MİNGƏÇEVİR: Nur şəhəri nura boyanır...

 

Son vaxtlar buraya heç yolunuz düşübmü? Mingəçeviri tanımaq olmur. Nur şəhəri haqqında indiyəcən çox yazmışıq, çox danışmışıq. Həmişə də xüsusilə qeyd etmişik ki, özünüz gəlin, görün, tanış olun. Bu gün də belədir. Mingəçevir hər gün dəyişir, gözəlləşir. Kiminlə görüşürsən, söhbət edirsən, son vaxtlar görülən işlərdən ürəklə, iftixarla söhbət açır. Nə deyim, uğurlar göz qabağındadır. Bu günlərdə keçən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı söhbət getdi. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsi ilə çıxış etdi.

 

Məruzəçi bildirdi ki, dövlət başçısının göstərişlərini, təklif və tapşırıqlarını özünə fəaliyyət proqramı kimi qəbul edən Mingəçevir şəhəri 2012-ci ildə ölkədə qazanılan uğurlara və yüksək nailiyyətlərə öz töhfəsini verməyə çalışmışdır. Belə ki, ötən il şəhərdə görülmüş iqtisadi və sosial yönümlü tədbirlər nəticəsində ümumi məhsul buraxılışı 344 milyon manat təşkil edərək 23, sənaye məhsulu istehsalı 14, nəqliyyat xidməti 7,3, informasiya və rabitə xidməti 2,3, ticarət və iaşə xidmətləri 7,1 faiz, tikinti-quraşdırma işləri 3,1 dəfə artmışdır.

Dövlət Proqramına uyğun olaraq şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında mövcud 8 enerji bloku yenidən qurulmuş, onların hər birinin gücü orta hesabla 70-90 meqovat artmışdır. İnşa olunan ehtiyat mazut çənlərinin tikintisi başa çatdırılmış və həmin sahədə tamamlama işləri görülür.  Stansiyanın tələbatına uyğun quraşdırılan 2 saylı suötürücü tuneldə işlər davam edir. Müəssisədə 2012-ci ilin yekunu üzrə 8,1 milyard kilovat saat elektrik enerjisi istehsal olunmuş və qabaqkı illə müqasiyədə 1,8 milyard kilovat saat və ya 29 faiz artmışdır. İl ərzində işçilərin orta aylıq əmək haqqı 458 manat təşkil etmişdir.

“Mingəçevir SES silsiləsi” MMC-yə daxil olan Mingəçevir SES-də mövcud 6 hidroaqreqatdan 4-ü yenidən qurulub, birində hazırda yenidənqurma işləri aparılır. Varvara SES-də mövcud 3 hidroaqreqatda da yenidənqurma işləri uyğun davam etdirilir. Təkcə keçən il stansiyada 755 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. Orta aylıq əmək haqqı 333 manat olub.

Daha sonra Niyazi Bayramov bildirmişdir ki, Mingəçevir şəhərinin sənaye müəssisələrində 3007 nəfər işlə təmin olunmuşdur. İl ərzində həmin müəssisələrdə 173,8 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bunun da 16,8 milyon manatlığı özəl sektorun payına düşür.

Ümumiyyətlə, regionların inkişafı ilə bağlı qəbul edilmiş ikinci Dövlət Proqramına uyğun olaraq hesabat ilində şəhər ərazisində geniş abadlıq, quruculuq, tikinti və təmir işləri aparılmışdır. İl ərzində şəhərin 60, 61, 75, 76, 86, 87, 91, 102 və 112-ci məhəllələrin yollarına və səkilərinə 108 min, küçə və prospektlərinə isə 32 min kvadratmetr asfalt örtük salınmış, 8,4 kilometr uzunluğunda yol-səki daşları düzülmüşdür. Hesabat ilində şəhərin “Sahil”parkı əsaslı yenidən qurulmuş, yeni Bayraq Meydanı inşa edilmiş, şəhərin girişində yollar genişləndirilmiş, işıq dirəkləri quraşdırılmış, yeni səkilər salınmışdır.

İl  ərzində görülmüş abadlıq işləri nəticəsində 2 ədəd yeni fəvvarə inşa edilmiş, 36 min kvadratmetr bina fasadı rənglənmiş, 675 ədəd yeni işıq dirəyi quraşdırılmışdır, 14 min kvadratmetr şifer və metal kiramit dam örtüyü əsaslı təmir olunmuş, 14 min kvadratmetr döşəmə daşı düzülmüş, 200-dən çox oturacaq və zibil qabı quraşdırılmış,  2 mindən çox xaricdən gətirilmiş dekorativ ağac və gül kolu əkilmişdir. Ümumilikdə ötən il ərzində şəhərdə aparılmış abadlıq və quruculuq işləri 6 milyon vəsait xərclənmişdir.

Dövlət tərəfindən ayrılan vəsait hesabına 6 və 11 nömrəli məktəblərdə əsaslı təmir işləri aparılmış, 3 nömrəli məktəbin əlavə tədris korpusu tikilmişdir, 1 nömrəli uşaq bağçası-körpələr evində isə aparılan əsaslı təmir artıq yekunlaşmaq üzrədir.

Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə bağlı şəhərin elektrik verilişi şəbəkələrində təmir və yenidənqurma işləri davam edir. Əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurulması başa çatmaq üzrədir. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanmışdır.

Şəhər elektrik şəbəkəsi tərəfindən 2012-ci il ərzində 5 ədəd transformator dəyişdirilmiş, 7 ədəd əsaslı, 15 ədəd transformator cari təmir olunmuşdur. Şəhər yarımstansiyalarında 34 ədəd elektrik ayrıcısı, əhali sektorunda 757 ədəd sayğac quraşdırılmışdır.

Mingəçevir Qaz İstismarı Sahəsi tərəfindən 2012-ci ildə 559 abonentin mənzilinə qaz xətti çəkilmiş və ümumi əhali sektorunda abonentin sayı 23478-ə çatdırılmışdır.

Az İES yaşayış massivində məskunlaşmış 412 köçkün ailəsinin mənzillərinə qaz xətti çəkilmişdir. Əsasən fərdi evlərə 40 kilometrdən yuxarı qaz xətti çəkilmiş və müxtəlif ölçülü siyirtmələr quraşdırılmışdır.

Mingəçevir Su Kanal idarəsinin xidmətində olan 175.6 kilometr su şəbəkəsinin və 146 kilometr kanalizasiya şəbəkəsinin əsaslı yenidən qurulmasına  başlanmışdır. 2012-ci ildə plastik borularla 60 kilometr uzunluğunda su xətti çəkilmiş, 12 ədəd su hidrantı, 83 ədəd siyirtmə quraşdırılmışdır. Bu müddətdə 74 kilometr kanalizasiya xətti çəkilmiş, 1200 ədəd kanalizasiya nəzarət-baxış quyusu quraşdırılmışdır.

2012-ci ildə şəhər təsərrüfatı müəssisələri - Mənzil Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, İşıqlanma və “Fərdi yaşayış sahələrinə xidmət” idarələri öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmuş, əhalinin qarşılaşdığı bütün problemləri  qısa müddətdə həll etməyə nail olmuşlar.

2012-ci ildə onlarca yeni istehsal sahələri yaradılmış və ya fəaliyyəti bərpa edilmiş, ticarət və xidmət sahələrinin əhatəsi genişlənmiş, xidmətin səviyyəsi yüksəlmişdir.  Görülən işlərin nəticəsində il ərzində şəhərimizdə 1038 iş yeri açılmışdır.

Məruzəçi xüsusi vurğulamışdır ki, 2012-ci ilin təhlili göstərir ki, qabaqkı illərdə olduğu kimi, sahibkarlığın inkişafı ölkə prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqaməti olaraq qalmaqdadır. Sahibkarlar sinfinin formalaşması üçün hüquqi bazanın yaradılmasına dövlət hərtərəfli dəstək verir və lazımi köməklik göstərir. Ölkədə 2009-2015-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı uğurla icra olunur. Hazırda sadələşdirilmiş qeydiyyat prosedurlarından istifadə edən yerli sahibkarların sırası artmaqda davam edir. İl ərzində şəhər sahibkarlarının sırasına 618 fiziki şəxs, 32 hüquqi şəxs qoşulmuşdur. Hesabat ilində sənayenin qeyri-dövlət sektorunda çalışan işçilərin sayı 15 faiz artmış, 17 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Keçən il yerli iş adamlarına 24 milyon manat kredit verilmişdir.

2012-ci il ərzində əhalinin sosial müdafiəsi məsələləri dövlətin iqtisadi siyasətində əsas istiqamətlərdən olmuş və bu sahədə müntəzəm olaraq məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Mingəçevir şəhəri üzrə hesabat ilində 7375 nəfər üzvu olan 1639 ailəyə ünvanlı sosial yardım verilmiş, 4709 nəfərə aylıq sosial müavinət ödənilmiş, 476 tənha, ahıl yaşlı və əlil insana 40 sosial xidmət işçisi tərəfindən evlərdə müvafiq xidmət göstərilmişdir. Təqaüdlərin ödənilməsinə il ərzində 29.5 milyon manat vəsait xərclənmişdir.

Şəhərdə məskunlaşmış 20316 nəfər və ya 5447 köçkün ailəsinin gündəlik problemlərin daim şəhər icra hakimiyyətinin diqqət mərkəzində olduğunu qeyd edən natiq göstərdi ki, məcburi köçkünlərin məskunlaşdığı tikililərin dam örtüklərinin və kanalizasiya xətlərinin təmiri, elektrik enerjisi və su təchizatı sahəsində yaranan problemlər dərhal həll edilmişdir. Vaxtaşırı məcburi köçkünlər, təmsil edən rayonların səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilmiş, onlarla birlikdə köçkünlərin sosial-məişət problemlərinin həlli yolları müzakirə edilmiş və müvafiq tədbirlər görülmüşdür.

Dövlət Proqramına uyğun olaraq şəhərin orta məktəblərində və fin qəsəbəsində məskunlaşmış 503 ailənin köçürülməsi üçün 8 hektar torpaq sahəsi ayrılmış və 9 mərtəbəli 10 bina inşa edilmiş, məktəb, bağça və digər sosial obyektlər tikilmişdir.

İcra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər həyatının digər sahələri ilə yanaşı təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrinin də inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülən işlərə də toxunmuşdur. Bu məsələlərə xüsusi yer ayıran məruzəçi Mingəçevir təhsilinin və səhiyyəsinin daha da inkişaf etdirilməsi üçün xeyli məsələnin həll olunmasını önə çəkmişdir. Sonra natiq mədəniyyət və turizm şöbəsi tərəfindən görülmüş işləri sadalamış, Mingəçevir idmançılarının əldə etdiyi uğurlardan danışmışdır. Bildirmişdir ki, il ərzində boks, cüdo, yunan-Roma güləşi üzrə respublika birinciliklərində idmançılar 25 birinci, 12 ikinci, 16 üçüncü yer üzrə nailiyyətlər qazanmış, beynəlxalq yarışlarda iki qızıl, bir gümüş və bir bürünc medala layiq görülmüşlər.

Məruzə ətrafında müzakirələrdə çıxış edən digər natiqlər də fərəh hissi ilə bildirmişlər ki, keçən il, sözün həqiqi mənasında, Mingəçevir üçün uğurlu olmuşdur. Onlar göstərmişlər ki, bu gün görülən işlər bir daha onu göstərir ki, nur şəhəri getdikcə daha da gözəlləşəcək, yeni-yeni uğurlara imza atacaqdır. Yığıncağın işində Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak və çıxış etmişdir.

        

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2013.- 1 mart.- S. 10.