“Söz”
jurnalının 20 illiyi qeyd
olundu
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Söz” müstəqil ədəbi-publisistik jurnalının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev açaraq bildirdi ki, “Söz” jurnalı heç zaman dövriyyə fasiləsinə yol vermədən 20 ildir fəaliyyət göstərir. Jurnalın naşiri və ilk baş redaktoru tanınmış şair-dramaturq Şəkər Aslan olsa da, artıq 18 ildir ki, “Söz”ün bütün ağırlığı və məsuliyyəti Sevda Əlibəylinin üzərinə düşür. Qeyd olundu ki, Azərbaycanın cənub bölgəsindən pərvazlanan jurnal hazırda bütün ölkəni əhatə edir. Bir sözlə, dünyanın hansı yerində azərbaycanlılar yaşayırsa, “Söz” orada böyük maraqla oxunur. Mövzu dairəsi rəngarəng olan jurnalın müxtəlif saylarında tanınmış ədəbi simalarla müsahibələr dərc olunmuş, əsərlərindən nümunələr verilmişdir. Ç. Abdullayev daha sonra bildirdi ki, dəyərli həyat və yaradıcılıq yolu olan Sevda Əlibəyli jurnalın müntəzəm nəşri üçün gərgin əmək sərf etmiş, ötən illərdə müxtəlif media mükafatları, Rəsul Rza adına beynəlxalq ədəbi mükafatı, Həsən bəy Zərdabi medalı ilə təltif olunmuşdur. Jurnalın yubileyi ərəfəsində isə o, AYB-nin təqdimatı əsasında bir illik Prezident mükafatına layiq görülmüşdür.
Tədbirdə xalq
şairi, millət vəkili Sabir Rüstəmxanlı, ölkəmizin ilk poliqrafçı alimi
Şəddat Cəfərov, tibb elmləri
doktoru, akademik, əməkdar
elm xadimi Südeyf İmamverdiyev, filologiya elmləri doktoru, professor Hacı İfrat
Əliyeva, pedaqoji elmlər doktoru, professor Əjdər
Ağayev, filologiya
elmləri doktoru, professor
Aqşin Babayev, “Dədə
Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq
jurnalının baş redaktoru
Eldar İsmayılov, tənqidçi alim Vaqif Yusifli,
alim-yazıçı Yaşar Rzayev və başqaları
çıxış edərək yubiley
münasibətilə kollektivi təbrik
etdilər, əməkdaşlara yeni
yaradıcılıq uğurları arzuladılar.
Çıxışlarda “Söz”ün keçdiyi keşməkeşli,
çətin yollardan, heç
bir sponsoru, xüsusi himayədarı olmadan
bu günə kimi nəşr
olunmasından, jurnalın uğurlarından söz
açıldı.
Xalq qəzeti.- 2013.- 9 iyul.- S. 6.