Astara: sosial-iqtisadi inkişaf diqqət mərkəzindədir

 

Azərbaycanın cənub qapısı Astara ölkəmizin dinamik inkişaf edən rayonlarındandır. Sosial-iqtisadi tərəqqi proqramları bu rayonda uğurla yerinə yetirilir, əhalinin həyat şəraiti ilbəil yaxşılaşır. Abadlaşan Astara qonaqları öz gözəlliyi ilə heyran qoyur. Dövlət qayğısı sayəsində təkcə rayon mərkəzində deyil, ucqar yaşayış məntəqələrində də zəruri infrastruktur yaradılır. Ötən ilin yekunlarına həsr edilmiş toplantıda bu barədə ətraflı danışılmış, eyni zamanda,  qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkili Aslan Cəfərov tədbirdə iştirak etmişlər. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoymuşlar.

 Rayon icra hakimiyyətinin akt zalında icra başçısı Qəzənfər Ağayev hesabat məruzəsi ilə çıxış etmişdir. O, əvvəlcə ilin ən yaddaqalan hadisələrini nəzərə çatdırmışdır. Xatırlatmışdır ki, ötən ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona növbəti səfəri, ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dərin məzmunlu çıxışı uzun müddət yaddaşlardan silinməyəcək. Ölkə başçısının bir sıra obyektlərin və avtomobil yollarının açılışında iştirakı astaralıların hədsiz sevincinə səbəb olmuşdur.

Ölkə rəhbərinin Astaranın sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl imzaladığı sərəncamlar bir sıra mühüm infrastruktur layihələrinin həyta keçirilməsinə, həmçinin ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşasına, yeni yolların çəkilməsinə, genişmiqyaslı abadlıq-quruculuq işlərinin yerinə yetirilməsinə imkan yaratmış, astaralıları daha məsuliyyətli olmağa, qarşıya qoyulan vəzifələrin icrasına ciddi səy göstərməyə ruhlandırmışdır.

Ötən ilin son günlərində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev astaralıları daha bir tarixi sərəncamı ilə sevindirdi. Dekabrın 27-də rayonun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi bir daha sübut etdi ki, Astaranın  inkişafı ölkə rəhbərinin daimi diqqətindədir.

Hesabat ilində rayonun yerli gəlirləri 2 milyon 296 min manata qarşı 3 milyon 164 min manat, yerli xərclər isə 16 milyon 352 min manata qarşı 15 milyon 900 min manat icra olmuşdur.

Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23 milyon 125 min manat məbləğində vəsait  yönəldilmiş, tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi  21 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın hamısını daxili sərmayələr təşkil edir.

Mərkəzi prospekt və küçələrdə 12  ictimai yaşayış binasının fasadı əsaslı təmir edilmiş, 10 binanın zirzəmisindən çirkab suları təmizlənmiş, kanalizasiya və su xətləri yenisi ilə əvəz edilmişdir. 14 binanın və Tarix-diyarşünaslıq muzeyinin dam örtüyü  dəyişdirilmişdir. Heydər Əliyev Parkı genişləndirilmiş, orada fəvvarə quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur. Parkın ətrafındakı bütün binalarda təmir işləri aparılmış, fasadları müasir memarlıq  üslubunda qurulmuşdur. Şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Heydər Əliyev prospektinin  girişində genişləndirmə işləri aparılmış, yolun  hər iki tərəfində  yeni  hasarlar hörülmüş, müxtəlif  üzlüklər çəkilmişdir. Prospektdə Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi başa çatdırılmışdır. Mərkəzi bazar ərazisində yolda birtərəfli hərəkətin təşkilinə nail olunmuşdur.

Şəhərin Nizami küçəsində yük maşınları üçün dəniz sahilindən yeni yol çəkilmişdir. Şəhər daxilində suötürücü kanalların dərinləşdirilməsi, təmizlənməsi ilə əlaqədar  tədbirlər həyata keçirilmişdir. Lovayın su anbarının əsaslı təmiri, Pensər və Astara çaylarında sahilbərkitmə işləri davam etdirilir. Tikinti-quruculuq, abadlıq işləri qəsəbə və kəndləri də əhatə etmişdir. İlk növbədə rayonun giriş qapısı meydanı yeni dizaynda qurulmuş, tərtibat işləri aparılmışdır.

Dövlət Proqramının icrası ilə əlaqədar  Astara şəhər 7 saylı və Toradi kənd məktəbləri üçün  yeni binalar tikilib istifadəyə verilmiş,  şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. On kəndlərində məktəb tikintisi davam etdirilir.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 2012-ci ildə buğda əkininə və məhsul istehsalında  sərf olunan yanacaq və motor yağlarına görə  846 nəfər fermer və fiziki şəxsə  ümumilikdə 85 min 600 manat, əlavə olaraq buğda və çəltik istehsalçılarına 8 min 442 manat  subsidiya ödənilmişdir.

Rayonda sahibkarlığın inkişafına daim qayğı göstərilir. Buna mane olan müdaxilələrin qarşısının alınması və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından köməklik göstərilməsi üçün tədbirlər həyata keçirilir. Səkkiz ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51 sahibkara 2,3 milyon manat güzəştli kredit verilmişdir. Rayonda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə 110 hektar yeni çay plantasiyası  salınmışdır.

İlk dəfə olaraq iş adamı tərəfindən  şəhərin mərkəzində 9 mərtəbəli yaşayış binası tikilir.

Hesabat dövründə rayonda təbii qazdan istifadə edənlərin sayı 943 abonent artaraq ümumilikdə 11 min 544-ə çatmışdır. İşıq təchizatı yaşılaşmışdır. İl ərzində iki kəndə yeni qaz xətləri çəkilmişdir, üç ərazidə qaz xətləri yenisi ilə əvəz olunur. Doqquz kəndə təbii qazın çəkilişi davam etdirilir.

İl təhsili sahəsi üçün uğurlu olmuşdur: 162 şagird müxtəlif ali  məktəblərə qəbul olunmuşdur. Onlardan 5 nəfəri 600-dən yuxarı, 16 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Rayon sakinləri üçün əlamətdar hadisələrdən biri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak etməsi və poliklinika şöbəsinin yenidən qurulması məqsədilə vəsaitin ayrılması barədə sərəncam imzalaması olmuşdur. Hazırda poliklinika şöbəsində təmir işləri başa çatmaq üzrədir. “İdman ili”ndə rayon gənclərinə ən böyük hədiyyə cənab Prezidentin açılış etdiyi Olimpiya İdman Kompleksi olmuşdur.

Hesabat dövründə Ərçivan, Tüləgüvan, Ojakəran, Şahağacı, Pəlikəş, Asxanakəran və Hamoşam bələdiyyələrinin  yerli əhəmiyyətli məsələlərin həllində ərazi nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyəti qənaətbəxş olmuşdur. Ərçivan çayının lildən və tullantılardan təmizlənərək genişləndirilməsi, Tüləgüvan-Şəmətük kəndlərini birləşdirən yeni körpünün salınması, Pəlikəş-Dolu-Şəvqo kəndlərinə yeni avtomobil yolunun çəkilişi, Burzubənd-Pəlikəş və Asxanakəran-Hamoşam yolunun təmiri vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmışdır.

Məruzəçi demişdir ki, uğurlarla bərabər görüləsi işlər də çoxdur. Rayonda qazlaşdırmanın  başa çatdırılması, elektrik təsərrüfatının yenidən qurulması, kanalizasiya və mərkəzləşdirilmiş istilik sistemlərinin yaradılması, şəhər, qəsəbə və kəndlərə yeni içməli su xəttinin çəkilməsi, kəndarası yolların əsaslı təmiri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir.

Hesabat yığıncağında çıxış edənlər ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətinin xalqın bütün təbəqələri tərəfindən ürəkdən bəyənilməsindən, rayonun sosial-iqtisadi inkişafında qazanılan yüksək nailiyyətlərdən bəhs etmişlər. Natiqlər təmsil etdikləri kollektivlər adından qarşıdakı prezident seçkilərində alternativsiz namizəd saydıqları İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 23 fevral.- S. 5.