SUMQAYIT 25 İL ƏVVƏL:
fevralın 28-dən 29-na keçən gecə
Tanınmış jurnalist Eyruz Məmmədov
25 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqi
ilə məşğul olur. Onun “28-dən 29-na keçən
gecə”, “Erməni təxribatı”, “Sumqayıtda ermənilərin
qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt hadisələrinin
sirrləri” kitabları nəşr olunub. Əsərləri
rus, alman və ingilis dillərinə tərcümə
olunmuşdur. Eyruz Məmmədov həm də
“Sumqayıtın əks-sədası” tammetrajlı,
“Sumqayıtın əks-sədası-2”, “Sumqayıt” sənədli
filmlərinin ssenari müəllifidir. Sumqayıtda baş verən
hadisələrlə bağlı onun məqalələri
Rusiya, Türkiyə, Almaniya və İngiltərə mətbuatında
çap olunmuşdur. E.Məmmədov Sumqayıtda baş verən
hadisələrlə bağlı redaksiyamıza tədqiqat
materialı göndərmişdir. Qəzetimizin bu sayından
etibarən onu oxuculara təqdim edirik.
Təxribatda Mixail Qarboçovun, DTK-nın və Hərbi-Sənaye Kompleksinin əli vardır.
1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrdən 25 il keçir. Ötən illərə nəzər salsaq, bir çox hadisənin şahidi olarıq. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.Qorbaçovun 1985-ci ildə elan etdiyi “yenidənqurma” siyasəti bəzi respublikalarda birmənalı qarşılanmadı. Ermənistan rəhbərliyi və Qarabağda yaşayan erməni millətçiləri “yenidənqurma”dan tarixi bir şans kimi istifadə etmək niyyətinə düşdülər. Onlar Kremlin dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdilər. İki qonşu respublika arasında münaqişə yarandı, bu da böyüyüb müharibə səviyyəsinə çatdı. Lakin Azərbaycan xalqının qətiyyəti və dəmir iradəsi bu avantürist siyasətin qarşısını mərdliklə aldı. Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, qorudu, xalqı səfərbər edib düşmənlərə öz iradəsini göstərdi. Diplomatik gedişlər edib Ermənistan-Azərbaycan arasında gedən müharibədə atəşkəsə nail oldu. “Əsrin müqaviləsi”nə imza atdı, xarici dövlətlərlə əməkdaşlığı genişləndirdi, Qərbə iqteqrsiya siyasəti önə çəkildi. Hazırda umummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir. Dövlət başçımızın Azərbaycanda apardığı islahatlar onun dünya ölkələri arasında nüfuzunu artırmışdır. Bütün bunlar asan başa gəlməmişdir.
Bu gün Azərbaycan inkişaf
dövrünü yaşayır. 25 il bundan əvvəl isə
Sovetlər Birliyində, o cümlədən Azərbaycanda
xaos, anarxiya baş alıb gedirdi. SSRİ-nin ayrı-ayrı
respublikalarında milli zəmində münaqişələr
baş verir, qarşı tərəflər biri-birinə
düşmən kimi baxırdılar. Bu
münaqişələrin yaratdığı alov Azərbaycanı
da bürüdü. 1988-ci il fevral ayının 28—dən 29-na
keçən gecə Sumqayıtda qan töküldü. Onun
kökünü və mahiyyətini açıqlamazdan əvvəl
onu qeyd etmək lazımdır ki, Sumqayıt SSRİ dövlətinin
bünövrəsinə qoyulmuş bir barıt çəlləyi
oldu. Böyük bir imperiyanı dağıtmaq lazım idi. Bu
işdə, şübhəsiz, Mixail Qorbaçovun da əli
var idi.
İri
dövlətlər, transmilli korporasiyalar, hərbi-sənaye
kompleksi ona təzyiq edir, SSRİ-ni dağıdılması
üçün məsləhətlər verirdilər. Bir
neçə plan hazırlanmışdı. Pribaltika ölkələri,
Orta Asiya respublikaları , Moldava və Qafqaz. Heç
birində ciddi iğtişaşlar törətmək mərkəzin
və kəşfiyyat orqanlarının istəyi kimi
alınmadı. Azərbaycan və Ermənistan arasında olan
münaqişə isə torpaq iddiası ilə
başlandı və onun mümkünsüzlüyünü
anlayandan sonra nəzərdə tutulmuş ssenari həyata
keçirilməyə başlanıldı. Bu,
Sumqayıt idi. Sumqayıt SSRİ-nin iri sənaye şəhəri
kimi tanınırdı. Burada istehsal edilən məhsullar Sovet
İttifaqının 500 şəhərinə və 25 xarici
dövlətə ixrac olunurdu. Bununla belə, burada
yaşayanların vəziyyəti heç də xoşagələn
deyildi. Kimya sənayesi gündən-günə inkişaf edir,
yeni zərərli sex və istehsalatlar işə
salınırdı. Burada çalışan gənc fəhlələr
ekoloji vəziyyətin acınacaqlı olduğundan daim
şikayət edirdilər. Lakin onların şikayətinə
baxan yox idi. İyirmi minə yaxın fəhlə gecəqondularda
yaşayırdı, kriminogen vəziyyət də camaatın
narazılığına səbəb olurdu. On
doqquz min adam ev növbəsinə dayanmışdı. Mənzil
tikintisi sənaye obyektlərinin inşasından geri
qalırdı. Əhalidə Kommunist Partiyasına, hökumətə
qarşı bir etiraz, narazılıq vardı. Camaat öz
iradlarını mitinqlərdə söyləməyə
başladı. Lakin onların sözlərini eşidən
olmadı.
Burada
təxribat törədən qüvvələr, insanları
qızışdıran provakatorlar da vardı. Çox maraqlıdır ki, Sumqayıtda hadisələr
baş verəndə SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi yerli orqanlara hadisələrə qarışmamaq əmrini
vermişdi. Hadisələr zamanı Sumqayıtda 100-ə
yaxın qara gödəkçəli gənclər yeniyetmə
uşaqları iğtişaşlara təhrik edib, cinayət
törədirdilər. Məgər Sumqayıta ekstremist
qrupların gəlişi yerli təhlükəsizlik
orqanlarına məlum deyildimi? Əlbəttə, məlum idi.
Ancaq Moskvadan qadağa vardı. Son nəticəni gözləyirdilər.
Nəticədə isə insan tələfatına yol verildi.
Sumqayıtda baş verən hadisələrin
kökünü, mahiyyətini və qiymətini verməzdən
əvvəl bəzi siyasətçilərin, alimlərin və
tarixçilərin fikrini bilsək pis olmazdı:
Svetlana
Lurye, Yerevan Dövlət Universitetinin elmi işçisi:
“Qarabağ uğrunda mübarizəyə qoşulan andan bu
işlərin Moskvanın icazəsi ilə
aparıldığına əmin idik”, (“Ermənilərin
kütləvi şüurunda Rusiyanın və rusların
obrazı” məqaləsi).
S.Qriqoryants,
Parisdə yaşayan dissident: “SSRİ-nin tarixi
başdan-başa qan içindədir. Cinayətkarlar
və təşkilatçılar hamıya məlumdur. Bəs kimdir günahkar? Əlbəttə
ki, Qorbaçov”. (“Russkaya mısl” qəzeti.
“Qafqazda faciə” məqaləsi.)
Svante
Kornell (ABŞ), Con Xopkins adına Orta Asiya
və Qafqaz Universitetinin baş direktoru: “Qoşunlar konfliktə
qarışmırdılar. Onlar hadisələrə
kənardan laqeydcəsinə baxırdılar. Yeri gəldikdə isə iki etnik qrupu
qızışdırır və ədavət
salırdılar”. (“Dağlıq Qarabağda konflikt:məsələnin həllinin dinamikası və
perspektivi” məqaləsi.)
Aleksey
Zverev, rus politoloqu: “SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi Sumqayıtda hadisələr zamanı
iğtişaşların baş verəcəyindən və qətllərin
törədiləcəyindən xəbərdar idi”. (“Qafqazda mübahisəli sərhədlər” məqaləsi).
Gevorq
Emin, erməni şairi: “Rus xalqına bir o qədər də
vacib deyildir ki, erməni xalqının tarixini bilsin. Rusiya öz tarixinə diqqət yetirməlidir və
onda o, Ermənistanı müdafiə etməli olacaq. Bu iki dövlətin siyasəti həmişə
üst-üstə düşüb. Rusiyanın
Qarabağ problemində mövqeyindən isə çox
şey asılıdır”. (V.Stupişinin
“Mənim Ermənistanda missiyam” məqaləsindən sitat).
Leonid
Borisov, rus politoloqu: “1988-ci ildə ağır faciə baş
vermişdir. Rusiyanın ziyalıları bir milləti
satıb, o biri millətin tərəfinə keçdilər.
Bu, azərbaycanlılara qarşı bir xəyanət
idi”.
N.Boroyan,
erməni tarixçisi: “1918-20-ci illərdə daşnak
hökuməti erməni xalqının güzaranının
yaxşılaşdırılması əvəzinə,
müsəlmanları öz ana torpaqlarından qovmaq və həmin
torpaqları işğal etmək məqsədini
güdürdü”.
Bu ayrı-ayrı politoloq və tarixçilərin fikirləri
idi. İndi
isə bir az keçmişə qayıdaq.
1986-87 -ci illərdə (hadisələrdən xeyli əvvəl
- müəllif ) Moskvada erməni kilsəsinin
qarşısında mütəmadi olaraq mitinqlər
keçirilirdi. Həmin mitinqlərdə özlərini
demokrat adlandıran Çerniçenko, Staravoytova,
Stankeviç, Nuykin, Afanasyev və başqaları
çıxış edir, Dağlıq Qarabağla
bağlı Stalin dövründə ermənilərə
qarşı ədalətsiz qərar verilməsini sübut etmək
istəyirdilər. Antiazərbaycan təbliğatı
gündən-günə artırdı. Və son nəticədə
iki respublika arasında müharibə başlandı...
25 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı
ilə məşğulam. Bu illər ərzində
bir çox məqamlara aydınlıq gətirilib, erməni millətçilərinin
hiyləgər və məkirli siyasətini ifşa etməyə
çalışmışam. 1980-cı
illərin ikinci yarısında Sovetlər Birliyində
demokratiya, aşkarlıq, fikir plüarizmi şüarı
ön plana çəkildi. Kütləvi informasiya vasitələrində
mövcud hakimiyyətin 70 il ərzində
SSRİ-də baş verən neqativ halları, insan
hüquqlarına qarşı haqsızlıqları, mətbuat
üzərində olan senzuranı açıq-aşkar tənqid
etməyə başladılar. Radikal qüvvələr
insanları işdən ayırıb küçələrə
mitinqlərə dəvət etdilər. Zavod
və fabriklərdə tətillər başlandı. Bütün bunların qarşısını almaq
üçün partiya funksionerləri, kommunist rejiminin
saxlanılmasını arzulayanlar ölkədə xaos
yaradanlara qarşı ciddi tədbir görməyi Mərkəzi
Komitədən, M.Qorbaçovdan tələb edirdilər.
Lakin Qorbaçov qəti addımlar
atmırdı. Bütün bunları o,
demokratik hərəkat adlandırırdı. Həmin illər milli respublikalarda SSRİ-nin tərkibindən
çıxmaq şüarları artıq səslənməkdə
idi.
Ermənilər M.Qorbaçovun dəstəyi ilə
Dağlıq Qarbağı Azərbaycan Respublikasından
alıb Ermənistan Respublikasına qatmaq istəyirdilər. Bunun da öz
səbəbi vardı. Rus imperiyası əsrlər
boyu Qafqazı öz nəzarəti altında saxlamağa
çalışmış, Şərqdə təsir dairəsini
genişləndirməyə səy göstərmişdir.
M.Qorbaçov ermənipərəst mövqe tutsa da, bu
problemlə bağlı apardığı gizlin siyasət
düyünə düşmüşdü. Bu problemin həll
olunmasında böyük bir maneə ilə
qarşılaşmışdı. Bu da
Heydər Əliyev idi. Ulu öndərin Siyasi Büroda və
hökümətdə böyük nufuz sahibi olduğunu nəzərə
alan Baş katib M.Qorbaçov ilk illərdə
Dağlıq Qarabağla bağlı məsələni
qabartmırdı. 1987-ci ildə Heydər Əliyev
vəzifədən gedəndən sonra Dağlıq Qarabağ
mexanizmi işə salındı.
M.Qorbaçovun iqtisadi məsələlər üzrə
köməkçisi, akademik A.Aqanbekyan Fransaya ezam olundu. O, Parisdə erməni
elitası qarşısında çıxış etdi və
Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana
verilməsinin mümkün olduğunu sübut etməyə
çalışdı. Bu haqda Parisdə nəşr
olunan “Humanite” qəzeti geniş material dərc etdi. Onu da
qeyd edim ki, bu sətirlərin müəllifi 1990-cı illərin
əvvəllərində “Sumqayıtın əks-sədası”
adlı sənədli filmin çəkilişləri
zamanı Mərkəzi Komitənin katibi, Siyasi Büronun
üzvü, M.Qorbaçovun “yenidənqurma” siyasətinin
baş “memarı” sayılan Aleksandr Yakovlevdən müsahibə
alarkən o, qeyd etmişdir ki, “Aqanbekyan Fransaya getməmişdən
qabaq Qorbaçovun yanında olmuş, Parisdəki
çıxışının tezisləri ilə onu
tanış etmişdir. Qorbaçovdan dəstək
alandan sonra o, Parisdə belə bir bəyanatla
çıxış etmişdir”.
Haşiyə:
Burada bir faktı oxucuların diqqətinə çatdırmaq
istərdim. Aqanbekyanın Fransanın
paytaxtında çıxışından xeyli əvvəl
Dağlıq Qarabağ məsələsi xaricdə erməni
diasporları tərəfindən
qaldırılmışdı. 1987-ci ilin
yazında Yunanıstanın paytaxtı Afina şəhərində
“Erməni məsələsi və türk ekspansionizmi” adı
altında beynəlxalq konfrans keçirilmişdi. Bu konfransda Ermənistan SSR-dən bir neçə
nümayəndə də iştirak etmişdir. Burada Dağlıq Qarabağ probleminə də
toxunulmuşdu. Konfrans belə bir qərar
çıxartmışdı ki, ermənilərin irəli
sürdükləri problem siyasi yolla həll
olunmalıdır".
Göründüyü kimi, Afinada keçirilən konfrans
Dağlıq Qarabağ problemini qabartmaq üçün
atılan ilk addımlardan idi. Aqanbekyanın
çıxışı da təsadüfi deyildi. Onun bu
bəyanatına Azərbaycan xalqı kəskin reaksiya verdi. “Ədəbiyyat və incəsənət”
qəzetində mərhum akademik Ziya Bünyadovun ifşaedici məqaləsi
dərc olundu. Yerlərdə
yığıncaqlar, toplantılar keçirildi. Aqanbekyanın avantürist çıxışı
tənqid olundu. Ermənilər isə istəklərindən
əl çəkmək istəmirdilər. Onlar daha radikal mövqe tutdular. SSRİ
rəhbərliyinə təzyiqlər etməyə
başladılar.
Dağlıq
Qarabağda erməni millətçiləri, Yerevanda
yaşayan və qatı şovinist yazıçılar Zori
Balayan, Silva Kaputikyan, Sero Xanzadyan və başqaları
xalqı itaətsizliyə çağırır,
Dağlıq Qarabağı Azərbaycandan ayırmaq
şüarları küçələrdə gecə-gündüz
səslənirdi.
Həmin illər Moskvada ermənilərin tərəfini
saxlayanlar, onlara maddi və mənəvi dəstək verənlərin
sayı günbəgün artırdı. Rusiyanın
kütləvi informasiya vasitələrində Azərbaycan əlehinə
kəskin yazılar dərc olunur, Dağlıq
Qarabığın tarixən ermənilərə məxsus
olduqlarını sübut etməyə
çalışırdılar. Bu işdə
canfəşanlıq göstərənlərdən Boroviki,
Staravoytovanı, Saxarovu, Burlatskini, Nuykini, Korotiçi, Əlixanyan-Bonneri,
Çerniçenkonu və başqalarını misal göstərmək
olar. Erməni lobbisinin maddi imkanlarına
arxalan və ondan sui-istifadə edən Moskavanın bu “demokrat
qüvvələri” xalqımızın ünvanına
yalan—böhtan yağdırmaqla məşğul idilər.
“Böyük Ermənistan” dövləti yaratmaq
xülyası erməni millətçilərini, radikal
qüvvələri sakitləşdirmir, torpaq iddiası ilə
tez-tez kütləvi informasiya vasitələrində
çıxış edirdilər. Burada
başqa bir misal çəkmək istərdim.
1967-ci ildə
Türkiyədə nəşr olunan “Cümhuriyyət” qəzeti
yazırdı: “Sovet Rusiyasının xarici işlər naziri
Molotov 1945-ci il iyunun 7-də Türkiyəyə
nota verdi. Bu notada Qafqazın şərq vilayətlərindən
Qars, Ərdahan geri istənilir və boğazlarda rus
üstünlüyünü təmin etmək
üçün bir sıra tələblər irəli
sürülürdü. Bu məsələ
də o dövrün qanlı rus imperializminin zəfər məstliyi
türk inamının və cəsarətinin qranit qayasına
toxundu. Almaniyaya qalib gəlsələr də,
Stalin siyasətinə məğlub olan anqlosaksonlar həmin
anlarda Türkiyəyə arxa durmadılar. Elə o zaman Türkiyə xarici işlər naziri
Nurulla Sümər ilə Sovet elçisi Vinoqradov arasında
baş tutmuş aşağıdakı söhbət
maraqlıdır.
Nurulla
Sümər: - Dünya üzünün böyük bir
parçasına sahib olan Rusiyanın doğrudanmı daha
artıq torpağa ehtiyacı vardır?
Vinoqradov:-Torpağa
ehtiyacı olan Rusiya deyil, Ermənistan Sovet Sosialist
Respublikasıdır".
Yaxın
tarixdən daha bir misal çəkmək istəyirəm:
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin
birinci müavini Filip Bobkovun Moskvada “DTK və hakimiyyət”
adlı kitabı çapdan çıxmışdır.
Müəllif həmin kitabda yazır: “Sumqayıtda baş verən dəhşətli
gecələrdən sonra mən tikinti kombinatının fəhləsi
olan bir erməni qadını ilə söhbət etdim. Onun gəlini ağır gün keçirmiş,
oğlu isə yaralanmışdı.
-Siz elə
bilirsiniz ki, Yerevanda olan ziyalılar biz ermənilər
haqqında düşünürlər? - deyə
qadın bildirdi. - Xeyr. Onlar torpaq haqqında
düşünürlər. Dağlıq Qarabağ da
onlara bu məqsəd üçün lazımdır"
Həmin
kitabdan daha bir misal: “Mən bir neçə aydan sonra Moskvada
Ermənistan SSR Nazirlər Soveti sədrinin sabiq birinci
müavini Kirokosyanla görüşdüm. Təqaüddə
idi. O, uzun müddət mənə izah edirdi ki,
Dağlıq Qarabağ onlara nə üçün
lazımdır.
-Bizə torpaq
lazımdır, - dedi.
-Niyə?
- təəccüblə soruşdum.
-Çünki
ermənilər Ermənistandan çıxıb gedirlər,
ona görə ki, torpaqları yoxdur.
- Hara?
-Stavropol
vilayətinə, Sibirə, Mərkəzi Rusiyaya.
-Burada pis
nə var ki?
-Necə
yəni? Millət dağılır. Rusiyanın müxtəlif rayonlarına köçmənin
qarşısını almaq üçün bizə mütləq
torpaq lazımdır".
Artıq şərhə ehtiyac yoxdur.
(ardı var)
Xalq qəzeti.- 2013.- 28 fevral.- S. 7.