Nəsimi rayonunda Xocalı soyqırımı
qurbanlarının xatirəsi anıldı
Xocalı soyqırımının
21-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda
anım mərasimi keçirilib. Tədbir
iştirakçıları əvvəlcə Azərbaycanın
Milli Qəhrəmanı, Xocalının müdafiəsi
zamanı həlak olmuş Aqil Quliyevin Nizami küçəsində
yaşadığı binadakı xatirə lövhəsinin
önünə gül dəstələri düzdülər.
Anım mərasimi H.Sarabski adına Mədəniyyət evində
oldu. Mərasim iştirakçıları Xocalı faciəsinə
həsr olunmuş kitab, rəsm əsərləri, plakat və
fotoşəkillərdən ibarət sərgiyə tamaşa
etdilər.
Tədbirdə
çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev dedi ki,
20-ci əsrin ən dəhşətli faciələrindən
olan Xocalı soyqırımından 21 il keçir. Xocalıda
baş vermiş faciə iki yüz ilə yaxın müddətdə
erməni millətçilərinin azərbaycanlılara
qarşı müntəzəm olaraq həyata keçirdikləri
etnik təmizləmə və soyqırımı siyasətinin
ən qanlı səhifəsidir. Bu, erməni faşistlərinin mifik, tarixdə izi-tozu olmayan
“Böyük Ermənistan” ideyasını həyata keçirmək
məqsədilə törətdikləri minlərlə cinayətdən
ən dəhşətlisi idi. Bu qanlı aksiya zamanı 613
soydaşımız xüsusi qəddarlıqla
öldürülmüşdür. Onlardan 63-ü uşaq,
106-sı qadın 70-i ahıl insanlar idi. Soyqırımı
zamanı 8 ailə tamamilə məhv edilib.
Bu vəhşilikləri
törətməklə düşmənlərimiz
xalqımızı qorxutmaq, onu öz ərazi
bütövlüyü və azadlığı uğrunda
mübarizədən çəkindirmək və bununla da əzəli
torpaqlarımıza yiyələnmək niyyətində idilər.
Lakin erməni cəlladları və onların
havadarlarının məkrli planları yerinə yetmədi.
Xalqımız öz azadlığı uğrunda mübarizədən nəinki
çəkindi, əksinə əsrlərlə arzusunda
olduğu müstəqillik yolunda mücadiləsini daha qətiyyətlə aparmağa
başladı.
Azərbaycan
xalqı Xocalı faciəsinin günahsız
qurbanlarının xatirəsini həmişə əziz tutur. Əminik
ki, tezliklə doğma Qarabağımız mənfur
düşmənin əsirliyindən azad olunacaq və
bütün şəhidlərimizin qisası alınacaq. Azərbaycanımızın əzəli torpaqlarında
üçrəngli bayrağımızın qürurla
dalğalanacağı günə az qalıb.
Mərasimdə
H.Sarabski adına Mədəniyyət evi kollektivinin ifasında
Xocalı faciəsi mövzusunda tamaşa nümayiş
etdirildi.
Tədbirdə
Milli Məclisin deputatı Məlahət
İbrahimqızı iştirak
edirdi.
Həmin gün Nəsimi rayonunda
məskunlaşmış 65 Xocalı ailəsinə maddi
yardım verildi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2013.- 26 fevral.- S. 6.