Klassik roman haqqında dəyərli tədqiqat

 

İlk öncə qeyd etmək lazımdır ki, “Dəli Kür” romanının poetik dili" adlı monoqrafik tədqiqat çox mühüm bir problemi yeni baxış bucağı altında və çağdaş düşüncə müstəvisində incələmək iqtidarında olan fədakar bir elm adamının qələminin məhsulu ola bilərdi.

 

Belə bir fədakar elm adamının filologiya üzrə elmlər doktoru, professor, 20 kitabın, 170-dən artıq məqalənin müəllifi Əzizxan Tanrıverdi olması təbii və qanunauyğundur. Əzizxan Tanrıverdi sözügedən  monoqrafiyaya qədər “Türk mənşəli Azərbaycan  antroponimləri” (1996), “Kitabi-Dədə Qorqudda şəxs adları” (1999), “Kitabi-Dədə Qorqudun obrazlı dili” (2006), “Kitabi-Dədə Qorqudun söz dünyası” (2008 “Dədə Qorqud kitabı”nda at kultu" (2012) və s. ədəbi - tarixi və linqvistik düşüncə prizmasından aparılmış tədqiqatların müəllifi olaraq mötəbər söz sahibi kimi tanınırdı.

 Roman janrının klassik nümunəsi olan “Dəli Kür” əsəri, əlbəttə ki, İsmayıl Şıxlının sənət taleyini müəyyənləşdirən müstəsna bir əsərdir. Bu möhtəşəm sənət abidəsi eyni zamanda “Dəli Kür” romanının poetik dili” (2012) monoqrafiyasının müəllifi Əzizxan Tanrıverdinin də tale yolunun müəyyənləşməsində  mühüm rol oynamışdır. Araşdırmaçının qeydlərindən aydın olur ki, “Dəli Kür”ü müxtəlif yaş dövrlərində oxuması onu yeni-yeni dəyərlərlə üz-üzə qoymuşdur. Uşaqlıq və tələbəlik illərində romanı mütaliə edərkən idrakında və ruhi-mənəvi aləmində baş verən oyanış, filologiya üzrə elmlər doktoru, ölkədə mahir dilçi kimi tanınan görkəmli alim olaraq təkrar oxumasının isə tamamilə başqa mənası, fərqli yozumu var. Əzizxan müəllimi kölgə kimi izləyən tale xoşbəxtlikdən onun yolunu zəngin tarixi və ənənəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsindən saldı. Burada o, uşaqlıqdan əsərlərini sevə-sevə oxuduğu böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının dərin məzmunlu mühazirələrini dinlədi, könül evində ucaltdığı mənəvi abidə reallıqda onu bir daha vəcdə gətirdi. Tale elə gətirdi ki, İ.Şıxlı onun diplom rəhbəri oldu, dəyərli məsləhətlər verdi və beləliklə, mənəvi ünsiyyətin möhkəm bünövrəsi qoyuldu. Görünür, “niyyətin hara, mənzilin ora” deyimi heç də təsadüfi deyilmiş. Bunun  bariz nümunəsi  Əzizxan Tanrıverdinin keçdiyi tale yolunun məlum məqamları və sonucda “Dəli Kür” romanının poetik dili" kimi sanballı bir tədqiqat əsərinin meydana gəlməsidir. Bu araşdırma romanın daxili mündəricəsinə, iç məna qatına dərindən varmaq imkanı ilə xarakterizə olunur. Tədqiqat əsərində mövzunun sanbalının, kontekst genişliyinin öncədən nəzərə alındığı bölmə və yarımbölmələrdən, başqa sözlə, araşdırmanın struktur düzənindən aydın görünür. Bu mükəmməl struktur müəllifə mövzunu bütün mümkün rakursları ilə hərtərəfli araşdırmaq, filoloji faktları yeni baxış bucağı altında dəyərləndirib konseptual mövqe sərgiləmək imkanı vermişdir. Müəllifin mahiyyətə yönəlik açıqlamaları problemin təməl prinsipləri haqda konseptual qənaət formalaşdırır və bu, araşdırmaçının — tanınmış dilçi alimin ədəbi-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyini qabarıq şəkildə göstərir.

Araşdırmada “Kitabın yazılma səbəbi”, “Dəli Kür” romanı rus və Avropa ədəbiyyatı müstəvisində”, “Dəli Kür”ün poetik strukturunda Azərbaycan şifahi və yazılı ədəbiyyatı”, “Azərbaycan şifahi xalq ədəbiyyatı” və  “Dəli Kür” bölmələrinin ön sırada yer alması təsadüfi deyil. Bu kimi bölmələr, bir tərəfdən, müəllifin erudik imkanlarının genişliyindən soraq verirsə, digər tərəfdən, ona problemi müqayisə və paralellər müstəvisində çözmək şəraiti yaradır. Diqqət yetirilsə, aydın görünər ki, tədqiqatçı yanaşma bucağını seçərkən heç də ənənəvi təhlil və tədqiq üsulundan istifadə etməmiş, həmişəyaşar sənət inciləri olan “Dədə Qorqud”u, “Koroğlu”nu və “Dəli Kür”ü bir araya gətirən və eyni zamanda fərqləndirən motivlərin tipologiyasını bədii mətnlərə istinadən müəyyən etməyə üstünlük vermişdir. Daxilə pəncərə açmaq, iç qatdakı dəyərləri “qəlbin gözü ilə” (Nizami) görmək imkanı müəllifi “Dəli Kür” kimi incə məqamları özündə ehtiva edən bir romana dəyər verə bilərdi ki, bunu Əzizxan Tanrıverdi böyük cəfakeşliklə etmişdir. Obrazla xarakteri, tiplə prototipi bir araya gətirmək, oxşar və fərqli cəhətləri müəyyən etmək, bu kontekstdə həqiqəti ortaya qoymaq, bədiiliyi ən incə məqamları ilə dərk etmək, əlbəttə ki, tədqiqatçıdan böyük məharət, dərinliklərə varmaq kirdarı tələb etmişdir. Nə yaxşı ki, bu keyfiyyətlər araşdırmaçıda kifayət qədər cəm olmuşdur. Əks halda mövzunu bu səviyyədə tədqiq etmək mümkün olmazdı. Bizim dilə gətirdiyimiz, eyni zamanda araşdırmanın hər bir fraqmetində özünü göstərən, lakin təfsilata varmaq imkanımız xaricində olan dəyərləri reallaşdırmaq mümkün olmuşdu. Poetik dil çox incə məsələdir. Xüsusilə “Dəli Kür” kimi çeşidli obraz və xarakteri, tarixiliklə müasirliyi bir araya gətirən, daha doğrusu, tarixilikdə müasirlik, müasirlikdə tarixilik aramağa, zahirdən içə, monoloqdan daxilə pəncərə açmağa hesablanan geniş düşüncə çevrəsini özündə ehtiva edən bir romanı poetik dil kontekstində təhlil etmək dərin zəkasız və səriştəsiz mümkün ola bilməzdi.

 Cahandar ağanın dili, tipi, xarakteri, obrazının poetikası haqda açıqlamalar sözün əsl mənasında qürur doğurur. Çünki tədqiqatçı bir obrazla bağlı elə məqamları düşüncə müstəvisinə çıxarır ki, ona qədər heç bir araşdırmaçı baş qəhrəmanın tipoloji arsenalının incəliklərinə bu qədər dərindən vara bilməmişdir. “Dəli Kür”ün şeiriyyəti, obrazlılığının fonetikası, leksikası, semantikası, məcazlar sistemi haqda açıqlamalar mahiyyətə yönəlik olub araşdırmaçının təhlil imkanlarının tükənməzliyindən soraq verir. Monoqrafiyanın dəyərini səciyyələndirən mühüm cəhətlərdən biri də, heç şübhəsiz ki, tarixi zamanın mürəkkəb ictimai-siyasi proseslərinin bədii həqiqətlə, filoloji dəyərin bədii arsenalla, daha doğrusu, “Dəli Kür”ün poetik strukturunun tarixiliklə müasirliyin sintezi müstəvisində bir araya gətirilərək tədqiq edilməsidir.    

 

 

Himalay QASIMOV,

filologiya üzrə elmlər doktoru,

professor,

ADPU-nun Azərbaycan

ədəbiyyatı tarixi kafedrasının

müdiri

 

Xalq qəzeti.- 2013.-24 fevral.- S. 7.