Horadizdə bir gün....

 

Şəhər sakinləri gündəlik diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını  bildirirlər

 

Horadiz şəhərinin abad və yaraşıqlı küçələri ilə addımlayırıq. Müsahibim bu yerlərə yaxşı bələddir. Ona görə də hər bir küçə, ev, bağ, park haqqında ətraflı məlumat verir, görülmüş və görüləcək işlər barədə həvəslə danışır. Göstərdiyi fakt və rəqəmlər, apardığı təhlil və müqayisələr o qədər maraq doğurur ki, tez-tez: –Təsəvvür edirsinizmi. Bütün bunlar son 2 ildə baş verib, –deyir–Qonaqlar bir yana, biz yerli sakinlər də şəhəri tanıya bilmirik....

Müsahibim haqlıdır. “Horadiz, bəlkə də, respublikanın ən sürətli inkişaf edən şəhəridir” – desək heç də səhv etmərik. Maraq doğuran daha bir cəhət isə ondan ibarətdir ki, inkişaf və yüksəliş qısa müddət ərzində baş vermiş, müxtəlif təyinatlı binaların tikintisində, küçə və səkilərin, park və xiyabanların salınmasında, bir sözlə şəhərsalmada milliliklə müasirlik üzvi surətdə birləşdirilmişdir. Bu isə şəhərə xüsusi bir gözəllik gətirmişdir.

Hər şeydən əvvəl, qeyd edək ki, şəhər son illər bütün istiqamətlərə doğru xeyli genişlənmiş, yeni binalar tikilmiş, küçələr, səkilər salınmış, yaşıllıq zolaqları yaradılmışdır. Yeri  gəlmişkən, indi şəhərə xüsusi gözəllik və yaraşıq verən həmin obyektlərdən  bir neçəsinin adını sadalamaq istəyirik: Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Mədəniyyət sarayı, Şahmat məktəbi, YAP rayon təşkilatının inzibati binası, 240 yerlik orta məktəb, rayon təhsil və polis şöbələri üçün inzibati binalar və s. Bundan başqa, şəhərin bütün küçə və səkiləri yenidən qurulmuş, müasir işıqlandırma sistemi, monitorlar, saat kompleksləri quraşdırılmış, park və xiyabanlar salınmışdır. Təkcə son 2 ildə burada 80 min ağac və gül kolu əkilmişdir.

Genişmiqyalı tikinti-abadlıq və quruculuq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilməkdədir. Biz şəhərə son səfərimiz zamanı şahidi olduq ki, Dövlət Bayrağı meydanında, Milli Qəhrəmanlar parkında, Şəhidlərin xatirə və soyqırım qurbanlarının abidə komplekslərinin tikintisində iş sürətlə aparılır.  Yaxın vaxtlarda burada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 ailəlik yaşayış binasının tikintisinə başlanılacaqdır.

Bütün bunlar, əlbəttə, sakinlər arasında dərin razılıq hissi doğurur və cəbhə xəttində, düşmənlərlə üz-üzə dayanmış və bu şəhərin sabahkı daha abad və xoşbəxt günlərindən xəbər verir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam füzulililərin qəlbində daha böyük sevinc və   iftixar hissi doğurmuş, onların sabaha olan inam və ümidlərini daha da artırmışdır.

Biz bu yazı üzərində işləyərkən Horadiz sakinləri ilə ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşüb söhbət etdik, onların ürək sözləri, arzu və düşüncələri ilə maraqlandıq. Hamının yekdil fikir və arzusu belədir: ölkə başçısının bu diqqət və qayğısı bizi daha da ruhlandırır, hələ də düşmən tapdağında olan müqəddəs torpaqlarımızın, nəhayət, azad olunacağına olan inam və  ümidimizi artırır, bizi yaşamağa, ayağımızı doğulub–böyüdüyümüz bu torpağa daha möhkəm dirəməyə səsləyir. Hədsiz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Sərəncamda qeyd edildiyi kimi, Füzuli rayonunun 1994-cü ilin yanvar ayında erməni işğalından azad olmuş 22 yaşayış məntəqəsində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmışdır, 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası binası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmişdir. Horadiz şəhərində yandırılmış və dağıdılmış 1565 yaşayış evinin əksəriyyəti bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir. Qaz, elektrik xətləri çəkilmiş, digər mühüm infranstruktur lahiyələri yerinə yetirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış 120 min rayon sakinindən 70 min nəfəri, o cümlədən 6 mindən çox Horadiz sakini öz doğma torpaqlarına qayıtmışlar. Onlar bu gün də bilavasitə cəbhə xəttində düşmənlə üz-üzə duraraq rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışırlar. Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin xüsusi əhəmiyyətini və yandırılmış, dağıdılmış evlərin sakinlərinin öz doğma yurdlarına qayıtması üçün zəruri şəraitin yaradılmasının vacibliyini nəzərə alaraq, Horadiz şəhərində 1398 nəfərlik 341 ailənin əvvələr yaşadığı 227 evin və 3 çoxmənzilli binanın bərpası məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılmışdır.

Horadiz şəhəri, o cümlədən Füzuli rayonunun 22 yaşayış məntəqəsi cəmi bir neçə ay erməni işğalı altında qalıb. Ancaq  vəhşiliyin, talan və dağıntının miqyası qat-qat böyükdür. Başqa sözlə desək, Azərbaycan ordusunun güclü əks-hücumu nəticəsində Horadiz azad olunarkən burada dağıdılmamış, yandırılmamış bina, körpü, yol qalmamışdır. Vəhşiləşmiş düşmən ana təbiətdən də qisas almışdı. Heç bir ehtiyac olmadan ağaclar kəsilmiş, bulaqlar, su kəmərləri dağıdılmışdır.  Digər tərəfdən, öz murdar xislətinə sadiq qalan ermənilər ağlagəlməz yerlərdə  nə qədər minalar basdırmışlar.  Bir sözlə, Horadiz azad edildikdən sonra burada yeni bir şəhər salmaq tələb olunurdu.

Yuxarıda da qeyd edildiyi kimi, ötən müddət ərzində bu istiqamətdə geniş tədbirlər planı hazırlanıb həyata keçirilmiş, ardıcıl və sistemli iş qurulmuşdur. Ulu öndər Heydər Əliyevin və Respublika prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində Horadizdə, eləcə də digər yaşayış məntəqələrində həyat öz axarına düşdü. Yerli sakinlər doğma ev-eşiklərinə qayıtdılar, bərpa və quruculuq işləri geniş vüsət aldı. Əlbəttə, ötən müddət ərzində aparılan tikinti–abadlıq və quruculuq işlərinin, həyata keçirilən tədbirlərin miqyası çox genişdir. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, hazırda işğaldan azad olmuş Horadiz şəhərində və  digər yaşayış məntəqələrində 70 min nəfərdən çox əhali yaşayır. Füzulililər təmir edilmiş, yenidən qurulmuş, həyət-bacası səliqəyə salınmış ata-baba yurd yerlərinə köçmüş, özlərinə gün-güzaran qurmuş, müvafiq iş yerləri ilə təmin olunmuşlar.

Ərazisinin 70 faizindən çoxu hələ də işğal altında olmasına baxmayaraq, indi burada istehsal olunan kənd təsərrüfatı məhsulları əvvəlki illərlə müqayisədə qat-qat çoxdur. Məsələn, təkcə ötən il rayon üzrə 101 min tondan çox taxıl istehsal edilmişdir. Zəmilərin hazırkı vəziyyəti, biçinin sürəti göstərir ki, bu il taxıl istehsalı daha çox olacaqdır.

Bütün bunlarla yanaşı, istər Horadiz şəhərində, istərsə də digər yaşayış məntəqələrində işğal zamanı yandırılmış və dağıdılmış evlərin bərpa edilməsi istiqamətində görüləsi işlər də çoxdur.  Bu mənada, ölkə başçısının “Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncamı şəhər sakinləri arasında böyük sevinclə qarşılanmışdır. Yeri gəlmişkən, görüşdüyüm, söhbət etdiyim Horadiz sakinlərindən bəzilərinin ürək sözləri ilə siz də tanış olun.

Ramiz Behbudov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının Horadiz şəhəri üzrə nümayəndəsi:

–Hazırda şəhərimizdə yaşayan əhalinin sayı 6250 nəfərdir. İşğaldan əvvəl isə burada 8 min nəfərdən çox insan yaşayırdı. Bu rəqəmlərdən də göründüyü kimi, hələ də sakinlərimizin bir hissəsi Bakıda, digər şəhər və rayonlarda məskunlaşmışlar.  Əlbəttə, bunun yeganə səbəbi erməni işğalı, evlərin yandırılması və dağıdılmasıdır.  Onu da əlavə edim ki, elə bir gün olmur, nümayəndəliyimizə müraciət olmasın. Onları qınamaq da olmaz. Şəhər sakinləri, nəhayət, didərginlik həyatına son qoymaq, öz doğma ev-eşiklərinə qayıtmaq istəyirlər. Deməli, horadizlilərin sevincini təsəvvür etmək çətin deyil. Yəqin ki, yaxın vaxtlarda dağıdılmış və yandırılmış evlərin bərpasına başlanılacaqdır. Başqa sözlə desək, Horadiz şəhərinin sabahı daha gözəl və yaraşıqlı olacaqdır.

Zeynəb Abdullayeva:

–Mən Horadizdə doğulmuşam, bütün ömrümü orda yaşamışam. İşğaldan sonra isə Bakı şəhərində müvəqqəti məskunlaşmışıq. Ancaq bir an da olsun, doğma şəhərimi unutmamışam, daim bura qayıtmaq arzusu ilə yaşamışam. Həyat yoldaşım vəfat edib, ailədə 5 nəfərik. Sözün düzü, yandırılmış, dağıdılmış evimi, həyət–bacamı təmir etməyə maddi imkanım yox idi. Elə ona görə də ölkə Prezidenti İlham Əliyevin sərəncamı ürəyimizcə oldu. Artıq doğma yurd-yuvamıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Biz gündəlik diqqət və qayğı üçün ölkə Prezidentinə hədsiz minnətdarlığımızı bildiririk, ona uzun ömür və cansağlığı arzulayırıq.

İsa Hüseynov:

–Ev tikmək, yol çəkmək, körpü salmaq, tarixən, müqəddəs və savab iş hesab olunub. Respublikamızın başqa bölgələrini demirəm, elə Horadiz şəhərində və digər yaşayış məntəqələrində bərpa edilmiş, yeni tikilmiş evləri, təzə çəkilmiş yolları xatırlayaq. Bütün bunları gördükcə ürəyimiz qürur hissilə döyünür. Bəli, görülmüş genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı tədbirlər ölkə başçısının gündəlik diqqət və qayğısından xəbər verir.

Mən də ailəmlə birlikdə müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmışam. Ancaq ürəyim doğma yurd yerlərində, Horadizdə qalmışdı. Elə bir ay olmurdu ki, xüsusi bir işim olmasa  da, Horadizə gəlməyim. Axırıncı səfərim isə ürəyimi dağa döndərdi, doğma ev–eşiyə qayıtmaq arzumu artırdı. Ona görə ki, şəhər daha da gözəl, abad və yaraşıqlı olmuşdur. Əlbəttə,  belə şəhərdə yaşamaq və işləmək xoşdur. Belə bir şərait yaratdığına, doğma ev-eşiyimizi təzədən bizə qaytardığına görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk.

Bəli, cəbhə xəttində, düşmənlərə üzbəüz dayanan, onun gözünə ox kimi batan, gündən-günə böyüyən, gözəlləşən Horadiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Füzulililər, o cümlədən Horadiz şəhərinin sakinləri bu yüksəlişə və inkişafa, ilk növbədə, ölkə prezidentinin gündəlik diqqət və qayğısı kimi baxır, bu yüksək himayədarlığa konkret əməli işlərlə cavab verəcəklərini, söylədilər. Onlar həyata keçirilən qətiyyətli, uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini, müdafiə etdiklərini bildirirdilər.

Həmişə doğma ev-eşiyinizdə, əziz Horadiz sakinləri. Sağ əliniz ağdamlıların, laçınlıların, kəlbəcərlilərin... bir sözlə, bütün qaçqın və məcburi köçkünlərin başına. O xoşbəxt günlərə isə çox az qalıb.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 14.