Xətai rayonu
yeni uğurlara səfərbər olur
Bu gün müstəqil Azərbaycan
təkcə regionun deyil, həm də dünyanın sabit
inkişaf tempinə malik, möhkəm və qüdrətli
dövlətinə çevrilməkdədir. Tarixə
qovuşan hər il ölkəmizin həm iqtisadi, həm
siyasi, həm də mədəni həyatına öz töhfələrini
verməklə onun qüdrətini daha da artırır,
xalqımızın sosial rifah halı durmadan
yaxşılaşır, ölkə başdan-başa
libasını dəyişir, müasirləşir və əsl
mənada gözəlləşir.
Şübhə
yoxdur ki, gələcək nəsillər tarixə qovuşan
müstəqillik illəri sırasında 2012-ci ili də
mühüm əhəmiyyət daşıyan bir çox
uğurları ilə xatırlayacaqlar. Azərbaycanın
dünya birliyinin tam hüquqlu dövlətlərindən biri
kimi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi, Bakıda çox böyük
siyasi əhəmiyyət daşıyan “Avroviziyon-2012” mahnı
müsabiqəsinin uğurla keçirilməsi,
idmançılarımızın “İdman ili” çərçivəsində
London Yay Olimpiya oyunlarında yüksək nəticə
göstərərək ikisi qızıl olmaqla 10 medal
qazanmaları, dünyada ilk dəfə keçiriləcək
Avropa Yay Olimpiya oyunlarının Bakıya salınması,
tarixdə ilk dəfə ölkəyə ən
böyük-22 milyard dollar investisiya yatırılması,
strateji valyuta ehtiyatlarının 46 milyard dolları keçməsi,
sahibkarlığın inkişafı üçün 218
milyon manat güzəştli kreditin verilməsi, xarici ticarət
dövriyyəsinin 39,5 milyard dollara çatması, Dünya
İqtisadi Forumunun hesabatında ölkəmizin dünyanın
50 ən rəqabətqabiliyyətli iqtisadiyyat qrupuna daxil edilməsi
və son üç ildə olduğu kimi, yenə də MDB
ölkələri arasında birinci olması, Azərbaycanın
yüksək insan inkişafına malik dövlətlər
sırasına, kosmik olkələr cərgəsinə
qoşulması, qeyri-neft sektorunda artımın 9,7 faiz təşkil
etməklə ümumi daxili məhsulda payının 52,7 faizə
çatması, 100-dək sənaye müəssisəsinin
istifadəyə verilməsi, yeni Regional İnkişaf
Proqramına start verilməsi, enerji potensialının sürətlə
artması və sair uğurlar məhz tarixə qovuşan
2012-ci ilin payına düşür.
Respublikamızın
nəqliyyat, energetika, kənd təsərrüfatı
infrastrukturunun yenidən və ən müasir tələblər
səviyyəsində qurulması, Milli Ordunun möhkəmləndirilməsi,
müdafiə sənayesinin yaradılması və sürətlə
inkişafı, təhsildə, səhiyyədə
köklü islahatların aparılması və bir çox
digər işlər, şübhəsiz bir mərama, bir məqsədə
- müstəqil Azərbaycanın dünyanın qabaqcıl
dövlətinə çevrilməsinə xidmət edir.
Ölkə
üzrə müsbət göstəricilərin əldə
edilməsində Bakının ən böyük sənaye
rayonlarından sayılan Xətai rayonunun da iqtisadi
potensialı, sənaye və energetika infrastrukturu müəyyən
pay sahibidir. Belə ki, 2012-ci ilin yekunlarının təhlili
rayonda sənayenin dinamik inkişaf etdiyini göstərir. Bu
müddətdə 1 milyard 87 milyon 590 min manatlıq məhsul
istehsal olunmuş və xidmətlər göstərilmişdir
ki, bu da 2011-ci illə müqayisədə 15,9 faiz çoxdur.
Satılmış istehlak mallarının və göstərilmiş
pullu xidmətlərin həcmi 0,5 faiz, pərakəndə əmtəə
dövriyyəsi 0,4 faiz artmışdır. İl ərzində
bütün mənbələr hesabına əsas kapitala əvvəlki
ildəkindən 8,8 faiz çox, yəni 542 milyon 118,5 min manat
investisiya qoyulmuşdur.
Ötən
il rayonun tikinti təşkilatlarının vəsaitləri hesabına
yerinə yetirilən podrat işlərinin həcmi əvvəlki
ilə nisbətən 21 faiz, nəqliyyat xidməti 24,8 faiz,
rabitə xidməti isə 2,9 faiz artmışdır. Etiraf etmək
lazımdır ki, milyonlarla vəsaitin yönəldildiyi sahələrdə
işlərin inkişaf tempi sürətlə getdiyindən rayonun
ümumi mənzərəsi də günbəgün dəyişir,
sakinlərin gündəlik məişət problemləri bu dəyişən
şəraitə uyğun olaraq daha tez və operativ həll
olunur.
Əhalinin
sosial rifah halının durmadan yaxşılaşmasını
göstərən reallıqlardan biri də onların pul gəlirlərinin
ildən-ilə artmasıdır. Hesabat dövründə
rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin
orta aylıq əmək haqqı ötən ildəkindən
7,7 faiz artaraq 545,4 manata çatmışdır. Sahələr
üzrə göstəriciyə nəzər salsaq görərik
ki, bu, sənayedə 17,8 faiz artaraq 510,8 manat, tikinti kompleksində
9,7 faiz artaraq 567,5 manat, rabitədə 10,7 faiz artaraq 1007,1
manat, nəqliyatda isə 21,5 faiz artaraq 784,1 manat olmuşdur.
Əlbəttə,
bu işdə dövlət başçısının
ölkədə işsizliyin aradan qaldırılması ilə
bağlı qarşıya qoyduğu vəzifələrin
uğurla yerinə yetirilməsi də öz müstəsna təsirini
göstərməkdədir. Xüsusi qeyd edilməlidir ki,
sahibkarlığın inkişaf etdirilməsi və göstərilən
dövlət dəstəyi nəticəsində 2012-ci ildə
rayonda daimi olmaqla 5436 yeni iş yeri
açılmışdır. 2003-cü ildən ötən
ilin sonuna qədər isə 28692 yeni iş yeri
yaradılmışdır ki, bunun da 28486 -sı daimi iş
yerləridir.
Ölkə
rəhbərliyinin əhalinin rifah halının
yaxşılaşdırılması və sosial müdafiəsinin
gücləndirilməsi naminə ardıcıl surətdə
həyata keçirdiyi dövlət proqramları və tədbirlər
vətəndaşların gündəlik sosial həyat tərzini
kökündən dəyişmiş, onların dövlətə
olan inamını daha da möhkəmləndirmişdir. Ona
görə də Xətai rayonunda pensiyaların, sosial
müavinətlərin və ünvanlı sosial
yardımların ödənilməsində gecikmə
hallarının qarşısının alınması, məcburi
dövlət sosial sığorta haqqı üzrə
sığorta olunanlar barədə məlumatların emalı
üçün tədbirlər görülmüş və
bu vacib məsələlər diqqətdə
saxlanılmışdır.
Son
bir neçə ildə Xətai rayonunda sürətlə
genişlənən tikinti-abadlıq işləri də diqqəti
cəlb edir. Prezident İlham Əliyevin təşəbbüsü
və tapşırıqları ilə hazırlanan və
uğurla icra olunan layihələr Bakı şəhərinin,
eləcə də Xətai rayonunun simasını
kökündən dəyişmişdir. Son illər təkcə
respublika əhalisi yox, xarici ölkələrdən gələn
qonaqlar da Bakı şəhərinin və ətraf qəsəbələrin,
eləcə də respublikamızın regionlarının
sürətlə inkişaf edərək öz
simalarını dəyişmələrini nəzərdən
qaçırmır və bunu Bakı haqqında təəssüratlarında
xüsusi qeyd edirlər.
Rayonun
küçə və prospektlərinin, park və
meydanlarının yenidən tikilməsi, əhalinin mədəni
istirahətinin təşkili məqsədilə 2006-cı ildən
başlayaraq həyata keçirilən geniş miqyaslı
yenidənqurma və abadlaşdırma işləri hesabat
dövründə də davam etdirilmişdir. 2011-ci il dekabrın
24-də Prezident İlham Əliyev və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı
ilə təməl daşı qoyulan “Bakı Ağ şəhər”
layihəsinin inşası da hesabat dövründə sürətlə
aparılmış, bu ərazinin
yaxınlığındakı Boks Federasiyasının, Xocalı
prospektində və İzzət Orucov küçəsində
iş mərkəzlərinin, Nəcəfqulu Rəfiyev
küçəsində Belarus səfirliyinin binasının
tikintisi davam etdirilmiş, Nobel prospektində “Yeni həyat ”
yaşayış kompleksində işlər başa
çatdırılmışdır. Dövlət
başçısının xüsusi önəm verdiyi
“2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı” ilə yanaşı, son illərdə
reallaşdırılan digər proqram və layihələr də
rayonun sosial-iqtisadi inkişafının daha da sürətlənməsi
və 2012-ci ildə bir sıra sahələrdə yüksək
göstəricilərin əldə olunması ilə nəticələnmişdir.
Ötən müddətdə Dövlət Proqramı və
ona edilmiş əlavəyə uyğun olaraq Xətai rayonunda
həyata keçirilməsi nəzərdə tutulan 88 tədbirdən
30-nun icrası təmin olunmuş, 18 tədbir üzrə
işlər davam etdirilmiş və 40 tədbir isə cari ildə
həyata keçiriləcək.
Dövlət
Proqramı çərçivəsində əsaslı təmir
olunmuş 251 saylı körpələr evi-uşaq
bağçasının açılış mərasimində
Prezident İlham Əliyev şəxsən özü
iştirak iştirak etmişdir. Hazırda 6 uşaq
bağçasında təmir işləri davam etdirilir.
Dövlət
Proqramına uyğun olaraq 4 səhiyyə müəssisəsində
əsaslı təmir işləri başa
çatdırılmış, rayon icra hakimiyyəti tərəfindən
Əhmədli qəsəbəsindəki 14 saylı
poliklinikanın binası sökülərək qısa vaxtda
yerində müasir tələblərə cavab verən xəstəxana-poliklinika
tikilib istifadəyə verilmişdir. Azərbaycan Prezidenti
İlham Əliyev Əhmədli qəsəbəsindəki bu səhiyyə
müəssisəsinin, həmçinin əsaslı təmirdən
sonra Respublika Neyrocərrahiyyə xəstəxanasının
açılışlarında iştirak etmiş və
görülən işləri yüksək qiymətləndirmişdir.
Ötən
il rayonun Heydər Əliyev prospekti ilə Babək prospektini
birləşdirən yol qovşağı genişləndirilmiş,
yaxınlıqdakı Ələddin Quliyev küçəsində
yenidənqurma və abadlıq işləri aparılaraq burada
yeni park salınmış, yeni il ərəfəsində
Prezident İlham Əliyev bura baxış keçirmişdir.
Abadlaşdırma layihələri
çərçivəsində Nobel prospekti, Fəzail Bayramov
və A.Cəlilov küçələri boyunca
yaşayış binalarının fasadlarının üzlənməsinə
başlanmış, üç binada işlər başa
çatmış, digər ünvanlarda isə davam etdirilir. Həmçinin
Y.Səfərov küçəsində binanın
yanındakı boş sahədə ərazinin
memarlığına cavab verən şəbəkəli
arkanın tikintisi başa çatdırılaraq yeni
işıqlandırma sistemi quraşdırılmış,
Nobel prospektində isə yaşayış binalarının
arasındakı boş ərazidə başlamış yeni
arka tikintisində isə son tamamlanma işləri
aparılır.
Bununla
yanaşı, Nobel prospektində F.Bayramov, A.Cəlilov və
Y.Səfərov küçələrində 8
yaşayış binasının yararsız vəziyyətdə
olan dam örtüklərinin yeni, mansard tipli dam örtükləri
ilə əvəz olunmasına başlanmışdır. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış Xidmətinin
rayon idarəsinin inzibati binasında, Qafqaz küçəsi,
45 ünvanda yanğın nəticəsində yararsız vəziyyətə
düşmüş iki mərtəbəli yaşayış
evində təmir işləri aparılmış,
binaların fasadları təmir olunmuş, dam örtükləri
yenidən qurulmuşdur.
Rayonun
Şıxlinski küçəsi ilə Gəncə prospekti
arasındakı yamacın sürüşməyə
meyilliliyinin müşahidə edilməsi bu ərazidən
keçən mərkəzi istilik xəttinin fəaliyyətinin
dayandırılmasına səbəb olmuşdur. Buna baxmayaraq,
bu ərazidəki 9 istilik məntəqəsinin qazanxanaya
çevrilməsi ilə əlaqədar görülən
işlər istilik təminatı dayandırılmış
uşaq bağçalarının, səhiyyə müəssisəsinin
və 91 yaşayış binasının istilik sisteminin bərpa
olunmasına imkan vermişdir.
Bakı
şəhərində mövcud olan liftlərin 40 faizə qədəri
Xətai rayonundadır. Artıq ötən ildən
başlayaraq rayonda istismar müddəti başa
çatmış liftlərin yeniləri ilə əvəz
olunması istiqamətində işlərə start verilib.
Rayonun
sanitar təmizliyi və yaşıllaşdırılması
ilə bağlı görülən işlər də qənaətbəxş
olmuşdur. Belə ki, mərkəzi küçə və
prospektlərdən küçə ticarətinin ləğv
edilməsi, rayon ərazisində keçirilən kənd təsərrüfatı
məhsullarının satış yarmarkalarının təşkili
daim nəzarətdə saxlanılmış, burada sanitar təmizliyə,
qiymət intizamına nəzarət gücləndirilmişdir.
2012-ci ildə Nobel prospekti, Zığ yolu, Ramiz Quliyev, Yusif Səfərov
küçəsi, Xocalı və Babək prospekti boyunca
salınan yaşıllıqlar, həmin küçə və
prospektlərdəki piyada yollarının böyük bir hissəsinə
döşənmiş müasir plitələr, binaların
kommunikasiya xətlərinin əsaslı və ya cari təmir
olunması da həm sakinləri razı salmış, həm də
rayonu da gözəlləşdirmişdir.
2012-ci
ildə rayonun mədəni həyatında görülən
işlər də qənaətbəxş
olmuşdur. Belə ki, hesabat dövründə rayondakı 3
saylı uşaq evinin Buzovna qəsəbəsində 120 yerlik
yay istirahət düşərgəsi Heydər Əliyev Fondu
tərəfindən müasir tələblər səviyyəsində
tikilib istifadəyə verilmişdir. Yeni ilqabağı bu
uşaq evinin sakinləri ilə görüşən Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşaq
evinin əsas binasının da fond tərəfindən əsaslı
təmir olunacağını bildirmişdi.
Hazırda
fond tərəfindən Neapol küçəsi, 11
ünvanında akademik Zərifə xanım Əliyeva
adına uşaq bağçası inşa olunur.
Ötən
il rayondakı Neft Kimya Prossesləri İnstitutu da əsaslı
təmir olunmuş, 2012-2013-cü dərs ilində həmin
binanın bir hissəsində yeni yaradılmış Ali Neft Məktəbi
fəaliyyətə başlamışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin
inkişafı ilə əlaqədar təsdiqlədiyi
proqramlar çərçivəsində həyata keçirilən
islahatlar, ölkənin birinci xanımı, millət vəkili
İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət
obyektlərinin yeniləşməsi sahəsində gördüyü
işlər və milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasına dövlətimizin qayğısı
yerli strukturların rəhbərlərindən də bu sahələrin
inkişafına daha diqqətlə yanaşmağı və
qayğı göstərməyi tələb edir.
Buna
yüksək səviyyədə əməl edən Xətai
rayon icra strukturları təhsilin keyfiyyətinin yüksəldilməsi
istiqamətində bir sıra ardıcıl tədbirlər həyata
keçirmiş və nəticədə, rayon son illərdə
olduğu kimi, 2012-ci ildə də ali məktəblərə
qəbul üzrə yüksək nəticələr göstərərək
birincilər sırasında olmuşdur. Belə ki, 2011-2012-ci tədris
ilində rayonun orta təhsil məktəblərinin məzunlarının
60,9 faizi ali məktəblərə qəbul olunmuş, onlardan
297 nəfəri 500-700 arası bal toplamışlar. Rayonda ali
məktəblərə qəbul Bakı şəhəri
üzrə göstəricidən 9,7 faiz çox olmuşdur.
Bu dövrdə rayonun 5 məzunu orta məktəbi
qızıl medalla bitirmiş, Prezident təqaüdünə
layiq görülən 102 nəfər tələbədən
isə 9 nəfəri Xətai rayonunun yetirmələri
olmuşdur.
Hesabat ilində rəsmi dövlət
bayramlarının, ictimai-siyasi diqqət kəsb edən digər
tarixi hadisələrin qeyd olunmasına xüsusi əhəmiyyət
yetirilmişdir. 20 Yanvar faciəsinin, Xocalı
soyqırımının ildönümü ilə əlaqədar
xüsusi sərəncamlarla tədbirlər keçirilmiş,
hər iki hadisənin qurbanları, şəhid olanların ailələri
ilə rayon icra hakimiyyətində görüşlər təşkil
olunmuş, onlara müxtəlif maddi yardımlar göstərilmişdir.
2012-ci
ildə ölkə Prezidentinin sərəncamı ilə Yerli
İcra Hakimiyyətləri haqqında yeni Əsasnamə təsdiq
edilmişdir. Həmin əsasnamə ilə yerli orqanların səlahiyyət
və vəzifələri artırılmışdır. Bu sərəncama
əsasən Xətai Rayon İcra Hakimiyyəti
başçısının yanında fəaliyyət
göstərən Şuranın 10 sentyabr 2012-ci il tarixli qərarı
ilə rayonun inzibati ərazi dairəsi ilə əhatə
olunmayan yerlərində 4 sahə inzibati ərazi dairəsi
üzrə nümayəndəlik yaradılmışdır.
Hazırda həmin nümayəndəliklər fəaliyyətə
başlamış, ərazilərindəki mənzil təsərrüfatlarının
qeydiyyatı kitablarının işlənilməsinə
başlamışlar. Rayonda mövcud olan sosial problemlərin
aradan qaldırılmasında və intensiv quruculuq işlərinin
aparılmasında bu nümayəndəliklərin fəaliyyətinə
böyük ümidlər bəslənilir.
Son
illər beynəlxalq ictimaiyyətin diqqətini çəkmək
üçün ənənəvi qardaşlaşmış
şəhərlər və rayonlar layihələri də yeni
vüsət almağa başlamışdır. Ötən
ilin iyul ayında rayon icra akimiyyətinin 10 nəfərlik
nümayəndə heyəti Belarus Respublikasının
paytaxtında rəsmi səfərdə olmuş, Minsk şəhərinin
Leninsk rayonu ilə Xətai rayonu arasında qardaşlıq
müqaviləsi imzalanmışdır. Belə bir müqavilə
Türkiyənin Tarsus şəhəri ilə də
imzalanmış və keçən il həmin şəhərin
rəhbərliyi səviyyəsində nümayəndə heyəti
Xətai Rayon İcra Hakimiyyətində olmuşdur. Hazırda
hər iki şəhərlə qardaşlıq münasibətlərinin
daha da genişləndirilməsi məqsədilə
hazırlanan xüsusi proqramlar əsasında işlər davam
etdirilir. Bu münasibətlə rayonun Rahib Məmmədov
küçəsində sakinlər tərəfindən zəbt
edilmiş yaşıllıq sahələri təmizlənmiş,
bu ərazidə yeni qardaşlaşmış şəhərlər
parkının tikilməsinə
başlanılmışdır. 15 min kvadratmetr sahəni əhatə
edən bu ərazidə tikilən park şəhərimizin ən
müasir parklarından biri olacaqdır.
Hesabat
dövründə rayon ərazisində yaşayan
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılmasına diqqət
artırılmış, rayon icra hakimiyyətinin nəzdində
fəaliyyət göstərən digər komissiyaların
işi xeyli yaxşılaşdırılmış,
hüquq-mühafizə orqanlarının məqsədyönlü
fəaliyyəti sayəsində rayonda ictimai asayişin
qorunması, qanunçuluğun möhkəmləndirilməsi
təmin olunmuş və cinayətkarlığa qarşı
mübarizə gücləndirilmişdir.
Ölkə
rəhbərinin tapşırıq və göstərişlərinə
əsasən əhalinin şikayətlərinə
baxılması və zəruri tədbirlər görülməsi
istiqamətində də mühüm tədbirlər həyata
keçirilmişdir. Vətəndaşların yazılı və
şifahi şəkildə təkliflər vermək, ərizə
ilə müraciət etmək hüquqlarının həyata
keçirilməsi üçün zəruri şərait
yaradılmış, qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddətlərdə onlara cavab
verilməsi təmin olunmuş, vətəndaşların
mütəmadi qəbulu təşkil edilmiş, səyyar
görüş-qəbullara daha çox üstünlük
verilmişdir. Rayonda sağlam mühit yaradılması,vətəndaşların
müraciətləri zamanı süründürməçilik
və digər xoşagəlməz hallara yol verilməməsi,
dövlət qulluqçusunun etik davranış qaydalarına
ciddi riayət etmələri üçün tədbirlər
görülmüş, korrupsiya ilə mübarizə sahəsində
səmərəli mübarizə tədbirləri həyata
keçirilmiş, bütün rəhbər işçilərə
kollektivlərində hər hansı neqativ halın baş verməməsi
üçün əlavə tədbirlər görmələri
tapşırılmışdır.
Bu il
fevralın 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin
sədrliyi ilə keçən “2009-2013-cü illərdə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda qısa müddətdə
ölkəmizin qazandığı nailiyyətlər, Dövlət
Proqramının icrası ilə əlaqədar ötən
dörd ildə əldə olunan uğurlarla yanaşı,
dövlət başçısı tərəfindən
haqlı olaraq bir sıra tənqidi fikirlər də səsləndi
və tapşırıqlar verildi. Prezidentin tənqidi fikirləri
və tövsiyələri icra
strukturlarının üzərinə mühüm vəzifələr
qoyur. Bütün dövlət orqanları, vəzifəli
şəxslər, sahibkarlarla münasibətlərin sağlam
zəmində qurulmasına səy göstərməli, fəaliyyətlərində
hər zaman insan amilini ön plana çəkməli, vətəndaşlarla
normal ünsiyyət yaratmalı və nümunəvi
davranış nümayiş etdirməlidirlər.
Xətai
rayonunda neqativ hallara qarşı mübarizədə ictimaiyyətin
böyük rolu nəzərə alınaraq yerlərdə vətəndaşlarla
keçirilmiş görüş və qəbullarda sakinlərə
bildirilmişdir ki, bürokratik əngəllər, süni maneələr,
ədalətsizliklər və digər problemlərlə
rastlaşdıqda dərhal rayon icra hakimiyyətinə
müraciət etsinlər.
Vətəndaşların
qarşılıqlı əlaqələrin təkmilləşdirilməsində
elektron müraciətlərin əhəmiyyətini nəzərə
alaraq Xətai Rayon İcra Hakimiyyətinin internet saytı
hesabat dövründə fəaliyyətini yeni tələblərə
uyğun qurmağa çalışmışdır. Bu
gün istənilən vətəndaş birbaşa elektron
vasitələrlə rayon rəhbərliyinə müraciət
edərək öz problemindən söz aça və onu
narahat edən məsələləri bizə çatdıra
bilir.
Ötən
il Xətai rayonunun sosial-iqtisadi inkişafı sahəsində
qazanılmış uğurlar, həqiqətən,
alqışa layiqdir. Ölkə Prezidenti cənab İlham Əliyevin
Azərbaycanı yüksək rifah ölkəsinə
çevirmək naminə bəyan etdiyi və son 9 ildə
uğurla həyata keçirdiyi inkişaf və tərəqqi
strategiyasının gerçək hədəflərini dəf
etmək üçün qarşıda daha böyük vəzifələr
durur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində
məhz qarşımızda duran bu əsas vəzifələri
göstərərək demişdir: “Bizim
düşünülmüş siyasətimiz, eyni zamanda,
planlı addımlarımız məhz ona hesablanıb ki,
bütün infrastruktur layihələr bu ilin, yəni
2013-cü ilin sonuna qədər başa çatsın”.
Bunlar
heç də adi layihələr və sadə vəzifələr
deyil. Ərzaq təhlükəsizliyinin təmin olunması,
özəl sektorun inkişafı, şəhər, qəsəbə
və kəndlərin tam qazlaşdırılması, elektrik
enerjisi təminatı, içməli su və kanalizasiya sistemlərinin
tam qurulub istifadəyə verilməsi, şəhərlərarası
magistralların, kəndarası yolların müasir standartlara
uyğun tikilməsi, sosial infrastrukturun-uşaq
bağçalarının, məktəblərin, xəstəxanaların,
idman komplekslərinin inşası və sair məsələlər
gördüklərimiz işin davamı olmaqla bərabər, həm
də qarşımızda duran prioritet vəzifələrdir.
Məhz buna görə də rayonun bütün idarə və
müəssisələri bu vəzifələrin həyata
keçirilməsi üçün səfərbər
olunmuşdur.
Bütövlükdə
isə ötən il rayonun tərəqqisi naminə həyata
keçirilmiş tədbirlər barədə Xətai Rayon
İcra Hakimiyyətində keçirilmiş hesabat
yığıncağında ətraflı məlumat verildi. Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2012-cı ilin sosial-iqtisadi
inkişafının yekunları və 2013-cü ildə
qarşıda duran vəzifələrlə bağlı
geniş hesabat məruzəsi ilə
çıxış etdi.
Hesabat
yığıncağında
çıxış edən Milli Məclisin
deputatları Hüseynbala Mirələmov və Səməd
Seyidov, Azərbaycan Prezidenti Administrasiyasının məsul
işçisi Tağı Tağıyev, eləcə də rayonun bir neçə idarə və
müəssisə rəhbəri icra hakimiyyəti
başçısının 2012-ci il üçün
hesabatını qənaətbəxş hesab edərək
qarşıda duran vəzifələrin həllində ona
uğurlar arzuladılar.
Sonda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
yığıncaq iştirakçılarının
ünvanladığı müraciətin mətni oxundu.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 1 mart.- S. 8.