Bakı Ali Neft Məktəbində anım mərasimi

 

Bakı  Ali Neft Məktəbində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

 

Tədbir iştirakçıları əvvəlcə “Xocalı” abidəsini ziyarət etdilər. Daha sonra tədbir məktəbin akt zalında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” filmi ilə davam etdirildi. Mərasimdə çıxış edən Bakı  Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, 21 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək bir gecənin içində şəhəri yerlə yeksan etmişdir. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Ermənilər sağ qalmış insanları təhqir etmiş,  başlarının dərisini soymuş, bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını süngüləmişlər.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Xocalı faciəsinin bəşəriyyət tarixinə insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisəsi kimi daxil olduğunu bildirmişdir. O, qeyd etdi ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olmuşdur. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiy Yar, Xatın, Sonqmi faciələri ilə eyni səviyyədə durur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Təkcə XX əsrdə bir neçə dəfə ermənilər tərəfindən etnik təmizləmə aparılmış, azərbaycanlıların öz torpaqlarından zorla qovulması siyasəti həyata keçirilmişdir.

Azərbaycan hökuməti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Biz həm də erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmürük. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 27 fevral.- S. 6.