Qan yaddaşımız: XOCALI
Azərbaycan Turizm İnstitutunda
Xocalı faciəsinin 21-ci ildönümü
böyük hüznlə
anılmışdır. ATİ-də ilk
dərslər Qarabağ tarixi,
ötən əsrdə ermənilərin dəfələrlə
yurdumuzda törətdikləri vəhşiliklər
və Ermənistan-Azərbaycan münaqişəsini şərtləndirən
səbəblərə həsr olunmuşdu.
Tələbələr 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, eyni zamanda Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri tərəfindən soydaşlarımıza qarşı işlənmiş dəhşətli cinayət faktlarına sadəcə qulaq asmamış, indiyədək bəşəri cinayətə hüquqi-siyasi qiymətin verilmədiyinə öz münasibətlərini bildirmişlər. Anım mərasimində ermənilər tərəfindən bir gecədə yer üzündən silinən qədim şəhərdə 106 qadının, 63 uşağın, büsbütün 8 ailənin qəddarlıqla qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü heç vaxt unutmayacaqlarını, Xocalı soyqırımının tarixin üzqarası olduğunu qətiyyətlə bildirmişlər. Qeyd etmək yerinə düşər ki, “ATİ Media”da fevralın 24-dən Xocalı faciəsinə həsr olunmuş xüsusi video-çarx nümayiş etdirilmişdir. ATİ-nin müəllim və tələbələri anım günündə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmiş və əklil qoymuşlar.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 28
fevral.- S. 4.