Xocalı soyqırımı: gizlinlər və həqiqətlər

 

Ermənistanın hərbi separatçı birləşmələri və Dağlıq Qarabağın silahlı quldur dəstələri Xankəndidəki 366-cı Sovet alayının hərbçiləri ilə birlikdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində beynəlxalq miqyaslı, ağır və qanlı cinayət törətdilər. Bu müstəqil Azərbaycanın genefonduna qarşı açılan ən böyük atəş idi. Nəticədə regionda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasının, eləcə də 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında” və “Müharibə zamanı mülki əhalinin qorunması haqqında” Cenevrə Konvensiyalarının tələbləri pozuldu. Azərbaycan xalqı erməni genosidinə məruz qaldı.

 

Soyqırımın ildönümü günlərində Xocalıda törədilmiş qətliam barədə hərbi və strateji qurumların aşkara çıxardığı fakt və materialları oxuculara təqdim edirik.

Hələ 1988-ci ildə ermənilər Xankəndidə yaşayan azərbaycanlılara qarşı kütləvi hücumlar təşkil edib,  evlərini yandıraraq şəhərdən məcburən çıxarmış, azərbaycanlılara qarşı zor tətbiq edərək, əmlaklarını qarət etmişdilər. Xankəndidə yaşayan 15 min nəfərdən çox azərbaycanlı şəhərdən məcburən köçürülmüşdü. 1988-1991-ci illərdə Ermənistan tərəfindən Dağlıq Qarabağ ərazisinə qanunsuz yolla silahlı dəstələr yeridilərək həmin ərazidə yaşayan azərbaycanlı əhaliyə qarşı mütəmadi olaraq terror aktları həyata keçirilirdi.

1991-ci ilin sentyabrından başlayaraq ermənilərin azərbaycanlıların yaşayış məntəqələrinə basqınlarında keçmiş SSRİ-yə məxsus, Xankəndidə yerləşən 366-cı motoatıcı alayın komanda heyəti və hərbi texnikası da iştirak etmişdir. Həmin vaxtdan ermənilər Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalini son nəfərinə kimi qırmaq məqsədilə kənd və şəhərləri mühasirəyə alır, dinc əhaliyə qarşı müxtəlif çaplı odlu silahlardan istifadə etməklə, ağır hərbi texnika vasitəsilə hücumlar edir, mühasirədən çıxıb qaçmağa cəhd edən şəxsləri isə yollarda, meşələrdə pusqu quraraq məhv edirdilər.

24 sentyabr 1991-ci ildə erməni silahlı dəstələri 366-cı alayın hərbi texnikasının köməyi ilə əhalisi ancaq azərbaycanlı olan Ağdərə rayonunun İmarət Qərvənd kəndinə basqın etmiş, kənd əhalisinin bir hissəsini xüsusi amansızlıqla qətlə yetirmişlər. Azərbaycanlıların bütün əmlakları qarət olunmuş, evləri yandırılaraq xarabalığa çevrilmişdir. 30 oktyabr 1991-ci ildə Tuğ və Səlakətin kəndləri, 12 noyabr 1991-ci ildə Axullu, 19 noyabr 1991-ci ildə Xocavənd, 15 dekabr 1991-ci ildə Cəmilli kəndləri də erməni silahlı qüvvələri tərəfindən 366-cı alayın hərbi texnikası və komanda heyətinin iştirakı ilə işğal olunmuşdur. Həmin kəndlərin azərbaycanlı əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi isə bütün əmlaklarını ataraq qaçmağa məcbur olmuş, evləri yandırılmışdır.

Erməni silahlı qüvvələri və terrorçu dəstələri 1991-ci ilin dekabrından başlayaraq Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə amansız və ardıcıl hücumlara başladılar. Bütün bu kəndlərin işğalı zamanı azərbaycanlılar vəhşicəsinə, xüsusi amansızlıqla öldürülmüş, kəndlər isə yandırılmışdır.

Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi idi. 1990-cı ildə şəhər statusu almışdı. 1991-ci ilin məlumatına görə, əhalisinin sayı 7 min nəfər idi. Dağlıq Qarabağdakı yeganə təyyarə meydanı Xocalıda yerləşirdi. Erməni separatçıları, silahlı muzdlu dəstələr, terrorçu qruplar Xocalıda 7 min nəfər silahsız azərbaycanlıya ən dəhşətli və amansız divan tutdular.

Erməni silahlı birləşmələri həmin vaxt Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları, keçidləri tutmuşdular. Elektrik enerjisi yox idi. Xocalının xarici aləmlə əlaqəsi 1991-ci ilin noyabrından etibarən ancaq radiotelefonla və mülki vertolyotlarla idi. 28 yanvar 1992-ci ildə ermənilər tərəfindən Dağlıq Qarabağ üzərində Azərbaycan Hava Yolları Dövlət Şirkətinə mənsub Mİ-8 markalı mülki vertolyot vurulduqdan və xeyli azərbaycanlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilmişdi.

25 fevral 1992-ci il də saat 22 radələrində erməni silahlı qüvvələri Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçmişdi. Mayor Ohanyan Seyran Muşeqoviçin komandası (bu gün işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin müdafiə naziridir) altında, 366-cı alayın 2-ci batalyonu və Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviçin rəhbərliyi ilə Dağlıq Qarabağda ağır cinayətlər törətmiş, etnik təmizləmə siyasəti aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına gecə saat 22 radələrində basqın etmişdir. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuşlar. Sonra isə çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olmuşlar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq vəhşicəsinə məhv etməyə başlamışlar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər.

Azğınlaşmış ermənilər azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürmüşlər. Onlar mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları da yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, vəhşicəsinə məhv edir, meyitlərə od vurub yandırmışlar.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təhqiqatları, meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları: baş dərisinin soyulması, bədən üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlı başının qurbanlıq kimi kəsilməsi faktları müəyyən edilmişdir. Silahlı quldurlar qadına, qocaya və uşağa da fərq qoymadan hamıya işgəncə vermişlər. Qadınların döşlərinin kəsilməsi adi hal olmuşdur.

Müəyyən edilmişdir ki, 1956-cı ildə anadan olmuş Orucov Telman Ənvər oğlu Xocalı şəhərindən mühasirədən çıxıb qaçarkən Naxçıvanik kəndi yaxınlığında ermənilər onu güllə ilə vurub öldürmüş və başının dərisini soymuşlar. 1963-cü ildə anadan olmuş Mustafayev Vidadi Şəfa oğlu, 1962-ci ildə anadan olmuş Nuriyev Hafiz Yusif oğlu, 1968-ci ildə anadan olmuş İlyasov Əhməd Məmməd oğlu və başqalarının başı kəsilmişdir. Bakıdan olan Bədəlov Tofiq, 1961-ci ildə anadan olmuş Rəcəbov Cəbrayıl Mehti oğlu tankın tırtılları altına atılmış, gözləri çıxarılmış, qulaqları kəsilmişdir.

Məmmədova Tamara Səlim qızı, Dadaşova Əsli Bəbir qızı, Əmirova Mahı Bəbir qızı, Hümbətova Ənahət Eldar qızı, Nuralıyeva Dilarə Oruc qızı və başqalarının gözləri çıxarılmış, döşləri kəsilmişdir. D.Nuralıyevanın qızıl dişləri isə öldürüldükdən sonra çıxarılmışdır. Səlimov Bahadır Mikayıl oğlu, Aslanov İqbal Qulu oğlunun bədən üzvləri kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmışlar. Səlimov Arzu Bahadır oğlunu tutaraq, körpə övladının gözü qarşısında dəmir dəyənəklə işgəncə verərək öldürmüşlər. Kərimova Firəngül Məhəmməd qızının bədəni tam doğranmış, gözləri çıxarılmış, qulaqları və döşləri kəsilmişdir.

Erməni separatçılarının terrorçuluğu ilə bağlı 27 fevral 1992-ci il tarixdə Qarabağ üzrə Rayonlararası Prokurorluq tərəfindən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi, 94-cü maddənin 4.6-cı bəndləri, 255-ci maddənin “v” bəndi ilə cinayət işi qaldırılmışdır.

1992-ci ilin fevralın 28-də Vyanada (Avstriya) nəşr edilən “Kudir” qəzeti belə bir məlumatı dərc edir: “...Keçmiş Sovetlər İttifaqının məkanlarından birində baş verən dəhşətli yanğınlar fevralın 25-dən davam edir. Ermənilər bir yerə yığışaraq, rusların köməyi ilə Qara şəhəri (Qarabağı - R.N.) viran etdilər. Moskvanın Vyanadakı diplomatlarından olan Oleq Aleksandrviç Ayvazyan iddia etdi ki, onun heç nədən xəbəri yoxdur” (?).

İspaniyada nəşr edilən “Levante” qəzeti isə 1992-ci ilin martın 3-də Valensiyadakı erməni icmasının başçısı Leon Toroyanın müsahibəsini dərc edir. O deyir: “...Ucqar bir yerdə torpaqlarımız uğrunda vuruşduq. İnsan azadlıq uğrunda vuruşa-vuruşa özünü dərk edir. Biz ermənilər indi-indi ayağa qalxırıq. Hər yerdə torpağımızı əlimizdən alıb, bizi qovublar...” (?).

1992-ci ilin martın 26-da isə eyni qəzetdə Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan çıxış edərək göstərir: “...Biz ermənilər özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?...”.

Törədilmiş cinayətlərin nəticələri ağır, miqyası geniş idi. Yaradılmış “Xocalı İstintaq Qrupu” bütün baş verənləri imkan daxilində araşdırır, yeni fakt və sənədləri üzə çıxarırdı. Qrupun üzvləri Tbilisi şəhərinin Vaziani stansiyasında Xocalıda cinayət törətmiş 366-cı alayın komandiri Y.Y.Zarviqorovu və alayın digər zabitlərini dindirməyə səy göstərsələr də, Xankəndi hərbi qarnizonunun keçmiş prokuroru Lazutkin, Zaqafqaziya Hərbi Dairəsi Qoşunları Komandanının müavini, general Ohanov (milliyyətcə ermənidir) müstəntiqlərə maneçilik törədib dindirmələrə imkan verməmişdilər.

İlkin olaraq müəyyən edilmişdi ki, Xocalıda erməni quldurları vəhşicəsinə, xüsusi amansızlıqla 339 nəfər azərbaycanlını öldürmüş, 371 nəfəri əsir götürmüşlər. Onlardan əksəriyyəti müxtəlif vasitələrlə azad edilmişdir. 30 nəfər Xocalı sakini isə indiyədək ermənilərin əsirliyində qalmaqda davam edir. 421 nəfər Xocalı sakini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, məhv olub sıradan çıxıb. Aparılan istintaq zamanı müəyyən edilmişdi ki, Xocalı hadisələri zamanı 120 nəfər də itkin düşüb.

Xocalı beynəlxalq terrorizminin və separatizmin qurbanı oldu. Bu işğalçılıq siyasətinin də başında erməni silahlı birləşmələri, cinayətkar qruplar dayanırdı. Az sonra onların bir qismi Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında müxtəlif vəzifələrə təyin edilmişdi.

İstintaq zamanı müəyyən edilmişdi ki, Ermənistan Respublikası Yuxarı Qarabağda münaqişənin ilk günlərindən silah, döyüş sursatı, hərbi texnika ələ keçirərək, silahlı dəstələr yaradılması sahəsində güclü fəaliyyətə başladığı, Azərbaycan ərazisinə təxribatçı qruplar göndərdiyi bir vaxtda respublika rəhbərliyi müdafiə qüvvələrinin yaradılmasını ləngitmiş, gözləmə mövqeyi tutmuşdu.

31 avqust 1991-ci il tarixdə SSRİ müdafiə naziri Y.Şapoşnikov Azərbaycan Respublikasının o vaxtkı prezidenti Ayaz Mütəllibova məktubla müraciət edib, müttəfiq respublikalarda milli qvardiya və ya Müdafiə Nazirliyi yaratmaq təklifi irəli sürmüşdü. Mərkəzin bu təşəbbüsündən sonra respublika prezidenti 5 sentyabr 1991-ci il tarixli fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaratmış, müdafiə naziri vəzifəsinə Bərşatlı Valeh Əyyub oğlunu təyin etmiş, bununla da işini bitirmişdi. Faktiki olaraq ordu quruculuğu işi ilə heç kim məşğul olmamışdı. Müdafiə Nazirliyi və Silahlı Qüvvələr yalnız kağız üzərində yaradılmışdı.

SSRİ Silahlı Qüvvələrinin  4-cü Ordu hissələri Azərbaycan Ali Sovetinin 9 oktyabr 1991-ci il tarixli qərarı ilə milliləşdirilərək, respublika prezidentinin sərəncamına verilmişdi. Lakin ordu komandanlığı hissələrin inventarlaşdırılıb, respublika tabeçiliyinə keçirilməsinə imkan verməmişlər. Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyinin qorxaqlığı, cəsarətsizliyi və Azərbaycan Xalq Cəbhəsinin keçirdiyi ağılsız tədbirləri nəticəsində hər şey pozulurdu. Faktiki olaraq Azərbaycan dövləti başsız, ordusuz, müdafiəsiz qalmışdı. Onun dağılması, parçalanması labüd idi.

Altı ay ərzində dörd müdafiə nazirinin dəyişdirilməsi respublika silahlı qüvvələrinin qoşun kontingentinə böyük psixoloji, mənəvi ziyan vurmuşdu (V.Bərşadlı 05.09.1991-ci ildən 11.12.1991-ci ilə kimi, T.Mehtiyev 12.12.1991-ci ildən 11.02.1992-ci ilə kimi, Ş.Musayev 11.02.1992-ci ildən 24.02.1992-ci ilə kimi, T.Əliyev 24.02.1992-ci ildən 07.03.1992-ci ilə kimi müdafiə naziri işləmişlər).

Oktyabr-dekabr aylarında keçirilməli olan payız çağırışı üç ay gecikdirilmişdi (çağırış barədə fərman Respublika Prezidenti tərəfindən 5 dekabr 1991-ci ildə verilmiş, çağırış kompaniyası isə 1991-ci ilin dekabrından 1992-ci ilin 1 martına kimi keçirilmişdi). Halbuki qüvvədə olan hərbi təlimatlara görə bir döyüşçünün hazırlanmasına üç ay vaxt tələb edilir. Kurslara görə, gənc döyüşçünün hazırlıq proqramı 72 saat, döyüş hazırlığı proqramı 120 saat, mütəxəssis hazırlanması proqramı 520 saat olduğu nəzərə alınarsa, çağırışın üç ay gecikməsi nəticəsində respublikamızın silahlı qüvvələrinin yaradılması prosesinə hansı ziyan vurulduğu aydın olur.

O vaxt ordu sıralarına çağırış da yarıtmaz təşkil olunurdu. Müdafiə naziri və respublikanın hərbi komissarı vəzifəsini eyni vaxtda icra edən T.Mehtiyev bütün çağırışçıların ordu sıralarına aparılmamasının səbəbini 4-cü Ordunun kazarmaları təhvil verməməsində görürdü. Halbuki, istintaq zamanı müəyyən edilmişdi ki, respublikamızda kifayət qədər çağırışçı qəbul edib, döyüşçü hazırlamaq üçün baza var idi. Bu hərbi-təlim bazalarında 30 min döyüşçü hazırlamaq imkanı olub. Eyni zamanda, 1992-ci ilin yanvar—fevral aylarında təşkil olunmuş hərbi hissələrə də biganə yanaşılırdı.

Müdafiə naziri, general V.Bərşadlının 19 noyabr 1991-ci il tarixli əmri ilə respublikanın Ermənistan və Dağlıq Qarabağla sərhəd olan 22 rayonunda, o cümlədən də Xocalı şəhərində ərazi özünümüdafiə batalyonları yaradılmışdı. Xocalı şəhər özünümüdafiə batalyonu, əsasən, Xocalı əhalisindən təşkil olunmuşdu. Batalyonun komandiri Xocalı şəhər orta məktəbində hərbi təlim üzrə müəllim, ehtiyatda olan baş leytenant Tofiq Hüseynov təyin edilmişdi. Batalyonun şəxsi heyəti 237 nəfər zabit və əsgərdən ibarət idi.

Xocalı şəhəri uzun müddət ermənilərin mühasirəsində olmuşdu. Şəhərə gediş-gəliş hərbçilərin müşayiəti ilə və ya hava yolu ilə həyata keçirilirdi.

1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tam kəsilmişdi. Xocalı ilə əlaqə ancaq Zabrat xüsusi aviasiya birliyi “Azalaero”nun vertolyotları vasitəsilə həyata keçirilmişdi. 28 yanvar 1992-ci ildə Ağdam—Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulduqdan sonra Xocalı şəhəri ilə vertolyot əlaqəsi də kəsilmişdi.

Faciə baş verən ərəfədə yalnız bir dəfə Xocalı şəhərinə Mİ-26 markalı nəqliyyat vertolyotu uçmuş və 300 nəfərdən çox sakin Xocalıdan çıxarılmışdı. Sonralar vertolyot üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq, MDB hərbi vertolyot eskadrilyasının komandiri Zolotuxin Xocalı şəhərinə vertolyot göndərilməsindən imtina etmişdi. Bu məsələ ilə əlaqədar müraciət edən şəxslərə isə Zaqafqaziya Qoşunları Hərbi Dairəsinin komandanının müavini Qrekov və başqa yüksək rütbəli zabitlər Azərbaycanın MDB-yə daxil olması zərurətinə işarə etmişlər.

Xocalının mühasirədə olması, əhalinin çıxılmaz vəziyyətə düşməsi, şəhərin ermənilər tərəfindən işğal olunacağının labüdlüyü hamıya: hakimiyyətdə, eyni zamanda, müxalifətdə olan qüvvələrə yaxşı məlum idi. Dağlıq Qarabağda hadisələrin inkişafı da bunu göstərirdi. Lakin respublikanın prezidenti Ayaz Mütəllibov və başqa rütbəli məmurlar, Təhlükəsizlik Şurasının üzvləri, sanki, qəflət yuxusunda idilər.

 

(ardı var)

 

 

Rövşən NOVRUZOĞLU,

politoloq-publisist

 

Xalq qəzeti.- 2013.- 24 fevral.- S. 3.