SUMQAYIT 25 İL ƏVVƏL
– fevralın 28-dən 29-na keçən gecə (əvvəli
qəzetin 28 fevral nömrəsində)
Tarixə obyektiv
baxış
1987-ci ilin dekabr ayında M.Qorbaçov Amerikada
rəsmi səfərdə oldu. Kaliforniya ştatında o, erməni
elitası ilə görüşdü. Görüşdə
Dağlıq Qarabağ məsələsinin ermənilərin
xeyrinə həll olunması da müzakirə olundu.
M.Qorbaçov bu məsələdə tarixin ermənilərə
qarşı ədalətsiz mövqe tutduğunu söylədi
və bu problemi Siyasi Büroda müzakirəyə
çıxaracağını bildirdi. Amerika-Erməni İcmaası
Qorbaçova və onun xanımına Amerika rəssamı
İnok Klousonun “Karta Vselennoy”, Ayvazovskinin “Peterburq. Vid na strelku
Vasilyevskoqo ostrova” əsərlərini, Şakinyan ailəsi isə
XVII əsr rus əlyazmalar kitabını hədiyyə verdilər.
Bundan əlavə, Raisa Maksimovna Qorbaçovaya brilyantla bəzədilmiş
qiymətli qolbağ da bağışlandı. Moskvaya
qayıdan M.Qorbaçov və həyat yoldaşı sənət
əsərlərini və əlyazmaları dövlət muzeylərinə
təhvil verdilər. Brilyant qolbağı isə birinci
xanım qiymətli hədiyyə kimi özündə
saxladı.
Azərbaycanda
və Ermənistanda Dağlıq Qarabağla vəziyyət isə
durmadan gərgin vəziyyət alırdı.
1988-ci
il fevral ayının 12-də Dağlıq Qarabağ Vilayət
Partiya Komitəsinin qarşısında ermənilər mitinq
keçirməyə başladılar və bu, kütləvi
xarakter aldı. Əldə olunan materiallara
əsasən demək olar ki, erməni xalqı mərkəzdən
idarə olunur, əhalini azərbaycanlılara qarşı qızışdırırdılar.
Belə ki, Hadrut rayonunda ermənilər üzərində
“Bütün müsəlmanlar qırılmalı,
Dağlıq Qarabağ azad olunmalıdır!”
çağırışları yazılmış vərəqələri
yayırdılar.
Antiazərbaycan
təbliğatı gündən-günə güclənirdi. Bunu
nəzərə alan Moskva rəhbərliyi bir qrup ermənini Mərkəzi
Komitədə qəbul etdi. Hadrut partiya komitəsinin
qarşısına toplaşan mitinq
iştirakçılarına Dağlıq Qarabağ Vilayət
Partiya Komitəsinin birinci katibi Gevorkov tərəfindən
teleqram göndərildi. Teleqramda deyilirdi :"DQMV nümayəndələri
Mərkəzi Komitədə qəbul olundu. Lazımı sənədlər
təhvil verildi. Bizi inandırdılar ki, məsələ
bizim xeyrimizə həll olunacaqdır”.
Lakin
bu, millətçi qüvvələri razı salmadı. Fevralın
16-da vəziyyət daha da gərginləşməyə
başladı. Hadrut Rayon Partiya Komitəsinin büro üzvlərinin
imzası ilə Moskvaya, M.Qorbaçova aşağıdakı
məzmunda teleqram göndərildi: “Biz, Hadrut Partiya Komitəsinin
büro üzvləri sizə bildirmək istəyirik ki, son
günlər Dağlıq Qarabağ problemi ilə əlaqədar
rayonda vəziyyət xoşagələn deyildir. Xahiş edirik
məsələnin ədalətlə həll olunmasına qərar
verəsiniz”.
Ermənilərin
çirkin və əsassız bəyanatları azərbaycanlıların
əks- mövqe tutmasına təkan verdi. Dağlıq
Qarabağ ətrafında olan rayonlarda mitinqlər keçirilməyə
başlanıldı. İki xalq arasında toqquşma baş
verdi. Əskəranda iki azərbaycanlı - Quliyev və
Hacıyev öldürüldü.
Erməni
millətçiləri Dağlıq Qarabağda şayiələr
yaymağa başladılar. Guya Hadrutda və Mardakertdə
bir qrup azərbaycanlı avtomaşında gedən erməniləri
atəşə tutmuş və bir neçə ermənini
öldürmüş, Leninavan kəndində isə bir erməni
qətlə yetirilmişdir. Azərbaycan Daxili İşlər
Nazirliyindən gələn nümayəndələr bu
şayiələrin əsassız olduğunu bildirdilər.
Yerlərdə mitinqçilər sakitləşmək
istəmirdilər. Mixail Qorbaçov Mərkəzi Komitənin
katibləri, Siyasi Büro üzvləri Razumovskini Bakıya,
Demiçevi Xankəndiyə, Yakovlevi Yerevana göndərdi.
Onlar yerlərdə fəallarla görüş keçirdilər,
xalq arasında oldular. Qorbaçovun partiya funksionerlərini
Qafqaza göndərməkdə bir məqsədi vardı. O,
Dağlıq Qarabağla bağlı hər iki xalqın
ictimai rəyini öyrənmək istəyirdi. İctimai rəy
isə Ermənistanın əleyhinə oldu. Ermənilər
bununla razılaşmadılar və çox iyrənc metodlara əl
atdılar. Onlar və xaricdə yaşayan erməni lobbisi
Dağlıq Qarabağın Azərbaycandan
alınmasının qeyri-mümkün olduğunu anlayıb
çirkin təbliğat mexanizmini işə saldılar. Bir sıra erməni
yazıçıları, publisistləri yalan və iftira
xarakterli yazıları ilə Azərbaycan xalqına böhtan
atmağa başladılar. Nuykin, Ulubabyan, Aramyan, Staravoytova,
Xanzadyan, Balayan, Kaputikyan Moskvada nəşr olunan kütləvi
informasiya vasitələrində çıxış edərək
Azərbaycana və onun sülhpərvər xalqına hədyanlar
yağdırdılar. Onlara belə geniş şərait yaradan
Sov İKP Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun
üzvü Aleksandr Yakovlev idi. Ölkədə kütləvi
informasiya vasitələri onun əlində cəmləşmişdi.
O, redaktorların çoxunu yeniləri ilə əvəz
etmiş, özünə və Qorbaçova sədaqətli
adamları mətbuat orqanlarına rəhbər təyin
etmişdi. Onlar da öz nəşirlərinin səhifələrində
ermənilərə geniş yer ayırırdılar.
“Moskovskiye novosti” qəzeti və “Oqonek” jurnalı bu məsələdə
xüsusilə canfəşanlıq göstərirdilər.
A.Yakovlevin kim oduğu da hamıya tezliklə bəlli oldu.
SSRİ
Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri
V.Kruçkov 1993-cü ildə “Sovetskaya Rossiya” qəzetində
“Posol bedı” məqaləsində qeyd edirdi ki, “Aleksandr
Yakovlev uzun müddət Kanadada SSRİ-nin səfiri işləmişdir.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi onu ələ
almış və SSRİ-nin dağılması istiqamətində
ondan istifadə etmişdir. Moskvaya rəhbərliyə gətiriləndən
sonra A. Yakovlev etnik qrupların arasında konfliktlərin
qızışdırılmasında mətbuatdan geniş
istifadə edirdi. Belə ki, bütün media onun əlində
idi. Onu da demək lazımdır ki, Dağlıq Qarabağla
bağlı bütün məsələlərdə o, Ermənistanın
tərəfini saxlayırdı”.
Dağlıq Qarabağ problemi ilə bağlı xaricdə yaşayan erməni lobbisi xüsusilə fəallaşmışdı. “Nyu-York Taymes” qəzeti yazırdı ki, DQMV-nin Ermənistanın tərkibinə verilməsi haqqında tələblərin müdafiəsi üçün ABŞ-da keçirilən mitinqlərin, demək olar ki, hamısının təşkilatçısı erməni kilsəsidir. Bu, həqiqətən belə idi. Çünki bu işdə erməni Qriqoryan kilsəsi daha çox fəallıq göstərirdi. Kilsənin Azərbaycana qarşı apardığı təbliğata fikir verək: “Amerikanın səsi” radiostansiyası erməni redaksiyasının etirafıına görə, “aşkarlıq şüarı” ilə erməni Qriqoryan kilsəsi, erməni xalqının hərəkatına başçılıq etməyə və Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması tələbini irəli sürməyə başlamışdır. Erməni din xadimləri bildirmişlər ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov bu məsələni ermənilərin xeyrinə həll etməsə, daha qəti tədbirlərə əl atacaqlar.
1988-ci
il fevral ayının 25-də Ermənistanın milli
televiziyası ilə Erməni Qriqoryan kilsəsinin katalikosu
Vazgen çıxış edərək demişdi:
“Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini
tamamilə qanuni, Konstitusiyaya uyğun və təbii hesab edirəm.
Bu günlər mən bizim xaricdəki kilsə
təşkilatlarından çoxlu məktub alıram, onlar mənə
zəng vururlar ki, Sovet hökumətinə müraciət edim
və xahiş edim ki, Dağlıq Qarabağ məsələsinin
Sovet İttifaqının Konstitusiyasına və Dağlıq
Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin qərarına
əsasən ədalətlə həll etsin. Mən bu bəyanatlari
də işə qoşmuşam və bizim hörmətli
Mixail Qorbaçova teleqram vurub xahiş etmişəm ki, DQMV məsələsinin
erməni əhalisinin xeyrinə həll olunmasına kömək
etsin. Mən sizi əmin edirəm ki, DQMV məsələsi
Moskvada SSRİ-də millətlərin öz müqəddaratını
təyin etmək hüququna əsasən həll
olunacaqdır. Məsələnin bizim xeyrimizə
həll olunması naminə sakit halda, ağılla, təmkinlə
işin axırını gözləməliyik. Əmin olun
ki, DQMV məsələsinin həllində sizə hər
cür köməklik etmək istəyən xaricdəki ermənilərin
də iradəsi məhz belədir. Əks-təqdirdə
biz məğlubiyyətlə üzləşə bilərik.
Ehtiyatlı olun, mənim çıxışıma və ata
nəsihətimə əməl edin”.
Avstraliyada
nəşr olunan “Vohenpress” jurnalının baş redaktorunun
müavini Luspan Meyzels Yerevana gəlib
çıxmış və qayıtdıqdan sonra jurnalın
1988-ci il, 22-ci sayında erməni kilsəsində ən
yüksək vəzifəli xadimlərdən biri ilə
müsahibəsinin məzmunu haqqında geniş məqalə
dərc etmişdir. Həmin din xadimi ilə
görüş Vyanadakı erməni yepiskopu, professor Mesrop
Krikoryanın yazılı tövsiyəsi ilə baş
tutmuşdu. Bu söhbət indiki münaqişədə erməni
ruhanilərinin strategiyasını və taktikasını
tamamilə əyani və inandırıcı şəkildə
nümayiş etdirir. Avstraliya jurnalistinə deyilmişdir: “Erməni kilsəsi rəsmən indiki münaqişə
barəsində öz mövqeyini şərh edə bilməz,
amma əmin ola bilərsiniz ki, qardaşlarımıza ürəyimiz
yanır. Əgər kilsə öz münasibətini elan
etmirsə, Ermənistan hökuməti və partiyası yerində
sayırsa, onda Qarabağ ermənilərinin hüquqlarını
kim müdafiə edə bilər? -sualına verilmiş
cavabı olduğu kimi dərc edirik : - Biz
yalqız deyilik. Xaricdəki qardaşlarımız siyasi cəhətdən
heç bir məhdudiyyət görmürlər. Onlar bizim haqq
işimizin müdafiə olunmasını öz hökumətlərindən
tələb edə bilərlər və bu təzyiq,
şübhəsiz, az sonra öz təsirini göstərəcək”.
Bəli, deyildiyi kimi də oldu. Xankəndidə
kütləvi şəkildə keçirilən mitinq və tətillər,
Livandan və Suriyadan göndərilən ilk silahlar, Əsgəranda
iki gəncin öldürülməsi, Sumqayıtda törədilən
qanlı aksiya bunlara əyani sübutdur.
Azərbaycana
qarşı ən böyük
təbliğat kampaniyasını aparanlardan biri də
“Vatikanın səsi”dir. Bu radiostansiya ilk dəfə
“Allahın səsi” adı altında 1931-ci ildə efirə
çıxmışdır. Əsas məqsəd islam dinini parçalamaq, təriqətlərə
bölmək, nüfuzdan salmaqdır. Radiostansiya
getdikcə öz maddi-texniki bazasını gücləndirməyə
başladı və onun ətrafına ermənilər və
ermənipərəst alimlər, ideoloqlar, təbliğatçılar,
politoloqlar toplaşdılar. Hal-hazırda
“Vatikanın səsi” dünyanın 37 dilində efirə
çıxır. Onun verilişlərində
Dağlıq Qarabağ problemi öndə durur. Demək olar ki, hər gün dinləyicilər bu
mövzuda müxtəlif verilişlərə qulaq asmalı
olurlar.
Əfsuslar olsun ki, “Vatikanın səsi” öz həmvətənlərinə
birtərəfli informasiyalar ötürür, bununla da,
çox vaxt dinləyiciləri çaşdırır. Radiostansiya geniş
şəkildə “Şuşanın dirçəlişi
Fondu”nun fəaliyyətini işıqlandırır. Bu işdə onlara xaricdə yaşayan erməni
diasporunun nümayəndələri kömək edirlər.
Ermənilərin apardıqları təbliğat
mexanizminin çürümüş özüllər üzərində
qurulduğu hamıya bəllidir. Yalan, böhtan,
oğurluq onların xarakterini müəyyən edən şərtlərdəndir.
Sumqayıtda baş verən hadisələrdə azərbaycanlıların
“vəhşiliklərini” təbliğ edir, erməni ailələrinin
isə azərilər tərəfindən xilas olunduqlarını dillərinə
belə gətirmirlər. Bakılı yəhudi 23 iyul 1989-cu
ildə, Təl-Əvivdə nəşr olunan “Kruq” məcmuəsində
yazır : “Sumqayıt o şəhərdir
ki, azərbaycanlılar erməniləri qəhrəmancasına
ölümdən xilas edirdilər”.
Ayrı-ayrı
məhəllə və mikrorayonlarda yaşayan Q.Nəsibyanı
azərbaycanlı qonşusu S.Mirzəyev, Q.Ohanesyanı Q.Kərimov,
E.Esayanı F.Kərimov, V.Sərkisyanı R. Tağıyev,
A.Arutyunyanı X.İsmayılov, V.Xaçaturyanı Q.Hümbətəliyev,
T.Arzumanyanı F.Eyvazov, R.Babayanı F.Məmmədov
K.Melkumyanı S.Abbasov, S.Mirzəyanı S.Əliyev öz evlərində
gizlətmiş, cinayət dəstələrindən qorumuşlar.
Onu da deyim ki, belə hadisələr
Sumqayıtda yüzlərlə olmuşdur.
Bunu erməni xalqı unutmamalıdır. Əfsuslar
olsun ki, onların gözlərini qan örtmüşdür.
Çünki həlli olmayan bir problemi qanla həll
etmək niyyətində idilər. Rus
yazıçısı Aleksandar Proxanov “Literaturnaya qazeta”da
yazırdı ki, ilk qanı ermənilər tökmüşlər
və davamı Sumqayıtda baş verdi.
1988-ci il, fevralın 28-29-da iğtişaşların
qabağını sovet qoşunları ala bilərdi. Həmin
hadisələrdən təxminən on gün əvvəl
SSRİ Müdafiə Nazirliyinin 5424, 5426, 5456, 3219, 52332
saylı hərbi hissələri Sumqayıtın
ayrı-ayrı məhəllə və mikrorayonlarında
dislokasiya olunmuşdular, lakin hadisələrə müdaxilə
etmirdilər. Onlar kənardan gözləmə
mövqeyi tutmuşdular. Maraqlı fakt
burasındadır ki, şəhərdə mitinqlər başlayanda
Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi
C.Müslimzadə məzuniyyətdə idi. Hadisələrdən xəbər tutan kimi
Sumqayıta qayıtmış, hadisələri nəzarətə
götürmüşdür. Mitinqçilərin
“Qarabağ bizimdir!” şüarı ilə küçələrdə
iğtişaş yaratmaq istəyənlərin
qarşısını almaq üçün Müslimzadə
general Zaytsevə və general Krayevə müraciət edərək,
tələb etmişdir ki, qan tökülməmiş fəaliyyətə
başlayın. Lakin onun tələbini
yerinə yetirmədilər.
Hadisələrdə ermənilərin və erməni
lobbisinin fəal iştirak etdiyini dəfələrlə qeyd
etmişik.
Bir faktı da qeyd etmək lazımdır ki, Sumqayıt hadisələrində
Rusiyanın ayrı-ayrı regionlarından ezam olunmuş bir
sıra hərbçilər, o cümlədən Aleksandr
Qraçov, Vadim Muravyov, İqor Aqaev, Aleksandr Vorobyev və
başqaları fəal iştirak edirdilər. Bütün
bunlara baxmayaraq, nədənsə həmin adamlar məsuliyyətə
cəlb olunmadılar.
Bu, bir daha onu göstərir ki, Sumqayıt hadisələrinin
iştirakçıları və zərər çəkənləri
müxtəlif millətlərə mənsub olsalar da, baş
verənləri təkcə azərbaycanlıların üzərinə
atmaq düzgün deyildir. M.Qorbaçov azərbaycanlıları
əsassız olaraq ittiham etməklə onları haqlı tələblərindən
yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin
ermənilərin xeyrinə həll edilməsi
üçün dünya ictimaiyyətində müsbət
fikir formalaşdırmağa çalışırdı.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsindən, Dövlət
Təhlükəsizlik Komitəsindən SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinə, Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinə
Dağlıq Qarabağda millətçi hərəkatın
genişlənməsi haqqında teleqramlar göndərilir, qəti
təbirlərin görülməsini tələb edirdilər.
Moskva isə susur, “daxili işlərə
qarışmayın,” -deyə, cavab verirdilər.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin
əməkdaşı A. Kiçixin 1991-ci ilin yanvar ayında
“Stolitsa” jurnalında yazırdı:" Biz Sumqayıt, Uzen və
Oşda qanlı hadisələrin baş verəcəyi
haqqında məlumatlı idik. Bu haqda SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinə məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər.
Bizim bütün yazılı və şifahi məlumatlarımız
Mərkəzi Komitənin divarları arasında sükutla
qarşılanırdı. Partiya rəhbərliyi
separatçıların və cinayət dəstələrinin
qarşısını almaqda heç nə etmədi”.
Göründüyü kimi, Sumqayıtda baş verən
hadisələrdə SSRİ-nin yuxarı dairələrində
maraqlı olan qüvvələr vardı. Bundan
başqa, bir sıra iri dövlətlər də SSRİ -də
milli münaqişə zəminində konfliktin yaranmasında
separatçı qüvvələrə hər cür
yardım göstərməkdə maraqlı idilər.
Nəticədə 1988-ci ilin fevral ayının 28-29-da
Sumqayıtda erməni millətçiləri Moskvanın dəstəyi
ilə qanlı aksiya törətdilər. Nəticədə 32 nəfər
adam qətlə yetirildi. Onlardan
26-sı erməni, 6-sı isə başqa millətin nümayəndələri
idi. Bu, Sumqayıt və sumqayıtlılar
üçün çox gözlənilməz bir hadisə
idi. Axı, 83 millətin və etnik qrupun nümayəndəsi
yaşayan bir şəhərdə baş verən
iğtişaşları, görəsən, kim
və nə üçün təşkil etmişdir? Sözsüz ki, toplu şəkildə kütlə
öz ixtiyarı ilə küçələrə
çıxmamışdır. Deməli,
bu hadisələrin sifarişçiləri, təşkilatçıları
və icraçıları vardı. Kim
idi, onlar? Bax, bu sual, hamını, ilk
növbədə, Sumqayıt ziyalılarını
düşündürməyə başladı. Onu da qeyd etmək lazımdır ki, həmin günlər
Moskvadan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları
Çernenko, Qalkin, Stepaşin, Nikolayev Sumqayıtda idilər.
Onların Sumqayıta gəlməkdə məqsədləri
nə idi? Və niyə
iğtişaşların qarşısını almadılar?
Bizdə olan məlumata görə, həmin
adamlar Sumqayıtda baş verən hadisələrdən sonra
Moskvaya qayıtmış, rəhbərlik onların rütbəsini
artırmış, vəzifələrini yüksəltmişdir.
Deməli, nəzərdə tutulan plan müvəffəqiyyətlə
həyata keçirilmişdir.
(ardı var)
Eyruz MƏMMƏDOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 1 mart.- S. 7.