Könlüm
keçir Yardımlıdan...
Rus yazıçısı Aleksandr Radişşev “Peterburqdan Moskvaya səyahət” povestinin, soydaşımız Hafiz Rüstəm isə “Bakıdan Yardımlıya səyahət” poemasının müəllifidir. Birinci əsər çar Rusiyasının tənqidi mövzusunda ilk qələm təcrübəsi kimi, ikincisi isə vətənpərvərlik və tarixə ehtiram baxımından dəyərli əsərlərdir.
Dağlar diyarı Yardımlıya budəfəki səfərimdə şair dostum Hafiz Rüstəmin kitabı mənə bələdçilik elədi. Ötən il işıq üzü görmüş bu kitab doğma yerlərə səyahət fonunda xatirələr yumağını çözələmək, yurd sevgisini sərgiləmək, sərhəd məftillərinin ayrı saldığı qançəkərlərin ürək çırpıntılarını göstərmək, poetik dillə bütöv Vətən ideyasını günəşə tutmaq məramı ilə qələmə alınıb. Həm poemadan oxuyub duyduğum, həm də səfər boyu gözlərimlə gördüyüm dağların əzəməti, meşələrin yaşıl libası, Viləşçayın indilər bəmdə səslənən nəğmələri ruhumu qanadlandırırdı. Ədəbi tənqidin “yaddaş simfoniyası” adlandırdığı səyahətnamənin özünəməxsus ovqatı könlümə hakim idi:
Dağlara
qoşulub dağ olur insan,
Elə
bil yenidən doğulur insan...
Hafiz Rüstəm ixtisasca şərqşünasdır. Uzun illər
“Maarif” nəşriyyatında müxtəlif vəzifələrdə
çalışıb, fars-tacik ədəbiyyatından tərcümələri
ilə tanınır. Neçə-neçə
şeir kitabının müəllifidir. Əsasən
ilahi nura, bəşəri yaddaşa aparan yollarda poetik
duyğularına qanad taxmaqdan yorulmur.
Əslində, Yardımlının əsrarəngiz
gözəllikləri bu dağların Hafiz kimi neçə-neçə
oğluna poetik fəhm bəxş edərək şair eləyib. Onlardan biri -
Xanbulaq kəndinin övladı Nizami Zöhrabinin
yaradıcılığı bəstəkarların da diqətini
çəkir. Bir müddət öncə görkəmli
bəstəçi, respublikanın xalq artisti, professor
Tofiq Bakıxanov şairin sözlərinə “Dünya durduqca
yaşa!” marşını yazıb. Böyük Atatürkə
həsr olunmuş bu ilk marş Bakı Musiqi Akademiyasında, bəstəkar
Mobil Babayevin nəvəsi Raminin ifasında səslənərək
çox bəyənilib. Hazırda gözəl
musiqi əsəri TRT İstanbul Radiosunun “qızıl fond”una
daxil edilib.
Bu yerlərin uludan-ulu şifahi xalq ədəbiyyatı
örnəkləri, türk ruhunun obrazlı ifadə nümunələri
yetərli qədər zəngindir. Elə rayona bu səfərimdə
AMEA-nın Folklor İnstitutunun bir qrup alimi ilə
görüşüb tanış olarkən
həmin zənginliyə diqqət məni
qürurlandırdı. Filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat dedi ki, neçə
gündür, Yardımlının kəndlərini,
obalarını gəzib ağız ədəbiyyatı
nümunələrini - bayatı, ağı, nağıl, rəvayət,
lətifə və s. toplayırıq. Kitab
halında çap etdirəcəyik.
Həmin gün daha bir xoş olay baş vermişdi. Rayonda çıxan “Zirvə”
qəzetinin baş redaktoru Ələsgər Cəfər, tələbə
dostum Habil, dairə sədri Qabil və icra hakimiyyəti aparatının
işçiləri ilə birlikdə çay süfrəsi ətrafında
görüşdüyümüz dəqiqələrdə, sən
demə, uzun illərdən bəri burada çalışan
ağsaqqal Zakir İmanov Prezident İlham Əliyevin sərəncamı
ilə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı ilə təltif olunubmuş. Əlbəttə, bu da fərəhli bir xəbər
idi. Bildiyimə görə, daha öncələr
Mahir Mirzəyev də belə təltifə layiq
görülüb.
Bəli, bu gün Yardımlıda mədəni dəyərlərə
ciddi önəm verilir, eyni zamanda sosial-iqtisadi inkişaf da
xeyli sürətlənib. Tərəqqi meyilləri
Yardımlının adi həyat normasına çevrilib.
Rayon mərkəzi artıq şəhər
statusu alıb. Giriş alaqapısına
yenicə yazılıb vurulmuş “Yardımlı şəhəri”
sözlərini görəndə bir daha sevindim. Azərbaycan
Prezidentinin tapşırığı ilə
Masallı-Yardımlı yolu yüksək səviyyədə
yenidən qurulub. Rayona qaz çəkilib və bu iş
indi də sürətlə aparılır. Şəhərin beş yerində gözəl parklar
salınıb. Səkkiz ildə rayonda 52 yeni məktəb
istifadəyə verilib. Bir çox inzibati
bina tikilib. Heydər Əliyev Parkı
yaradılıb, ulu öndərin adını daşıyan mərkəz,
tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi
inşa olunub. Şəhərdə əksər
yollara yeni asfalt örtük çəkilib, kənd yolları
davamlı şəkildə abadlaşdırılır. İndi parklar, meydanlar günümüzün tələblərinə
uyğun tərzdə yenidən qurulur.
Rayon
üzrə ümumi məhsul buraxılışının həcmi
on ildə 2,26 dəfə artaraq 16,7 milyon
manata çatıb. Əsas kapitala yönəldilən
investisiyalar isə altı dəfə çoxalıb.
Bu ilin əvvəlindən, daha doğrusu, təbiətin
şıltaqlıqları bitəndən, havalar
yaxşılaşandan sonra Yardımlıda abadlıq-quruculuq
işlərində xüsusi canlanma yaranıb. Rayon mərkəzində
giriş hissədən başlayaraq dörd kilometrlik yolun hər
iki tərəfində
müasir zövqə uyğun istinad divarları
hörülüb. Həmin istiqamətdə
yollar genişləndirilib, piyada səkiləri tikilib,
müasir küçə işıqları
quraşdırılıb. Hazırda
işlər davam edir. Eyni zamanda şəhərin
Heydər Əliyev, Ünəş, Daşkənd və Nizami
küçələrində tikinti-abadlıq və yol təmiri
işləri görülüb. Daxili imkanlar hesabına
YAP rayon təşkilatının
yeni binası tikilib. Polis şöbəsi və
Statistika idarəsi üçün binalar inşa olunub.
Rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək
məqsədilə Prezidentin müvafiq sərəncamı ilə
Yardımlıya ayrılmış 2 milyon manat əlavə vəsaitlə
şəhərdə və digər yaşayış məntəqələrində
küçə yollarının təmirinə başlanıb. Yeni tikiləcək
Olimpiya İdman Kompleksi, Gənclər Evi də şəhərin
infrastrukturunu zənginləşdirəcək.
Azərbaycan
Prezidentinin 21 fevral 2013-cü il tarixli sərəncamı
ilə Yardımlı-Deman-Arvana yolunun əsaslı şəkildə
yenidən qurulmasına ilkin olaraq 5 milyon manat vəsait
ayrılıb.
Arvana və Deman kəndləri rayonun cənub hissəsində
qərar tutan ən ucqar yaşayış məntəqələridir. Hər iki kənd
ötən əsrin 50-ci illərində deportasiya olunmuşdu.
60-cı illərin ortalarında Arvananın,
90-cı illərdə isə Demanın bərpasına icazə
verilib. Rayon mərkəzindən Arvanaya
kimi avtomobil yolunun uzunluğu 46 kilometrdir. Yol
(əgər belə demək mümkünsə...) keçən
əsrin ortalarında salınıb. İyirmi il öncə oraya istirahətə getməyimizi
xatırlayıram. Yolun yarısı
daş-çınqıl, yarısı isə torpaq
örtüklü idi. Hərəkər elə
çətin idi ki, maşının dörd təkərinin
eyni anda yerə dəyməsi mümkünsüz idi. Avaş dolaylarının dar yollarından keçmək
xüsusilə təhlükəli idi. Ağzı
yoxuşa dirənən yolun alt və üst hissələri
sıldırım qayalıqlardır. Avtomobil
yolunun Viləşçayın yatağından keçən
hissəsi tez-tez sel və daşqınların cəngində
qalır.
Xatırladığım bir də odur ki, orada dağ
döşündə (!) qaynayan
bir bulağın başında sözlü-sazlı gözəl
məclis qurmuşduq.
Yardımlı-Deman-Arvana yolu 13 min nəfərlik əhalinin
yaşadığı 23 kəndi birləşdirir. Bu kəndlər
Avaş, Arvana, Kürəkçi, Perinbel, Şəfəqli,
Peştəsər, Şiləvəngə və Urağaran ərazi
nümayəndəliklərinə daxil olan yaşayış məntəqələridir.
Artıq yolun tikintisinə başlanıb və
həmin məqsədlə zəruri ağır texnika cəlb
olunub. İriçaplı buldozerlər
yolun darısqal hissələrini genişləndirir, bərkitmə
işləri görülür. Yaxın
günlərdə asfaltlama işinə başlanacaq.
Şəhərdə bir hektar ərazini əhatə edən
Heydər Əliyev Mərkəzində işlər tam
yekunlaşıb. Binanın daxilində
işıqlandırma və havalandırma sistemləri
quraşdırılıb. Fasad hissə
ornamentli plitələrlə üzlənib. Binanın
ön hissəsində ulu rəhbərin monumental abidəsi ucaldılıb. Fəvvarəli parkda son tamamlama işləri
görülür.
Ötən ay Heydər Əliyev prospektinin yuxarı tərəfində
statistika idarəsi yeni binaya köçürülüb. Ondan öncə
isə maliyyə idarəsi, DSMF-nin rayon bölməsi,
seçki komissiyası və ƏSMM üçün yeni
binalar tikilərək istifadəyə verilib. Statistika idarəsinin binası arxitekturasına
görə xeyli fərqlənir. Geniş və
yaraşıqlı otaqlar, iclas salonu zəruri avadanlıqla təmin
edilib.
Sırıq-Horavar körpüsünün istifadəyə
verilməsi də sakinlərin sevincinə səbəb olub. Buna qədər
50 kilometrədək kənd yolu
çınqıllanmış, 19 kilometrlik yol yenidən
işlənərək genişləndirilmişdir. Əllidən artıq kənd yolunun
abadlaşdırılması istiqamətində görülən
işlər razılıqla qarşılanmışdır.
Çay üzərində qurulmuş 10 piyada və
avtomobil körpüsü təmir edilmişdir.
Urağaran kəndində eni 6, uzunluğu 12 metr olan körpüdan
camaat rahatlıqla istifadə edir. Bu körpü
6 minlik əhalisi olan 7 kəndi birləşdirir. Strateji
kurs bu il də davam etdirilir, özü də
daha geniş aspektdə.
Uzun illər altı kəndin - Horavar, Əngövül,
Vərov, Zəngələ, Keçələkəran və
Əfçədulanın əhalisi Viləşçayın
üstündə avtomobil körpüsünün olmaması
üzündən əziyyət çəkirdi. Payız-qış
aylarında vəziyyət daha çətin olurdu. Çayın suyu bollaşanda nəqliyyatın hərəkəti
müşkülə çevrilirdi. Budur, artıq
adıçəkilən kəndlərin üç mindən
artıq əhalisinin ən ağrılı problemi birdəfəlik
həllini tapdı: 30 ton yükgötürmə qabiliyyətinə
malik körpü işə salındı.
İndilər Yardımlıya gələn hər kəsin
diqqətini ilk növbədə şəhərinin içməli
suya tələbatının ödənilməsi və
çirkab suların axıdılması üçün
aparılan tikinti işləri cəlb edir. Bu tədbir Azərbaycan
hökumətinin Dünya Bankı ilə imzaladığı
kredit sazişinə əsasən “Milli su təchizatı və
kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində
həyata keçirilir. Ümumi uzunluğu 52,2 kilometr olan su və 58,2 kilometrlik kanalizasiya xətləri
çəkilir. Alçabulaq
və Odrağaranda artezian quyuları qazılıb. 12 min nəfər əhalisi olan 18 kəndə Viləşçayın
Qaraqaya qolundan su xəttinin çəkilməsinə
başlanılır. Son vaxtlar Bilnə və
Bozayran kəndlərinə təbii qaz verilib. Hazırda Ünəşin
qazlaşdırılması reallaşdırılır.
Yardımlıda sahibkarlıq subyektlərinin sayı
artıq 1500-ə çatır. İş adamlarına
hərtərəfli dəstək göstərilir. İlin əvvəlindən onlar 20 milyon
manatlığa qədər məhsul istehsal ediblər. Sahibkarların təşəbbüsü ilə
hazırda rayonda müasir otel tikilməkdədir. Yeni otel beşmərtəbəli olacaq. Burada 50 otaq, o cümlədən 4 lyuks və 1 kral
otağı nəzərdə tutulub. Komfort
şərait, hovuz, türk hamamı, sauna, masaj otağı və
sair otelin özəlliklərini təşkil edəcək.
Rayonda meyvə şirələri zavodunun da
inşasına başlanılıb.
Məktəb tikintisi daim gündəmdədir. Hazırda 220 şagird yerlik
Alçabulaq, Avaş və Ostayır, 360 şagird yerlik Zevin,
180 şagird yerlik Anzov və hər biri 80 şagird yerlik Zenqaran,
Solqart və Fındıqlı- Qışlaq məktəblərində,
55 yerlik Yolocaq uşaq bağçasında tikinti işləri
sürətlə davam edir. Bundan başqa,
Qaraqaya, Çayüzü, Urağaran və şəhər 3
saylı məkəblərin inşasına hazırlıq
görülür.
Müxtəlif peşəkar
teatrların truppaları tez-tez Yardımlıya gəlir,
maraqlı tamaşalar göstərirlər. Son vaxtlar
Nizami adına kino-teatrda Şuşa Dövlət Musiqili Dram
Teatrı xalq şairi Zəlimxan Yaqubun “Bir ömrün tarixi”,
Lənkəran Dövlət Dram Teatrı isə R.Rəhimlinin “Ağ
kəlağay” əsərlərini dağlar diyarının
seyrçilərinə təqdim ediblər.
Yardımlı idmançıları da
uğurlarını artırırlar. Lənkəranda
keçirilən açıq taekvondo birinciliyində Cəlal
Əhmədli qalib gəlib. Bəhruz
Mahmudov 2-ci, Səid Babazadə və Sənan Novruzlu isə
3-cü yeri tutublar. Kontakt-karate üzrə Bakıda
keçirilən respublika çempionatında məşqçi Nazim Rzayevin yetirmələri yenə də fərqləniblər.
Valeh Sahratlı və Pünhan Kərimli fəxri
kürsünün ən yüksək pilləsinə
ucalıblar. Kinq-boksçu Şamil Əbilov isə ulu öndərin 90
illik yubileyi münasibətilə Masallıda
keçirilmiş beynəlxalq turnirdə qaydasız
döyüş nominasiyası üzrə 2-ci yerə çıxaraq
gümüş medala və sertifikata sahiblənib. Həmin turnirin klublar üzrə qalibi isə
Yardımlıdan Samir Həsənovun rəhbərlik etdiyi “Cənub
idman klubu” olub.
...Xeyli
vaxtdır ki, dağlar qoynunda zaman Yardımlının xeyrinə
işləyir. Bunları qələmə
alıram və yadıma düşür ki, Minsk şəhərindəki
məşhur “Luç” saat zavodunda baş direktorun birinci
müavini vəzifəsində çalışan Xudaş
Eyniyev Yardımlının Kürəkçi kəndində
doğulub boya-başa çatıb. Minsk və
Lyubansk şəhərlərinin muzeylərində
eloğlumuzun xidmətlərini əks etdirən ayrıca
guşələr var.
Dağlar diyarının şərəfli zəhməti
ilə tanınan övladları çoxdur. İnanırıq
ki, rayon rəhbərliyinin yüksək idarəetmə qabiliyyəti
və igid övladlarının səyləri sayəsində
Yardımlı daha da inkişaf edəcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 2 iyul.- S. 10.