Cəfər CƏFƏROV: “Məqsədimiz ATİ-ni turizm təhsili sahəsində regional mərkəzə çevirməkdir”

 

Müasir dünyada hər bir ölkənin inkişaf dinamikası təhsilin səviyyəsi ilə müəyyənləşir. Elə bu səbəbdən də BMT-nin 21-ci əsri təhsil əsri adlandırması səbəbsiz deyil. Dünyanın xəritəsinə nəzər salsaq görərik ki, ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlir əldə edirlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər sırasında təhsilin xüsusi çəkisi təxminən 70 faiz təşkil edir.

 

Təcrübə göstərir ki, təbii sərvətlər bolluğu dövlətin inkişaf göstəricisi sayılmasa da, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan intellektual insan kapitalına çevrilməsində yeri və rolu əvəzsizdir. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovla söhbətimizdə məhz bu məqama— Azərbaycanda təbii sərvətlər bolluğunun intektual insan kapitalına təsiri məsələsinə toxunduq. O dedi:

—Son illər Azərbaycanın dinamik tərəqqisi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması, ictimai həyatın bütün spektrini ehtiva edən islahatların reallaşdırılması yekun mərhələdə praktik nəticələrin elm və təhsil sisteminin modernləşdirilməsində maddiləşir. Yeni inkişaf mərhələsinin tələblərinə uyğun sistemli şəkildə aparılan bu islahatlar, eyni zamanda ölkədə müasir biliklərin güclü insan kapitalının formalaşdırılmasına hesablanan səmərəliliyin göstəricisidir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursu dövrün tələblərinə uyğun müasirləşdirən cənab İlham Əliyevin rəhbərliyi altında ötən müddətdə respublikada milli intellektual potensialın gücləndirilməsi ilə bərabər təhsil problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısı bütün görüş və çıxışlarında ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini xüsusi vurğulayır. “Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir”. “İslahatlar davam etdirilməlidir”. “Bizə yeni, bilikli, dünyada biznes mühitini yaxşı bilən peşəkar menecerlər lazımdır”. “Tam əminəm ki, bizim gələcəyimiz təhsillə bağlıdır”.

—Ölkədə insan kapitalının formalaşdırılması sahəsində mühüm tarixi vəzifələri qarşıya qoyan “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyasının qəbulu, sizcə təhsildə nələri və necə dəyişdirir?

—Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar əsasında son illərdə təhsil sahəsində xüsusi proqramların icrasına başlanılmışdır. Bu mənada təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi qeyd olunmalıdır. “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyası ölkədə insan kapitalının formalaşdırılması sahəsində mühüm tarixi vəzifələri qarşıya qoyur. Məlumdur ki, ali təhsil cəmiyyətin formalaşmasına təsir edir, eyni zamanda biznesin yüksək rentabelli sahəsinə çevrilir. Həm biznes sahəsində, həm də dövlət strukturlarında yüksək səviyyəli kadrlara tələbat getdikcə artmaqdadır. Yüksək intellektli mütəxəssislərə tələbat artdıqca yeni iş yerlərinin açılması zərurətə çevrilir. Bu da tələbə və məzunlar arasında bir sıra suallar doğurur: onun təhsil aldığı ali məktəbin diplomu başqa ölkədə keçərlidirmi; ikili diplom proqramları ilə işləyən ali məktəblərin üstünlüyü nədədir; onun təhsil aldığı ali məktəb Qərbin hansı nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir? Mənim nəzərimcə, bu kimi suallar respublikada ali təhsil sahəsində mövcud islahatların dünya ali təhsil sisteminin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur. Artıq bir neçə ildir ki, ölkə təhsil məkanında tədrisin Boloniya prosesinin tələbləri əsasında keçirilməsinə başlanılıb. Öncə bu prosesin digər ali təhsil ocaqlarında eksperiment olaraq tətbiq olunmasına baxmayaraq, Boloniya prosesini həyata keçirən ilk təhsil müəssisələrindən biri  Azərbaycan Turizm İnstitutu olmuşdur. Tədrisin bu prinsiplər əsasında təşkili ATİ-nin Avropa təhsil müəssisələri ilə sərbəst əməkdaşlığına şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki, bu gün ATİ Avstriyanın aparıcı universitetlərindən biri olan Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr, bu tədris ilindən isə magistr hazırlığı sahəsində ikili diplomun verilməsi proqramını, digər universitetlərlə müəllim-tələbə mübadiləsini həyata keçirir.

—Cəfər müəllim, 7 il əvvəl çox az sayda tələbə ilə fəaliyyətə başladınız. Bu gün ATİ tədrisin keyfiyyətinə görə ölkənin nüfuzlu ali məktəblərindən biri kimi tanınır. Buradakı təhsil-tədris prosesi digər təhsil ocaqlarından nə ilə fərqlənir?

—ATİ tədris müəssisəsi olaraq fəaliyyətə 3 ixtisas 200 tələbə ilə başladı, hazırda 11 ixtisas üzrə  1500-dən çox bakalavr, 89 magistr, 40 nəfər doktorant hazırlayır. Ötən ilin əvvəlindən Azərbaycan Turizm İnstitutunun nəzdində fəaliyyətə başlayan Bakı Turizm Peşə məktəbində hələlik 400 tələbə təhsil alır. ATİ-də ölkəmizin digər ali təhsil ocaqlarından fərqli olaraq tələbələrin təhsildə qazandıqları nəzəri bilikləri təcrübədə möhkəmləndirmək məqsədilə 20 həftəlik istehsalat təcrübəsi təşkil olunur. 2006-cı ildən bugünədək  tələbələrimizin böyük əksəriyyəti Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda, Avropa Birliyinin Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramı çərçivəsində təhsil almış və istehsalat təcrübəsi keçmişlər. Hazırda ATİ-ni bitirmiş məzunlarımızın əksəriyyəti ölkənin tanınmış turizm müəssisələrində uğurla fəaliyyət göstərirlər.

—Burada çalışan kadrların işə qəbulu zamanı  hansı keyfiyyət və qaydalara önəm verilir?

—ATİ ilk gündən öz fəaliyyətində keyfiyyətli və peşəkar təhsil xidməti prinsiplərini rəhbər tutaraq müəyyən tədbirlər həyata keçirir. Belə ki, ölkə ali məktəblərində olduğu kimi ATİ-də ixtisaslı kadrların işə qəbulu və rəğbətləndirilməsi zamanı geniş kollegial idarəçilik üsuluna üstünlük verilir. Tələbə və valideynlərlə müvafiq struktur rəhbərlərinin davamlı görüşləri təşkil olunur, sosial şəbəkələrdə tədris prosesi ilə bağlı irəli sürülən rəy və təkliflər müzakirə predmetinə çevrilir və aradan qaldırılmasına çalışılır. ATİ-nin yeddi illik fəaliyyəti dövründə ali məktəblərarası  köçürmələrdə mövcud imkandan yalnız  3 nəfər tələbənin yararlandığını qeyd edə bilərik.

Təkzibedilməz faktdır ki, ATİ-nin müəllim və inzibati heyətində çalışan əməkdaşların keyfiyyət əmsalını yüksəltmək məqsədilə görüləcək  kompleks tədbirlərin icrası hər zaman gündəmdədir. Belə ki, müəllimlərin hərtərəfli hazırlıq səviyyəsini müəyyənləşdirməkdən ötrü ötən tədris ilində ingilis və rus dili müəllimlərinin xüsusi proqramlar üzrə sınaq yoxlamaları keçirilib. İngilis dilini tədris edən müəllimlər əsasən IELTS proqramı üzrə yoxlamalara qatılıblar. Nəticələr müsbət olub. Ümumiyyətlə, institutun müvafiq kafedra və strukturlarına müəllim, həmçinin əməkdaşların işə qəbulu prosesi qurum rəhbərləri, ictimai təşkilat üzvlərinin iştirakı  ilə aparılır.

ATİ-də məzun-tələbələrimizin həm müəllim, həm də inzibati heyətdə çalışmalarına xüsusi önəm verilir. ATİ müəllimlərinin doktorantura proqramında təhsilləri institut hesabına - ödənişsizdir. Bu da akademik heyətin gənc və institut məzunlarından formalaşması istiqamətində uğurlu addım sayıla bilər. Mövcud müəllim heyətinin bilik və təşkilatçılıq bacarığını daha da təkmilləşdirmək üçün ERASMUS Mundus Proqramı çərçivəsində əməkdaşlarımız müsabiqə yolu ilə xarici universitetlərə ezam olunub, təhsil ilə yanaşı, əhəmiyyətli tədqiqatların aparılması prosesində fərqləniblər. Ötən ilin sonlarında AHLA və AZTA ilə birlikdə ATİ müəllimləri üçün institut hesabına pedaqoji kurslar da təşkil olunub. ATİ Məzunlar Assosiasiyasının  tədbirlər paketinə müvafiq olaraq hər həftə institutda nüfuzlu otel menecerlərinin təlimləri keçirilir.Bu fəailiyyət istiqaməti tələbələrimizə tanımaq və tanıtmaq şansı verir.

—İnstitutun beynəlxalq təskilatlarla sıx əlaqə qurması ölkə təhsil sistemində çox müsbət qarşılanır. Bu barədə nə deyə bilərsiniz?

—Bu günlərdə institutumuzun əməkdaşları Avropa İttifaqının  TEMPUS proqramı çərçivəsində Almaniyada keçirilən növbəti təlimlərin iştirakçısı və məruzəçiləri olublar. ATİ öz növbəsində istər ölkə, istərsə də beynəlxalq səviyyəli bir çox konfransın iştirakçısı və təşkilatçısı sayılır. ATİ-də hər il ənənəvi olaraq “Turizm və rekreasiya: problemlər və perspektivlər” mövzusunda beynəlxalq və ümumrespublika elmi - praktik konfransları keçirilir. ATİ-nin ötən il ev sahibliyi etdiyi  növbəti beynəlxalq konfransda dünyanın 40 ölkəsindən qatılan  alimlər maraqlı və turizm sənayesinin inkişafına təkan verə bilən məruzələr ediblər. Həmin məruzə və çıxışlar konfransın sonunda kitabça şəklində içtirakçılara təqdim olunub. Tələbələrimiz isə öz növbəsində dərsə davamiyyətlə yanaşı, ölkədə keçirilən mühüm tədbirlərdə - “Mədəniyyətlərarası Dialoq Forumu”nda, “Beynəlxalq Teatr Festivalı”nda, “Grans Montana Forumu”nda, “Eurovsion” musiqi yarışmasında könüllü olaraq bələdçilik ediblər.

Onu da qeyd edim ki, Azərbaycan Turizm İnstitutu tədris—təlim—təcrübə—tədqiqat modelinə üstünlük verməklə yanaşı, bir sıra beynəlxalq təşkilatlarda da layiqincə təmsil olunur. 2011-ci ildən ATİ Ümumdünya Turizm Təşkilatının “qoşulmuş üzvü” kimi qurumun təşkil etdiyi tədbirlərin  fəal iştirakçısıdır. ATİ Avrasiya Universitetlərinin Beynəlxalq Assosiyasiyası, xidmət üzrə Rusiya ali məktəblərinin milli elmi-tədqiqi texnoloji konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetlərinin Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası, Demokratiya Naminə Universitetlər İttifaqı  və bu kimi  təşkilatların üzvüdür.

Yaşadığımız dünyada qloballaşma prosesinin genişlənməsi ali məktəb məkanında rəqabətədavamlı, tədrisin beynəlxalq təhsil standartlarına uyğun təşkilini təxirəsalınmaz vəzifə kimi  qarşıya qoyur. Turizm sahəsində təhsilin özünəməxsusluqlarından biri məhz tədris işinin akademik tələbə şəhərciklərində təşkili və fəaliyyəti  ilə bağlıdır. Belə ki, tələbə şəhərciyində konkret anlamda turizm təhsilinin mühüm tərkib hissəsi kimi təlim oteli, restoran, mətbəx, bar və s. xidmət sahələrinin olması tədrisin  praktik səviyyədə öyrədilməsinə şərait yaradar. Elə bu baxımdan ATİ beynəlxalq standartlara uyğun akademik şəhərciyin yaradılmasında maraqlıdır. Müasir ali təhsil  idarəçilik modelinə uyğun fəaliyyətimiz peşəkar kadr hazırlığının inkişafına böyük təkan verə bilər. Qeyd etdiyim amillər həllini tapdıqdan sonra ATİ-nin 2008/2009-cu tədris ilindən səy göstərdiyi TedQual sertifikatının alınmasına və nəticədə regional tədris mərkəzinə çevrilməsinə zəmin yaradar.

—Uğurla başlayıb şərəflə davam etdirdiyiniz bu 7 illik təhsil və tədris yolunda sizə daha böyük nəticələr əldə etməyi arzu edirik. İnstitutun işini çox qısaca necə dəyərləndirirsiniz?

—Azərbaycan Turizm İnstitutu ölkənin qocaman təhsil ocaqları sırasına yeddi il əvvəl daxil olmasına baxmayaraq, turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində bir sıra ilklərə imza atanlardandır. Biz az müddətdə - belə desək - ictimai fikirdə müsbət imic formalaşdırsaq da, uğurlarımızla öyünmür, tədris—təlim—təcrübə—tədqiqat modelinin daha da təkmilləşməsinə çalışırıq. Sonda bildirim ki, Azərbaycan Turizm İnstitutunun professor -müəllim heyəti ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində müvafiq  sərəncamlarını yüksək inkişaf proqramı kimi dəyərləndirir, güclü insan kapitalının formalaşması istiqamətində bilik və səylərini artırırlar.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 23 fevraı.- S. 4.