İnternet mediasında peşə etikası”

 

Gəncədə “İnternet mediasında peşə etikası” mövzusunda konfrans keçirilib. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin keçirdiyi toplantıda respublikanın aparıcı xəbər saytları, agentlikləri eləcə də regional mediada çalışan jurnalistlər, yeni media üzrə mütəxəssislər iştirak ediblər.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev 2012-ci ildə təsis olunmuş qurumun məqsəd və vəzifələri, proqramın mahiyyəti və əhəmiyyətindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev demokratik dövlət quruculuğunda Azərbaycan mətbuatının xidmətlərindən, bu sahədə qazanılan uğurlardan söhbət açıb. İcra başçısı qeyd edib ki, Gəncədə mətbuat nümayəndələrinin rahat işləməsi üçün Mətbuat Evi tikilir. Çap mediasının yayılmasına dəstək məqsədilə şəhərin müxtəlif yerlərinə 50-yə yaxın mətbuat yayımı köşkü qoyulub.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yeni mediada peşə etikasının əhəmiyyətini vurğulayaraq bildirib ki,  İnternet azad məkandır. Bəzən bu azadlıq ifrat dərəcədə qanun pozuntuları ilə müşahidə edilir. Bəzən internetdə saxta profillər yaradaraq vətəndaşlar başqaları haqqında təhqir, böhtan kimi fikirlər bildirirlər. Həm bu kimi məqamlara aydınlıq gətirilməsi, həm internet üzərindən yayımlanan media orqanlarının fəaliyyətindən olan şikayətlərin araşdırılması, həm də sahənin yeniliklərinin izlənilməsi üçün uğurlu variant tapılıb. Bu ilin əvvəlində Mətbuat Şurasının nəzdində internet media resursları üzrə komissiya yaradılıb”. “Zaman-Azərbaycan” qəzetinin baş direktoru Süleyman Ünal sosial medianın önəmindən, bu sahənin pozitivneqativ yönlərindən bəhs edib. O, bu sahədə Türkiyə və Avstraliya təcrübəsi barədə geniş məlumat verib. S.Ünal çıxışında həmçinin sosial medianı müasir dünyanın gerçəkliyi şəklində dəyərləndirib. O, sosial media vasitəsilə dünyada meydana gələn problemlərdən və onların həlli üçün vətəndaşların maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

İki gün davam edən tədbirdə mövzu müxtəlif yönləri ilə müzakirə edilib, geniş fikir mübadiləsi aparılıb. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilib.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 11.