Qazax: diqqətdən kənarda qalan sahə yoxdur

 

Qazax rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə illik hesabat yığıncağının Gənclər Mərkəzində keçirilməsi təsadüfi deyildi. Əvvəla, ötən il aprelin 12-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılan mərkəz öz möhtəşəmliyi, gözəlliyi, özünəməxsus orijinallığı ilə hamının diqqətini cəlb edir. Keçən ilin yanvarında inşasına başlanılmış bir obyektin qısa vaxt ərzində istifadəyə verilməsini və özü də artıq gənclərin əsl mərkəzi qərargahına çevrilməsini, yəqin ki, çoxları gözləmirdi. Amma bu, həqiqətən belədir. Burada keçirilən tədbirlər uzun müddət yaddan çıxmır, onun təsir dairəsi böyükdür, hətta səfərbərlik imkanları var. Rayon  icra hakimiyyətinin başçısı Ayaz Əsgərov gənclərlə burada tez-tez görüşür, onların maraq dairələri ilə tanış olur, problemlərini çox zaman yerindəcə həll edir.

 

Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1200 kvadratmetrə yaxındır. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlər keçirmək üçün hərtərəfli şərait vardır. Buradakı rəsm qalereyasında gənc rəssamların sərgisi təşkil olunur. Elektron kitabxana var, müxtəlif kurslar fəaliyyət göstərir, xarici dillər öyrədilir və sair.

Birinci mərtəbədə yerləşən akt zalı və buradakı  şərait ən müxtəlif toplantıların, yığıncaqların keçirilməsinə imkan yaradır.

2012-ci ildə Qazaxda nələr baş vermişdi və artıq ikinci ayını yola saldığımız 2013-cü ildə qarşıda hansı vəzifələr dayanır. Bütün bunları müzakirə etmək üçün akt zalına toplaşanlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular.

...Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun hesabat məruzəsindən əvvəl kiçik bir film göstərildi və 2012-ci ildə Qazaxda görülən işlər haqqında yığıncaq iştirakçıları əyani məlumat aldılar. Saysız-hesabsız obyektlərin - binaların, küçə və xiyabanların, məktəb, səhiyyə, mədəniyyət ocaqlarının əvvəlki vəziyyəti və sonrakı görünüşü toplantı iştirakçılarında xoş təəssürat yaratdı və onlar Qazaxın il ərzində daha da inkişaf etdiyinin, gözəlləşdiyinin bir daha şahidi oldular.

Başqa maraqlı bir əyani vəsait yığıncaq iştirakçılarının hamısına verilən nəfis şəkilli, rəngli-illüstrasiyalı “Qazax - 2012-ci ildə” jurnalı oldu. Burada rayonun sosial-iqtisadi inkişafını əks etdirən çoxlu fotoşəkillər, faktlar, rəqəmlər əks olunmuşdu.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun məruzəsi böyük maraqla dinlənildi. Çünki məruzədə ümumi sözlər yox, konkret işlərdən, problemlərdən, nöqsan və çatışmazlıqlardan söhbət gedirdi. Belə bir fakt diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxa daim diqqət və qayğı göstərir. Yeni yollar çəkilir, ədəbiyyat muzeyi tikilir, park və xiyabanlar salınır, digər sosial obyektlər inşa olunur.

2012-ci ildə Qazaxda görülmüş işlərin miqyası böyükdür və bunu hamı görür, hiss edir. Rayondakı Heydər Əliyev parkının 2 hektarlıq sahəsi tamamilə yenidən qurulmuşdur. Parkın ərazisindəki Gənclər Mərkəzinin inşası yuxarıda qeyd etdiyimiz kimi, çox qısa vaxt ərzində başa çatdırılmışdır. Yanvar ayında Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi sahəsi 1060 kvadratmetr olan “Şahmat Məktəbi”nin tikintisinə başlanılmış, binanın ətrafına milli memarlığa uyğun hasar çəkilmiş, sahəyə tamet döşənmiş, səki daşı düzülmüş,. ağac və gül kolları əkilmiş, fəvvarə çəkilmiş və işıqlanma sistemi qurulmuşdur.

Bütövlükdə qərb bölgəsinin və qonşu Gürcüstanın azərbaycanlılar yaşayan hissəsinin kənd təsərrüfatı məhsullarını emal edəcək illik gücü 5 min ton olan müasir konserv zavodunun və uzunluğu 7 kilometr olan Qazaxbəyli -Aşağı Salahlı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Konserv zavodunun ərazisində məskunlaşan məcburi köçkünlər üçün ayrıca 24 mənzilli yaşayış evi də istifadəyə verilmişdir.

Digər sosial obyektlər, o cümlədən şəhərdəki Qaratel adına ümumi orta məktəbin təmir bərpa işləri və 80 şagird yerlik əlavə tədris korpusu, 360 şagird yerlik 4 saylı tam orta məktəb, Aslanbəyli kəndində 480 yerlik, Canalı kəndində 220 şagird yerlik, Qazaxbəyli kəndində 180 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

İllik gücü 1 milyon ton olan sement zavodunun birinci hissəsində son tamamlama işləri aparılır və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni 24 mənzilli yaşayış binasının, uzunluğu 30 kilometr olan Yuxarı Salahlı-Kəmərli avtomobil yolunun əsaslı tikinti işləri başa çatmaq üzrədir.

Şəhərin küçələrinin asfaltlaşdırılması, abadlaşdırılması üçün az iş görülməyib. Şəhərdəki “Şəhidlər abidə kompleksi” sökülərək yerində tamamilə yeni üslubda abidə ucaldılmışdır. Dəmiryolu vağzalı və onun ərazisi öz görkəmini tamamilə dəyişdirmişdir. Şəhərin qərb giriş hissəsində Bayraq Meydanı salınmış, burada qala divarları, bürclər tikilmiş, Ağstafa rayonu ilə sərhəddə orijinal bir “Obelisk”, giirişdə qüllə inşa olunmuşdur.

Ayrı-ayrı küçələr, magistral yol kənarları, yaşayış binalarının, müxtəlif tikililərin fasad hissələri abadlaşdırılmış və yenidən qurulmuşdur. Qazaxda əhalinin qaza, elektrik enerjisinə olan tələbatı, demək olar ki, həll olunub. İndi rayonda ən ucqar kənd belə, təbii qaz alır və qazlaşmayan kənd qalmayıb.

Əhalinin suya olan tələbatı tam ödənilməsə də, bu sahədə çox ardıcıl iş aparılır və yaxın vaxtlarda problem həll olunacaqdır.

Təhsildə bir sıra vacib işlər həyata keçirilmişdir. Ayrı-ayrı məktəblərin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Bu işlər davam etdirilir. Keçən il 325 nəfər ali məktəblərə, 110 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur.

Ürkməzli kənd tam orta məktəbinin məzunu Orxan Səfərov 700 bal toplamışdır ki, o da respublikada eyni bal toplayan 4 nəfərdən biridir.

Amma bütövlükdə rayon təhsilində problemlər, nöqsanlar vardır. Məsələn, keçən il rayonun 4 kəndindəki orta məktəblərdən bir nəfər də olsun ali məktəblərə daxil ola bilməmişdir.

Səhiyyənin işində ciddi dönüş var. Mərkəzi xəstəxananın cərrahiyyə şöbəsi əsaslı təmir olunmuş, stomatoloji xidməti yaxşılaşdırmaq üçün 5 otaq müasir üslubda təmir olunmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Ruhi xətəxananın qadın şöbəsi də təmir edilmiş və bura bərk, o cümlədən yumşaq inventar verilmişdir.

Hər iki xəstəxanada yeni tipli qazanxana və istilik sistemi quraşdırılaraq istifadəyə verilmişdir. Bala Cəfərli, Quşçu Ayrım kəndlərində tibb məntəqələri, Cəfərli kəndində həkim məntəqəsinin tikintisinə başlanılmışdır. 2013-cü ildə rayon mərkəzi xəstəxanasının, Fərəhli, Məzəm, Aşağı Salahlı, Abbasbəyli kəndlərində yeni tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur.

Rayonda idmanın kütləviliyini artırmaq məqsədilə aparılan işlər səmərə verir. Keçən il beynəlxalq yarışlarda rayonun 13 idmançısı mükafata layiq yerlər tutub. Qismət Vəkilov qol güləşi üzrə dünya və Avropa, İsrafil Məmmədov və Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının tələbəsi Kübra Babayeva müvafiq olaraq pauerliftinq və benç-press  üzrə dünya çempionu olmuşlar.

Rayondan yuxarı orqanlara gedən ərizə və şikayətlərdə azalma müşahidə olunur. Bunun da əsas səbəbi səyyar qəbullara daha çox diqqət yetirilməsi, adamların sosial problemlərinin çox zaman yerindəcə həll olunması ilə bağlıdır.

2013-cü ildə Qazaxda görüləcək işlər yenə çoxdur. Yuxarı Salahlı-Kəmərli avtomobil yolu asfaltlaşdırılacaq, yeni yaşayış binaları tikilib istifadəyə veriləcək, Qazax şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması üçün tikinti işlərinə başlanacaq və sair.

Yığıncaqda millət vəkilləri Əhməd Vəliyev, İlyas İsmayılov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov və başqaları çıxış edərək öz arzu və təkliflərini bildirdilər, tənqidi qeydlərini söylədilər.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 2 mart.- S. 6.