Xocalı soyqırımı — insanlığa qarşı amansız cinayət

 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquqi normaların ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi yazılmışdır. Bədnam qonşularımızın işğalçı mövqeyini beynəlxalq səviyyədə müəyyən olunan birgəyaşayış qaydalarından daim üstün tutması bu münaqişənin Azərbaycan üçün ağır nəticələrə gətirməsinə səbəb olmuşdur.

 

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış, şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.

İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 milyon kvadratmetrdən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Kəlbəcər tarix diyarşunaslıq muzeyi yerlə-yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinyət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.

Şuşadakı tarix muzeyinin, Ağdamdakı çörək muzeyinin, Zəngilandakı daş abidələr muzeyinintaleyi belə olmuşdur. Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərin talamışdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası işğalçılıq siyasətini bu gündavam etdirməkdədir. Düz 21 il əvvəl isə bu siyasətin tərkib hissəsi kimi Azərbaycan xalqı və ümumilikdə, bəşəriyyət ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı timsalında XX əsrin insanlığa qarşı ən qəddar, ən dəhşətli cinayətlərindən biri ilə üzləşdi. Xocalı faciəsi öz miqyasına, mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur soyqırımları ilə birgə xatırlanır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

“Xocalının işğalına dair istintaq materialları”ndan görünür ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişlər. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarca meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə qətlə yetirilmişdir. Hüquq-Müdafiə Mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanında bu faciəyə düzgün siyasi qiyməti verilir: “1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan ediməsi ilə qurtardı”.

Müasir beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı olduğunu bir daha təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilmişdir. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri YuqoslaviyaRuanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə əsasında diqtə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur.

Beynəlxalq hüquq normalarına görə, soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməklə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən, həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd və soyqırımında iştirak da cinayət məsuliyyəti doğurur.

Soyqırımı cinayəti törətmiş şəxslərə qarşı universal yuridiksiya prinsipi tətbiq edilir. Başqa sözlə, soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad etməsi faktı şəxsi cinayət məsuliyyətindən əsla azad etmir. Dövlətin aktları onun vəzifəli şəxslərinin fəaliyyəti olduğundan təqsirə görə yalnız dövlətə qarşı sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təşkilatçıları, rəhbərləri, icraçıları, konkret fiziki şəxslər də cəzalandırılmalıdırlar. Soyqırımı cinayətinin törədilməsinə görə dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən vəzifəli şəxsləri də məsuliyyət daşıyır. Xocalı soyqırımına görə təkcə bu beynəlxalq cinayəti törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün heç bir tədbir görməmiş mülki hakimiyyət və rəis heyəti də məsuliyyət daşıyır.

BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 nömrəli qətnaməsi əsasında qəbul edilmiş “Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiyasının 1-ci maddəsinə əsasən, müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.5-ci maddəsinə əsasən, Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş şəxslərə müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiş şəxslər cinayətin törədilməsi vaxtından asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməli və məhkum olunmalıdırlar.

Beynəlxalq cinayətlərə görə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş beynəlxalq cinayətlərdən, o cümlədən Xocalı soyqırımından nə qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər məsuliyyətdən yayına bilməzlər. Soyqırımı törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb olunan dövlətə verilməlidir.

BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, Nürnberq Hərbi Tribunalının nizamnaməsi (nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur), Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının nizamnaməsi (maddə 1), Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (maddə 6), Azərbaycan Respublikası Cinayət Məcəlləsi (maddə 103) və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına tam əsaslar yaradır.

Xüsusi vurğulamaq lazımdır ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu öndər ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təzavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olmuşdur.

Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqıqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 12.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Son 21 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Bir müddət əvvəl evin rəsmi internet saytında Xocalı faciəsinin tanıdılması məqsədilə bəzi qeyri-hökumət təşkilatlarının başladıqları petisiyanın uğurla yekunlaşması bu baxımdan xüsusi vurğulanmalıdır. Qısa müddətdə 100 mindən çox azərbaycanlı bu aksiyada iştirak edərək Xocalı faciəsinə ABŞ Administrasiyasızının adekvat qiymət verməsinə hüquqi zəmin hazırlamışdır.

 Xüsusi vurğulamaq istərdim ki, son illər Heydər Əliyev Fondu da Xocalı həqiqətlərinin tanıdılması istiqamətində uğurlu fəaliyyət göstərir. Fond soyqırımı haqda həqiqətləri dünyaya çatdırmaq üçün 2007-ci il fevralın 19-26-da Türkiyənin İstanbuldaha 25 vilayətində “Xocalı həftəsi”ni keçirmiş, tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil edilmişdir. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı uşaqların gözü ilə” sərgisi nümayiş etdirilmiş, habelə erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.

Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Xocalıya ədalət!” kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Ümumilikdə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu yöndə bütün imkanlar səfərbərliyə alınmış, beynəlxalq aləmin Azərbaycan həqiqətlərinə münasibətində erməni yalanlarının ifşasına yönəlmiş bir sıra pozitiv irəliləyişlər nəzərə çarpmağa başlamışdır. Son illərdə dünyanın bir sıra ölkələri, ABŞ-ın bir neçə ştatı, o cümlədən bu günlərdə Çexiya parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımışdır. İnanırıq ki, ölkə diplomatiyasının çevik və təxirəsalınmaz tədbirləri nəticəsində bu proses davam edəcək, ölkəmizin haqq səsi bütün dünyada eşidiləcəkdir.

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA-nın Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2013.- 22 fevral.- S. 5.