Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumatda bildirilir ki, fevralın 24-ü gündüzdən 25-i səhərədək ölkə ərazisində yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.

Belə ki, ərazidən axan Lənkərançayda suyun səviyyəsi Lənkəran ərazisində 28 sm, Vəşərüçayda Daştatük ərazisində 17 sm, Şıxlarda 24 sm artmışdır.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-170, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında 100-290, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 145 kubmetr olmaqla, ongünlük normanın 75 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 17 sm, Şirvanda 4 sm, Bankədə 2 sm, Salyanda 16 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım müşahidə olunmuşdur.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 424 sm (2012-ci il fevralın 25-də 622 sm), Şirvanda 295 sm (2012-ci il fevralın 25-də 514 sm), Salyanda 296 sm (2012-ci il fevralın 25-də 466 sm), Bankədə 245 sm (2012-ci il fevralın 25-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il fevralın 25-də 325 sm) təşkil edir.

 

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2013.- 27 fevral.- S. 4.