Yardımlıda 2012-ci ilin yekunları müzakirə olundu

 

Rayon rəhbərliyinin, ayrı-ayrı idarə, müəssisə və təşkilat nümayəndələrinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında deməyə sözləri çox idi. Çünki aylar öncə rayona yeni rəhbərliyin təyin olunması ilə Yardımlıda sözün əsl mənasında canlanma yaranmış, sosial sahənin inkişafına diqqət artırılmış, mövcud problemlərin çözümü üçün zəruri addımlar atılmış və ilk fərəhli uğurlar da qazanılmışdır.

 

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra mədəniyyət evinin foyesində rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanışlıq oldu.

Toplantıda icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun məruzəsi maraqla dinlənildi. O qeyd etdi ki, ötən il rayonda inkişaf sürətlənmiş, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində mühüm infrastruktur layihələr həyata keçirilmişdir. Rayon üzrə 77,6 milyon manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 19 faiz çoxdur.

Bu dövrdə  rayonda 581 min manatlıq sənaye,  24 milyon 513 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə  43 milyon 14 min  manatlıq ticarət, 1 milyon 135  min  manatlıq nəqliyyat, 241 min 300 manatlıq rabitə xidməti göstərilmişdir. Mal-qaranın sayı  27 min 833 başa, davarların sayı isə 79 min 958 başa çatdırılmış,  28 min 802  sentner ət və 144 min 146 sentner süd istehsal olunmuşdur.

Rayonda taxıl istehsalına dair tədbirlərin ardıcıl olaraq həyata keçrilməsi nəticəsində  3 min 667 hektar  sahədən 66 min 477 sentner məhsul istehsal edilmişdir. Bu dövrdə 842 hektar sahədən 76 min 380 sentner kartof, 146 hektar sahədən 20 min 941 sentner tərəvəz və 264 hektar sahədən 5 min 150 sentner meyvə toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə taxıl istehsalı  2 min 687 sentner, kartof 2 min 646  sentner, meyvə istehsalı isə 1357 sentner artmışdır.

Rayonda  tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Yardımlı şəhərinin girişindən başlayaraq yolun hər iki tərəfində istinad divarları  hörülmüş, həmin istiqamətdə yollar genişləndirilmiş,  piyada səkiləri tikilmiş, küçə işıqları quraşdırılmışdır.

Şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, Məharət Mirzəyev, Sabir, Füzuli, Vəli Məmmədov küçələrində abadlıq və yolların təmiri işləri həyata keçirilmişdir.  Hesabat ilində YAP rayon təşkilatı və statistika idarəsi üçün yeni inzibati binalar, vergi terminalı inşa olunmuşdur, polis şöbəsinin yeni inzibati binasında isə  tikinti işləri davam etdirilir. Yardımlı şəhərində “Şəhidlər” abidə-kompleksi yenidən qurulmuşdur. Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq yeni park və 720 kvadratmetr  ərazidə Heydər Əliyev Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Mədəniyyət və istirahət parkındakı fəvvarə müasir formada yenidən qurulur.

Məruzəçi dedi ki, yaxın vaxtlarda şəhərdə Olimpiya İdman Kompleksinin və “Gənclər evi”nin  tikintisinə başlanacaq. Şəhərə su və kanalizasiya xətlərinin çəkilməsinə başlanılmışdır. İşlər başa çatdıqdan sonra  əhalisinin sayı 7 min 50 nəfər olan Yardımlı şəhərinin sakinləri 24 saat içməli su ilə təmin olunacaq.

Əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə Odrağaran və Alçabulaq  kəndlərində artezian quyuları qazılmışdır.  Ötən il Əngüvül kəndində  42 abonentə təbii qaz verilmiş, Bozayran, Bilnə kəndlərinə və rayonun Ünəç küçəsinə qaz xətlərinin çəkilişinə başlanmış və abonentlərinin sayı 440 olan bu 3 yaşayış məntəqəsinin qazlaşdırılmasını mart ayında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Bu dövrdə 41 kilometrə yaxın yola çınqıl tökülmüş, 19 kilometr yol isə 6 metrədək genişləndirilmişdir. Uzunluğu 3 kilometr olan Yardımlı-Ostayir kənd yolunun yenidən təmiri reallaşdırılır. Urağaranda altı min nəfər əhalisi olan yeddi yaşayış məntəqəsini birləşdirən, eni 6, uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilmiş, kəndin digər körpüsü təmir olunmuşdur. Teşkan kəndində yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilmişdir. Horavar və Sırıq kəndləri arasında, Viləş üzərində yeni avtomobil körpüsünün tikintisinə isə yaxın vaxtlarda başlanacaq.

Rayonun 3 kəndində yeni elektron ATS-lər, daha bir kənddə 8 ədəd peyk telefonu quraşdırılmışdır. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş 16 mənzilli bina tam telefonlaşdırılmışdır. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə Yardımlı-Masallı-Lerik yüksək gərginlikli hava xətti çəkilir.

Dövlət Proqramına uyğun olaraq ötən il  80 yerlik Gendərə və Gügavar kənd ümumi orta, 360 yerlik Kürəkçi və 220 yerlik Şəfəqli kənd tam orta məktəbləri, həmçinin 55 yerlik Çayüzü uşaq bağçası istifadəyə verilmişdir. 220 yerlik Alçabulaq, AvaşOstayir, 360 yerlik Zevin, 180 yerlik Anzov, 80 yerlik Zenqaran,  Solqard  Fındıqlı Qışlaq məktəblərində, həmçinin 55 yerlik Yolocaq uşaq bağçasında isə tikinti işləri davam edir.  Hesabat yığıncağında çıxış edənlər ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak etmişdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2013.- 1 mart.- S. 10.