Salyan: nəticələr yeni uğurların təminatıdır

 

2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Prezident İlham Əliyevin mart ayının 13-də Salyana tarixi səfərindən bəhs edərək bildirdi ki, dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Uşaqların Texniki Yaradıcılıq Mərkəzinin, “Kür” otelinin açılış mərasimlərində iştirak etmiş, yenidən qurulmuş XIX əsrin tarixi abidəsi olan “Cümə” məscidində olmuş, Heydər Əliyev Mərkəzinin və rayon icra hakimiyyətinin yeni inzibati binasında aparılan tikinti işləri ilə tanış olaraq müvafiq tapşırıq və tövsiyyələr vermişdir.

 

Sonra 10 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən 23,5 km uzunluğunda Kürsəngi-Yolüstü avtomobil yolunun açılışında iştirak etmiş və ictimaiyyət qarşısında nitq söyləmişdir.

Rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, 2012-ci ildə Salyanda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 30 milyon 182 min manat (yəni 15,9 faiz) artaraq 220 milyon 221 min manat, sənaye məhsulunun ümumi həcmi 21 milyon 159 min manat (yəni 67,5 faiz) arataraq 52 milyon 498 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 5 milyon 609 min manat (yəni 4,8 faiz) artaraq 121 milyon 412 min manat, rabitə işlərinin həcmi 64 min manat (yəni 17,1 faiz) artaraq 440 min manat, nəqliyyat işlərinin həcmi 149 min manat (yəni 15,2 faiz) artaraq 1 milyon 128 min manat, pərakəndə ticarət dövriyyəsi 2 milyon 353 min manat (yəni 1,9 faiz) artaraq 128 milyon 535 min manat, əhaliyə göstərilən pullu xidmət 1 milyon 126 min manat (yəni 3,3 faiz) artaraq 35 milyon 95 min manat çox olmuşdur. Əsas kapitala yönəldilən investisiya 90 milyon 593 min manat olmuşdur. Bir nəfərə düşən orta aylıq əmək haqqı 207,9 manat, bir nəfərə düşən gəlir 1794 manatdır.

Müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2012 ildə 2970 iş yeri yaradılmışdır ki, bunun da 586 daimidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əvvəlindən indiyədək 21686 iş yeri açılmışdır ki, onlardan 12427-si daimi iş yeridir.

Ölkə başçısının sahibkarlığın inkişafına yaratdığı münbit şəraitin nəticəsi olaraq rayonda Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində də işlər aparılmışdır. “Sünbül-2012" MMC tərəfindən sutkalıq gücü 20 ton olan müasir tipli çörək zavodu tikilib istifadəyə verilmişdir. Hazırda Çuxanlı kəndində “Şəfa” Quşçuluq ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubatorun, Qaraçala qəsəbəsində fəaliyyət göstərən “Hacı-Camalxan” kəndli fermer təsərrüfatı tərəfindən 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılmış, 2400 başlıq beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsində “Ələddin-Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndində istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir.

Ötən il Salyan şəhərində abadlıq və quruculuq işləri davam etdirilmişdir. Küçələrə 26348 kvadratmetr üzlük daşları döşənmiş, səki kənarına 40475 metr bardur düzülmüş, 11431 kvadratmetr sahəyə tava-piltə, 640 metr uzunluğunda 1920 kvadratmetr istinad divarı çəkilmiş, 3227 kvadratmetr mişar daşı ilə hörgü işləri aparılmışdır. Eyni zamanda 11 kommunal evin fasadı və 37 çoxmərtəbəli yaşayış evinin dam örtüyü əsaslı təmir olunmuşdur. Həmçinin rayon ərazisində 60 min ədəddən çox ağac, o cümlədən 2700 ədəddən çox dekorativ ağacgül kolu əkilmişdir.

Bundan başqa şəhər ərazisində 630 müasir işıqlanma dirəyi quraşdırılmış, kommunal binaların, ticarət şəbəkələrinin və digər sosial obyektlərin fasadlarının işıqlandrılması təmin edilmişdir.

H.Əliyev, N.Nərimanov, Q.Səmədov küçələri də daxil olmaqla şəhərin küçələrinə ümumilikdə 17,42 kilometr , Yolüstü-Kürsəngi kəndarası yoluna 23,5 kilometr, Boranıkənd kənd yoluna 6 kilometr və Arbatan kənd yoluna 2,8 kilometr ümumilikdə 32,3 kilometr asfalt çəkilmişdir.

Natiq vurğuladı ki, rayonda ərzaq təhlükəsizliyi məsələləri uğurla həll edilir. Kənd təsərrüfatı məhsullarının 6 faiz artırılması bu sahədə görülən işlərin nəticəsidir. Bu il 17407 hektardan 30,7 sentner məhsuldarlıq əldə edilməklə 53410 ton taxıl istehsal olunmuşdur. 7060 hektar buğda əkin sahələrindən hektardan 31,1 sentner məhsul əldə etməklə 21972 ton buğda, 10347 hektar arpa əkin sahələrindən hektardan 30,4 sentner məhsul əldə etməklə 31438 ton arpa istehsal edilmişdir. Qeyd etmək lazımdır ki, ötən ilə nisbətən hər hektardan məhsuldarlıq 1,4 sentner çox olmuşdur.

Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər görülür. Qaraçala qəsəbəsində və Qarabağlı kəndində istixana sistemində yetişdirilən faraş tərəvəzlər (xiyar, pomidor) yaxın xarici bazara göndərilir. Qaraçala qəsəbəsində sahibkarlara torpaq sahələri ayı şərait yaradılmışdır. “Hacı-Camalxan” kəndli-fermer təsərrüfatı tərəfindən ümumilikdə 385 min manatdan çox meyvə-tərəvəz konserv məhsulu Amerika Birləşmiş Ştatları, Almaniya, Polşaİsrail dövlətlərinə ixrac edilmişdir.

Məruzəçi vurğuladı ki, dövlət başçısının Fərmanı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın icrası ilə əlaqədar üzümçülüyün inkişaf etdirilməsi, süfrə üzüm sortlarının istehsalının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Hazırda rayonda 1186,5 hektar üzüm bağı vardır ki, onların da 903,9 hektar bar verən üzüm bağlarıdır. 2008-ci ildə rayonda 4701 ton, 2009-cu ildə isə 3963,0 ton, 2010-cu ildə isə 4493,4 ton, 2011-ci ildə 4615,5 ton, 2012-ci ildə 4665,0 ton süfrə üzümü istehsal edilmişdir.

2012-ci ildə Salyanda həyata keçirilmiş tədbirlərdən əhatəli danışan T.Kərimov xüsusi vurğuladı ki, salyanlılar bundan sonra da tapşırıqların uğurla həyata keçirilməsində fəal iştirak edəcəklər.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2013.- 24 fevral.- S. 6.