2012-ci ildə
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafı
Muxtar respublikada həyata
keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri
2012-ci ildə də saxlanılmış, real sektorda və
sosial mühitdə dinamik inkişaf
davam etmişdir.
2012-ci ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Bu səfər zamanı ölkə başçısı cəmi bir gün ərzində 10 yeni obyektin açılış mərasimlərində iştirak etmişdir.
Ümumi inkişaf
İrimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi Naxçıvana böyük diqqət göstərir”.
Ötən il ümumi daxili məhsul istehsalının davamlı artımı təmin olunmuş, həcmi bir il öncəyə nisbətdə 16,8 faiz artaraq 2 milyard 103 milyon 424 min manata, onun hər bir nəfərə düşən həcmi isə 15,4 faizlik artımla 4973,8 manata (6331,2 ABŞ dollarına) çatmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 26,9 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 25,8 faizlik xüsusi çəkiylə tikinti sektoru tutmaqdadır. 2012-ci ildə ümumi daxili məhsulun 64,5 faizi və ya 1 milyard 356 milyon manatdan çoxu məhsul istehsalının payına düşmüşdür.
2011-ci illə müqayisədə 2012-ci ildə sənaye məhsulunun həcmi 15,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 20,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 9 faiz, nəqliyyat sektorunda yük daşınması 9,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 8,2 faiz, o cümlədən mobil rabitə xidmətləri 7,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 18,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,7 faiz, xarici ticarət dövriyyəsi 12,5 faiz, o cümlədən ixracın həcmi 15,8 faiz, əhalinin gəlirləri 12,3 faiz, hər bir nəfərə düşən gəlirlər 10 faiz, orta aylıq əməkhaqqı isə 6,9 faiz artmışdır.
Sənaye
Sənayenin aparıcı mövqedə olduğu iqtisadiyyatın qurulması yönündə mühüm tədbirlər həyata keçirilmiş və uğurlu nəticələr əldə olunmuşdur. 2012-ci ildə 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal olunmuş və bu göstərici 2011-ci ildəki müvafiq göstəricini 15,7 faiz üstələmişdir. Sənaye istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 59 milyon 216 min manatlıq, qeyri-dövlət sektorunda isə 740 milyon 276 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
Yerli istehsalın potensialının davamlı olaraq təkmilləşdirilməsi strategiyasına uyğun olaraq, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2012-ci ildə də davam etdirilmişdir. Ötən il ərzində muxtar respublikamızda dövlət dəstəyi ilə 98 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 24 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir. Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2012-ci ildə daxili tələbatdan artıq istehsal olunmuş 280 milyon 622 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.
Tikinti-quruculuq
Muxtar respublikada tarazlı inkişafın təmin olunması məqsədilə investisiya qoyuluşlarının bütün fəaliyyət istiqamətlərini əhatə etməsi diqqətdə saxlanılır. 2012-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 982 milyon 264 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2011-ci ildəki müvafiq göstəricidən 20,4 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 874 milyon 542 min manatı və ya 89 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 20,1 faiz çoxdur.
2012-ci ildə Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra, ümumilikdə, 724 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 129 infrastruktur obyektinin inşası və ya əsaslı təmiri hazırda davam etdirilir. İnzibati binaların inşası çərçivəsində 2012-ci ildə ümumilikdə, 28 inzibati bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 14 inzibati binanın inşası davam etdirilir. İdarəetmənin yerlərdə səmərəli təşkili məqsədinə uyğun olaraq, sosial təyinatlı investisiyalar üzrə ötən dövr ərzində 14 kənd mərkəzinin inşası işləri başa çatdırılmış, 2 kənd mərkəzinin inşası isə hazırda davam etdirilir.
Əhalinin artan gəlirlərinə paralel olaraq mənzil-yaşayış şəraiti də günbəgün yaxşılaşmaqdadır. 2012-ci il ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 349 min 764 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2011-ci ildəki göstəricidən 3 faiz çoxdur. Kommunal infrastrukturun yenilənməsi və əhalinin keyfiyyətli xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir.
2012-ci il ərzində muxtar respublikada 2 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 5 yaşayış binasının əsaslı təmiri, 11 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. 4 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 4 yaşayış binasının əsaslı təmiri, 2 yaşayış binasının isə təmiri hazırda davam etdirilməkdədir. Ötən dövr ərzində 27 yaşayış binasında istilik xətlərinin çəkilişi, 13 qazanxananın tikintisi, 8 yaşayış binasında istilik xətlərinin yenidən qurulması və 13 qazanxananın təmiri başa çatdırılmışdır.
Əhalinin keyfiyyətli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində muxtar respublikanın şəhər, rayon mərkəzlərinin və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi işləri aparılmaqdadır. Bu müddət ərzində muxtar respublikada 32 kəhriz bərpa və ya təmir olunmuş, digər 4 kəhrizin isə bərpası və ya təmiri hazırda davam etdirilir.
Kənd təsərrüfatı
Aqrar sahə əsas iqtisadi fəaliyyət istiqamətlərindən biri olmaqla diqqətdə saxlanılır, bu sahədə zəruri islahatlar həyata keçirilir. Ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.
Aqrar sahə üzrə texnikadan istifadə səviyyəsi və bu istiqamətdə lizinq münasibətləri davamlı qaydada genişləndirilməkdədir. Həyata keçirilən tədbirlərə uyğun olaraq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194 ədədi 2012-ci ildə olmaqla, cəmi 879 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2012-ci ildə 185 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 950 ton mineral gübrə ilə təmin olunmuşlar.
2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin aparılmışdır ki, bu da 2011-ci ilin məhsulu üçün əkilmiş sahədən 98,5 hektar çoxdur. Taxıl istehsalının stimullaşdırılması bitkiçilik üzrə əsas fəaliyyət istiqamətini təşkil etməkdədir. 2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29 min 263 hektarı payızlıq, 5 min 702 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələri 214 hektar artmışdır. Taxıl zəmilərindən 101 min 848 ton məhsul toplanmışdır ki, bu da 2011-ci illə müqayisədə 0,8 faiz çoxdur.
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafı dəstəklənmiş və 2012-ci ildə 2831 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2011-ci ildə əkilmiş sahədən 67 hektar çoxdur. 2012-ci ildə əkilmiş sahələrdən 39440,4 ton kartof yığılmışdır ki, bu da 2011-ci ildəki müvafiq göstəricini 3 faiz üstələyir.
2012-ci ildə 108309 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 3382 ton dən üçün qarğıdalı, 677,8 ton dən üçün günəbaxan, 65809,2 ton tərəvəz, 41791,1 ton ərzaq üçün bostan məhsulları, 41995,8 ton meyvə, 14724,2 ton üzüm toplanmışdır.
Kənd təsərrüfatı sahəsinin inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması istiqamətində tədbirlərə uyğun olaraq, ötən dövr ərzində ümumi tutumu 2000 ton olan 1 soyuducu anbar istifadəyə verilmiş və soyuducu anbarların ümumi sayı 15-ə çatdırılmışdır.
1 yanvar 2013-cü il tarixə qaramalın sayı 104 min 710 baş, xırdabuynuzlu heyvanların sayı 625 min 670 baş təşkil etmişdir ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,8 və 2 faiz üstələmişdir.
Mal-qaranın və heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının artımını təmin etmişdir. 2012-ci il ərzində diri çəkidə 18855,2 ton ət, 78417,5 ton süd, 967,9 ton yun istehsal olunmuşdur. 2011-ci illə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 1,7 faiz, yun istehsalı isə 1,2 faiz artmışdır.
2012-ci ildə quşçuluq sahəsində 9
yeni təsərrüfat fəaliyyətə
başlamış, 3 quşçuluq təsərrüfatının
isə yaradılması istiqamətində işlər
hazırda davam etdirilməkdədir. Arıçılığın
inkişafı ilə bağlı dövlət maliyyə dəstəyinin
həcminin ildən-ilə artırılması, balın emalı
və qablaşdırılması ilə məşğul olan
istehsal sahələrinin istifadəyə verilməsi,
satış bazarlarının səmərəli təşviqi
bu sahənin yenidən dirçəldilməsində və inkişafında əvəzsiz rol
oynamışdır. 1 yanvar
2013-cü il tarixə muxtar respublikada 65 min 185 arı ailəsi
mövcud olmuşdur ki, bu da 1 yanvar 2012-ci il tarixə olan
göstəricini 7,5 faiz üstələmişdir. 2012-ci ildə muxtar
respublikada 2011-ci ildəkindən 14 faiz çox, yəni 1175
ton bal istehsal edilmişdir.
Reallaşdırılan səmərəli aqrar siyasətin
nəticəsi olaraq, bu sahədə tələbatın əsas
etibarı ilə yerli istehsal hesabına ödənilməsinə
nail olunmuş, daxili bazarda məhsul bolluğu
yaranmışdır. 2012-ci ildə muxtar respublikada 318 milyon 836
min manat həcmində kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə
9 faiz çoxdur.
Meliorasiya-irriqasiya
sistemlərinin gücləndirilməsi və yenilənməsi
istiqamətində tədbirlərə uyğun olaraq, 2012-ci
ildə 2 nasos stansiyasının, 11 subartezian quyusunun tikintisi,
3 nasos stansiyasının yenidən qurulması başa
çatdırılmış, 15 subartezian quyusunun tikintisi
hazırda davam etdirilir. Bu dövr ərzində Şərur
rayonunun Zeyvə və Vərməziyar, Babək rayonunun Nehrəm
və Cəhri, Culfa rayonunun Ləkətağ və Saltaq kəndlərində
drenaj xətlərinin çəkilişi, Şərur
rayonunun Axaməd kəndi ərazisində Araz çayı
sahilində sahilbərkitmə işləri başa
çatdırılmış, Şərur rayonunda
Arpaçayda istiqamətləndirici bəndin çəkilişi
davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası,
yeni meşəliklərin salınması istiqamətində
aparılan tədbirlərin intensivliyi 2012-ci ildə də
saxlanılmış, ilin əvvəlindən 525 hektar sahədə
meşəsalma və meşəbərpa işləri
aparılmışdır.
Nəqliyyat,
informasiya və rabitə, energetika
Muxtar respublikada nəqliyyat sisteminin inkişafı
üzrə kompleks islahatlar həyata keçirilir. Bu tədbirlərə
uyğun olaraq, ötən il ərzində ümumi uzunluğu
139,4 kilometr olan yeni avtomobil yolları və
11 körpü istifadəyə verilmişdir.
Nəqliyyatın
əsas göstəricilərindən olan yük daşınmasının
həcmi 2012-ci ildə 2011-ci ilə nisbətən 9,7 faiz, sərnişin daşınması isə
8,5 faiz artmışdır. Yük və sərnişin
daşınmasından bütövlükdə 42 milyon 921 min
manatdan çox gəlir əldə edilmişdir ki, bu da 2011-ci illə
müqayisədə 9,3 faiz çoxdur. Bu dövr
ərzində informasiya və kommunikasiya texnonlogiyalarından
istifadə imkanlarının genişləndirilməsi
davamlı qaydada təşviq olunmuş, optik kabel
magistrallarının inşası işi davam etdirilmiş, rəqəmsal
televiziyanın yayımına başlanılmış, yeni
poçt markaları tədavülə buraxılmış,
dövlət orqanlarının elektron xidmətlər sahəsində
işi daha da təkmilləşdirilmişdir.
2012-ci ildə
Şərur və Sədərək rayonlarını əhatə
edən 15904 yer tutumlu, 25 ədəd üçüncü nəsil
telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən
ibarət Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə
verilmişdir. Hazırda Yeni Nəsil
Telekommunikasiya Sisteminin tətbiqi uğurla davam etdirilir. “Evədək optika” layihəsinin icrası da həmin
tədbirlərin davamıdır. Layihə
telefon, yüksək sürətli internet, videotelefon və
“İP televiziya” adlanan rəqəmli televiziya xidmətinin
yüksək keyfiyyətlə istifadəçilərə
çatdırılmasını təmin edəcəkdir.
Muxtar
respublikanın iri yaşayış məntəqələrində
genişzolaqlı internet xidmətlərinin təşkili
istiqamətində tədbirlər də davam etdirilmiş,
Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində
yeni sistem
yaradılmışdır.
2012-ci ildə
2424 ədəd yeni telefon sabit şəbəkəyə
qoşulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 5,2 faiz çoxdur. 1 yanvar 2013-cü il tarixə muxtar respublika üzrə hər
yüz ailəyə düşən stasionar telefon
aparatlarının sayı 66-ya çatmışdır. 1
yanvar 2013-cü il tarixə aktiv istifadə olunan mobil
telefonların sayı 435642 ədəd, əhalinin hər 100 nəfərinə
isə düşən mobil telefonlarının sayı 103 ədəd
olmuşdur.
2012-ci ildə muxtar
respublikada informasiya və rabitə xidmətlərinin həcmi
42 milyon 474 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə
8,2 faiz çoxdur. Ümumi informasiya və rabitə xidmətlərinin
85,3 faizi və ya 36 milyon 231 min manatdan
çoxu mobil rabitənin
payına düşmüşdür. Bir il öncəyə
nisbətdə mobil rabitə xidmətlərinin həcmi 7,6 faiz artmışdır.
Enerji təhlükəsizliyi ilə bağlı həyata
keçirilən tədbirlər davam etdirilmişdir. Belə ki, hazırda Şərur
rayonunda 1,4 meqavat gücündə Arpaçay-2 və 20,5
meqavat gücündə Arpaçay, Ordubad rayonunda 36 meqavat
gücündə Ordubad Su Elektrik stansiyalarının
inşası davam etdirilir.
Naxçıvan şəhərində 110/35/10 kilovoltluq
“Naxçıvan” elektrik yarımstansiyasının yeni
avadanlıqlarla təchiz edilməsi və başqa əraziyə
köçürülməsi, Babək rayonunda 132/110
kilovoltluq “Araz” elektrik yarımstansiyasında 50 mva gücündə yeni 132/110
kilovoltluq transformatorun quraşdırılması işləri
başa çatdırılmışdır.
Muxtar
respublikada 31 ədəd müxtəlif güclü transformator
yarımstansiyasının quraşdırılması və 78
kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik
verilişi xətlərinin çəkilişi işləri
başa çatdırılmışdır. Naxçıvan
şəhərinin, Culfa və Şərur rayonlarının
transformator təmiri sexlərində 121 ədəd müxtəlifgüclü
transformator əsaslı təmir olunmuşdur.
Təbii
qaz təminatı üzrə 1 yanvar 2013-cü il
tarixə muxtar respublikada 79 min 986 əhali abonenti mavi yanacaqla təmin
olunmuşdur. Bu dövr ərzində
uzunluğu 27 kilometr olan Naxçıvan-Cəhri-Şahbuz
ortatəzyiqli qaz xəttinin tikintisi başa
çatdırılmış, uzunluğu 81,6 kilometr olan
Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttinin
tikintisi davam etdirilir.
Sahibkarlıq,
məşğulluq
Bank və
kredit təşkilatları tərəfindən sahibkarlara 58
milyon 680 min manatdan artıq həcmdə kreditlərin verilməsi
təmin olunmuşdur ki, bu da 2011-ci ildəki müvafiq göstəricidən 24,2 faiz
çoxdur.
Hazırda muxtar respublikada 344 növdə yerli məhsul
istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq,
229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq
məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula
olan tələbatın yerli istehsal hesabına ödənilməsi
təmin edilmişdir.
Ötən
il muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə
nisbətdə 12,3 faiz artaraq 1 milyard 623 milyon manata, onun hər
bir nəfərə düşən həcmi isə 10 faizlik
artımla 3839 manata çatmışdır. Bu dövr ərzində
orta aylıq əməkhaqqının məbləği 365,1 manata çatmışdır ki, bu da 2011-ci
ildəki səviyyədən
6,9 faiz çoxdur. Davamlı iqtisadi inkişaf məşğulluq məsələlərinin
də səmərəli həllini şərtləndirməkdədir.
2003-cü il oktyabr ayının 1-dən 1 yanvar 2013-cü il
tarixədək muxtar respublikada 57109 yeni iş yeri
yaradılmışdır ki, bunun da 40798-i və ya 71,4 faizi daimi iş yerləridir. 2012-ci il ərzində
yaradılmış 8069 yeni iş yerinin 7743-ü və ya 96
faizi daimi iş
yerlərinin payına düşür.
Ümumi iqtisadi inkişafı səciyyələndirən
mühüm parametrlərdən biri əmtəə dövriyyəsinin
artım sürətidir. 2012-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə
1 milyard 125 milyon manatdan artıq həcmdə istehlak malları
satılmış və pullu xidmətlər göstərilmişdir
ki, bu da 2011-ci ildəki göstəricidən 18,4
faiz çoxdur.
Humanitar sahə
2012-ci ildə Ordubad rayonunun Aşağı Əylis kəndində
seysmoloji stansiyanın tikintisi, Naxçıvan Dövlət
Universitetinin Pedaqoji, Təbiətşünaslıq və kənd
təsərrüfatı fakültələrinin
binasının yenidən qurulması başa
çatdırılmışdır. Şərur rayonunun Yuxarı
Aralıq və Danyeri kəndlərinin hər birində 414
şagird yerlik, Dərəkənddə 216 şagird yerlik, Babək
rayonunun Kərimbəyli kəndində 396 şagird yerlik,
Ordubad rayonunun Behrud və Parağa kəndlərinin hər
birində 110 şagird yerlik, Culfa rayonunun Ləkətağ kəndində
144 şagird yerlik, Kəngərli rayonunun Çalxanqala kəndində
378 şagird yerlik, Şahbuz rayonunun Ağbulaq kəndində
216 şagird yerlik tam orta məktəb binaları istifadəyə
verilmişdir.
Naxçıvan
şəhərində 936 şagird yerlik 17 nömrəli, Babək
rayonunun Nehrəm kəndində 900 şagird yerlik 1 nömrəli,
Culfa rayonunun Yaycı kəndində 774 şagird yerlik 1
nömrəli tam orta məktəblərin, 608 şagird yerlik
Naxçıvan Qızlar Liseyinin, Şərur rayonunun Qarxun kəndində
504 şagird yerlik, Qorçulu kəndində 198 şagird
yerlik, Ordubad rayonunun Yuxarı Əylis kəndində 252
şagird yerlik, Şahbuz rayonunun Biçənək kəndində
252 şagird yerlik tam orta məktəb binalarının yenidən
qurulması, Ordubad rayonunun Çənnəb kəndində
198 şagird yerlik tam orta məktəb binasının əsaslı
təmiri, Heydər Əliyev adına Hərbi Lisey Kompleksinin,
Babək rayonunun Şəkərabad və Hacıvar, Culfa
rayonunun Boyəhməd kəndlərində tam orta məktəb
binalarının və Ordubad şəhərində
M.Füzuli adına tam orta internat məktəbi
binasının təmiri
başa çatdırılmışdır.
2012-ci ildə
ali məktəblərə sənəd verən
məzunlardan 1834-ü və ya 52 faizə qədəri tələbə
adını qazanmış, məzunlardan 455 nəfəri isə
orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəblərə
qəbul olan məzunlardan 267-si 500-dən yuxarı bal toplamışdır. İxtisas seçimi
zamanı 2011-ci ildə 930 tələbə, 2012-ci ildə isə
1107 tələbə muxtar respublikamızda yerləşən ali təhsil müəssisələrini
seçmişlər. 2012-ci ildə 719 nəfər
Naxçıvan Dövlət Universitetinə, 215 nəfər
Naxçıvan Müəllimlər İnstitutuna, 173 nəfər
isə Naxçıvan Özəl Universitetinə daxil
olmuşlar.
Səhiyyə
sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə
uyğun olaraq, 2012-ci ildə Akademik Zərifə Əliyeva
adına Naxçıvan şəhər poliklinikasının
və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin
yenidən qurulması başa çatdırılmış,
Babək Rayon Mərkəzi Xəstəxanasının
tikintisi, Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının
yenidən qurulması hazırda davam etdirilir.
Şərur
rayonunun Danyeri, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun
Yuxarı Əylis, Culfa rayonunun Milax və Kəngərli
rayonunun Çalxanqala kəndlərində həkim
ambunlatoriyası binalarının, Şərur rayonunun Dərəkənd
və Qorçulu, Ordubad rayonunun Behrud və Çənnəb,
Culfa rayonunun Boyəhməd və Ləkətağ, Şahbuz
rayonunun Ağbulaq kəndlərində feldşer-mama məntəqələrinin,
Ordubad rayonunun Parağa kəndində feldşer məntəqəsinin
tikintisi başa çatdırılmışdır. “Milli dəyərlər
ili” elan olunan 2012-ci ildə muxtar respublikada beynəlxalq rəsm,
folklor və muğam festivalları, ədəbi tədbirlər,
ailə dəyərlərinin qorunub saxlanılması ilə
bağlı seminarlar keçirilmiş, milli dəyərlərin
əsas daşıyıcısı olan xalq
yaradıcılığının müxtəlif sahələri
üzrə kurslar təşkil olunmuşdur.
2012-ci ildə
mədəniyyət obyektlərinin inşası və bərpası
çərçivəsində Kəngərli rayonunun
Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət
və İstirahət Parkının, Mədəniyyət
Evinin tikintisi, Naxçıvan şəhərində C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
binasının yenidən qurulması, Şərur rayonunun
Yuxarı Aralıq kəndində Mədəniyyət evinin,
Şərur şəhərində Heydər Əliyev Mədəniyyət
və İstirahət Parkının, Babək Rayon Mədəniyyət
Evinin təmiri başa çatdırılmış,
Naxçıvan şəhərində Dövlət
Bayrağı Meydanının, Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin binasının tikintisi,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Naxçıvanşünaslıq Mərkəzinin yenidən
qurulması hazırda davam etdirilir. Naxçıvan şəhərində
sərgi salonunun, Qədim Qala tarixi abidəsinin ərazisində
və Ordubad rayonunun Nəsirvaz kəndində muzeylərin
tikintisi, Naxçıvan şəhərində Bəhruz Kəngərli
Muzeyinin əsaslı təmiri, Babək Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin və Naxçıvan
şəhərində “Milli mətbəx yeməkxanası”nın
təmiri aparılmaqdadır.
2012-ci ildə əldə olunmuş nailiyyətlər bir
daha təsdiqləyir ki, Naxçıvan Muxtar Respublikasında
mütərəqqi təcrübəyə əsaslanan iqtisadi
və sosial islahatların dərinləşdirilməsi prosesləri
uğurla aparılmaqdadır.
Naxçıvan
Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı
əsasında hazırlanmışdır
Xalq qəzeti.- 2013.- 21 fevral.- S. 3.