Suraxanı rayonunda aparılan quruculuq işləri sürətli inkişafın göstəricisidir

 

İqtisadi potensialına görə Bakının ən böyük rayonlarından olan Suraxanıda da ötən il həm dövlət proqramları çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına çox böyük işlər görülmüşdür. İstər infrastruktur layihələrin icrası, magistral və daxili yolların inşası, əhalinin elektrik enerjisi, qaz, su təchizatının yaxşılaşdırılması, istərsə də  yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, təmiri, müasir tələblərə uyğun yenidən qurulması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə bir sıra mühüm tədbirlər reallaşdırılmışdır.

 

Dinamik inkişaf davam edir

 

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayon üzrə həyata keçiriləcək işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilmiş, qarşıya çıxan problemlərin həlli yolları müəyyənləşdirilmişdir.

2012-ci ildə də Prezident İlham Əliyev bir neçə dəfə rayona gələrək, Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmışdır. Belə ki, dövlət başçısı ötən il fevralın 8-də Bülbülə qəsəbəsindəki 313 saylı uşaq bağçasının, mayın 11-də Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış sayca 5-ci parkın, avqustun 2-də Yeni Suraxanı qəsəbəsindəki 85 saylı orta məktəbin və Bülbülə qəsəbəsindəki 268 saylı uşaq bağçasının, sentyabrın 14-də isə Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılış mərasimlərində iştirak etmişdir.

Dövlət Proqramının icrası ilə əlaqədar ötən il  görülmüş işlərin bəzilərinə diqqət yetirək. Əvvəlcə su təchizatı və kanalizasiya sahəsində həyata keçirilən tədbirlərə nəzər salaq. “Azərsu” ASC tərəfindən 18980 metr  su, 3844 metr kanalizasiya  xətləri çəkilmiş, “Dədə Qorqud” yaşayış sahəsinin yaxınlığında 2 ədəd 10 min kubmetr həcmli su anbarının tikintisi başa çatdırılmışdır. Hazırda  Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Ramana yaşayış sahəsində 10 min kubmetrlik su anbarı tikilir.

Respublikamızda ilk dəfə olaraq pilot layihə çərçivəsində Yeni Günəşli “Q” yaşayış sahəsində  doqquzmərtəbəli 28 binanın su təchizatı səbəkəsi yenidən qurulmuş, bunun nəticəsində 4571 sakin,  Hövsan qəsəbəsində isə 32 min sakin fasiləsiz içməli su ilə təmin olunmuşdur.

Hövsanda  5 və doqquzmərtəbəli yaşayış binalarında su borularının pilləkən qəfəslərinə çıxarılması, sayğacların quraşdırılması və zirzəmilərdəki kanalizasiya borularının dəyişdirilməsi işlərinə başlanılmışdır.

Suraxanı Rayon Su-Kanal Departamenti tərəfindən 1188 ünvanda su kəmərlərində baş vermiş qəzalar aradan qaldırılmış, sıradan çıxmış müxtəlif ölçülü 2050 metr su xətləri dəyişdirilmiş, 560 metr yeni su xətti çəkilmiş və 2890 ədəd “smart-kart” tipli elektron  sayğacı quraşdırılmışdır.

Hövsan-Binə-Dədə Qorqud-Bahar yaşayış sahələrinin ətrafındakı 300 hektar ərazidə suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, Hövsan qəsəbəsində  əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə 215,7 kilometr  uzunluğunda boru xəttinin yeniləşdirilməsinə başlanılmışdır. İndiyədək 10 min metr uzunluğunda  boru xətti çəkilmişdir.

Ötən il qaz təchizatı sahəsində də xeyli iş görülmüşdür. “Azəriqaz” İB tərəfindən rayonda 506,8 min metr qaz xətti çəkilmişdir. Suraxanı rayon qaz istismar sahəsinə il ərzində daxil olmuş müraciətlərə həssaslıqla yanaşılmış, 22611 abonentin mexaniki qaz sayğacı “smart-kart” tipli elektron sayğacla əvəzlənmişdir.

Elektrik enerjisi təchizatı sahəsinə xüsusi diqqət yetirilmişdir.  “Bakıelektrikşəbəkə” ASC tərəfindən yüksəkgərginlikli 1 yeni yarımstansiya tikilmiş, 4 transformator məntəqəsi sökülərək yerində yeniləri inşa edilmişdir. Əsaslı təmir olunmuş 9 transformator məntəqəsi müasir standartlara cavab verən elektrik avadanlıqları ilə təchiz olunmuş və güc transformatorları daha güclüləri ilə əvəz edilmişdir. Rayon ərazisində elektrik təchizatını gücləndirmək və dairəvi sxem qurmaq üçün 22 kilometr kabel xətləri çəkilmiş, 17 ədəd 630 kva-lıq müasir kompleks transformator məntəqəsi quraşdırılmışdır.

Rayonda hazırda mərkəzi istilik sisteminə qoşulmuş 279 yaşayış binasından 266-sı istiliklə təchiz olunur. Bunlardan 187-si rayon MKTB-ə, 50-si xüsusi təyinatlı MKTB-ə, 37-si isə mənzil tikinti kooperativlərinə məxsusdur.

Yeri gəlmişkən, Hövsan, Zığ, Əmircan, Bülbülə və Yeni Suraxanı qəsəbələrində bir sıra binaların istilik xətləri sıradan çıxdığından, qazanxanalar tikilmədiyindən həmin  binalar istiliklə təmin olunmurlar. Məsələnin həllinə qismən kömək göstərilməsi məqsədilə Hövsan, Zığ və Qaraçuxur qəsəbələrində 5 qazanxananın inşasına   başlanılmış, Qaraçuxur qəsəbəsində 1 qazanxana yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz edilmişdir.

Ötən il rayon ərazisində müxtəlif diametrli borularla 4000 metr istilik xətləri çəkilmiş, qazanxanalarda cari və əsaslı təmir işləri aparılmış, yeni istilik kameraları quraşdırılmış, tüstü yolları təmizlənmiş, nəzarət-ölçü cihazları və qoruyucu klapanlar yenilərilə əvəzlənmiş və saz vəziyyətə gətirilmişdir.

 

Təhsil, səhiyyə və mədəniyyət...

 

Ötən il rayonda  1 yeni məktəb istifadəyə verilmiş, 6 məktəb əsaslı təmir olunmuşdur. Bundan başqa,  2 məktəb üçün  720 şagirdlik 36 sinif otağı inşa edilmiş, 3 məktəb üçün 1600 şagirdlik 80 sinif otağının, 85 saylı məktəb üçün yeməkxana, laboratoriya, idman və akt zallarının tikintisi işləri davam etdirilmişdir. Bu il isə 12 məktəb əsaslı təmir ediləcək, 9 məktəb üçün 3820 şagirdlik 191 sinif otağı tikiləcəkdir.

Hesabat dövründə 5 körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, 2 saylı Uşaq evinin və 4 uşaq bağçasının əsaslı təmirinə başlanılmış, 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının və 31 saylı şəhər poliklinikasının əsaslı  təmiri davam etdirilmişdir.

Yeni Günəşli yaşayış sahəsində yeni parkın tikintisi davam etdirilmişdir. Hövsan qəsəbəsində mövcud park yenidən qurulur. Hazırda Qaraçuxur qəsəbəsində Neftçilər parkının təmirinə hazırlıq görülür.

 

Dövlət Proqramı: görülən işlər və qarşıda duran vəzifələr

 

Ötən il Dövlət Proqramı çərçivəsində rayonun küçə və yollarına, məhəllələrə 364,2 min kvadratmetr asfalt örtüyü salınmış, yol kənarlarına 1293 metr uzunluğunda səki daşları düzülmüş, küçələrin işıqlandırılması üçün 708 ədəd dirək, 1416 ədəd çilçıraq quraşdırılmışdır.

Hövsan qəsəbəsində poçt şöbəsi üçün bina tikilmiş, Əmircan qəsəbəsində ATS-in inşasına  başlanılmış, “Dədə Qorqud” yaşayış massivində ATS-in tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

Hövsan qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 9 mərtəbəli sayca 2-ci yaşayış binası istifadəyə verilmişdir.

Hazırda rayonda Gənclər Evinin tikintisi sürətlə davam etdirilir,  mini-futbol meydançasının, Olimpiya idman zalının, Şahmat məktəbinin və süni örtüklü mini-futbol meydançasının tikintisi üçün işlər aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş  “Azərbaycan Respublikasında ekoloji vəziyyətin  yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq Bülbülə gölünün su səviyyəsinin aşağı salınması məqsədilə “Azərsu” ASC tərəfindən müəyyən işlər görülmüş, kanalizasiya xətləri çəkilmiş, nasosxana tikilmişdir.

Ölkə Prezidentinin 22 iyun 2012-ci il tarixli müvafiq sərəncamı ilə Bülbülə gölünə məişət tullantılarının, texniki və s. suların axıdılmasının qarşısının alınması, ekoloji vəziyyətin yaxşılaşdırılması və meşə zolağının, parkın salınması İqtisadi İnkişaf Nazirliyinə, “Azərsu” ASC-yə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə rayon icra hakimiyyətinə tapşırılmışdır. Hazırda bununla əlaqədar hazırlıq işləri aparılır.

 

Göstəricilər gələcəyə böyük ümidlər verir

 

2003-cü illə müqayisədə 2012-ci ildə rayonda sənaye  məhsullarının istehsalı 4,3 dəfə artaraq 321 milyon manat təşkil etmiş, tikinti-quraşdırma işləri 5,7 dəfə, nəqliyyat xidmətləri 2 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,2 dəfə artmış, orta aylıq əmək haqqı 4,3 dəfə artaraq 546 manat  olmuşdur. 2003-2012-ci illərdə daimi olmaqla 14652 yeni iş yeri açılmışdır. Hazırda rayonda 3,5 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Dövlət İnvestisiya Şirkətinin köməyi ilə Zığ qəsəbəsində “Milk Pro” şirkətinə məxsus Yeni Bakı Süd Kombinatı fəaliyyətə başlamış, sahibkarlar üçün Bülbülə və Qaraçuxur qəsəbələrində növbəti kredit yarmarkaları keçirilmiş, rayondan olan 24 sahibkara 1 milyon 44 min manat məbləğində ətlik və quşçuluq təsərrüfatlarının, xidmət sahələrinin yaradılması məqsədilə güzəştli kreditlər verilmişdir.

Ötən il Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin Suraxanı rayonunun ərazisindən keçən hissəsinin ətrafının abadlaşdırılması işləri davam etdirilmişdir. Heydər Əliyev prospektinin  ətrafında yerləşən 228 fərdi yaşayış evinin, Hövsan qəsəbəsində isə 19  çoxmərtəbəli yaşayış binasının dam örtüyü müasir tələblərə uyğun şəkildə yenidən qurulmuşdur.

Hazırda Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yolunun tikintisi davam etdirilir.

 “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun ətrafının abadlaşdırılması, Heydər Əliyev prospektini “Atəşgah” məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi tədbirləri həyata keçirilir.

Son zamanlar Zığ qəsəbəsində baş vermiş torpaq çökməsi nəticəsində onlarla yaşayış evi qəzalı vəziyyətə düşmüş, bəzi sakinlər mənzillərindən köçürülmüşdür. Bununla əlaqədar, RİH-in müvafiq komissiyası tərəfindən ərazidəki evlərin inventarlaşdırılmasına başlanılmışdır. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, yeni beşmərtəbəli binanın tikintisi davam etdirilir.

2012-ci ildə rayonda 8 ədəd yeni abad məhəllə salınmış, 14 abad məhəllədə təmir işləri aparılmış, dövlət mənzil fonduna aid evlərdə 27,4 min kvadratmetr dam örtüyü təmir edilmiş, 2025 metr su, 1185 metr kanalizasiya, 492 metr istilik boruları dəyişdirilmiş, 600 kvadratmetrlik sahə şüşələnmiş, 960 metr  navalça təmizlənmişdir.

Ötən il rayonun ekoloji durumunun sağlamlaşdırılması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki,  rekultivasiya işləri nəticəsində 24 hektardan çox sahə neftdən təmizlənmiş, 72 neft gölməçəsi qurudulmuş, həmin ərazilərdə 1260 ağac əkilmişdir.

Azərbaycan Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Beynəlxalq Atom Enerjisi Agentliyinin birgə fəaliyyəti nəticəsində keçmiş Bakı Yod Zavodunun Yeni Suraxanı qəsəbəsində yerləşən 28,2 hektar istehsalat sahələri və onların ətrafı radioaktiv tərkibli kömürlərdən təmizlənmiş, ərazi yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən birlikdə icra edilən “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsi çərçivəsində Zığ qəsəbəsində tullantıxananın təmizlənməsinə başlanılmış və hazırda işlər davam etdirilir.

 

Heydər Əliyev Mərkəzi

 

İctimai-siyasi tədbirlərin təşkili  zamanı rayonun ideoloji qərargahına çevrilmiş   Heydər Əliyev Mərkəzinin imkanlarından geniş istifadə edilir. Mərkəzin elektron kitabxanasının xidmətindən bu günə qədər 9 min nəfər faydalanmışdır.

Ötən il mərkəzdə ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, kütləvi informasiya vasitələri, qanunvericilik və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələrinin iştirakı  ilə 24 tədbir reallaşdırılmış, yerli və xarici qonaqlar mərkəzin fəaliyyətinə böyük maraq göstərmişlər. İndiyədək ümumilikdə 40 min 500 nəfərdən artıq ziyarətçi mərkəzlə tanış olmuşdur.

Müxtəlif vaxtlarda rayona gələn yerli və xarici qonaqlar sırasında YUNESKO-nun keçmiş Baş katibi Koişiro Matsuuranın,  Slovakiyanın keçmış prezidenti Rudolf Şusterin, Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin, Avropa Parlamentinin üzvü Kristina Oyulandın, Estoniya parlamentinin deputatı, Estoniya - Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevin, “Uralsib” maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkovun, Estoniyanın Tallin şəhər dumasının sədri Tomas Vitsutun, Tallin şəhər Kristiyne rayonunun nümayəndə heyəti, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının plenar sessiyasının nümayəndələrinin adlarını çəkmək olar.

 

Tarixi-mədəni irsimizə hörmət, bu günümüzə məhəbbət...

 

Gənclərin tarixi-mədəni irsə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında onların intellektual və yaradıcı potensialından geniş yararlanılması daim diqqət mərkəzindədir. Bu  məqsədlə “dəyirmi masa”lar və treninq kursları reallaşdırılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin, Milli Qəhrəmanların xatirəsinə həsr edilmiş tədbirlər, vətənpərvərlik mövzusunda inşa yazı müsabiqələri keçirilmiş,   rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgərləri ilə görüşlər ənənə şəklini almışdır.  Gənclər və İdman İdarəsi tərəfindən  gənc nəsli hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək, şagirdlərdə  hərbi-idman və turizm oyunlarına maraq yaratmaq, ordu sıralarında xidmətə hazırlamaq məqsədilə təşkil olunan   “Şahin”, “Cəsurlar”  oyunlarında, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü və “Mahir nişançı” güllə atıcılığı üzrə keçirilmiş yarışlarda 7 mindən çox  məktəbli iştirak etmişdir.

 

Başlıca məqsəd təhsilin keyfiyyətini yüksəltməkdir

 

2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində rayonun 146 və 278 saylı tam orta məktəbləri, 290 saylı məktəbin müəllimi Fatimə Sayılova qaliblər sırasında olmuş və Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə mükafatlandırılmış, 114 saylı məktəbin direktoru Ceyran Novruzovaya təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Ötən tədris ilində məzunlardan 3-ü orta məktəbi qızıl medalla bitirmiş, 819-u  tələbə adını qazanmışdur. Abituriyentlərin 53-ü  600-dən, 7-si 650-dən yuxarı bal toplamış, 3-ü isə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.

“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət göstərən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya mühiti yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyır. Bu sənəddən irəli gələn vəzifələrin uğurla reallaşdırılması nəticəsində təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadənin səviyyəsi yüksəlmişdir.

Sözügedən proqramın icrası istiqamətində rayonun yeni istifadəyə verilmiş 327 nömrəli məktəbində MDB məkanında orta təhsil sistemində ilk dəfə olaraq “smart sinif” açılmış, burada quraşdırılmış “simsiz şəbəkə”, “rəqəmsal podium”, interaktiv “smart LCD”, “planşet kompyuter” və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və tədris prosesini gücləndirir.

 

Əhalinin sosial müdafiəsi gücləndirilir

 

Ölkə başçısı  İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin həlli, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi işi  rayonun dövlət orqanlarının daim diqqət mərkəzindədir.

Ötən il Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3948 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, imtiyazlı ailələrə  5,2 milyon  manat  ünvanlı sosial yardım və 4,7 milyon  manat sosial müavinət ödənilmiş, 89 əlil istirahət mərkəzlərinə göndərilmişdir.

Rayon Məşğulluq Mərkəzi tərəfindən 693 nəfər işlə təmin olunmuş,  87 nəfərə işsizlik statusu verilmiş, 28 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 1278 nəfər məktəbli peşəyönümünə cəlb edilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1 milyon 136 min manat vəsait toplamış, 1257 nəfərə pensiya təyin etmişdir. Hesabat dövründə  26615 nəfər təqaüdçüyə  xidmət göstərilmiş və  58,3 milyon manat pensiya ödənilmişdir.

 

Vətəndaşların qayğılarına həssaslıqla yanaşılır

 

Rayon icra hakimiyyətində səyyar görüş-qəbulların keçirilməsi bir qayda olaraq diqqət mərkəzində saxlanılır. 2012-ci ildə 2135 nəfərin iştirakı ilə 35 səyyar görüş-qəbulda qaldırılmış 106 məsələdən 55-i müsbət həll edilmiş, 2-si icrası nəzarətdədir, 3-nə aidiyyəti üzrə baxılır, 46-na qanunamüvafiq izah verilmişdir. Ötən il rayon icra hakimiyyəti başçısı tərəfindən 669 nəfər vətəndaş qəbul edilmişdir.

Respublikamızda, eləcə də Bakı şəhərində son illər  sosial, infrastruktur, kommunikasiya, yol-nəqliyyat yönümlü layihələrin uğurla yerinə yetirilməsi, dövlət və yerli əhəmiyyətli proqramların uğurla reallaşdırılması vətəndaşları narahat edən məsələləri nəzərəçarpacaq dərəcədə azaltmışdır. Suraxanı Rayon İcra Hakimiyyətində müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı, mail@ surakhani-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu  kimi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir. Ötən il RİH-in elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 86 elektron məktub cavablandırılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 27 fevral.- S. 5.