Milli musiqi təhsilimizin
inkişafı Azərbaycanı dünyaya
tanıdır
Azərbaycan Milli Konservatoriyasının yaradılması ölkəmizdə milli musiqi təhsilinin inkaşafına dövlət qayğısının təzahürü, bariz nümunəsidir. İstedadlı gənclərə xüsusi dövlət qayğısının göstərilməsi, onların mükəmmə musiqi təhsili alması, ixtisaslı musiqi kadrlarının hazırlanması, məzunların xaricdə musiqi təhsillərini davam etdirmələri üçün geniş imkanlar yaradılmışdır.
Ölkəmizdə milli musiqi təhsilinin kompleks və hərtərəfli inkişafı sayəsində Azərbaycan musiqi mədəniyyətinin təbliği və təşviqi dünyada geniş vüsət almış, milli musiqimiz yaxın və uzaq ölkələrdə tanınmışdır. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi rəhbərlik etdiyi ali məktəbdə tədrisin təşkili, inkişafı və inteqrasiyası sahəsində həyata keçirilən layihələr barədə əməkdaşımızın suallarını cavablandırır.
– Siyavuş müəllim, sizinlə yenidən görüşümüzə çox şadam. Öncə istərdim ki, ötən illər ərzində rəhbərlik etdiyiniz təhsil ocağının inkişafı yolunda görülən işlər barədə məlumat verəsiniz.
– Azərbaycan Milli Konservatoriyası (AMK) Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli müvafiq fərmanı ilə yaradılmışdır. Bu ideya Azərbaycan milli mədəniyyəti, milli musiqisinin tədrisi, tədqiqi, təbliği, onun inkişafı, inteqrasiyası, ümumiyyətlə Azərbaycan musiqi mədəniyyətinin dünyaya bəyan olunması və Azərbaycan millətinin nə qədər mənəvi dəyərə sahib olması haqqında geniş bir informasiya vermək kimi böyük məqsəd daşıyır. 2001-ci il avqustun 10-da möhtərəm Prezidentimiz Heydər Əliyev “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” və mənim Konservatoriyaya rektor təyin olunmağım barədə sərəncam imzalamışdır. 2002- ci ildən fəaliyyətimizə başlamağa müəssər olduq və həmin zamandan 10 ildən çox vaxt keçir. Milli Konservatoriya mövcud ali məktəblər sırasında ən gənc olmasına baxmayaraq bu kiçik zaman ərzində böyük nailiyyətlər qazanmış və uğurlar əldə etmişdir.
Əlbəttə, Milli Konservatoriyanın yaranmasında dövlətin, hökumətin dəstəyi mütləq rol oynayırdı. Azərbaycan Respublikası Prezidentinin xüsusi dəstəyi, Heydər Əliyev Fondunun Azərbaycan musiqi mədəniyyətinə, muğam, milli musiqi ifaçılarına göstərdiyi diqqət və qayğı, ənənələr milli musiqinin inkişafı və sıçrayışına səbəb olmuşdur. Bizdə bu gün neçə-neçə qürur duyduğumuz gənc ifaçılar vardır. Onlar Azərbaycan musiqisini, milli mədəniyyətini, muğamı ölkəmizin hüdudlarından kənarda təmsil edirlər.
Çox insanlar düşünürlər ki, bizim təhsil ocağı ancaq muğam konservatoriyasıdır. Amma bu, heç də belə deyildir. Yəni Azərbaycan milli klassik musiqisi, ümumiyyətlə, Azərbaycan musiqisində cərəyan edən bütün istiqamətlər bu ali məktəbdə tədris edilir. Muğam, aşıq musiqisi bizim milli musiqinin əsas sütunlarıdır. Buna görə də bu musiqilər haqqında müəyyən informasiyalar, bilgilər tələbələrə tədris olunur. Bununla belə Milli Konservatoriyanın çox möhtəşəm filarmonik fəaliyyəti vardır. Bizim yaşadığımız günlərdə televiziya vasitəsilə izlədiyimiz milli musiqi ifaçılarının 99 faizi Konservatoriyanın ya müəllimi, ya da tələbəsidir.
Son illər Milli Konservatoriyanın nailiyyətlərini görərək, uğurlarını izləyərək ölkəmizin ali məktəbləri, hətta xarici dövlətlərdə olan ali təhsil ocaqları bizim konservatoriya ilə sazişlər bağlayır və razılaşmalar əldə edirlər. Hazırda bu barədə bizə yeni müraciətlər vardır. Bunlar təkcə Şərq ölkələrinin deyil, həm də Avropa, Amerikanın ali təhsil müəssisələridir. Həmin ölkələr üzrə hər bir razılaşmaya məsuliyyətlə yanaşırıq, müqavilələri tez əldə etməyə tələsmirik. Son zamanlar musiqiçilərimiz Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini, muğamları yaxın-uzaq ölkələrdə–Latviyada, Ukraynada, Türkiyədə, Tacikistanda, Gürcüstanda, Avropanın digər ölkələrində çox uğurla ifa edirlər.
Beynəlxalq əlaqələr getdikcə genişlənir. Bu yaxınlarda biz Tacikistan Respublikasının Konservatoriyası ilə 3 müqavilə bağladıq. Orada bizim ifaçılar ustad dərsləri keçdilər, eləcə də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından müəyyən parçaları tacik musiqiçiləri ilə bərabər, Tacikistanın Opera və Balet Teatrında nümayiş etdirdilər. Həmin tədbirdə Tacikistanın mədəniyyət naziri, millət vəkilləri, görkəmli şəxslər iştirak edirdilər.
Heydər Əliyev Fondu bu sahədə böyük musiqi layihələrini həyata keçirir. Azərbaycan musiqisi Fransada, İtaliyada, Amerikada, dünyanın müxtəlif ölkələrində səslənir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən görüşlər, sərgilər, konsertlərdə ölkəmizin qədim və zəngin mədəni irsi təbliğ olunur, ölkələr arasında dostluq əlaqələri inkişaf edir. Həmin layihələrdə iştirak edən musiqiçilərin, ifaçıların əksəriyyəti Azərbaycan Milli Konservatoriyasının yetirmələri, tələbələri, yaxud müəllimləridir.
Bu nailiyyətlərimiz ilə yanaşı, indiyə qədər bizim inzibati bina ilə bağlı problemlərimiz var idi. İnzibati bina uzun müddət tikiləndən sonra bu yaxın zamanlarda belə düşünürəm ki, Musiqi günü-Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar, yəni sentyabrın 18-nə açılışı olmalıdır. Mən hesab edirəm ki, bu binanın açılışı Azərbaycanın musiqi həyatında mühüm bir hadisə olacaq. Çox arzulayırıq, istəyimizdir ki, ölkəmizin Prezidenti cənab İlham Əliyev həmin açılışda iştirak etsin. Çünki bu məktəbin təməlini, ideyasını yaradan məhz ümummilli liderimiz Heydər Əliyevdir.
– 2012-2013-cü tədris
ili imtahan
sessiyası başa çatır. İlə necə yekun
vurursunuz?
– Bu dərs ilində artıq tələbələrimizin
ümumi sayı 300-ə
yaxınlaşır. Konservatoriya elə
bir tədris müəssisəsidir ki, burada tələbə və müəllimlərin
sayı demək olar ki, eynidir.
Çünki bu, fərdi
təhsil sayılır.
Yəni müəllimlər tələbələrə
fərdi olaraq dərs keçirlər.
Bu günədək 2 fakültə
fəaliyyət göstərir və gələcəkdə
fakültələrin sayının
artırılması nəzərdə
tutulur. O cümlədən
xalq çalğı
alətləri, bəstəkarlıq,
dirijorluq, xalq çalğı alətləri
dirijorluğu, musiqişünaslıq,etno musiqişünaslıq,
ifaçılıq, xanəndəlik,
milli vokal ifaçılığı, simli,
milli nəfəsli alətlər ixtisasları üzrə kadrlar hazırlanır. Yəni biz ilbəil öz
fəaliyyətimizi genişləndiririk.
İnzibati binamız istifadəyə verildikdə,
şərait yarandıqda bu ixtisasların sayı daha da artırılacaq.
Konservatoriyada elmi laboratoriyaların
fəaliyyəti genişlənir.
Milli musiqinin araşdırılması sahəsində
müəyyən iş
aparılır və digər laboratoriyalarda
Azərbaycan milli musiqi alətlərinin təkmilləşdirilməsi, yenilərinin
yaradılması, Azərbaycan
milli musiqisində çatışmayan tembr
xüsusiyyətlərinin izlənilməsi
məqsədilə elmi-tədqiqat
işləri aparılır.
Bununla bərabər bakalavr təhsilindən
başqa magistratura və doktorantura fəaliyyət göstərir.
AMK yeganə təhsil
müəssisəsidir ki,
burada 3 pilləli təhsil mövcuddur. Yəni onun tərkibində ibtidai
məktəb, respublika
incəsənət gimnaziyası,
keçmiş A.Zeynallı
adına, indi Musiqi Kolleci, yüksək pillə isə bu konservatoriyadır.
AMK-nın tələbələrinin
və müəllimlərinin
sayı digər ali məktəblərdən
fərqli, yəni az olsa da,
amma bizim pedaqoqlar ölkə üzrə ən tanınmış müəllimlərdir.
Burada çalışan
və fəaliyyət
göstərən müəllimlər
əməkdar artistlər,
əməkdar incəsənət
xadimləri, xalq artistləridir.
– Qarşıda daha hansı vəzifələr
durur?
– AMK-nın həyatı hələ
bundan sonra irəlidədir.
Çünki bu gün respublikada keçirilən müsabiqələr,
festivallar, o cümlədən
muğam festivallarının
əhatə dairəsi
ildən-ilə genişlənir.
Azərbaycana dünyanın
müxtəlif ölkələrindən
musiqiçilər, ifaçılar
gəlir. Azərbaycan
musiqiçilərinin səviyyəsini
və onların ifa üslublarını görəndən sonra bu konservatoriyada təhsil almaq arzularını bildirirlər. Biz əlbəttə, konservatoriyanın xarici əlaqələrinə çox
məsuliyyətlə yanaşırıq.
Qarşıda duran əsas məsələ daha çox xarici tələbə cəlb edərək Azərbaycan milli musiqisini həmin tələbələrin
vasitəsilə onların
gəldikləri ölkələrə
inteqrasiya etmək, milli musiqimiz haqqında müəyyən
bilgilər göndərməkdir.
Cari tədris ilinin imtahan sessiyasını bitirərək, tezliklə Konservatoriyaya gələn yeni qəbulları qarşılayacağıq. Onu da deyim ki, bu il ali məktəbi, həm bakalavr, həm magistr pilləsini bitirən musiqiçilər arasında Azərbaycanda keçirilən muğam müsabiqəsinin qalibləri, laureatları vardır. Bu gənc musiqiçilər sabah Azərbaycanı dünya çapında təmsil edə biləcək insanlara çevrilirlər. Onlara uğurlar arzulayıram.
Afət SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 2 iyul.- S. 10.