QƏBƏLƏ:
Hər il qələbə ilidir
...Bu gün Qəbələyə
gələn hər kəs heyrətini gizlədə bilmir. Bilmirəm,
görülən işləri böyük
adlandırım, yoxsa çox
böyük. Amma bu, bir həqiqətdir ki, Qəbələdə hara
baxırsan, göz oxşayır. Dağlar qoynunda yerləşən
başdan-başa yaşıllığa bürünmüş bu səfalı
yerlərdən doymaq bilmirsən ki, bilmirsən.
Sizi inandırım ki, Qəbələdə görülən möhtəşəm işləri bir qəzet yazısına sığışdırmaq mümkün deyil. Özü də bu işlər bir yox, bütün sahələri əhatə edir.
Rayonda 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
hesabat yığıncağında uğurlardan danışan icra
hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirdi ki, rayonumuzun ictimai həyatında baş
verən əsas əlamətdar hadisə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il
sentyabr ayının 10-da Qəbələyə
gəlişidir. Səfər zamanı ölkə
başçısı bir çox
mühüm sosial və
iqtisadi xarakterli obyektlərin
açılışında iştirak etmiş, inşaat işləri
davam edən tikintilərdə vəziyyətlə
tanış olmuşdur. Görülmüş
işlər barədə fikirlərini söyləməklə
bərabər cənab Prezident
qarşıya yeni vəzifələr də
qoymuşdur.
Ötən
müddət ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri
üzrə 228,167 min manatlıq məhsul istehsal edilmişdir
ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən
8,160 min manat çox olmuşdur.
Ümumi
məhsul buraxılışı sənayedə 159 min, kənd
təsərrüfatında 2,997 min, tikintidə 2,310 min, nəqliyyatda
463 min, rabitədə 60 min, ticarətdə 2,171 min manat
artmışdır.
Bu
dövrdə sənaye mallarının istehsalında və
xidmətlərin göstərilməsində qeyri-dövlət
bölməsinin xüsusi çəkisi 70,9 faiz təşkil
etmişdir. 2012-ci ildə sənaye müəssisələrində
çalışan işçilərin orta aylıq nominal əmək
haqqı 312 manat təşkil etmişdir ki, bu da əvvəlki
illə müqayisədə 3,3 faiz çox deməkdir.
Xüsusilə
sevindiricidir ki, 2003-cü ilin oktyabr ayından 1 yanvar 2013-cü
il tarixədək 10,943 yeni iş yerləri
açılmışdır. Ondan
8,895-i daimi iş yeri. Hesabat ilində
açılmış yeni iş yerlərinin sayı isə 901 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimidir.
Azərbaycan
hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında Qəbələ
şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması istiqamətində işlər davam
etdirilmişdir. Bu günədək 6 ədəd subartezian
quyusu qazılmış, 2 ədəd 1000, 4 ədəd 600, 4 ədəd
500 kubmetrlik su anbarlarının tikintisi başa
çatdırılmışdır.
Qəbələ
Telekommunikasiya Qovşağı 2012-ci il ərzində 920 min
manat tarif gəliri proqnozuna qarşı 937 min manat gəlir əldə
etmiş, proqnoz tapşırığına 101,8 faiz əməl
etmişdir. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə 8,6 faiz, yəni
74 min manat artıq gəlir əldə edilmişdir.
Rayonun
yaşayış məntəqələrinin sel sularından
qorunması, kənd təsərrüfatının suvarma suyu
ilə təminatı üçün suvarma kanalları 564
min kubmetr lildən təmizlənmiş, Türyançay, Dəmiraparan,
Bum, Həmzəli, Tikanlı, Vəndam çaylarında 1103
min kubmetr çay məcrası təmizlənmiş, 320
kubmetr qabion bənddə, 1,900 kubmetr daş beton bənddə
tənzimləmə və sahilbərkitmə işləri
görülmüş, 2,522 kubmetr daş beton bəndi cari təmir
edilmişdir. İl ərzində 15,8 min manat su pulu
yığılaraq proqnoz tapşırığa 100 faiz əməl
olunmuşdur.
Məruzəçi
daha sonra demişdir ki, bu gün Qəbələ nəhəng
tikinti meydançasını xatırladır. Belə ki, həyata keçirilən
quruculuq işləri bütün
yaşayış məntəqələrini əhatə edir. Ötən il Topbağ kəndində 80 şagirdyerlik
ümumi orta, Tövlə
kəndində 180 şagird yerlik tam orta,
Nic qəsəbəsində 360 şagird yerlik tam orta, Solquca
kəndində 80 şagird yerlik
ibtidai məktəb
binaları, Bum qəsəbəsində 25
yerlik uşaq
bağçası və Qəbələ şəhərində
Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin rayon
şöbəsi üçün inzibati bina, Çuxur Qəbələ kəndində arxeoloji qazıntıların sərgisi üçün bina tikilərək
istifadəyə verilmişdir. Vətəndaşların
mülkiyyətində olan 1266 evin çardax hissəsində cari
təmir işləri aparılaraq
264573 kvadratmetr dam
örtüyü dəyişdirilmişdir.
Vəndam qəsəbə 1 saylı tam orta məktəbində əsaslı təmir
işləri görülmüşdür.
Kiçik Pirəlli kəndində 180 şagirdyerlik
tam orta məktəbin
binasında tikinti işləri, Qəbələ
şəhərindəki mədəniyyət mərkəzində,
Yengicə kəndindəki sağlamlıq mərkəzinin yeni korpusunda, “ASPİ-AQRO”
MMC-nin Qaradeyin kəndindəki şərab zavodunda, Qəbələ-Küsnət-Laza avtomobil yolunda və
həmin yolda Duruca və
Dəmiraparan çayları üzərində körpülərdə,
Qəbələ şəhər məscidində son tamamlama işləri
aparılır.
Bundan
başqa, Beynəlxalq Hava Limanı- Qəbələ magistral
avtomobil yolunun, Qəbələ şəhərində futbol
akademiyasının, stadionlar kompleksinin, “Karvansaray” otel
kompleksinin, “Qəbələ Konqres Holl”un, atçılıq
kompleksinin, Bum qəsəbəsində stend və ox atıcılığı
kompleksinin, Duruca müvəqqəti yaşayış ərazisində
“Kanat yol”un, “Tufan” dağ-xizək yay-qış istirahət
kompleksinin və daxili qoşunların “N” saylı hərbi hissəsi
üçün binanın tikintisi davam etdirilir.
Qəbələ
şəhərinin Səməd Vurğun və Nizami
küçələrində abadlıq və yenidənqurma
işləri başa çatdırılmış, Zərifə
Əliyeva küçəsində, Vəndam qəsəbəsindən
keçən magistral avtomobil yolunda, Nic qəsəbəsinin mərkəzi
küçəsində və qəsəbə parkında
tikinti və abadlıq işləri
yekunlaşdırılmışdır. Vəndam qəsəbəsində
600 başlıq, Böyük Əmili kəndində
isə 650 başlıq heyvandarlıq kompleksləri inşa edilmişdir. Qəbələ
şəhərində istehsal təyinatlı
“Cipsi” fabriki və limonad zavodunun tikintisinə
başlanılmışdır.
Sonra
məruzəçi rayonun təhsil və səhiyyə müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsindən
danışmış, qazanılmış uğurlardan
söhbət açmışdır.
Ölkə
Prezidenti cənab İlham Əliyev Qəbələnin son illər
ərzində beynəlxalq mərkəzə çevrildiyini
bildirmiş, burada keçirilən ənənəvi musiqi
festivallarının artıq dünyada məşhur
olduğunu və dünyanın aparıcı sənət
adamlarının bu tədbirlərə
qatıldığını söyləmişdir.
Təkcə bir faktı qeyd edək ki, ötən il rayonda ənənəvi IV Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilmiş və Azərbaycanın görkəmli musiqiçiləri ilə yanaşı, dünyanın 17 ölkəsindən 300-dək məşhur ifaçı tədbirdə çıxış etmişdir. Bütün bunlar barədə iftixar hissi ilə danışan natiq qeyd etmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın milli mədəniyyət nümunələrinin və musiqi irsinin qorunub saxlanılması və dünyada təbliğ edilməsi sahəsində görülən işlər çox mühüm əhəmiyyət kəsb edir. Fondun prezidenti və mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, onun rəhbərliyi ilə Qəbələdə təşkil olunan beynəlxalq festivallar, ölkəmizin musiqi ənənələrinin, mədəniyyətinin və ümumilikdə Azərbaycan xalqının dünyada tanıdılmasına çox böyük töhvələr verir.
2012-ci
ilin “İdman ili” elan edilməsi ilə əlaqədar rayonun
idman həyatından danışan məruzəçi
qürur hissi ilə bildirmişdir ki, Qəbələ 2012-ci
il ərzində bir neçə beynəlxalq və respublika səviyyəli
yarışa - “Offroard” avtomobil yarışı üzrə
beynəlxalq turnirə, ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr edilmiş beynəlxalq velosiped turnirinə,
I Qəbələ Kuboku futbol turnirinə, “Olimpiya yol
yürüşü” adlı kütləvi-idman tədbirinə,
velosiped üzrə Azərbaycan çempionatına, I
Ümumrespublika “Gənc xilasedici və
yanğınsöndürənlər” yarışının
final mərhələsinə ev sahibliyi etmişdir.
Sonra
məruzəçi keçən il aqrar sahədə
qazanılmış uğurlardan danışaraq bildirmişdir
ki, bütün sahələr üzrə yüksək göstəricilər
əldə olunmuşdur. Bir sözlə, Qəbələ ili
yüksək nəticələrlə başa vurub.
Məruzə
ətrafında müzakirələrdə
çıxış edənlər də bu nailiyyətləri
sadaladılar, iftixarla bildirdilər ki, hər il Qəbələ
üçün bax, belə uğurlu olur.
Yığıncağın
işində Milli Məclisin deputatı Fəttah Heydərov və
Prezident Administrasiyasının məsul işçisi Əflatun
Rufiyev iştirak və çıxış etdilər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 24
fevral.- S. 7.