Dərdə çarə, xoş istirahət Naftalanda

 

 Tanrının xalqımıza bağışladığı naftalan möcüzəsinin yaşı az qala 7 əsri adlayıb. Ancaq onun mənbəyinin -Naftalanın müalicə istirahət ocağı- kurort kimi inkişafı  keçmiş Sovetlər dönəminə təsadüf edir.

1926-41- ci illərdə  SSRİ Elmlər Akademiyasının  bütün sahələr  üzrə  alimləri  Naftalanda  çalışıb - elmi  təcrübələr aparırlar. Bu şəfalı maye ilə fiziki, kimyəvi müalicənin xüsusiyyətləri, müalicə  metodikası  üzrə uzun müddət aparılan təcrübələrdən bir sıra elmi nailliyyətlər  əldə  edilir və  Naftalanda onların tətbiqinə  başlanılır. Nəticələr o qədər uğurlu olur ki, bu günə qədər  də həmin metodikalardan istifadə  edilir.

 1935-ci ildə 25 mövsümi çarpayı ilə  isə  başlayan Naftalan kurortu 1965-ci ildə  artıq ümumittifaq səviyyəsinə yüksəlmişdir. Elə buna görə də 1967-ci ildə Naftalana şəhər statusu verilmişdir.Təbi ki, Azərbaycan müstəqillik qazanandan sonra  ümumittifaq əhəmiyyəti olan və  Mərkəzi  Kurortlar  Şurası  tərəfindən idarə edilən Naftalan kurortu da artıq müstəqil fəaliyyətə başladı. Çox təəssüf ki, Ermənistanın işğalçılıq müharibəsi nəticəsində yurd yerlərindən didərgin salınmış insanlar 1993-2003-ci illər ərzində  Naftalan İstirahət Mərkəzində yerləşdirildiyindən uzun müddət  sanatoriyanın fəaliyyətində durğunluq  yaranmışdı. Ölkə Prezidentinin “Regionların iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının ” həyata keçirilməsi, “Kurortlar haqqında” qanunun, “Kurortların inkişaf proqramı”nın qəbulu Naftalan kurortunun - özəl sektorun inkişafını təmin edəcək bir istiqamətdə yenidən qurulmasına səbəb oldu. Tanrı  möcüzəsi olan Naftalan yenidən öz şəfasını  insanlara verə  bildi.

Müalicə istirahət ocağının son illər ərzindəki inkişafında “ Möcüzəli  Naftalan” Sağlamlıq Mərkəzinin  baş həkimi Gültəkin  Süleymanovanın da zəhməti az olmayıb. Ali təhsilini başa vuran gündən Naftalan Kurortlar  Birliyində  iş fəaliyyətinə başlayıb. 3 il həkim fizioterapevt  kimi calışdıqdan sonra 22 il Naftalan Kurort Birliyinin baş həkiminin müalicə işləri üzrə  müavini vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda Moskvada kurort işinin təşkili sahəsində təkmilləşdirmə kursları keçən Gültəkin xanım  həm də Naftalan kurort  sistemində birinci  lazeraterapevtdir. Baş həkim söhbət zamanı bildirdi ki, bu gün müasir, ən son standartlara uyğun  avadanlıqla təchiz edilmiş sağlamlıq və istirahət mərkəzindəki şəraiti göz qabağındadır."Möcüzəli Naftalan"da hər gün  müalicə spektri artmaqdadır. Bu cox vacib bir amildir. Bizdə olan müalicələrin sayı Naftalandakı bütün sanatoriyalardan artıqdır. Və hər il yeni - yeni müalicələr əlavə edirik.  Mərkəzimizə müraciət edənlər, ilk növbədə, hərtərəfli müayinələrdən keçirlər. Klinik - diaqnostik, biokimyəvi laboratoriya, elektrokardioqrafiya kabineti, ultrasəslə müayinə kabineti, terapevt, nevropatoloq, kardioloq,  ginekoloq,  uroloq,  LOR, stomatoloq kimi  mütəxəssis kabinetləri xəstələrin vaxtında müayinə olunmasına və düzgün diaqnoz qoyulmasına təminat  verir. Mərkəzdə orta müalicə müddəti 15 gündür. 15 gün ərzində 10-11 naftalan vannası, hər biri 10-11 seans olmaqla digər müalicələr qəbul edilir.

Mərkəzdə xəstələrin diaqnozundan asılı olaraq onlara naftalan və yod-brom vannaları, massaj, MBT və fizioterapiya müalicə kursu təyin edilir.

Mərkəzimizdə xəstələrin müalicəsi kompleks şəkildə aparılır.  Belə ki, masaj, vibromasaj, elektroforez, darsonvalizasiya, maqnitoterapiya, lazerlə müalicə, elektroyuxu, iynəsancma, naftaparafin applikasiyaları, müalicə idmanı və başqa müalicələr  cox uğurla həyata kecirilir.

Bircə  il müalicəyə  gələn insanlar   yenidən istirahət mərkəzimizə  üz tuturlar. “Möcüzəli Naftalan”da  xəstənin  təkcə  müalicəsi    deyil,onun  istirahəti    əyləncəsi    diqqət mərkəzindədir. Geniş və yaraşıqlı yeməkxanada gündə 3 dəfə xəstələrə azərbaycan və avropa mətbəxinin ləzzətli yeməkləri təqdim olunur.

Xəstələrin asudə vaxtlarının təşkili üçün namaz otağı, kitabxana, kompyuter otağı-internet, stolüstü tennis, bilyard, voleybol, basketbol, aeorosolyariya, qadın və kişi salonları fəaliyyət göstərir. Canlı musiqi ilə rəqs axşamları, bazar günləri respublikanın səfalı yerlərinə gəzintilər müalicəyə gələnlərin Naftalandan xoş təəssüratla ayrılmasına səbəb olur. Həkimdən bircə şey umulur — sağlamlıq.  Bizim də  vəzifəmiz, qayəmiz,   millətimizin sağlamlığının keşiyində  durmaq, insanlarin istirahətini yüksək səviyyədə təmin etməkdir. Çox istərdim ki, insanlar bura  xəstəliklərini müalicə etmək üşün deyil, xəstələnməmək üçün gəlsinlər.

 

Tamilla ALLAHVERDİYEVA

 

Xalq qəzeti.- 2013.- 3 iyul.- S. 6.