Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş xalça toxunmuşdur

 

“Azər-İlmə” xalçaçılıq şirkətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş xalça toxunmuşdur. APA-nın xəbərinə görə, Azərbaycan bayrağı fonunda təsvir edilən portret-xalça Milli Qəhrəmanın doğulub, boya-başa çatdığı Biləsuvar rayonunda valideynlərinə təqdim edilmişdir. “Azər-İlmə” şirkətinin rəhbəri Vidadi Muradovun təşəbbüsü ilə ərsəyə gələn xalça bir il yarıma hazırlanmışdır.

Təqdimetmə mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ictimaiyyəti, ziyalılar və Milli Qəhrəmanın yaxınları iştirak etmişlər. İki toxucu tərəfindən hazırlanan portret-xalçanın ölçüsü 180x120sm-dir.

İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək, Mübariz İbrahimovun daim yaddaşlarda yaşayacaq qəhrəmanlığından söhbət açıb. Vidadi Muradov isə “Azər-İlmə” şirkəti adından Mübariz İbrahimov kimi mərd, cəsarətli, hər kəsə örnək olacaq ömür yolu yaşamış bir övlad böyüdən valideynlərə öz təşəkkürünü bildirmişdir.

 

Xalq qəzeti.- 2013.- 2 iyul.- S. 9.