Binəqədi rayonunda polis işçilərinin peşə bayramı günü qeyd edildi

 

Binəqədi rayonunda Polis Günü münasibətilə rayon polis idarəsinin şəxsi heyətinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Toplantını giriş sözü ilə açan polis idarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov  çıxışında 95 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirmişdir.

Polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətlə xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu deyən Ağalar Məhərrəmov Prezident İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər nəticəsində bu gün Azərbaycan polisinin yüksək peşə hazırlığına yiyələndiyini, mənəvi-psixoloji cəhətdən mətinləşdiyini xüsusi qeyd etmişdir.

Rayon polis idarəsinin rəisi çıxışının sonunda şəxsi heyət adından əmin etmişdir ki, öz andlarına sadiq qalaraq qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa, Vətənə sədaqətlə xidmət edəcəklər.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış edərək polisləri bayram münasibətilə təbrik etmiş, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulamışdır.

V.İsmayılov vurğulamışdır ki, Azərbaycan polisinin cəmiyyət qarşısında bu gün yalnız bir vəzifəsi var: sabitliyin və əmin-amanlığın keşiyində ləyaqətlə dayanmaq. Polis bu vəzifənin öhdəsindən şərəflə gəlir.

Rayon icra hakimiyyəti başçısının müavini daha sonra qeyd etmişdir ki, Azərbaycanda, o cümlədən Binəqədi rayonunda polis-cəmiyyət münasibəti özünün yeni mərhələsinə qədəm qoyub. Vətəndaşların polisin ən yaxın tərəfdaşı kimi cinayətlərin profilaktikası prosesində fəal iştirakı bunun bariz ifadəsidir. Eyni zamanda polislə insanlar arasında yaranan səmimi, doğma münasibətdən də bunu aydın görmək olar.

Sonda xidməti vəzifələrində fərqlənən bir qrup polis işçisi və şəhid polis ailəsi RİH tərəfindən mükafatlandırılmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 3 iyul.- S. 6.