Boloniya prosesi çərçivəsində
həyata keçirilən fəlsəfə doktoru
proqramları”nın müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir
Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı
ilə Avropa İttifaqının TAIEX
proqramı çərçivəsində keçirilən seminarda təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli
Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov,
Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti,
Belçikanın Universitetlər üzrə Dövlət
Müvəkkili Jan De Qruf, Finlandiyanın Təhsil və Mədəniyyət
Nazirliyinin Ali təhsil
və elm şöbəsinin baş məsləhətçisi İva Kaunisma, İsveçin Ali Təhsil İdarəsinin
məsləhətçisi Lennart Stel, İtaliyanın Degli Studi di Trento
Universitetinin Müqayisəli konstitusiya hüququ üzrə
professoru Roberto Toniatti, Belçikanın Hasselt
Universitetinin Elmi-Tədqiqat Əlaqələndirmə
İdarəsinin direktoru Ann
Peters, ali təhsil
müəssisələrinin prorektorları, doktorantura
şöbələrinin müdirləri və digər rəsmi
şəxslər iştirak etmişlər.
Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, seminarda nazir Misir Mərdanov doktorluq proqramlarının müzakirəsinin önəmini nəzərə çatdıraraq Avropa İttifaqının yardımı ilə təşkil olunmuş bu tədbirə Belçika, Finlandiya, İsveç və İtaliyadan olan beynəlxalq ekspertlərin də qatılmasının əhəmiyyətini xüsusi vurğulamışdır. Nazir bildirmişdir ki, seminarın əsas məqsədi Avropa İttifaqına üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasətin, doktorluq proqramlarının konsepsiyasının və prosedurlarının Boloniya prosesinin tələbləri baxımından müzakirə olunmasıdır. Təhsil naziri fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsi və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin də müzakirə ediləcəyini diqqətə çatdırmışdır. Misir Mərdanov, həmçinin Təhsil Nazirliyinin Avropa İttifaqının Tvininq və TAIEX proqramlarında 2009-cu ildən etibarən iştirak etdiyi haqqında məlumat vermişdir.
Nazir
2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununda doktoranturanın ali təhsilin ən
yüksək səviyyəsi kimi təsbit olunduğunu
bildirmişdir. Hazırda Azərbaycanda doktorantura üzrə təhsil
proqramlarının həm universitetlərdə, həm Azərbaycan
Milli Elmlər Akademiyasının institutlarında, həm də
sahəvi elmi tədqiqat institutlarında və
elmi təşkilatlarda həyata keçirildiyini qeyd edən
təhsil naziri elmi dərəcələrin
və elmi adların təsdiq edilməsinin
Ali Attestasiya
Komissiyasının səlahiyyətinə daxil
olduğunu qeyd etmişdir. Misir Mərdanov
bildirmişdir ki,
ölkəmizdə doktorantura təhsili
verən 177 müəssisədə mindən artıq doktorant təhsil alır.
Azərbaycanda
aparılan təhsil islahatlarında əsas məqsədin ənənəvi
təcrübə əsasında Boloniya prosesinin tələblərinə
cavab verən yeni, demokratik və mütərəqqi təhsil
sistemi qurmaqdan ibarət olduğunu bildirən nazir bu
baxımdan belə tədbirlərin, qarşılıqlı
fikir mübadiləsinin vacibliyinə diqqət yönəltmiş,
respublikamızda doktorantura təhsili sahəsində bu və
ya digər məsələlərin həllində yaxından
və davamlı olaraq kömək göstərən Avropa
İttifaqının ekspertlərinin əməyini yüksək
qiymətləndirmişdir.
Azərbaycan
Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının sədr müavini Vəli
Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə
Avropa Assosiasiyasının prezidenti, Belçikanın
Universitetlər üzrə Dövlət Müvəkkili Jan De
Qruf və başqaları doktorantura təhsilinin mövcud vəziyyəti,
müxtəlif ölkələrin təcrübəsi barədə
söhbət açaraq, doktorantura təhsilinin təkmilləşdirilməsinə
yönəlmiş tədbirlər haqqında fikir və
mülahizələrini bildirmişlər.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 24
fevral.- S. 3.