Tarixin ironiyası: “erməni
soyqırımı”
Urfa hadisəsi
Erməni quldur təşkilatları Urfada da öz fəallıqları ilə seçilirdilər. Onlar terror təşkilatı yaratmış və erməni gənclərini ora cəlb etmişdilər. 1895-ci ildə Urfa üsyanında günahkar qismində həbs edilmiş və məşrutənin elanından sonra əfv edilərək, Türkiyəyə qayıdan və özünü keşiş kimi tanıdan bir şəxs İstanbul erməni patriarxlığı tərəfindən Urfaya göndərilmişdi. Keşiş ermənilərin üsyanını planlaşdırmış və üsyançılara silah və cəbhəxana tədarükü görülməsini tapşırmışdır. Urfadakı ermənilərin hazırlığına ruslar da dəstək vermiş və üsyançılara səkkiz -on ilə qədər kifayət edəcək qida ötürülmüşdür. Vanın rus qoşunları tərəfindən işğalı erməni təbliğatçılarının üsyana təhriketmə cəhdlərini daha da sürətləndirmişdir. Onlar erməni əhalisinə rusların bir neçə aya Urfaya çatacağını inandıraraq üsyana təhrik etmişlər.
1894-cü ildə Osmanlıda doğulanların səfərbərliyə alınması ilə eyni vaxtda Zeytun, Sasun, Diyarbəkir bölgələrindən qaçan erməni əsgərlər də təxribatçılara qoşulur və Urfanın 7,5 kilometrliyində Gərmiş kəndində və avqustun 19-da Urfa mərkəzində ilk üsyanlar başlamışdır. Urfa hadisəsinin ertəsi günü Tellülebyaz-Urfa-Siverek yolunda işləyən xidmət taborunun ermənilərdən ibarət hərbçiləri xəyanət etmiş və qarşılaşdıqları türk əsgərlərini və işçiləri öldürmək istəmiş, lakin bir nəticə əldə etməmişdilər. Bundan sonra, həmin yerdə çalışan erməni bölüyünün əsgərləri mühafizə məntəqələrindən ələ keçirdikləri silahlarla zabit İbrahim Hilmini qətlə yetirmiş və dörd asayiş keşikçisi və kəndxudanı yaralamışlar.
19 sentyabr 1915-ci ildə ermənilər tərəfindən yenidən atəş səsləri eşidilmiş və bu olayı araşdırmaq üçün erməni məhəllələrinə girən asayiş qüvvələrinə atəş açılmışdır. Nəticədə bir keşikçi şəhid olmuş, ikisi yaralanmışdır. Xəyanətkar erməni quldurları müdafiəsiz türk evlərinə daxil olmuş və xeyli sayda dinc sakini, o cümlədən 10-a yaxın qadını qətlə yetirmişlər. Üsyandan sonra erməni çətələrinin başçıları yenə digər bölgələrə qaçmağı bacarmışlar. Qanlı təxribatın bitməsi 16 oktyabr 1915-ci ilə aid 7664 saylı şifrəylə 4-cü Ordu Komandanlığına məruzə edilmişdir.
Fındıqcıq
hadisəsi
Zeytundan və Maraşdan türk ordusunun həmlələrinə tab gətirməyib qaçan erməni quldur birləşmələri türk kəndlərinə basqınlar təşkil etmiş və çoxsaylı günahsız müsəlman əhalinin qətliamını həyata keçirmişlər. Bu dəfə 600 silahlı quldur erməni Maraş şəhəri ilə Baxça qəsəbəsi arasındakı Fındıkcıq kəndinə toplanmışdır. Bu kəndin yaxınlığındakı dörd türk kəndi ermənilər tərəfindən yandırılmışdır. Üsyan bölgəsinə asayiş keşikçiləri göndərilmiş, lakin nəticə əldə edilməmişdir. Bundan sonra İslahiyyədən 132-ci piyada alayı və Bələndəki bir piyada taboru, bir dağ top tağımı ermənilərin üzərinə göndərilmiş və üsyan yatırılmışdır. Üsyan nəticəsində 10-dan çox türk kəndi yandırılmış və 2 minə qədər insan vəhşicəsinə öldürülmüşdür.
Musa dağı hadisəsi
Daha bir qanlı hadisə Musa dağı kimi tanınan Nur dağ silsiləsinin ətəklərində yerləşən ərazidə baş verir. Verfel adlı yəhudi tərəfindən “Musa dağında 40 gün” kitabı Amerikadakı ermənilər tərəfindən guya onlara edilmiş zülm kimi təqdim olunmuş və əsərə bədii film çəkilmişdir. I Dünya müharibəsində ermənilərin növbəti siyasi hoqqası kimi dəyərləndirilən bu Musa dağı hadisəsini general Fəxrəddin Türkan belə izah edir: “Birinci Dünya müharibəsində Antanta dövlətlərinin İskəndərun sahillərinə çıxacağı barədə şayiələr yayılandan sonra Samandağ bucağında yaşayan yeddi erməni kəndi əhalisi hökumətə vergi verməkdən imtina etmiş, TSK-nın ehtiyacı üçün gərəkli olan yardımı etməmiş və Musa dağına çəkilmişdir. Hökumətin əmrlərinə tabe olmaları üçün onların yanına məmurlar göndərilsə də, ermənilər razılığa gəlməmişdilər. Çarəsiz qalan albay Qalib Musa dağından enən yolları nəzarətə götürmüş və özü dağa çıxaraq son dəfə ermənilərə xəbərdarlıq etmək istəmiş, lakin dağda heç bir erməniyə rast gəlməmişdir. Təqiblər nəticəsində məlum olmuşdur ki, ermənilər dənizə doğru uzanan bir yamac vasitəsilə Ağ dənizə enmişlər... Araşdırma aparıldıqda İskəndərun sahillərinə nəzarət saxlayan bir Fransa hərb gəmisinin Musa dağından enən erməniləri öz göyərtəsinə götürdüyü məlum olmuşdur. Heç bir qanlı insident olmasa da, ermənilər bu olaydan öz siyasi məqsədləri üçün istifadə etmiş və Amerikada bu məsələ ilə bağlı hətta film çəkdirsələr də, hadisədə ermənilərə zülm edilməsi barədə söylənilənlərin uydurma olduğu üzə çıxmışdır”.
Adapazarı hadisələri
Rus donanması Qara dəniz sahillərini top atəşinə tutduğu zaman, bölgədəki ermənilərin ruslara satıldıqları dəqiqləşdirilmişdir. Xüsusilə Adapazarındakı ermənilər, “ruslar Qara dəniz sahillərinə bir neçə günə qədər əsgər çıxaracaqlar, buralara gələcəklər, ondan sonra burada bir türk də qalmayacaq” - deyə xəbərlər yayır, öz soydaşlarını təxribata sürükləyirdi. Bu arada hökumət də boş durmamış, araşdırma aparmış və bölgədən xeyli partlayıcı maddə, tüfəng, tapança və keşikçi paltarları, dinamitlər müsadirə edilmişdi. Adapazarı və İzmitdə yaxalanan təxribatçı quldurların ifadələrində ruslar Sakarya vadilərinə gəldiyi vaxt bu silahlar türk qoşunlarına və dinc əhalisinə qarşı istifadə ediləcəkdi. Bir qism erməni isə türk əsgər paltarlarını geyinərək ordunu daxildən vuracaqdı. Ermənilərin planları aşkar olandan sonra çətə başçıları Yalova, Bursa bölgələrinə qaçmış və burda rastlaşdıqları türkləri soymuş və öldürmüşlər.
Erməni köçü
Erməni təxribatları və dövlətə qarşı silahlı üsyanları nəticəsində on minlərlə dinc müsəlman türk qətlə yetirildi. Türkiyə dövlətinin mənəvi və siyasi durumuna ciddi zərbə vuruldu. Daha dəqiq desək, türk xalqı əsrlər boyu azlıq kimi xoş münasibət göstərdikləri ermənilərin onlara etdiyi ağır xəyanətin acısını çəkdi. Onsuz da tənəzzül prosesi keçirən Osmanlı dövləti ağır şərtlərlə, düşmənlərlə qeyri-bərabər döyüşlər keçirmək məcburiyyətində qaldı. Bir tərəfdən, rusların hücumu, bir tərəfdən Antanta bloku ölkələri ilə müharibə, digər tərəfdən isə erməni üsyanları. Bütün bunlar Osmanlı hökumət rəhbərliyini məcbur etdi ki, erməni məsələsinə daha ciddi yanaşsın və mümkün qədər bu xəyanətkar xalqın zərərli fəaliyyətindən özünü sığortalasın. Bu minvalla 1915-ci ilin 27 mayında “Köç” qərarı qəbul edildi. Bu qərar ərəfəsində isə aprelin 24-də əli birbaşa türk qanına batan 2345 nəfər erməni qulduru həbs edildi. “Köç” qərarı Anadoluda yaşayan və erməni üsyanlarında iştirak edən və buna dəstək olan erməni əhalinin Osmanlı imperiyasının müxtəlif ərazilərinə köçürdülməsini nəzərdə tutan qanun idi. Ermənilərin türk ordusuna yenidən arxadan zərbə vuracağından ehtiyatlanan hakim dairələr bu qanunu qəbul etməyə bir növ məcbur olmuşdu.
Osmanlı dövlətinin daxili işlər naziri Tələt paşa 23 may 1915-ci ildə 4 Ordu Komandanlığına bir şifrə göndərmişdir. Şifrədə Ərzurum, Van və Bitlis vilayətlərindən çıxarılan ermənilərin Mosul vilayətinin cənub hissəsinə, Zor sancağı və Mərkəz xaric olmaqla Urfa sancağına, Adana, Hələb, Maraş civarından çıxarılan ermənilərin isə Suriya vilayətinin Şərq qismi ilə Hələb vilayətinin Şərq və cənubi-şərq hissəsinə köçürülməsini əmr etmişdir. Köçürülmə məsələlərinə birbaşa nəzarətini təmin etmək üçün isə Adana, Hələb və Maraş bölgələrinə mülki müfəttişlər təyin etmişdi.
Ermənilərin bu gün təqdim etdiyi 1,5 milyon erməninin qırılması ilə bağlı iddianın kökündə yanlışlığı elə ondadır ki, bütün sənədlər ermənilərin 1,5 milyon sayının olmamasının üzərində dayanır. Ölən ermənilər isə dövlətə xəyanətə görə, dinc əhalini öldürdüyünə görə günahlandırılan quldur dəstələrinin üzvləri və rəhbərləri və təbii ki, “Köç” qərarından sonra aclığa və uzun yolçuluğa dözməyən və yollarda çərkəz və kürd aşirətlərinin hücumlarına məruz qalanlardır. Tarixi sənədlərdə isə köçürülən erməniləri müayinə etmək üçün həkimlərin təyin olunduqları və onlara qarşı kiçik də olsa, ədalətsizlik edən məmurların məhkəməyə verilməsi ilə bağlı kifayət qədər dəlillər var. Şübhəsiz ki, ermənilər bu tarixi gerçəklərin üzərindən sükutla keçirlər. Çünki bu faktlar onların yalanlarının ayaq tutub yeriməsinə və təzminat arzularının gerçəyə çevrilməsinə mane olur. Tarix isə erməni soyqırımı iddialarını yalnız ironiya ilə xatırlamaqdadır. Həqiqət budur ki, belə bir soyqırımı, ümumiyyətlə, baş verməmişdir.
Anar TURAN
Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 14.