Azərbaycanın
xarici ölkələrlə iqtisadi əməkdaşlığı
genişlənir
Ötən il ölkəmiz dünyanın 155 dövləti
ilə idxal-ixrac əməliyyatları
aparmışdır
Ölkəmizin dinamik sosial-iqtisadi
inkişafı əksər dünya
dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini
getdikcə daha çox
cəlb edir. Bunun nəticəsidir
ki, son illər Azərbaycan
Respublikasının adı müxtəlif reytinq
sıralamalarında, bir qayda
olaraq, öncül
yerlərdə göstərilir. Təkcə onu
qeyd etmək kifayətdir ki,
Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarında
Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə
görə 46-cı, MDB məkanında isə 1-ci yerdədir.
Göründüyü kimi,
beynəlxalq maliyyə qurumları ilə səmərəli
əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət,
həyata keçirilən infrastruktur layihələri
və digər zəruri tədbirlər düzgün,
düşünülmüş strategiyaya əsaslanır, ölkənin
davamlı inkişafına və həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə
mövcud iqtisadi sərbəstlik,
özəl bölmənin inkişafı üçün
yaradılmış münbit şərait,
ən başlıcası isə respublikamızın yerləşdiyi
əlverişli coğrafi şərait nəticəsində
xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə
artır. Bunun
nəticəsidir ki, son
illər özünü bütün
dünyaya etibarlı tərəfdaş kimi tanıtmağa müvəffəq olmuş Azərbaycanla iqtisadi
əlaqələr qurmağa can atan ölkələrin
sırası getdikcə genişlənir. Yeri
gəlmişkən, xarici ticarət
dövriyyəsi, idxal-ixrac əməliyyatları
ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz
buna görədir ki, dövlət
başçıları, eləcə də nümayəndə
heyətləri arasında keçirilən görüşlərin,
danışıqların əsas mövzularından birini də məhz xarici
ticarət dövriyyəsinin artırılması təşkil
edir.
Qeyd
etdiyimiz kimi, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq
nüfuzunun getdikcə
artması isə öz növbəsində xarici ticarət
əlaqələrinin genişlənməsinə təkan
verir. Elə Azərbaycanın xarici
dövlətlərlə ticarət əlaqələrinin
1995-ci ilin səviyyəsini dəfələrlə
ötməsi də bunu təsdiqləyir. Bu da, heç
şübhəsiz, xarici ölkələrlə,
beynəlxalq maliyyə təsisatları ilə iş
birliyinin getdikcə genişlənməsi
və idxal-ixrac əməliyyatlarının
ilbəil artmasının nəticəsidir. Bundan
əlavə, azad sahibkarlığa və
təşəbbüskarlığa geniş
meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli
məhsulların istehsalına səbəb olur.
Təsadüfi deyil ki,
hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya
bazarında maraq artır və bu malları alan ölkələrin
sırası getdikcə genişlənir. Bunun
nəticəsidir ki, son
illər ticarət dövriyyəsinin strukturunda
mühüm dəyişikliklər baş verir. Bu baxımdan 2011-ci ildə də uğurlu nəticələr əldə edilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2012-ci ildə Azərbaycan Respublikası
dünyanın 155 ölkəsi ilə iqtisadi sahədə
uğurlu əməkdaşlıq etmişdir. Daha dəqiq desək, hesabat
dövründə Azərbaycanda fəaliyyət göstərən
hüquqi və fiziki
şəxslər həmin ölkələrdəki tərəfdaşları
ilə 33,6 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 23,9 milyard dolları ixracın, 9,7 milyard
dolları isə idxalın payına düşmüşdür.
Göründüyü kimi,
xarici ticarət əməliyyatlarında
ixracın həcminin xeyli artması nəticəsində
ötən il 14,2 milyard
dollarlıq müsbət saldo
yaranmışdır.
Məlum
olduğu kimi, Azərbaycan Respublikası hazırda bir sıra
dünya və Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təminatında mühüm rol oynayır. Bu da ölkəmizi beynəlxalq iqtisadi
məkana daha da
yaxınlaşdırır. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə
də həyata keçirilmiş idxal-ixrac əməliyyatlarının xeyli hissəsi Avropa iqtisadi məkanına daxil olan ölkələrin payına düşmüşdür. Daha dəqiq desək, hesabat
dövründə Azərbaycan İtaliya,
Fransa, Rusiya, Ukrayna, Türkiyə, Almaniya,
İsrail, Yunanıstan, Böyük
Britaniya, Bolqarıstan, Çexiya
və digər Avropa ölkələri ilə
daha çox ticarət
əməliyyatları aparmışdır. Bununla yanaşı, ötən
il Amerika Birləşmiş
Ştatları, İndoneziya, Hindistan, Tayvan (Çinin əyaləti), Koreya
Respublikası və digər uzaq xarici ölkələr də Azərbaycanın
fəal ticarət partnyorlarından olmuşlar.
İdxal-ixrac əməliyyatlarının
qalan mühüm hissəsi
isə digər uzaq xarici
dövlətlərin və MDB məkanına daxil olan ölkələrin
payına düşmüşdür.
2012-ci ildə xarici ticarət əməliyyatları aparılmış ölkələrin sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, hesabat ilində ümumi xarici ticarət dövriyyəsinin 81,8 faizi bu ölkə ilə aparılmışdır. Ötən il ölkəmizə idxal olunmuş malların 15,8 faizi Türkiyənin, 14,3 faizi Rusiyanın, 8,1 faizi Almaniyanın, 7,4 faizi Amerika Birləşmiş Ştatlarının, 6,5 faizi Çinin, 5,6 faizi Ukraynanın, 5,1 faizi Böyük Britaniyanın, 2,7 faizi İtaliyanın, hər birində 2,5 faiz olmaqla Yaponiya və Koreyanın, hər birində 1,9 faiz olmaqla Fransa və Braziliyanın, 1,8 faizi İranın, 1,6 faizi Niderlandın, 1,4 faizi İsveçrənin, hər birində 1,3 faiz olmaqla Gürcüstan və Avstriyanın, 14,8 faizi isə digər ölkələrin payına düşmüşdür.
Hesabat
ilində Azərbaycandan xaricə göndərilmiş
malların 23,2 faizi İtaliyanın, 7,9 faizi Hindistanın, hər
birində 7,4 faiz olmaqla Fransa və İndoneziyanın, 7 faizi
İsrailin, 6,7 faizi Amerika Birləşmiş
Ştatlarının, hər birində 4 faiz olmaqla Almaniya və
Rusiyanın payına düşmüşdür. Bununla yanaşı, ötən il ölkəmizdən Yunanıstan, Tayvan (Çinin əyaləti),
Türkiyə, Bolqarıstan, Gürcüstan,
Çexiya, İraq, Malayziya, Xorvatiya, Böyük Britaniya, Tailand və digər ölkələrə mühüm növ mallar ixrac olunmuşdur. Yeri gəlmişkən,
Azərbaycanın neft-qaz sektorunun
inkişafı ilə yanaşı, qeyr-neft
bölməsinin bir sıra sahələrində də rəqabət qabiliyyətli məhsul
istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli
artmasına səbəb olmuşdur. Bu da bir
çox dövlətlərlə
aparılan ticarət əməliyyatları zamanı müsbət
saldo əldə edilməsinə imkan yaratmışdır. 2012-ci ildə
ixracın həcminin bir qədər də artması həmin
ölkələrin siyahısını xeyli
genişləndirmişdir. Hesabat dövründə İtaliya, Fransa, Amerika Birləşmiş
Ştatları, İndoneziya, İsrail, İspaniya, Koreya Respublikası, Hindistan,
Malayziya, Xorvatiya, Çexiya Respublikası, Bolqarıstan, Tailand, Portuqaliya və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı
müsbət saldo yaranmışdır.
Ötən il, həmçinin bəzi MDB
dövlətləri ilə də ticarət dövriyyəsi
zamanı müsbət saldo əldə edilmişdir.
Ölkəmizdə keçid
iqtisadiyyatının başa çatması, əlverişli
investisiya mühiti, sahibkarlığın
stimullaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlər
qeyri-dövlət bölməsinin inkişafına böyük təkan vermişdir. Elə
real iqtisadiyyatda özəl
bölmənin xüsusi çəkisinin
hazırda 80 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin
inkişafı ölkəmizin xarici
dövlətlərlə apardığı ticarət
dövriyyəsinin də həcminin genişləndirilməsinə
imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda
istehsal olunan rəqabət
qabiliyyətli mallar xarici
bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Ölkəmizdə istehsalın
quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi,
xarici və daxili tələbatın
öyrənilməsi iqtisadi artımın
sürətlənməsinə müsbət təsir
göstərməklə yanaşı, idxaldan
asılılığın da
azaldılması üçün geniş imkanlar yaradır.
Dövlət
Statistika Komitəsinin Azərbaycanın 2012-ci ilin sosial-iqtisadi
inkişafına dair hesabatına əsasən, ölkəmizdən
xaricə göndərilən mühüm növ məhsulların
siyahısı artmışdır.
İl ərzində ixracın strukturunda
mineral məhsullar, heyvan
və bitki mənşəli yağlar və piylər, hazır ərzaq
məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, az qiymətli
metallar və onlardan
hazırlanan məmulatlar üstünlük
təşkil etmişdir. Xaricə ixrac olunmuş malların böyük əksəriyyətini isə mineral məhsullar, o
cümlədən xam neft və neft emalı məhsulları, təbii qaz təşkil etmişdir.
Belə ki, ötən il Azərbaycan çoxvariantlı ixrac marşrutları vasitəsilə dünya bazarına 34 milyon
935 min 943 ton “qara qızıl” ixrac etmişdir. Ölkəmizdən alüminium oksid, propilen, polietilen, alüminium ərintiləri, polad
yarımfabrikatlar və s. malların
ixracı da xeyli
artmışdır. Yeri gəlmişkən,
əvvəlki illərdə Azərbaycan bir
sıra mühüm ərzaq
mallarını xarici ölkələrdən
alırdısa, son zamanlar
ölkəmiz bu növ
məhsullara olan tələbatı əsasən
yerli istehsal
hesabına ödəyir. Hətta həmin
malların xeyli hissəsi ixraca
da yönəldilir. Ötən il Azərbaycandan ixrac olunmuş malların siyahısında kartof, meyvə, tərəvəz, çay, şəkər s.
ərzaq məhsullarının üstünlük
təşkil etməsi də bunu təsdiqləyir.
Yeri gəlmişkən, 1995-ci ildə
ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici
ticarət dövriyyəsində 41,6 faiz təşkil
etdiyi halda, ötən
ilin yekunlarına görə isə, bu göstərici təqribən 2 faiz olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu
sahədə xüsusi tədbirlər həyata
keçirilir, mühüm
dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti
İlham Əliyevin 2008-ci il
avqustun 25-də təsdiq etdiyi
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xüsusi
əhəmiyyət daşıyır.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “İndi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin... Hesab edirəm ki, hər bir ölkə əsas ərzaq məhsulları ilə özünü təmin etməlidir. Bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, eyni zamanda, yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün, demək olar ki, hər şeyi edir.” 2012-ci ildə ölkəmizə gətirilən məhsulların siyahısında iribuynuzlu heyvanlar, siqaret, sement, dərman vasitələri, mineral gübrələr, meşə materialları, polad çubuqlar, qara metal borular, maşın və mexanizmlər, quru nəqliyyat vasitələri, telefon və digər aparatlar üstünlük təşkil etmişdir. Mühüm ərzaq məhsullarından sayılan kərə yağı, buğda, çay, şəkər, qarğıdalı, günəbaxan və palma yağları və s. malların idxalı da əvvəlki illə müqayisədə bir qədər artmışdır. Yeri gəlmişkən, son illər rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan anoloji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına gətirib çıxarmışdır. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, 2012-ci ilin yekunlarına görə, bu göstərici təqribən 90 faiz təşkil etmişdir. Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 24
fevral.- S. 1.