Tacikistanda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir

 

25 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Tacikistandakı səfirliyindəki “Heydər Əliyev muzeyi”ndə Xocalı soyqırımının 21 illiyi ilə əlaqədar anım mərasimi keçirilmişdir.  Tədbirdə Xocalı hadisələri ilə bağlı rejissor Namiq Qurbanovun çəkdiyi və Milli Qəhrəman Ç.Mustafayevin kadrlarından istifadə olunan film rus dilində nümayiş etdirilmişdir.

 

Tacikistandakı səfirliyimizdən aldığımız  məlumatda bildirilir ki,  tədbirdə çıxış edən səfir Abbasəli Həsənov qonaqlara təşəkkürünü bildirmiş, Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsini Xatın, Lidiç, Sonqmi, Oradur faciələri ilə müqayisə edərək qeyd etmişdir ki, öz xarakterinə və hüquqi tərkibinə görə onu yalnız genosid hesab etmək olar. Səfirin sözlərinə görə,  1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan ordusu Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə mühasirədə saxladıqları Xocalı şəhərinə hücum edərək dinc əhalini vəhşicəsinə məhv etmiş, şəhəri tamamilə dağıtmışlar. 613 nəfər öldürülmüş, 7 ailə məhv edilmişdir, 1275 nəfər əsir götürülmüş, onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyildir. Onların arasında, uşaq, qoca və qadınlar da olmuşdur. Şəhərdəki bütün maddi və mənəvi mədəniyyət abidələri dağıdılmış, beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.

Səfir bildirmişdir ki, Ermənistan bir tərəfdən sülh danışıqları aparır, digər tərəfdən təcavüz siyasətini davam etdirir. A.Həsənov bu faciəsnin günahkarları arasında SSRİ rəhbərliyi ilə yanaşı, Ermənistanın indiki rəhbərliyi, R.Köçəryanın və S.Sərkisyanın əli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış, gec-tez onların, eləcə də digər canilərin layiq olduqları cəzaya məhkum olunacaqlarına ümidini ifadə etmişdir.

Səfir bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Milli Məclisdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, hadisə soyqırımı kimi dəyərləndirilmişdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü, ardıcıl xarici siyasət nəticəsində artıq Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya parlamentlərində, eləcə də ABŞ-ın bir neçə ştatında, Xocalı soyqırımı rəsmən tanınıb. Haaqada, Sarayevoda, İstanbulda, Meksikada Xocalı şəhidlərinin  xatirəsinə abidələr ucaldılıb. Hər il Azərbaycanda bu gün saat 17.00-da  1 dəqiqəlik sükutla yad edilir, bütün ictimai nəqliyyatda hərəkət dayandırlır.

Hadisə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış edən həkim Tahiri, diasporun fəal üzvlərindən Amal xanım Hacıyeva, xalq şairi (Tacikistanın himninin sözlərini yazıb) Gülnazar Geldi, “Poytaxt” TV-nin baş direktorunun müavini, jurnalist  Nərgiz xanım Rahmatşoyeva çıxış etmiş, cinayətkarın milliyyəti olmadığını, insanların ilk növbədə zehniyyətinin tərbiyə olunmasının vacibliyini, müharibənin xalqlar üçün yalnız bəlalar gətirdiyini, bütün  türk dünyasının bu faciə qurbanlarının acılarına şərik olduğunu bildirmişlər.

BBC radiosu  əməkdaşının “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hansı yolla həll etməyi planlaşdırır” sualına cavab olaraq  səfir bildirmişdir ki, hazırda bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. 20 ildən artıqdır ki, aparılan sülh danışıqlarına baxmayaraq Ermənistanın tutduğu destruktiv mövqe nəticəsində münaqişə öz həllini tapa bilməmişdir. A.Həsənov qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə xalq qarşısında çıxışında bildirdiyi kimi, Azərbaycan bu gün Ermənistandan çox güclüdür, əgər aparılan danışıqlar bir nəticə verməzsə, Azərbaycan istənilən vasitə ilə işğal olunmuş torpaqlarını azad etməyə hazırdır. Ermənistanın dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən azdır, xarici borcları (4.5 milyard dollar) dövlət büdcəsini iki dəfə üstələyir. Ermənistanda cəmi 1.7 milyon əhali qalmışdır. Azərbaycanda isə 10 milyona yaxın əhali yaşayır. Bu onu göstərir ki, Ermənistan yalnız xarici  havadarlarına arxalanaraq özünü belə sərbəst aparmaqda davam edir.

Səfirliyin giriş zalında Xocalı soyqırımı faktlarını əks etdirən fotostend, kitablar, jurnallar, bukletlər nümayiş etdirilmişdir. Tədbirdə iştirak etmiş şəxslər arasında  faciə ilə bağlı səfirliyin hazırladığı rus, ingilis və tacik dillərində press-reliz, eləcə də müəllifi Səriyyə  Müslümqızı olan “Xocalı uşaqları” əsəri rus və ingilis dillərində diskə yazılmış formada yayılmışdır.

Düşənbədə akkreditə olunmuş diplomatik korpusdan Belarus, Pakistan, Özbəkistan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Qətər, Türkiyə səfirliklərinin diplomatları, Tacikistan Parlamentinin deputatları Turdimatova Nodira Mirzoaliyevna, Nazriyev Musoyabşo, siyasi partiyaların, yerli ictimaiyyətin və Düşənbədə yerləşən Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbirdə KİV nümayəndələrindən “BBC”, “Ozadoqon”, “Ria Novosti”, “Xovar” informasiya agentliyinin nümayəndələri, müstəqil jurnalistlər, “Faraj”, “Samaq” qəzetlərinin müxbirləri, “Tacikistan qadınları” jurnalının, “Radio Vatan”-ın müxbirləri iştirak etmişlər.

 

 

Xalq qəzeti.- 2013.- 28 fevral.- S. 7.