Nərimanov rayonunda Xocalı faciəsinin ildönümü
qeyd olundu
Xalqımızın yaddaş salnaməsinin
qanla yazılmış ən acı səhifələrindən
sayılan Xocalı faciəsinin 21-ci ildönümü
paytaxtın Nərimanov rayonunda da dərin hüznlə anıldı. Tədbir
iştirakçıları öncə müasir
Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin
rayon icra hakimiyyəti binasının
foyesindəki büstü önünə
tər gül dəstələri qoydular, ulu öndərə
ehtiramlarını bildirdilər.
Anım mərasiminin
iştirakçıları 1992-ci il
Xocalı soyqırımı hadisələrinin günahsız
qurbanlarının xatirəsini bir dəqiqəlik
sükutla yad etdilər.
Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev çıxış edərək Xocalı
şəhidlərinin yaxınlarına və doğmalarına
bir daha
başsağlığı verdi. Qeyd olundu ki, bugünlərdə
xalqımız erməni millətçilərinin qanlı əməllərinin
qurbanı olmuş Xocalı şəhidlərinin
əziz xatirəsini bir daha
yad edir, XX əsrin ən
dəhşətli cinayətinə imza
atmış erməni cəlladlarının insanlığa
sığmayan bu bəd əməli lənətlənir.
Natiq bildirdi ki, Xocalı hadisələrindən uzun müddət keçməsinə baxmayaraq, anım mərasimlərinin hər il keçirilməsi gənc nəslin vətənpərvərlik
ruhunda böyüməsində mühüm əhəmiyyət
daşıyır. Son illər dövlətimizin
başçısı İlham Əliyevin
Azərbaycanın haqq səsinin beynəlxalq
aləmdə eşidilməsi üçün həyata keçirdiyi
uğurlu xarici siyasətin
müsbət nəticələr verdiyini
diqqətə çatdıran A. Fərzəliyev qeyd etdi ki,
artıq dünya ictimaiyyəti erməni terrorizminin acı nəticələrindən
getdikcə daha yaxından xəbərdar olur, Azərbaycan torpaqlarını işğala məruz qoymuş
Ermənistanın əsl siması ilə tanış olur. Məhz bunun nəticəsidir
ki, artıq dünyanın bir
sıra dövlətlərində Xocalı hadisələri Azərbaycan
xalqına qarşı törədilmiş soyqırımı
aktı kimi qiymətləndirilir.
İcra
hakimiyyətinin başçısı onu da diqqətə
çatdırdı ki, bu gün ölkəmizin müxtəlif
şəhərlərində yaşayan Xocalı sakinləri hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunmuşlar. Xocalılılar hər an
olduğu kimi, bu gün də dövlətçiliyimizə
sadiqdirlər, onlar ölkəmizdə həyata
keçirilən quruculuq işlərində
fəal iştirak edirlər. Vətənimizin
ərazi bütövlüyü bərpa olunduqdan sonra
xocalılılar doğma şəhərlərinə
qayıdıb orada geniş
quruculuq işləri aparacaqlar.
Tədbirdə
iştirak edən Milli Məclisin deputatı Adil Əliyev
müdhiş Xocalı faciəsinin acı nəticələrindən
söhbət açdı. Qeyd olundu ki,
anım mərasimləri, Xocalının sağ
qalmış sakinlərinə göstərilən
qayğı və diqqət bu amansız qətliamın
acı nəticələrini heç
zaman unutdura bilməz.
Xocalılılar yalnız o zaman təskinlik tapa bilərlər,
şəhidlərin ruhu o
zaman rahat olar ki, o
müdhiş faciənin günahkarları
layiqli cəzalarına çatsınlar, işğal olunmuş
torpaqlarımız düşmən tapdağından azad olunsun. Azərbaycanın
dövlət başçısı İlham
Əliyevin yeritdiyi siyasət isə bizi getdikcə o günə
yaxınlaşdırır.
Xocalı
sakinləri adından çıxış edən şəhid
ailəsinin üzvü Mehriban Əliyeva o dəhşətli
gecədə baş vermiş qanlı hadisələri göz
yaşları ilə bir daha yada saldı. Erməni
cəlladlarının törətdikləri
ağlasığmaz vəhşiliyin bütün
bəşəriyyətə qarşı törədilmiş
dəhşətli cinayət olduğunu
bildirən M.Əliyeva əminliklə bildirdi
ki, ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə tezliklə torpaqlarımız
yağı düşməndən geri
alınacaq. O, Xocalı şəhidlərinin əziz xatirəsinin daim əziz tutulmasına və məcburi köçkün həyatı yaşayan xocalılılara göstərilən
qayğı və diqqətə görə sakinlər
adından minnətdarlığını bildirdi.
Anım
mərasimi Odlar Yurdu Universiteti tələbələrinin
hazırladıqları “Son güllə” adlı ədəbi-bədii
kompozisiya ilə başa çatdı.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 26
fevral.- S. 7.