Böyük
qardaş və böyük sənətkar
Rasim Babayev - 85
“Böyük insan əzəmətli dağa bənzəyir,–deyirlər.–Onun ucalığını yalnız uzaqdan görmək mümkündür”. Beş ildən artıqdır ki, Rasim haqq dünyasına köçmüşdür. Zaman ötdükcə mən böyük qardaşımın böyüklüyünü daha çox dərk edir, haqqında öz düşüncələrimi qələmə almağa xüsusi ehtiyac duyuram.
Rasim yaşca məndən xeyli böyük olduğundan onun uşaqlıq illərini görməmişəm. Lakin müharibə dövrünün və ondan sonrakı illərin acı və sarsıntılı günləri tək bizim ailəyə yox, bütün cəmiyyətə öz möhürünü və fəlakət damğasını vurmuşdu. Həmin illərin çətinlikləri, ailəmizin ağır güzəranı gəlir gözlərimin qabağına, Rasimin gənc yaşlarından müstəqilliyi, zəhmətkeşliyi və çiyinlərinə aldığı ailə qayğıları...
Bir qədər sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən məni və kiçik qardaşım Çingizi kətana əks etdirdiyi zamanlar...
Ciddi və tələbkar görünən Rasim bəzən saatlarla, yalnız kiçik fasilə verməklə bizi qarşısında otuzdurar, portretimizi çəkərdi. Belə hallarda biz ondan çəkinib qorxar, deyilən sözə əməl edər, sözündən çıxmazdıq. Rasimin sonrakı tələbəlik illəri də yadımdadır. 1949-cu ildə Bakıda Rəssamlıq Məktəbini bitirən Rasim təhsilini davam etdirmək üçün Moskvaya getdi.Moskvada oxuduğu zamanlarda (1949-1954) hər il yay tətilində Bakıya gəlişi ailəyə sanki bir canlanma və sevinc gətirərdi. Çətinliklərə baxmayaraq, o, çox zarafatcıl və mehriban idi. Xüsusi ilə də anamıza qarşı.
Heç yadımdan çıxmaz, V.Surikov adına Moskva Dövlət İnstitutunu təzə bitirib Vətənə qayıdan Rasim Azərnəşrdən sifariş aldı və dahi hind yazıçısı R.Taqorun “Fəlakət” romanına tərtibçi-rəssam təyin olundu. İlk qonorarını alan Rasim bütün pulları evə gətirdi və anamızın başına səpərək dedi:
-Ana, bu
pullar sənindir, halalın
olsun!
Rasimin dünyagörüşü qəlbi
kimi geniş və zəngin idi. Şəxsiyyəti ilə
yaradıcılığı
bir-birini tamamlayırdı. Onunla təmasda olmaq insana
xoş dəqiqələr bəxş edir, ruhən ucaldır və zənginləşdirirdi.
Rasimin səsi, ürəkdən və ucadan gülməyi,
xoş rəftarı, qayğıkeşliyi mənim
üçün əziz və unudulmazdır.
Müxtəlif
mövzularda maraqlı və şirin söhbətlərimiz
olurdu. Ədəbiyyatşünas olduğum üçün məni
daha çox onun dünya ədəbiyyatına, klassik və
müasir Azərbaycan bədii yaradıcılığına
münasibəti maraqlandırırdı. İncəsənət
və ədəbiyyatda baş verən proseslərdən,
mövcud cərəyanlardan, simvolizm, modernizm, maqiq realizmdən,
həmin cərəyanlardan bəhrələnmə xüsusiyyətləri
və bu kimi digər məsələlərin ətrafında
danışardıq.
Bəzən
aramızda mübahisələr də yaranırdı. Rasim
dünya tarixi, coğrafiyası və incəsənətinin,
klassik musiqinin bilicisi olduğundan həmin sahələrdə
onunla mübahisə etmək cəsarət
tələb edirdi. O, əsər üzərində
çalışan zaman klassik müsiqini dinləməyi
sevirdi.
İndi
deyə bilərəm ki, mən qardaşımın
simasında böyük insan, səmimi dost və məsləkdaş
itirmişəm. Onun həyat devizi axtarışlardan ibarət
idi. Mən indi anlayıram ki, işığa, həqiqətə
çatmaq insanın inkişafı, təkmilləşməsi
üçün vacib bir amildir. Rasimin emalatxanasının
qapısında yazılmış ərəb filosofu İbn
Haldunun müdrik kəlamı da bu fikri təsdiq etməkdədir:
Şübhələnməyən
həqiqəti
axtarmır.
Həqiqəti
axtarmayanın
gözləri
açılmaz.
Gözləri
açılmazsa,
korluq və
tərəddüd
içində
qalar.
Rasim sənət
fədaisi idi. Onun məhsuldarlığının sirri də
sənətə sonsuz eşqi, əmək intizamı və zəhmətkeşliyi
idi. O, öz övladlarını da bu ruhda tərbiyyə
etmişdir - zəhmətkeş və intizamlı olmaq,
seçdiyi sənətə məhəbbət və sadiqlik
ruhunda. Atasının davamçısı olan istedadlı və
sənətə eşq ilə yanaşan böyük oğlu
Elnur Babayev rəssamdır, kiçik oğlu Çingiz Babayev
mühəndis-inşaatçı olduğundan həmçinin
yaradıcı əməklə məşğuldur.
Rasimin ailə
ocağının qoruyucusu olduqca zəhmətkeş, səliqəli
və alicənab Səidə xanım sadiq həyat
yoldaşı olmaqla bərabər, məişət
qayğılarını öz öhdəsinə götürən
qayğıkeş və fədakar anadır. Rasimin həyat və
yaradıcılığında onun rolu və xidmətləri
böyük və danılmazdır.
Rasim sovet
mühitinin yetişdirməsi olsa da, heç vaxt onun
ideologiyasına xidmət etməmiş və heç kəsə
baş əyməmişdir.
O, ruhən
azad və üsyankar olduğu üçün həyat və
yaradıcılığı da, sanki şər qüvvələrə
qarşı bir üsyan, mübarizə idi. Onun məşhur
divlər silsiləsi buna əyani sübutdur. Təsadüfi
deyil ki, əjdaha ilində doğulmuş Rasim özünü
əjdahaya oxşadaraq simvol yaratmışdır. Bilgəhdəki
bağının girişində odlu-alovlu, nəhəng əjdaha
çəkmişdi. Rəssamlıq onun həyat tərzi idi.
Həmişə sərbəst yaradıcılığa
üstünlük verərdi və tutduğu mövqeyə
sadiq qalmağa çalışardı.
Dəfələrlə
onu Baki İncəsənət Universitetinə, hətta xarici
ölkələrə çalışmağa, dərs deməyə
dəvət etmişdilər. Lakin belə təkliflər onun
təbiətinə yad idi.
Sadə və
xeyirxah olduğundan öz bacarığını, təcrübə
və biliklərini insanlardan əsirgəməzdi. Rəsm və
incəsənət həvəskarlarına, ona müraciət
edən tələbələrə lazımi məsləhətlər
verər, təmənnasız öyrədər, hətta bəzilərinə
maddi yardım edərdi.
Deyirlər,
uşaqlıqdan rəssamlığa meyil göstərən
Rasim o zamanlar kağızın qıt vaxtında dəftərlərdə
qalan son vərəqlərin qənimi olub. Odur ki, əlinə
kömür düşən kimi həyət evimizin
hasarındakı ağ divarda müxtəlif rəsmlər,
daha çox portretlər çəkərmiş. İllər
keçdikcə onun daxilində dərin iz salmış bu həvəs
və sevgi böyük bir eşqə, sənət eşqinə
çevrilir və görünür, yaddaşın
gücü ilə bağının divarlarında
yağlı boyalarla çəkilmiş əsl sənət əsərləri
öz əksini tapır: “Qoca bağban”, “Adəm və Həvva”,
rəngarəng divlər...
Özünü
doğma Abşeronsuz təsəvvür etməyən Rasim Vətəninə,
onun torpağına, təbiətinə olduqca bağlı idi.
Bağında həmişə həvəslə, yorulmadan
çalışar və zəhmətdən
həzz alardı. Nadir bir xüsusiyyətə də malik idi
Rasim – özünə kənardan baxmağı
bacarırdı. Həm özünə, həm millətinə
gendən (bu özünün işlətdiyi söz idi) nəzər
salırdı. M.Ə.Sabirin misralarını tez-tez dilə gətirərdi,
ümumiyyətlə “mollanəsrəddinçilərin”, xüsusən Ə.B.Haqverdiyevin və
M.Ə.Sabirin yumorunu sevər və yüksək dəyərləndirərdi. Sabirin – bu “ağlar güləyənin”
acı yumorundan Rasim öz
yaradıcılığında da bəhrələnirdi.
Tablolarında xalq yumorunun elementləri, ünsürləri,
folklor və mifologiyadan gələn obraz və motivlər
qabarıq yer tutur. Əsərlərindəki milli kolorit, milli ruh, zəngin, sehrli
və möcüzəli dünyaduyumu, həyatın fəlsəfi-assosiativ
və simvolik dərki böyük sənətkarın
özünəməxsusluğunun təzahürüdür.
2007-ci ildə Londonda “Sotbi qalereyası”nda təşkil
olunmuş beynəlxalq rəsm sərgisində ən yüksək
yerlərdən birini fəth
etmiş Rasim Babayev artıq çoxdan dünyanın bir
çox muzeylərinin, sərgi salonlarının üstad müəllifi
kimi tanınırdı. Onun haqqında, həyat və sənəti
barədə dünyada
tanınmış bir çox sənətnşünaslar,
nüfuzlu ziyalılar, yazıçı və publisistlər
yazmışlar.
Rasim
Babayevin yaradıcılığını əks etdirən
reproduksiyalarla tərtib olunmuş neçə-neçə
kitab nəşr olunmuş, televiziya verilişləri və
filmi çəkilmişdir. Hazırda isə böyük rəssamın
həyat və yaradıcılığına həsr
olunmuş kitab nəşrə hazırlanır. İnternetdə
Rasimin saytında onun yaratdığı əsərlər
öz əksini tapmışdır.
Rasim
haqqında yazanların sırasında tanınmış sənətşünas
Sara Nəzirovanın (o, Sara Oğuz kimi də tanınır)
adını çəkməmək haqsızlıq olardı.
O, dəfələrlə Rasim haqqında müxtəlif
çıxışlar etmiş, məqalələr,
oçerk yazmış və kitab tərtib etmişdir. Mən
onu Rasim Babayevin və ümumiyyətlə, Abşeron rəssamlarının
istedadlı bioqrafı hesab edirəm.
2012-ci ildə
“Üfüqü ötənlər” filminin Nizami adına
kinoteatrda çox uğurlu təqdimatı keçirildi.
Abşeron rəssamlarından Mir Cavad, Tofiq Cavadov, Rasim Babayev,
Əşrəf Murad, Qorxmaz Əfəndiyevdən bəhs edən
bu filmin ssenari müəllifi Sara Oğuz, rejissoru Şamil Nəcəfzadədir.
Düşünürəm
ki, bu film nəinki Azərbaycanın, hətta dünya incəsənət
və mədəniyyətinin qızıl fonduna daxil olmağa
layiqdir. Deyirlər, əsl ziyalı xalqın eşidən
qulağı, görən gözü, düşünən
beyni olmalıdır. Bu missiyanın öhdəsindən gələn
və öz əməllərilə xalqına və bəşəriyyətə
xidmət etməyi bacaran insan ölməzdir. İnanıram
ki, şəxsiyyəti və sənəti ilə Rasim Babayev də
özünə əbədi həyat qazanmışdır.
Aida
FEYZULLAYEVA,
filologiya elmləri
doktoru, professor
Xalq qəzeti.- 2013.- 9 iyul.- S. 7.