Azərbaycanda düşünülmüş iqtisadi islahatlar artıq öz gözəl nəticələrini verməkdədir
2012-ci il ölkəmizin hərtərəfli
inkişafı istiqamətində görülən
genişmiqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın
çağdaş tarixinə uğurlu dövr kimi həkk olunmuşdur. Dövlət başçısının sədrliyi
ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında da qeyd edildiyi
kimi, ölkəmizin beynəlxalq aləmdə
müsbət imicinin daha
da möhkəmlənməsi, iqtisadi inkişafın
davamlılığı və diversifikasiyasının sürətləndirilməsi,
yeni müəssisələrin
yaradılması, minlərlə iş yerinin açılması, səhiyyə, təhsil
və digər sahələrdə qazanılmış nailiyyətlər,
əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi ötən ilin səciyyəvi cəhətləridir.
Son illər ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. 2012-ci ildə 13,3 milyard dolları daxili və 8,8 milyard dolları xarici olmaqla ölkə iqtisadiyyatına 22,1 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. Ümumiyyətlə, müstəqillik illərində ölkə iqtisadiyyatına 140 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə ehtiyatlarının artmasına səbəb olmuş, bu isə, öz növbəsində, xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.
Sənayeləşmə siyasətinin uğurlu davamı qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. Ötən il qeyri-neft sənayesində məhsul istehsalı 7,8 faiz, o cümlədən emal sənayesi 5,4 faiz artmışdır. 2012-ci ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-ə yaxın sənaye müəssisəsi istifadəyə verilmişdir. Hazırda 90-dan çox sənaye müəssisəsinin inşası davam etdirilir.
Həm alternativ enerji mənbəyi, həm ekoloji mühit və həm də qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən və ötən il istifadəyə verilmiş Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. 20 hektar ərazidə inşa olunmuş və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetrdən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kv-saat elektrik enerjisi istehsal ediləcək. Bu isə, on minlərlə ailənin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, yaradılan Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parkları müasir texnologiyalardan istifadə etməklə rəqabət qabiliyyətli və ixrac yönümlü yeni məhsul istehsalının artırılması, iş yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir. Ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən Balaxanı Sənaye Parkının təməli qoyulmuş və hazırda parkların yaradılması istiqamətində zəruri təşkilati işlər, normativ-hüquqi bazanın hazırlanması və digər tədbirlər həyata keçirilir.
Ötən il ölkədə elektrik enerjisi istehsalı 6,8 faiz artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmış, Alternativ və Bərpa Olunan Enerji ilə təminat sahəsində Azgüntex Günəş panelləri, Füzuli və Qusar-1 su elektrik stansiyaları istifadəyə verilmişdir.
Kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir və bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə kənd təsərrüfatında 5,8 faizlik artıma nail olunmuş, ərzaq təhlükəsizliyi daha da gücləndirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi yüksəlmişdir. Aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmiş, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 68 faizi aqrar sektora ayrılmışdır. Hazırda kənd təsərrüfatının əsas sahələrindən olan üzümçülüyün inkişafı ilə yanaşı, emal sənayesinin inkişafına da təkan verəcək “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilir.
2012-ci ildə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.
Dövlət başçısı tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi, Azərbaycanın ilk telekommunikasiya peykinin bu yaxınlarda orbitə çıxarılması, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən digər işlər bu il informasiya-kommunikasiya texnologiyaları sahəsində ciddi nailiyyətlərin əldə ediləcəyini deməyə əsas verir.
Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf, ölkəmizin dünyada nüfuzunun artması, həmçinin zəngin coğrafi landşafta və mədəni-tarixi irsə malik olması turizm sektorunun inkişafına əlverişli şərait yaratmışdır. Bu baxımdan 2012-ci il də turizmin, xüsusilə də işgüzar turizmin inkişafı üçün əhəmiyyətli illərdən olmuş, ümumilikdə turizm sektoru 18,8 faiz artmışdır.
Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri, ötən il ərzində 250-dək müxtəlif təyinatlı obyektlərlə tanış olması, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək imzaladığı sərəncamlar respublikanın bölgələrinin, eləcə də Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına əlavə vəsaitin ayrılması regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, zəruri infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin kənd yolları üzrə müvafiq sərəncamlarına uyğun olaraq, ötən il 18 layihə üzrə işlərə başlanılmışdır ki, 2013-cü ildə bu işlərin tamamlanması nəzərdə tutulur. Nəticədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri həyata keçirilir. Bu layihələrin bir hissəsi 2013-cü ildə başa çatdırılacaqdır.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 74 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmış, hazırda onlarla sosial obyektin təmir-tikintisi davam etdirilir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Ötən il sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının on-line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir.
Ötən ildən başlayaraq fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.
Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400-dən çox sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 9100-dək yeni iş yerinin açılmasına imkan verir.
Ümumilikdə, ötən il ərzində fond tərəfindən güzəştli qaydada maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı fabrikləridir.
Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinq xidmətlərinin göstərilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi məqsədilə 2012-ci il ərzində 70-ə yaxını regionlarda olmaqla, 90-dan çox seminar və treninqlər keçirilmiş, 41 azərbaycanlı sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişdir. Bu cür tədbirlərin 2013-cü ildə daha geniş formatda keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin investisiya imkanlarının təbliği məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 2012-ci ildə ölkəmizdə və xaricdə 300-dən çox tədbir (biznes forumlar, sərgilər, işgüzar görüşlər və s. ) təşkil edilmişdir.
Ölkəmizdə özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, “Holcim-Azərbaycan” yeni sement zavodu və “Ağstafa Aqroservis” müəssisəsi fəaliyyətə başlamış, Səngəçal Neft və Qaz terminalının və Duz İstehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq, şirkət öz sərmayə payını digər tərəfdaşlara satmaqla bu layihələrdə missiyasını başa çatdırmışdır.
Göründüyü kimi, həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş hədəflər bir daha göstərir ki, ölkə Prezidentinin rəhbərliyi ilə bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Vaqif BAYRAMOV,
Xalq qəzeti.- 2013.- 21
fevral.- S. 1.