinə müraciət edə bilərlər. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyinin “195-2" telefon məlumat mərkəzinin səmərəli fəaliyyəti  də vətəndaşların xidmətə müraciət imkanlarını xeyli sadələşdirmişdir. Müraciətlərin operativ qəbulu və xidmətin fəaliyyəti ilə bağlı məlumatların  ictimayyətə çatdırılmasının təmin edilməsi məqsədilə www.consumer.gov.az internet saytı yaradılmışdır. Saytda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası,  Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər, istehlakçıları maraqlandıran məsələlər haqqında məlumatlar yerləşdirilmişdir. Saytda eyni zamanda istehlakçıların Dövlət Xidməti ilə birbaşa əlaqə yaratmaq, müraciət etmək imkanları da təmin edilmişdir. Dövlət Xidmətinə ötən il ümumilikdə 3352 müraciət daxil olmuşonlara qanunvericiliyə uyğun baxılmışdır.

 

Görülən işlər deməyə əsas verir ki, Dövlət Xidməti bundan sonra da istehlak bazarında çatışmazlıqların aradan qaldırılması üçün inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı, təbliğat-təşviqat və maarifləndirmə işlərini  genişləndirəcək. İstehlakçıları isə hüquqlarının müdafiəsində fəal olmağa, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlıq etməyə, özlərinin və uşaqların sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməyə dəvət edirik.

 

Zahid İSAYEV,

İqtisadi İnkişaf Nazirliyi yanında

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinin rəisi

 

Xalq qəzeti.- 2013.- 21 fevral.- S. 5.