Cəlilabad: sosial-iqtisadi inkişaf
sürətlənir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illər üçün sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransda qeyd etmişdir ki, “Azərbaycan iqtisadiyyatı
dünya miqyasında ən sürətlə inkişaf edən
iqtisadiyyatdır. Ölkəmiz bu
baxımdan bütün mötəbər
beynəlxalq qurumlar tərəfindən
yüksək qiymətləndirilir”. Ölkəmizin hər
yerində olduğu kimi,
2012-ci il Cəlilabad rayonunda
da uğurlu nəticələrlə yadda qalmışdır.
İllik hesabat
yığıncağında rayon icra hakimiyyətinin başçısı Əziz
Əzizov bildirdi ki,
ötən dövrü xüsusilə əlamətləndar
edən ən mühüm hadisə Azərbaycan
Prezidenti İlham Əliyevin
iyulun 31-də Cəlilabada tarixi
səfəri olmuşdur. Ölkə rəhbəri
rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündə görülən işləri
yüksək qiymətləndirmişdir.
Hesabat
ilində tərəqqi prosesləri təkcə Cəlilabad və
Göytəpə şəhərlərini deyil, kənd
yaşayış məntəqələrini də əhatə etmişdir. 1952-ci ildə
salınmış mərkəzi istirahət parkı ilk dəfə
olaraq əsaslı şəkildə
yenidən qurulmuş, parkdakı Veteranlar evi və iaşə
obyektləri müasir formaya salınmış, Boyük Vətən
müharibəsi iştirakçılarının xatirəsinə
ucaldılan kompleks yeniləşdirilmiş, idman
meydançası tikilmişdir.
Eyni
zamanda Cəlilabad şəhərinin Qurtuluş prospektinə
aqlay və mozaik daşlarla 5 kilometr hasar çəkilmiş,
səkilərə 12 min kvadratmetr tamet döşənmiş,
çoxmərtəbəli yaşayış evlərinin və
inzibati binaların fasadları üzlənmiş, dam
örtükləri, qapı və pəncərələri təzələnmişdir.
Ümumi uzunluğu 10 kilometrdən
artıq olan
Heydər Əliyev və Qurtuluş prospektlərində, Xatirə və
Cəlil Məmmədquluzadə parklarında modern
işıqlandırma sistemi
quraşdırılmışdır. Cəlilabad şəhərinin
küçələrinə 38700 kvadratmetr
asfalt vurulmuş və
7800 kvadratmetr çınqıl
döşənmişdir.
Şəhərin
ən yüksək nöqtəsində inşa edilən Bayraq
Meydanı da son dövrün möhtəşəm tikililərindəndir.
Bayrağın yerləşdiyi
2 hektarlıq Gənclər parkı tamamilə yenidən
qurulmuşdur.
Kəndarası yolların yenidən qurulması istiqamətində rayonun tarixində heç vaxt görünməmiş miqyasda iş gedir. Azərbaycan Prezidentinin 9 mart 2012-ci il tarixli sərəncamına əsasən 24 min əhalisi olan 14 yaşayış məntəqəsini əhatə edən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi üçün 3 milyon, 28 sentyabr 2012-ci il tarixli sərəncama əsasən isə 33 min nəfər əhalinin yaşadığı 21 kəndi birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun tikintisi üçün ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır. Hazırda birinci yolun çəkilişi başa çatmaq üzrədir, ikinci yolda isə torpaqbərkitmə və çınqıldöşəmə işləri görülür. Eyni zamanda cənab İlham Əliyevin tapşırığına əsasən, 45 kəndi əhatə edən 72 kilometrlik Cəlilabad-Yardımlı yolunun 20 kilometri asfaltlaşdırılmış, 42 yerdə suötürücü borular quraşdırılmışdır. Bu ilin dövlət investisiya proqramında yolun tikintisi üçün 10 milyon manat vəsait ayrılmışdır və tikinti işləri sürətlə davam etdiriləcək.
Hazırda
80 kəndi əhatə edən 96 kilometrlik kəndarası
yollar yenidən qurulur. Lakin bu da son
deyil. Biz Göytəpə-Komanlı,
Cəlilabad-Soltankənd, Təklə-Bayxanlı, Xanəgah-Mikayıllı,
Əliqasımlı-Üçtəpə, Şiləvəngə-Adnalı,
Göytəpə-Kazımabad, Muğan-Söyüdlü-Maşlıq
yollarının da
asfaltlaşdırılması üçün
əlaqədar təşkilatlar qarşısında məsələ
qaldırılmışdır.
Cəlilabad
şəhərində su və kanalizasiya sistemlərinin yenidən
qurulmasına başlanmışdır. Bu il hərbi
hissənin yaşayış binalarının, su-kanalizasiya
sisteminin, mərkəzi xəstəxananın,
Cəlilabad-Yardımlı və Qarazəncir-Qarakazımlı-Bayxanlı
yollarının, 5 məktəbin,
Muğan kəndində 2 min tonluq soyuducu kameranın istifadəyə verilməsi,
Göytəpə şəhərinin və 6 kəndin
qazlaşdırılması nəzərdə tutulmuşdur. Hazırda Cəlilabad şəhərində
120 yerlik müasir tipli uşaq
bağçasının tikintisinə
başlanılmışdır.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası nəticəsində
keçən il sənayenin inkişafı artan dinamika ilə
getmiş, ümumi daxili məhsulun həcmi 2003-cü ilə
nisbətən 4,4 dəfə, 2011-ci ilə nisbətən 7,1
faiz artaraq 524,7 milyon manata çatmışdır. İstehsal olunan sənaye məhsullarının həcmi
6,7 milyon manat olmuşdur ki, bu da bütövlükdə
2003-cü ildəkindən 10,6 dəfə çoxdur.
Son illərdə fəaliyyətə başlayan müəssisələrin məhsulları
hər yerdə rəğbətlə qarşılanır.
Aqrar
bölmənin inkişafı nəticəsində kənd təsərrüfatı məhsulları
istehsalı 2003-cü illə müqayisədə 2,9 dəfə
artmışdır. Ənənəvi sahə olan taxılçılığın
inkişafına xüsusi
diqqət yetirilmiş, 131,2 min ton məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ildəkindən
16,9 min ton çoxdur. Ümumi məhsulun
tərkibində buğdanın xüsusi
çəkisi 89 faizdir.
Üzümçülüyün
də inkişaf etdirilməsi üçün ardıcıl
iş aparılmış,
üzüm sahələri
1500 hektara
çatdırılmışdır. Dövlət
Proqramında nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi nəticəsində ət, süd, yumurta istehsalı da artmışdır.
Açılışında Azərbaycan Respublikası Prezidentinin iştirak etdiyi yeni yem
fabriki saatda 10 ton quş yemi
hazırlamaq gücünə malikdir. 2012-ci
ildə hər işçiyə düşən orta aylıq əmək haqqı 273 manata çatmışdır.
Sahibkarların
fəaliyyəti üçün əlverişli şərait
yaradılmışdır. Ümumi
məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi
artaraq 98 faizə
çatmışdır. İl ərzində 1358 nəfər işlə təmin
olunmuşdur ki, onun da 173-ü daimi xarakterlidir. Rayon əhalisini
elektrik enerjisi və təbii
qazla təmin etmək üçün
məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Məktəb tikintisi rayon rəhbərliyi üçün prioritet vəzifə olmuşdur. 2012-ci ildə 360 yerlik Gülməmmədli kənd tam orta və 180 şagird yerlik Cəlilabad şəhər 6 saylı ümumi orta məktəbləri tikilib istifadəyə verilmişdir. Hazırda daha beş məktəbin tikintisi davam etdirilir. 2013-cü ildə dörd kənddə yeni məktəblərin tikintisinə başlanacaq. Eyni zamanda təhsil sahəsinin mövcud çatışmazlıqları da aradan qaldırılmalıdır. Keçən il səhiyyə işçiləri üçün də əlamətdar olmuşdur. Ölkə başçısının rayona səfərindən sonra yeni xəstəxananın tikilməsi barədə göstəriş verməsi və 25 sentyabr 2012-ci il tarixli sərəncamı ilə tikinti üçün 3 milyon manat vəsait ayırması xüsusi fərəh doğurur. Yeni layihə əsasında tikilən xəstəxana regionda ən müasir tibb ocaqlarından biri olacaq.
Tədbirdə qarşıda duran vəzifələrə də diqqət cəlb edildi. İnam ifadə olundu ki, 2013-cü ildə uğurlar daha da möhkəmlənəcək.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 26
fevral.- S. 9.