Fuad
ƏLƏSGƏROV: Azərbaycanda korrupsiyaya qarşı
mübarizə sahəsində ciddi irəliləyişlər
var
Trend Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibəni təqdim edir.
–
“Transparency International” təşkilatı “2013-cü il Qlobal
Korrupsiya Barometri” hesabatını
açıqlamışdır. Azərbaycanla bağlı nəticəyə
münasibətiniz necədir?
– Hesabat
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
ciddi irəliləyişlərin olmasını bir daha təsdiq
etdi. Bununla bağlı hesabatdan iki statistik rəqəmi diqqətinizə
çatdırmaq istərdim. Azərbaycanda respondentlərin 68
faizi hesab edir ki, dövlət tərəfindən həyata
keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri
səmərəlidir. Bu, dünya ölkələri üzrə
müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə
artıqdır.
İkinci
nümunə isə dünyada korrupsiyanın səviyyəsi
ilə bağlı olan göstəricidir. Belə ki, dünya
üzrə respondentlərin 50 faizindən çoxu hesab edir
ki, korrupsiyanın səviyyəsi son iki ildə
artmışdır. Azərbaycanda isə respondentlərin 73
faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi
artmamışdır. Əlbəttə ki, belə müsbət
nəticələr və rəylər bizim üçün
gözlənilən idi. Çünki bu, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev cənablarının iradəsi və
tapşırıqları ilə korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilən
kompleks və davamlı siyasətin real nəticəsidir.
Hesabata əsasən demək olar ki, ölkəmizdə
bütün sahələrdə korrupsiyanın səviyyəsi
azalmışdır.
“Qlobal
Korrupsiya Barometri” dünyanın 107 ölkəsindən olan
respondentlər arasında keçirilmiş ictimai rəy
sorğusunun nəticəsidir. Hesabatın hansısa subyektiv
mövqeyə əsaslanmaması, korrupsiya ilə bağlı
qlobal mənzərəni təsvir etməsi nəticələrin
qərəzsizliyini və obyektivliyi təmin edir. Ona görə
də hesabat bəzi beynəlxalq təşkilatlar tərəfindən
siyasi mülahizələrə, subyektiv rəylərə əsaslanaraq
hazırlanmış digər rəylərdən fərqli
olaraq daha real vəziyyəti göstərir. Təbii ki,
ölkəmizdə mütəmadi həyata keçirilən,
biri-birini tamamlayan antikorrupsiya tədbirləri öz nəticəsini
göstərməli idi. Həmin tədbirlər ictimai rəydə
dərhal əks-səda doğurmasa da, beynəlxalq təşkilatlar
bunu gec qeyd etsə də, hər bir halda həqiqət
özünü göstərir və müsbət nəticələri
qaçılmaz edir. Ən əsası isə insanlar müsbət
dəyişiklikləri öz gündəlik həyatlarında
hiss edirlər.
– Sizcə,
hesabatda qeyd edilən irəliləyişlər nə ilə
bağlıdır?
–
Korrupsiyaya qarşı mübarizədə əldə edilən
nailiyyətlər artıq qeyd etdiyim kimi, ilk növbədə,
Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsi və
dövlət orqanları qarşısında qoyduğu konkret
vəzifələrlə bağlıdır. Hesabat 2012-ci və
qismən 2013-cü ili əhatə edir. Düşünürəm
ki, rəy sorğusu bu gün aparılsa idi, biz daha yüksək
nəticələrin şahidi olardıq. Çünki cənab
Prezidentin korrupsiyaya qarşı mübarizədə daim
dinamikliyi təmin etməsi və müxtəlif sahələrdə
sistemli, institusional islahatlar həyata keçirməsi vəziyyətin
davamlı olaraq yaxşılaşmasını təmin edir.
Belə
ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi
Açıq Hökumətin təşviq edilməsi və
Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət
planlarının icrası ölkəmizdə dövlət
orqanlarının şəffaflıq, açıq hökumət
prinsipləri əsasında idarə edilməsini və
korrupsiyanı istisna edən idarəçilik mühitinin
yaradılmasını təmin edir. Bu tədbirlərə
elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi
və elektron hökumətin inkişaf etdirilməsi tədbirləri
də aiddir.
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan
“ASAN xidmət” mərkəzləri vətəndaşlara
qısa müddət ərzində vahid məkandan keyfiyyətli,
rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan
dövlət xidmətlərini göstərir. “ASAN xidmət”
mərkəzləri fəaliyyətə
başladığı gündən 230 minə yaxın vətəndaş
müraciət etmişdir. Müraciətlərdən 98 faizi təmin
edilmişdir.
Təbii
ki, vətəndaş əgər dövlət xidmətlərinin
əldə edilməsində heç bir neqativ halla
rastlaşmırsa, eyni vaxtda heç bir məsafə qət
etmədən bir neçə dövlət qurumuna
çıxış imkanı əldə edirsə, o bunu
müsbət qiymətləndirəcək və dövlət
tərəfindən yaradılan belə imkanı öz rəyində
bildirəcəkdir. Qeyd etməliyəm ki, “ASAN xidmət”
özünü müsbət təcrübə kimi
doğrultmuş və cənab Prezidentin vurğuladığı
kimi, Azərbaycanın brendinə çevrilmişdir.
Eyni
zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində
cinayət təqibini gücləndirmək məqsədi ilə
baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi
üzrə tədbirlər də həyata
keçirilmişdir. İdarənin “161” qaynar xəttinin fəaliyyəti
tam təşkil edilmiş və vətəndaşların
müraciətlərinə baxılması,
cavablandırılması işi təkmilləşdirilmişdir.
Daxili işlər orqanlarında həyata keçirilmiş
islahatlar, xüsusilə, yol patrul xidmətinin fəaliyyətində
şəffaflığın artırılması, “Təhlükəsiz
şəhər” sisteminin qurulması bu sahəyə öz
müsbət təsirini göstərmişdir. Ümumilikdə,
qeyd olunanlar dövlət idarəçiliyinin müxtəlif
sahələrinə aiddir, çünki şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
tədbirləri ölkəmizdə sahəvi xarakter
daşımır və biz müvafiq irəliləyişləri
daim müşahidə edirik.
Hesab edirəm
ki, həyata keçirilən maarifləndirmə tədbirləri
və vətəndaş cəmiyyəti üzvləri ilə
olan əməkdaşlıq da nəticələrə öz
müsbət təsirini göstərmişdir.
–
Hesabatda, həmçinin vətəndaşların əksər
hissəsinin korrupsiyaya qarşı mübarizə prosesində
fəal iştirak etmək niyyəti göstərilir. Sizin bu
fikrə münasibətiniz necədir?
–
Korrupsiyaya qarşı mübarizənin səmərəli
olması üçün cəmiyyətin bütün
üzvlərinin, özəl sektorun, kütləvi informasiya
vasitələrinin, qeyri-hökumət təşkilatlarının,
o cümlədən vətəndaşların fəal
iştirakı çox mühümdür. Bu baxımdan
müsbət haldır ki, sorğuda iştirak edən şəxslərin
81 faizi həmin prosesin fəal iştirakçısı olmaq
niyyətini bildirmişdir. Hesab edirəm ki, vətəndaş
təşəbbüslərinin dəstəklənməsi və
ümumən vətəndaş cəmiyyəti üzvləri
ilə səmərəli əməkdaşlıq davam etdirilməlidir.
Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 9.