Dəmiryolçular Xocalı qurbanlarını ehtiramla yad etmişlər

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə torpaqlarımızın  müstəqilliyi uğrunda və Xocalıda faciəvi şəkildə canlarını qurban vermiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları”  QSC ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov bildirmişdir ki, ölkəmizin tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 21 il ötür. Ancaq onun ağrı-acıları hələ də qəlbimizdə yaşayır. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının daha bir dəhşətli təzahürüdür. Bu, bəşər tarixində ən qanlı olaylar sırasında daim xatırlanmaqla yanaşı, ermənilərin əsl mahiyyətinin, üzünün ifşa edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Xeyrulla Hümbətov demişdir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində yorulmaq bilmədən çalışır, bu sahədə ardıcıl aparır.

Xeyrulla Hümbətov onu da vurğulamışdır ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizin hər yerində olduğu kimi, “Azərbaycan Dəmir Yolları”  QSC-də də bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

 “Azərbaycan Dəmir Yolları”  QSC-nin  sədr müavini Qurban Nəzirov çıxış edərək bildirmişdir ki, ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyəcək. Xocalı faciəsi erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Miqyasına və dəhşətlərinə görə dünya tarixində bənzəri az olan Xocalı soyqırımını törətməkdə ermənilərin məqsədi xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən niyyətinə çata bilmədi.

Natiq eyni zamanda vurğulamışdır ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqları düşməndən azad olunaraq, ərazi bütövlüyümüz bərpa ediləcək. Lazım gələrsə, ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə toraqlarımızın azad olunması üçün bütün qüvvələr səfərbər olunacaq.

Sonda Nəqliyyat Nazirliyinin əməkdaşı Elturan Əkbərzadə, “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru Vasif Süleyman, YAP  “Azərbaycan Dəmir Yolları” QSC-dəki ərazi ilk partiya təşkilatı Gənclər Şurasının  sədri Fuad Rəsulov,  YAP-ın  “Azərbaycan Dəmir Yolları”  QSC-dəki ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri Jalə Əfəndiyeva və başqaları çıxış edərək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı fikir və mülahizələrini bildirmişlər.

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 27 fevral.- S. 6.