Xocalı
soyqırımı erməni vandalizminin dəhşətli
səhifəsidir
Tarix boyu Azərbaycan xalqı ağır faciələrlə
üzləşmiş, haqsızlıqlarla
qarşılaşmışdır. Xalqımızın
başına gətirilən belə faciələrdən biri də məhz Xocalı
soyqırımıdır. Sovetlər dönəmində
Xocalı adına rəsmi mətbuatda, demək olar ki, rast
gəlinmirdi. Təəsüfflər olsun
ki, Xocalı tarixə “Xocalı faciəsi”
kimi düşdü.
Xalqımız haradan biləydi ki, müdhiş Qanlı Yanvar gecəsindən sonra
onu, Xocalı soyqırımı kimi faciə də gözləyir.
1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan
Respublikasının silahlı birləşmələri,
Dağlıq Qarabağdakı erməni yaraqlıları və
uzun illər dünya
ictimaiyyətinə “sülhsevər” ordu kimi təqdim edilən Sovet
Ordusunun Xankəndidəki 366-cı
motoatıcı alayı Azərbaycanın Xocalı şəhərini
sakinləri ilə birlikdə büsbütün
məhv edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətdilər.
Bu o
dövr idi ki, Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət
müstəqilliyini yenicə elan etmişdi. Özünə hələ
ordu yarada bilməyən yeni dövlətin başına tarixdə
görünməmiş bir faciə gətirildi.
Cəmi
bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı,
o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı
olduğuna görə qəddarcasına, dözülməz
işgəncə verilməklə
öldürülmüşdü. 487 nəfərə
ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz
qocalar, uşaqlar, qadınlar girov götürülərək
ağlasığmaz zülmə, təhqirlərə və həqarətə
məruz qoyulmuşdular. Erməni hərbçiləri
öldürdükləri insanların başlarının dərisini
soymuş, müxtəlif əzalarını kəsmiş,
körpə uşaqların gözlərini çıxarmış,
hamilə qadınların qarınlarını yarmış,
adamları diri-diri torpağa basdırmış və ya
yandırmışdılar. Təsəvvür edin ki,
bütün ailə üzvləri öz doğma evlərində
şirin yuxuda ikən qəfildən divar yarılır və
zirehli texnika içəriyə daxil olur, müxtəlif
çaplı silahlardan atəş açılır və
günahsız insanlar qanlarına qəltan edilirlər.
Misli görünməmiş bu
soyqırımı, kütləvi və amansız
qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın
dövlət müstəqilliyini, ərazi bütövlüyünü
hədəf almış məqsədyönlü
irticaçı siyasətinin növbəti qanlı səhifəsi
olmaqla, təkcə xalqımıza deyil, bütün
insanlığa qarşı irimiqyaslı cinayət idi. Lakin çox təəssüflər
olsun ki, bu faciənin qarşısının
alınması üçün
respublikanın həmin dövrdəki rəhbərliyi tərəfindən,
nəinki zəruri tədbirlər görülmədi, əksinə,
faciə haqqında məlumat ictimaiyyətdən gizlədildi.
27 fevral 1992-ci il tarixdə rəsmi mətbuatda “Xocalıda vəziyyət
haqqında” Azərbaycan Respublikası Prezidenti
mətbuat xidmətinin məlumatı dərc edilmişdi.
Xocalı yaşayış məntəqəsi
yerlə yeksan edildiyi,
613 nəfər dinc azərbaycanlı qəddarcasına
qətlə yetirildiyi halda,
yalnız iki sakinin həlak
olması göstərilmişdi(?!). Məlumatda daha sonra göstərilirdi
ki, Xocalının erməni birləşmələri
tərəfindən tutulması haqqında vahiməli
şayiələr həqiqətə uyğun
deyildir.
Hələ
bu azmış kimi, 29 fevral 1992-ci il tarixdə MDB birləşmiş
silahlı qüvvələri baş komandanı, aviasiya
marşalı Yevgeni Şapoşnikovun Azərbaycan və Ermənistan
respublikalarının rəhbərlərinə teleqramı barədə
məlumat da dərc edilmişdi. Teleqramda
qeyd edilirdi ki, “görülən müsbət tədbirlərə
baxmayaraq, Dağlıq Qarabağ
ətrafında vəziyyətdə dinc yolla nizamlanmağa doğru meyillər yoxdur”.
Məntiqə baxın, Xocalı
yaşayış məntəqəsinin yerlə yeksan edilməsinə, günahsız
insanların kütləvi surətdə, qəddarcasına
öldürülməsinə teleqramda
“görülən müsbət tədbir” kimi
qiymət verilirdi (?!). Teleqramda daha sonra göstərilirdi
ki, Baş komandan 366-cı motoatıcı polku Dağlıq Qarabağ
ərazisindən çıxarmağı əmr etmişdir. Lakin artıq gec idi. 366-cı
motoatıcı polk öz
mənfur niyyətini həyata keçirmişdi...
Bəli,
həmin vaxtdan artıq 21 il keçir və hamını belə
bir haqlı sual düşündürür: Bu faciənin
qarşısını almaq mümkün idimi?!
Cavab
isə birmənalıdır: Əlbəttə
mümkün idi. Ümummilli lider Heydər Əliyevin xəbərdarlıqlarına
vaxtında əməl edilsəydi, Xocalı
köməksiz qalıb
şəhid olmazdı.
Ümummilli
lider Heydər Əliyev müdrikcəsinə demişdir: “Bir
hadisənin qarşısını almaq, o hadisə baş verəndən
sonra onun nəticələrini aradan götürməkdən
daha asandır”.
Ölkəmizin
həmin ağır vaxtlarında dahi şəxsiyyət Heydər
Əliyev respublika rəhbərliyində olsaydı, nəinki
Xocalı faciəsinin, hətta bundan əvvəl baş
vermiş 20 Yanvar faciəsinin, həmçinin, bundan sonra,
torpaqlarımızın 20 faizinin itirilməsinin,
xalqımızın başına gətirilmiş digər faciələrin
də, şübhəsiz ki, qarşısı
alınmış olardı.
Xocalı
faciəsi kimi kütləvi və amansız qırğın
aktı Azərbaycanın dövlət müstəqilliyinə
və ərazi bütövlüyünə qarşı
çevrilmiş terror siyasətinin təzahürü olmaqla,
təkcə azərbaycanlılara qarşı deyil,
bütövlükdə insanlıq əleyhinə törədilmiş
qəddar cinayət aktıdır. Erməni millətçiləri
Xocalıda bu soyqırımı əməlini törədərkən
doğma torpağını qəsbkarlara vermək istəməyən
Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini
qırmaq və dinc insanları məhv etmək niyyəti güdmüşlər.
Erməni
təcavüzü nəticəsində respublikamızın
torpaqlarının 20 faizi işğal edilərək 900
yaşayış məntəqəsi zəbt edilmiş, 4366
sosial obyekt, 690 məktəb, 280 uşaq bağçası,
862 klub, 932 kitabxana, 1831 kino qurğusu, 855 məktəbəqədər
müəssisə, 656 poliklinika, ambulatoriya, aptek və digər
tibb müəssisəsi, xalqın ibadət yeri olan 10 məscid
dağıdılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi, bütün
var-dövləti orada
qalmışdır. Bununla da respublikamıza təxminən
50 milyard ABŞ dollarından artıq ziyan dəymişdir.
Kütləvi informasiya vasitələrində gedən məlumatlardan göründüyü kimi, ermənilər işğal edilmiş ərazilərdə ötən illərdə ardıcıl kütləvi yanğınlar törətmişlər. Bunların isə respublikamızın flora və faunasına, bir sözlə ekoloji durumuna ciddi zərərini nəzərə alsaq, ölkəmizə vurulan ziyanın məbləği ilbəil, aybay deyil, günbəgün artır. Ümumiyyətlə, bütün bunları nəzərə alsaq respublikamıza vurulmuş ziyanın məbləği 60 milyard ABŞ dollarından artıqdır.
Bu
işğalın yalnız maddi nəticəsidir. Bəs
mənəvi zərər?!. Atalar
demişkən: “Qılınc yarası sağalar,
söz yarası sağalmaz”.
Bu doğrudan da, belədir. Mənəvi ziyanı isə heç nə ilə kompensasiya
etmək mümkün deyil.
Ümummilli
lider Heydər Əliyev 15 iyun 1993-cü il tarixdə hakimiyyətə
qayıtdıqdan sonra, ölkə başçısı kimi
bütün xarici səfərlərində dövlət rəsmiləri
ilə, iş adamları ilə, ictimaiyyətin nümayəndələri
ilə görüşlərində yorulmaq bilmədən
Qarabağ həqiqətlərini onlara
çatdırmış və beynəlxalq aləmdə
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi,
bu ərazinin tarixən Azərbaycan torpaqları olması
haqqında obyektiv fikrin formalaşdırılmasına
çalışmışdır.
Nə qədər ki, Xocalı faciəsi qondarma “Dağlıq Qarabağ problemi” ilə əlaqədardır, bununla bağlı bir məqamı da qeyd etmək, xüsusilə, yerinə düşər. Xalqımız bu problemin beynəlxalq hüquq normalarına müvafiq, dinc yolla yaxın vaxtlarda ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, şübhəsiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, torpaqlarımızın müharibə yolu ilə geri qaytarılması xalqımızın təbii, ayrılmaz və konstitusiya hüququdur.
Çox təəssüflər olsun ki, Xocalı qətliamından 21 il keçməsinə, hazırda 6 ölkə tərəfindən Xocalı soyqırımı tanınmasına baxmayaraq, bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımına lazımı qiymət verilməmiş və bunu törədən cinayətkarlar bu günə qədər öz layiqli cəzalarını almamışlar. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) quruma üzv ölkələrin dövlət başçılarının iştirakı ilə bu ilin fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən Xll sessiyası Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanımışdır. Bütün bunlara baxmayaraq, dünyada hələ də ikili standartlar mövcuddur.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının
prorektoru,
hüquq üzrə fəlsəfə doktoru,
baş ədliyyə müşaviri
Xalq qəzeti.- 2013.- 23 fevral.- S. 3.