Prezident İlham ƏLİYEV:
Dövlət Proqramının
icrasına başlanılandan 1 milyon 200 min yeni iş yeri
açılmışdır ki, bu da öz növbəsində,
işsizliyin böyük dərəcədə
azaldılmasına xidmət göstərmişdir
Qlobal iqtisadi böhranın mənfi
təsirləri geridə qalmış 2012-ci ildə bir
çox ölkələr üçün ciddi problemlər
yaratmış, dövlət strukturlarının saxlanma xərclərinin
azaldılması, biznes qurumlarının iflic vəziyyətinə
düşməsi işsizliyin səviyyəsinin yüksəlməsinə
gətirib çıxarmışdır. İlin yekunları
xüsusən də Avropa İttifaqı ölkələri
üçün ürəkaçan olmamışdır: bu
geoiqtisadi məkanda işsizlik 2011-ci ilin eyni dövrü ilə
müqayisədə 1,2 faiz artaraq 11,8 faizə
çatmışdır. Avropa ölkələrindən fərqli
olaraq 2012-ci ili Azərbaycanda işsizlik probleminin ləğvi
baxımından uğurlu mərhələ kimi dəyərləndirmək
olar. Ötən ilin yanvarında 5,6 faiz təşkil edən
işsizik səviyyəsi ilin yekunlarına görə 5,2 faizə
enmişdir.
Bu
göstəricilər bir daha təsdiqləyir ki, ölkədə
əhalinin həyat səviyyəsinin yüksəldilməsi
üçün mövcud insan resurslarından, ilk növbədə,
əmək qabiliyyətli əhalinin potensialından səmərəli
istifadə edilir. 2004-cü ildən regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilmiş
proqramların həyata keçirilməsi nəticəsində
respublikada məşğulluq probleminin həllində əsaslı
dönüş yaranmışdır. Əgər 2000-ci ildə
məşğul əhalinin 33,2 faizi dövlət sektorunda
çalışırdısa, 2012-ci ildə bu rəqəm
26,1 faizə enmişdir. Bu da ilk növbədə özəl
sektorun inkişafı ilə əlaqədar qeyri-dövlət
sektorunda məşğulluğun səviyyəsinin yüksəlməsinin
göstəricisi sayıla bilər. Həyata keçirilən
tədbirlər sayəsində işsizliyin səviyyəsi
2003-cü ildəki 28 faizdən 2012-ci ilin yekunlarına görə
5,2 faizə enmişdir. Başqa sözlə, Azərbaycanda əhalinin
məşğulluq səviyyəsi 94,8 faiz olmuş, iqtisadi fəallıq
səviyyəsi isə 74,2 faiz təşkil etmişdir.
Ölkədə
məşğulluq probleminin müvəffəqiyyətlə həlli
yoxsulluğun minimuma enməsinin başlıca səbəbidir.
Azərbaycanın regionlarının sosial-iqtisadi
inkişafına yönəldilmiş dövlət
proqramları nəticəsində yeni iş yerlərinin yaradılması
məhz bu məqsədə xidmət edir.
Xatırladaq
ki, ötən il ərzində regionlarda 410-dan çox sənaye,
kənd təsərrüfatı, xidmət və ticarət
müəssisəsi fəaliyyətə başlamış,
400-dən çox müəssisənin isə tikintisi davam
etdirilir.
Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçımız giriş nitqində demişdir:
“Regional İnkişaf Proqramı uğurla icra edilib. Qeyd etdiyim kimi,
2004-cü ildə birinci proqram,
2009-cu ildə ikinci proqram
qəbul edilmişdir. Artıq ikinci proqram başa çatmaq üzrədir.
Qarşıya qoyulmuş bütün
vəzifələr icra edilib.
Keçən il 117 min
yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş
yeridir. Dövlət
Proqramının icrasına başlanılandan 1 milyon 200 min yeni iş
yeri açılmışdır ki, bu da
öz növbəsində, işsizliyin böyük dərəcədə
azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz
səviyyəsindədir. İşsizliklə bilavasitə
bağlı olan yoxsulluğun
səviyyəsi də aşağı düşmüşdür
- 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün
çox gözəl göstəricidir.
2013-cü
ildə görüləcək işlər, yeni, infrastruktur
layihələrinin, sosial proqramların icrası nəticəsində
əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək
və beləliklə, 10 il bundan əvvəl
qarşımıza qoyduğumuz vəzifə - Azərbaycanda yoxsulluğu tamamilə aradan
götürmək vəzifəsi də artıq təmin ediləcəkdir.
2012-ci
ildə Bakı və onun qəsəbələrinin
inkişafı Proqramı da uğurla icra edilmişdir,
böyük işlər görülmüşdür. Bu il bu
proqram başa
çatmalıdır. Bütün qəsəbələrdə
infrastruktur layihələri icra edilir, yollar
salınır, müasir şərait
yaradılır. Bu proqramın icrası daim nəzarət altındadır və əminəm
ki, bu ilin
sonuna qədər qəsəbələrin
əsas infrastruktur və sosial
problemləri öz həllini
tapacaqdır. Biz bu məsələyə
kompleks şəkildə
yanaşmışıq. Proqram çox müfəssəldir, genişdir,
dəqiqdir. Hər bir məsələ orada nəzərdə tutulur
- su, qaz, işıq, yollar, məktəblər, tibb
məntəqələri və digər məsələlər.
Bu proqramın icra
edilməsi nəticəsində biz qəsəbələrdə
mövcud problemlərin böyük
əksəriyyətini, demək olar ki, aradan götürəcəyik.
Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə
sakinlərinə, iş adamlarına kreditlərin verilməsi
prosesi başlamışdır. Qəsəbələrdə
yeni iş yerlərinin
açılması istiqamətində də böyük
işlər görülmüşdür.
Keçən il çoxlu
sayda yeni müəssisələr
yaradılmışdır. Əlbəttə ki,
bu, işsizliyin aradan qaldırılması üçün
öz müsbət təsirini göstərir”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin noyabr ayında muzdla işləyənlərin sayı 1470,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 897,9 min, qeyri-dövlət bölməsində isə 572,3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 37,9 min, qeyri-neft sektorunda isə 1432,3 min nəfər çalışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1427,2 min nəfər təşkil etmişdir.
Müəssisə
və təşkilatlarda muzdla çalışan
işçilərin 23 faizi məhsul istehsalı sahələrində,
onlardan 7,5 faizi tikintidə, 6,3 faizi emal sənayesində, 3
faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında,
2,6 faizi mədənçıxarma sənayesində, 2 faizi
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sahəsində,
1,6 faizi su təchizatı, tullantıların təmizlənməsi
və emalı sahəsində məşğul olmuşdur.
Xidmət
sahəsində çalışanların 23,5 faizi təhsil,
19,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri,
9,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin
göstərilməsi, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı,
4,4 faizi dövlət idarəetməsi və müdafiə,
sosial təminat, 3,9 faizi istirahət, əyləncə və
incəsənət sahələrində cəmlənmişdir.
Qalanların isə 3,3 faizi peşə, elmi və texniki fəaliyyət,
1,8 faizi informasiya və rabitə, 1,8 faizi inzibati və
yardımçı xidmətlərin göstərilməsi,
1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3
faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi
və 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar
sahəsində işləyirlər.
Yeni iş yerlərinin yaradılması daha çox sənaye sektorunda müşahidə edilmişdir. Bu isə ölkənin sənaye potensialının möhkəmləndirilməsi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, 2012-ci il dekabrın 21-də təsdiqlənmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dəyişikliklərin bir istiqaməti də sənaye texnoparklarında güzəştli vergi rejiminin tətbiqi ilə bağlıdır. Həmin dəyişikliklə Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnologiyalar parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirləri 7 il müddətinə gəlir vergisindən azad olunmuşdır.
Azərbaycanın yaxın onillikdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarının ixracından asılılığı aradan qaldırmaq və iqtisadi artımın lokomotivi kimi neftdənkənar sahələrin, xüsusilə də qeyri-neft sektorunun aparıcı bölməsi hesab olunan sənaye sektorunun inkişafını təmin etməkdir. Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi sənaye sektoruna daha böyük üstünlük verir. Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Konsepsiyada qeyd olunur ki, sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır.
Hazırda
Sumqayıtda neft-kimya məhsullarının emalı,
Balaxanıda məişət tullantılarının emalı
və Gəncədə metal (alüminium) məmulatlarının
istehsalı üzrə sənaye şəhərcikləri və
digər texnoparkların yaradılması sənaye
texnoparkları layihələrinin genişləndirilməsi
üçün başlıca zəmin hesab olunur. Bu baxımdan
hər bir iqtisadi rayonun potensialı nəzərə
alınmaqla, xüsusi iqtisadi
zonaların yaradılması və sənaye şəhərciklərinin
qurulması üçün müxtəlif
iqtisadi təşviqedici və
stimullaşdırıcı addımların atılması prioritet vəzifələrdəndir. Orta və
uzunmüddətli perspektivdə sənayeləşmənin bir çox sahələrinin,
o cümlədən texnoparkların
yüksək inkişafına impuls vermək
üçün vergi
güzəştləri ilə yanaşı, digər həvəsləndirici
addımların da atılması nəzərdə
tutulur. Güclü texnopark kompleksləri şəbəkəsini
genişləndirmək üçün
investisiyaların artırılması, yeni
sənaye mərkəzlərinə investorların cəlb
olunması, daha əlverişli biznes mühitinin təmin
edilməsi iqtisadi stimullaşdırma vasitələrinin
əsas istiqamətlərini təşkil edir.
Vergi
Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə
və dəyişikliklər iqtisadiyyatın inkişafına
töhfə verəcək, layihələrin miqyasının
artmasına, bu sahəyə investorların cəlb
olunmasına, yeni iş yerlərinin yaradılmasına və
son nəticədə məşğul əhalinin
sayının artımı fonunda insanların sosial
rifahının yaxşılaşmasına zəmin
yaradacaqdır. Yeni vergi rejimi, həmçinin texnoparklarda
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye məhsullarının istehsalının və
ixracının güclənməsinə də imkan verəcəkdir.
Nazirlər
Kabinetinin son iclasında səslənən rəqəmlər
ötən ilin sahibkarlığın inkişafı, bu sahədə
yeni iş yerlərinin yaradılması baxımından da uğurlu il
olduğunu göstərir. Dövlət Statistika
Komitəsinin məlumatlarına görə, özəl
bölmənin inkişafı üçün
yaradılmış azad rəqabət və
əlverişli investisiya mühiti
2012-ci ildə ölkədə 5417 hüquqi
şəxsin qeydiyyatdan keçməsi ilə
nəticələnmişdir. Onlardan 154-ü dövlət mülkiyyətinə,
4653-ü xüsusi mülkiyyətə,
483-ü tam xarici
investisiyalı müəssisələrə, 124-ü birgə
müəssisələrə, 3-ü isə bələdiyyə
mülkiyyətinə aiddir. 2012-ci ildə
66957 fiziki şəxs sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq üçün qeydiyyatdan
keçmişdir. Artıq yeni müəssisə yaratmaq
istəyən sahibkarlar qeydiyyat
prosesinə 3 gün deyil,
elektron formada cəmi bir neçə dəqiqə vaxt
sərf edirlər.
Ölkədə istehsal müəssisələrinin sayının artımına, yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərən amillərdən biri də güzəştli kreditlərin həcminin artırılmasıdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir. Bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına yönəldilmişdir. Bu kreditlər hesabına 9 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 23 fevral.- S. 1.