Moldovalı ombudsman həqiqəti söyləməkdə beynəlxalq təşkilatlara nümunə göstərdi

 

Aureliya Qriqoriu Yerevanda Ermənistanı işğalçı adlandırdı

 

 Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı 23 ilə yaxındır ki, davam edir. Bu müddət ərzində münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində baş verən dəyişikliklər təhlil edilir, növbəti il üçün prosesin inkişaf istiqamətləri barədə müxtəlif proqnozlar irəli sürülür. Təəssüflə qeyd etmək lazımdır ki, hər dəfə də Ermənistan rəhbərliyinin qeyri - konstruktivliyi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi və bu barədə qəbul olunan qətnamələrin icrasız qalması münaqişənin nizamlanmasına mənfi təsir göstərir. Buna görə də faktiki olaraq Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı ətrafında aparılan danışıqlar prosesində heç bir ciddi irəliləyiş əldə olunmayıb.

1994-cü ildə tərəflər arasında əldə olunan atəşkəs haqqında razılaşmadan sonra beynəlxalq vasitəçilərin təmsil olunduğu Minsk qrupunun fəaliyyətində diqqəti cəlb edən irəliləliyiş əldə olunmayıb. Söz yox ki, bu müddət ərzində ATƏT - in Minsk qrupu saysız - hesabsız bəyanatlar verib. Ancaq bu bəyanatların heç birində konkret olaraq Ermənistanın işğalçı dövlət olması faktı açıq şəkildə bildirilmir. Halbuki, bu təşkilat Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb. ATƏT nümayəndələri dəfələrlə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində olmuş, guya Minsk qrupu monitorinqlər aparmış, lakin son anda yenə əvvəlki bəyanatlardan heç nə ilə fərqlənməyən növbəti bəyanat verməklə kifayətlənmişdir. Minsk qrupunun fəaliyyəti il ərzində bir neçə dəfə Azərbaycan və Ermənistana səfərlərindən savayı heç nə ilə yadda qalmadı.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində hər hansı irəliləyiş müşahidə olunmasa da, Azərbaycan tərəfinin xarici siyasət sahəsində daha aktiv və səmərəli fəaliyyətini qeyd etmək lazımdır. Dövlətimizin başçısı xarici ölkələrə bütün səfərlərində, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərində, həmçinin müxtəlif diplomatların Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin hələ də işğal altında saxlanılması və bunun nəticəsində bir milyondan artıq soydaşımızın öz ata - baba torpaqlarından didərgin salınması, həmçinin, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərini qeyd - şərtsiz azad etmələri barədə qəbul etdiyi 4 qətnamənin bu vaxta qədər icra olunmamış qalmasını xüsusi olaraq diqqətə çatdırmışdır. Təəssüf ki, beynəlxalq birlik indiyə qədər bu ədalətsizliyə göz yumurikili standartlar nümayiş etdirir. Bütün bunlara baxmayaraq, ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət öz bəhrəsini vermişdir. Bir sıra beynəlxalq təşkilatlar dolayısı ilə olsa da, Ermənistanın işğalçı dövlət olmasını təsdiqləyən qətnamə qəbul etmişdir. Ötən il fevralın 7 - də bu sənədlərə daha biri əlavə olunmuşdur: Almaniya Bundestaqının Xarici Siyasət üzrə İşçi Qrupu “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yaymışdır.

 Etiraf edək ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT - in Minsk qrupunun fəaliyyəti demək olar ki, qeyri - qənaətbəxşdir. Azərbaycan tərəfi daim Minsk qrupu həmsədrlərinin daha fəal olmalarının vacibliyi haqqında bəyanatlar vermiş və çağırışlar etmişdir. Bölgədə mövcud durum, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət ölkəmizi qane etmir. Beynəlxalq təşkilatlar özündə cəsarət tapıb Ermənistanı işğalçı adlandırmır və işğal atında saxladıqları Azərbaycan ərazilərini qeyd - şərtsiz azad etmək barədə qəti tələb qoymurlar. Nəhayət, bu cəsarəti nümayiş etdirən tapıldı.

Bu günlərdə Yerevanda, Ermənistan parlamentində keçirilən Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təşkil edilmişQanunun aliliyi barədə Avropa standartları və Avropa Şurasının üzvü olan ölkələrdə hakimiyyət orqanlarının səlahiyyət hüdudları” ümumavropa konfransında “Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” adlı məruzə ilə çıxış edən Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu bəyan etmişdir ki, Xocalı soyqırımı ermənilər tərəfindən törədilmişdir. Bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Moldovalı vəkil Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və azərbaycanlılara qarşı soyqırımı törətdiyini vurğulamışdır. Zalda əyləşən forum iştirakçılarının əksəriyyəti moldovalı vəkilin çıxışını alqışlamaqla onun dediklərinə razılıqlarını bildirmişlər.

Moldovalı ombudsman həqiqəti söyləməkdə beynəlxalq təşkilatlara, o cümlədən ATƏT - in Minsk qrupuna əsl nümunə göstərdi. Xanım ombudsmanın Ermənistanın işğalçı dövlət olmasını, dünyada analoqu olmayan Xocalı faciəsinin ermənilər tərəfindən törədildiyini Yerevanda səsləndərməsi cəsarət və ədalətin təntənəsidir. Aureliya Qriqoriunun bu çıxışı Bakıda azərbaycanlıların, Yerevanda isə ermənilərin şəninə təriflər söyləyən, ikiüzlü siyəsətdən hələ də əl çəkə bilməyən bir sıra beynəlxalq təşkilatların nümayəndələri və diplomatlar üçün ibrət dərsidir. Əlbəttə, Ermənistanın işğalçı dövlət olması faktını cəsarətlə, nümayişkarənə şəkildə bəyan etmək ilk növbədə ATƏT - in Minsk qrupu həmsədr dövlətlərinin başçıları üçün də nümunə olmalıdır. Yəni, doğurdanmı ATƏT - in Minsk qrupu həmsədr dövlətlərinin başçıları Azərbaycan torpaqlarının işğalını və Emənistanın işğalçı olduğunu etiraf etmədən münaqişənin ədalətli nizamlanmasının mümkün olmadığını hələ də bilmirlər?

 Moldovanın parlament vəkilinin Ermənistan parlamentindəki çıxışı bu ölkənin rəhbərliyinə sarsıdıcı zərbə vurdu. Yerli kütləvi informasiya vasitələri bu çıxışı sensasiya kimi təqdim ediblər. Hətta “Aravot” qəzeti yazır ki, Ermənistanın dövlət rəsmləri beynəlxalq aləmdə rüsvay oldu. Qəzetin siyasi şərhçisi A. Melikyan bildirib ki, bu vaxta qədər heç kim Yerevanda Ermənistanı işğalçı dövlət adlandırmamışdı. Ancaq bir xanım hamımızın üzünə baxa - baxa öz torpağımızda, mərkəzdə bizi işğalçı adlandırdı. Siyasi şərhçi bunu ölkə rəhbərliyinin başının korrupsiyaya qarışması və xarici siyasəti tamamilə unutması ilə əlaqələndirib. Ermənistanda çıxan “Novosti” qəzeti isə “Bir xanım Ermənistanı bir - birinə qatdı” adlı məqalə dərc etməklə qeyd edir ki, moldovalı vəkilin çıxışı Yerevanda bomba kimi partladı.

 Moldovalı ombudsmanın beynəlxalq təşkilatları Xocalı soyqırımını tanımağa çağırmasını heç də Azərbaycanın tərəfini saxlaması kimi dəyərləndirilməməlidir. Söz yox ki, xanım ombudsman bu çağırışı Ermənistanın paytaxtında etməklə böyük cəsarət nümayiş etdirib. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın dövlət rəsmiləri də Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsini etiraf edirlər. Ermənistan prezidenti Serj Sarkisyan öz müsahibəsində bilavasitə təsdiq etmişdir ki, Xocalı soyqırımını həyata keçirən ermənilərdir və bununla da onlar azərbaycanlıları qorxutmaq istəyirdilər. Təəssüf ki, özlərini dünya birliyində insan hüquq və azadlıqlarının qorunmasının tərəfdarı kimi göstərən beynəlxalq təşkilatlar Ermənistan prezidentinin analoqu olmayan soyqırımının onlar tərəfindən törədildiyini etiraf etməsinə heç bir reaksiya verməmişlər.

 Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistan parlamentində çıxışından sonra İrəvanda təhdidlərə məruz qalıb. İş o yerə çatıb ki, xanım ombudsman oteli tərk etməyə belə qorxub. Ermənistanın hakimiyyət orqanları Moldovanın parlament vəkili Aureliya Qriqoriunun üzr istəməsində israr edibonu ölümlə hədələyiblər. Bu fakt bir daha təsdiqləyir ki, Ermənistan dövləti konstruktiv siyasətdən və danışıqlardan uzaqdır.

 A.Qriqoriu Ermənistanda akkreditə olunmuş diplomatik missiyaların birinə məxsus avtomobildə sərhədə qədər gəlib. Lakin avtomobili sərhəddən o tərəfə buraxmayıblar. Ermənistanın hakimiyyət orqanları isə israrla A.Qriqoriunun Yerevana qayıtmasını, parlamentdəki çıxışına görə rəsmi şəkildə üzr istəməsini tələb etmişdir və yalnız bu şərtlə onu ölkədən buraxacaqlarını bildirmişlər. Çıxışına görə üzr istəməyən xanım ombudsman həyatı üçün real təhlükə olduğuna görə Yerevan mehmanxanalarından birində gizlənmək məcburiyyətində qalmışdır. Nümayəndə heyətinin qalan üzvləri isə ölkəni tərk etmişlər. Moldova ombudsmanını ölümlə hədələyən, hiddətlənmiş ermənilər tərəfindən mühasirəyə alınmış mehmanxanadan onu sözün əsl mənasında buraxmamışlar. Sosial şəbəkələrdə isə xanımın ünvanına çoxsaylı təhqirlər yağdırılmış, hətta ölümlə hədələnmişdir. Vəkilin sözlərinə görə, Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirlikləri ombudsmanın İrəvan aeroportuna gəlməsinə və Moskvaya uçmasına yardım edib. Daha sonra ombudsman Moskvadan Kişinyova uçub.

Moldovanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oktavian İonesiye bildirmişdir ki, səfirlik ombudsman Aureliya Qriqoriunun Ermənistan parlamentində səsləndirdiyi mövqe ilə tam razıdır. Ermənistanın paytaxtında keçirilən beynəlxalq tədbirdə bu ölkənin işğalçı, qəsbkar olması faktının yüksək tribunadan səsləndirilməsi Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin bəhrəsidir. Ümid edirik ki, Moldova ombudsmanı Aureliya Qriqoriunun bu cəsarətli çıxışı, əsl həqiqəti Ermənistan rəhbərliyinin gözünün içinə baxa - baxa deməsi nəhayət, ATƏT - in Minsk qrupu həmsədrləri üçün nümunə olacaq və digər beynəlxalq təşkilatlar da ikiüzlü siyasətlərindən əl çəkmək məcburiyyətində qalacaqlar.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 12.