Qələbə
tənliyinin uğurlu həlli
Sumqayıtın ünlü inşaat şirkətinin xoş sorağı Avropa ölkələrindən gəlir. Azərbaycanda sahibkarlıq mühitinin daha da yaxşılaşması sayəsində uğur hədəflərinə qovuşan, nailiyyətlərini artıran özəl şirkətlər və iş adamları az deyil. Bu baxımdan Sumqayıtdakı “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət dairəsi və onun sədri Şakir Həsənovun dünyanın 10-dan çox şirkəti ilə işbirliyi quraraq möhtəşəm layihələrin icrasında etibarlı tərəfdaşa çevrilməsi haqlı qürur doğurur.
Şakir Həsənov Masallıda anadan olub. Musiqiyə,
incəsənətə böyük marağı sayəsində
rayonda tanınıb. 17 yaşında ikən
klubda bədii rəhbər olub, orada miniatür teatrı
yaradıb. 18 yaşında isə ona
Masallı mədəniyyət evinin direktoru vəzifəsini
etibar ediblər. Qısa vaxt ərzində
bir neçə bədii kollektiv yaradıb. Ancaq 21 yaşında o, incəsənət sahəsi
ilə vidalaşıb. Tarını da götürərək rayonu tərk edib. Sumqayıtda inşaat sahəsinə meyl salıb, fəhləlikdən
başlayıb. Sonra Azərbaycan Politexnik
İnstitutunun İnşaat mühəndisliyi fakültəsini,
habelə Nijni Novqorod şəhərində Ali Rəhbər
Kadrların Hazırlanması İnstitutunu bitirib. Az bir zamanda
Sumqayıtın sayılıb-seçilən
ziyalılarından biri olan Şakir Həsənov
özünün idarəetmə qabiliyyəti, mühəndis
intellekti ilə böyük hörmət-izzət qazanıb.
İndi
artıq Avropada tanınan sumqayıtlı mühəndis 26 il
öncə yeni yaradılan termo-izolyasiya müəssisəsinə
rəhbərliyə başlayanda mövcud imkanlar dairəsi bəlkə
də hər hansı uğur barədə düşünməyə belə əl yeri qoymurdu. Amma Şakir Həsənovun həyat amalı daim
seçilmək, önə çıxmaq idi. Odur ki, atdığı məqsədyönlü
addımlar onu və kollektivi qısa müddətdə
böyük uğurlara çatdıra bildi. Peşəkarların cəmləşdiyi kollektiv ən
çətin işlərdə, sənaye və mülki
obyektlərin tikintisində, quraşdırma və təchizat
sahəsində sözünü qətiyyətlə deməyi
bacardı. Yeni, daha səmərəli metodların tətbiqi,
zəruri texnikanın əldə edilməsi, onların işgüzar
nüfuzunu sürətlə artırdı,
sifarişçiləri isə ard-arda razı saldı. Artıq bu qurumu, necə deyərlər, görməzdən
gəlmək mümkün deyil. Layihəsi
üçün tender elan edən, sərfəli qiymətlərlə,
vaxtında və keyfiyyətli iş gördürmək istəyən
hər bir sifarişçi təşkilat seçim zamanı
üstünlüyü məhz “Az.Termoizol”a verir.
Ötən əsrin doxsanıncı illərinin
ortalarından bu müəssisə fəaliyyət
coğrafiyasını genişləndirərək daha müsbət
imicinə qovuşa bilmişdir. Nəhayət, 1998-ci
ildə müəssisənin bazasında “Az.Termoizol” ASC
yaradılmışdır. Müasir
düşüncə tərzi ilə seçilən Şakir
Həsənovun bacarıqla rəhbərlik etdiyi şirkət
Qərbin qabaqcıl təcrübəsindən bəhrələnərək
Azərbaycan xalqı və dövləti üçün
çox önəmli layihələri uğurla
reallaşdırmışdır. Məsələn,
ötən illərdə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin
Azərbaycan və Türkiyədən keçən nasos
stansiyalarında izolyasiya və quraşdırma işləri
sumqayıtlı peşəkarlar tərəfindən yüksək
keyfiyyətlə, yerinə yetirilmişdir. Bundan
başqa, “Az.Termoizol” ASC Səngəçal
terminalının, Bakı Neft Emalı Zavodunun,
“Etilen-polietilien” kimya müəssisəsinin, ölkəmizin nəhəng
qida sənayesi istehsal sahələri olan İmişli Şəkər
və “Qafqaz” Konserv, Gəncə Gil-Torpaq və Alüminium
zavodlarının, digər
müəssisələrin inşasını, həmçinin
Göygöl rayonunda kanalizasiya xətlərinin çəkilişini,
Qaradağ Sement Zavodunda təmizləyici qurğunun tikintisini,
metal-konstruksiya, istilik-soba sistemlərinin
quraşdırılmasını xarici şirkətlərlə
birlikdə beynəlxalq standartlara tam uyğun tərzdə həyata
keçirmişdir...
Şirkətin
quraşdırıcıları ondan xüsusi məmnunluq duyur
ki, Prezident İlham Əliyev Azərbaycanda bilavasitə
onların da çalışdığı bir çox yeni
zavodların, qurğuların, digər mühüm obyektlərin
açılışında şəxsən iştirak
etmiş və görülən işləri yüksək
qiymətləndirmişdir.
...Görüşümüz
zamanı mən Şakir Həsənovun verdiyi məlumatları
dinləyə-dinləyə dəftərimə müəyyən
qeydlər edirdim. Məsələn: “Əsas şüar - qiymətləndirmədə
gözütoxluq, işdə sürət və keyfiyyət”.
-Onların çox nüfuzlu təşkilatlarla tender rəqabətində
qalib gəlmələrinin başlıca səbəbi də elə
bu amillə bağlıdır. Yaxud: “İşçinin,
mütəxəssisin qədrini bilmək, onun zəhmətini lazımınca dəyərləndirmək”.
-Yüksək peşəkar insanlar belədə daha ürəklə
çalışır və fədakarlıqlarını əsirgəmirlər.
“Az.Termoizol” ASC müasir standartlara cavab verən texnikaya,
nəqliyyat vasitələrinə və avadanlığa
malikdir. Özüyeriyən kranlar, kompressor qurğuları,
borudüzən traktorlar, yarımavtomat qaynaq aparatları texniki
bazanın zənginliyinə dəlalət edir. Burada mükəmməl təhlükəsizlik
proqramı tətbiq olunur. Eyni zamanda insani
dəyərlərə hörmət əminliyi var.
Başlıca missiya günün tələblərinə
uyğunlaşmaq və etibar qazanmaqdır.
...Gəncə
şəhərinin Qərb küçəsindəki 12 saylı,
son dərəcə qəzalı vəziyyətdə olan
beşmərtəbəli binanın gücləndirmə
işlərini öhdəsinə götürən
“Az.Termoizol” ASC-nin təmsilçilərinə ağız
büzənlər çox idi. Hətta bəzi icraçılar binanı
söküb yerə qoymaqdan başqa çarə
olmadığı qənaətini açıqladılar.
Amma, Sumqayıt quraşdırıcıları
, nə qədər riskli olsa da, həmin binanı
yüksək təminatla ikinci həyatına
qovuşdurmağa ürək elədilər. İç
və bayır hissələrini dayaqlarla, armatur “tor”larla elə
hördülər, bünövrəni elə betonlayıb
gücləndirdilər ki, möhkəmliyinə heç bir
şübhə qalmadı. Hazırda “yeni bahar”ını yaşayan
həmin bina qədim Gəncənin, bəlkə də, ən etibarlı binasıdır. Beləcə, sumqayıtlılar bir daha məhz
öz qüvvələrinə sarsılmaz inamları
hesabına hər kəsi heyrətləndirib təqdir qazana
bildilər.
Son illərdə “Az.Termoizol” ASC müvəffəqiyyətlə
beynəlxalq arenaya çıxa bilmişdir. Kiçik
zaman kəsiyində Əfqanıstan Neft,
Qırğızıstan Neftayırma zavodlarında, bununla bərabər
Almaniya, Rusiya, Qazaxıstan və Çexiyada mühüm əhəmiyyətli
işlər görülüb. Texniki baxımdan çox
mürəkkəb
sayılan metal-konstruksiya və sobalar
quraşdırılıb, odadavamlı izolyasiya tədbirləri
həyata keçirilib. Hazırda “AZMEQO METANOL” və
Azərbaycan Beynəlxalq Dağ-Mədən şirkətləri
üçün də eyni yüklü sifarişlər yerinə
yetirilir. Bu tədbirləri “Az.Termoizol” ASC “Çiyoda”, “AMOK” (Yaponiya), “Astan
Rauver LTD” (İngiltərə), “Laki Qoi Star Encinierinq” (Cənubi
Koreya), “ABB Rover” (İsveçrə) və “Petrofakt
Korporeyşn” (ABŞ) kimi dünya şöhrətli nəhəng
şirkətlərlə müştərək icra edir. Başqa sözlə, üzağardan konkret işləri
ilə Azərbaycanın iqtisadi qüdrətini göstərir,
bəzi partnyor şirkətlərin bir şəhər kimi
adını belə ilk dəfə eşitdikləri
Sumqayıtın şöhrətini əzmlə dünyaya
yayır. Müqayisədə xeyli
kiçik görünən şirkətin böyük hünərləri
əcnəbiləri yaxşı mənada təəccübləndirir.
Hələ
sovet dönəmində Şakir Həsənov “SSRİ-nin əlaçı
mühəndisi”,
qabaqcıl quraşdırıcı, qabaqcıl səmərələşdirici
kimi adlara layiq görülüb. 2009-cu ildə
isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə “Tərəqqi” medalı ilə təltif edilib. Bu
gün “Termoizol”da tikinti-quraşdırma işlərini
bütün incəliklərinə qədər bilən təcrübəli fəhlə və
mühəndis-texniki heyət çalışır. Tələbat yarandıqda şirkət müvəqqəti
olaraq minə yaxın işçi də cəlb edə bilir.
Şakir Həsənovun dedikləri:
-Həyata
keçirdiyimiz layihələr sürət və keyfiyyət
baxımından daim sifarişçiləri razı
saldığı üçün həm ölkəmizdə,
həm də xaricdə partnyorlarımızın sayı
durmadan artır. İndi dünyanın ən
qabaqcıl tikinti biznes klubları “Az.Termoizol” ASC-ni öz
sıralarına eyni hüquqlu bir şirkət kimi qəbul
edir. Üç il öncə ilk dəfə Brüsseldə
beynəlxalq mükafat almışıq. Orada
bizə Avropa Biznes və Sənaye Cəmiyyətinin
sertifikatı təqdim olunub.
Bundan başqa, mərkəzi qərargahı
İspaniyanın paytaxtı Madriddə yerləşən “Ofis
Nəşriyyatı və Ticarət Liderləri Klubu” hər
il sahibkarlığı inkişaf etdirən, keyfiyyətli
işi və firma markası ilə tanınan qurumlar
arasında sorğular keçirir. 2011-ci ildə klubun 7 min
üzvü tərəfindən dünyanın 95 ölkəsində
aparılan sorğunun nəticələrinə görə
bizim şirkət “İmic və Keyfiyyətdə Liderlik
Uğrunda” beynəlxalq prizlə və “Sahibkarlığın
inkişafına görə” Qızıl medalı ilə
mükafatlandırılmışdır.
Ötən ilin yayında Fransanın paytaxtı Paris
şəhərində daha bir mötəbər tədbirə
dəvət olunan Şakir Həsənov orada “Qızıl
Avropa Mükafatı - Keyfiyyət və Ticarət Nüfuzu
üzrə” sammitdə içtirak etmiş və “OMAC Other
Ways” İdarəetmə Birliyi tərəfindən iki
mükafata layiq görülmüşdür. Bunlar “Mükəmməllik,
İdeal Keyfiyyət Performansı” - Kloval Mükafatı və
şirkət rəhbərinə verilən “Qızıl Avropa”
medalıdır. Fransada dünyanın 160-dan çox ölkəsindən
gəlmiş
iş adamları ilə, MDB-yə üzv dövlətlərin
təmsilçiləri ilə yaxından tanışlıq gələcək
işbirlikləri üçün müqavilələrin
imzalanması ilə sonuclanmış və gözəl nəticələr
vermişdir.
Bu ilin aprel ayı da “Az.Termoizol”ASC üçün, onun
Avropada tanınan idarə heyəti sədri üçün
yaddaqalan olmuşdur. Belə ki, şirkət yenidən mötəbər
bir mükafata - Beynəlxalq Sokrat Komitəsinin
“Tikinti-quraşdırma sahəsindəki nailiyyətlərə
görə ən uğurlu müəssisə”
ödülünə layiq görülmüşdür. Bununla yanaşı, Şakir Həsənova “İlin
meneceri” qızıl medalı da verilmişdir. Avropa Biznes Cəmiyyəti tərəfindən həyata
keçirilən mükafatlandırma mərasimi Londonun
möhtəşəm Pall Mall sarayında
keçirilmişdir. Bu, artıq
üçüncü xarici ölkədir ki, “Az.Termoizol” orada
dünya miqyaslı qızıl mükafata layiq
görülür. Ulu öndər Heydər
Əliyevin 90 illiyi ərəfəsində qazanılan bu
növbəti uğuru şirkətin təmsilçiləri
özlərinin yubileyə ən gözəl töhfəsi
sayırlar.
Yeri gəlmişkən, bir qayda olaraq, mükafatların
verildiyi bütün mərasimlərdə Sumqayıt təmsilçisinin
şərəfinə Azərbaycanın üçrəngli
bayrağı qaldırılır, dövlət himni səsləndirilir. Şakir Həsənova
çıxış üçün söz verilir və o,
ölkəmizin Avropaya sürətli inteqrasiyası,
sosial-iqtisadi inkişafı barədə məlumatları
iştirakçıların diqqətinə
çatdırır. Mötəbər beynəlxalq
qurumların, onlarca
ölkə təmsilçilərinin
qarşısında bəyan edir ki, xalqımızın dəyərli
övladlarının müvafiq sahə üzrə iti mühəndis
zehni var. Bu potensial daha böyük uğurlar qazana biləcəyimizə
təminat verir.
Elə
Londonda təşkil olunan liderlər sammitinin nominantı kimi
çıxışı zamanı Şakir Həsənov
müstəqil Azərbaycan Respublikası rəhbərliyinin
sosialyönümlü iqtisadi siyasətinin aspektlərindən,
Sumqayıtın bir sənaye mərkəzi kimi dinamik
inkişafından, özünün rəhbərlik etdiyi
şirkətin iş imkanlarından bəhs etmiş və bu zaman salonun geniş monitoru
vasitəsilə göstərilən
uyğun videokadrlar maraqla izlənmişdir. Fərəhlidir ki,
bu barədə geniş materiallar Londonda nəşr olunan
“Liderlərin sammiti” jurnalında əksini tapmış,
şirkətin rəhbəri Şakir Həsənovun nailiyyətlərindən
ətraflı söhbət açılmışdır.
Şirkətdə həmsöhbət olduğum hər kəs
ASC-nin Londonda Beynəlxalq Sokrat qızıl mükafatına
layiq görülməsinin məsuliyyətindən, etimadı
daha fədakar zəhmətlə doğrultmaq səyindən
danışdı. Müsahiblərim birmənalı tərzdə
dedilər ki, ən böyük hədəfləri doğma Azərbaycanımızın
iqtisadi qüdrətinin daha da artmasına nəzərəçarpacaq
töhfələr verməkdən ibarətdir. Bu
baxımdan gələn ay icrası planlaşdırılan Gəncə
Det-Alüminium zavodunun II mərhələsinin tikintisi üzrə
tenderdə “Az.Termoizol”un qalib gəlməsi
fərəh doğurur. Həmin layihədə
iştirak şirkət üçün çox mühüm
önəm daşıyacaq.
Şirkətin işləri ilə tanışlıq
zamanı oraya daha iki xoş xəbərin gəldiyinin
şahidi oldum.
Ş.Həsənov yenicə ona təqdim edilən
dəvətnamələri mənə göstərdi. Birincisi Hollandiyanın paytaxtı Amsterdamdan idi.
Avqustun 4-10-da orada
“Müasir texnologiya idarəçiliyi, biznesin
qurulması və innovasiya” mövzusunda konfransla əlaqədar
idi. İkinci dəvətnamə lider müəssisənin
rəhbərinə Parisdən göndərilmişdi.
“Other Ways” Beynəlxalq Assosiasiyası onu 10-17 noyabrda
İsveçrənin paytaxtı Cenevrədə təşkil
olunacaq, 40 ölkədən təmsilçilərin qatılacağı “Beş
qitənin keyfiyyət və əlaçılıq üzrə”
nominasiya mükafatlandırması mərasiminə dəvət
edirdi. Ola bilər ki, yenə də “Az.Termoizol”un
adı qaliblər sırasında çəkilsin. Zaman göstərəcək.
Mənsə
“Az.Termoizol” ASC-nin uğur hekayələri barəsində
yazımı Şakir Həsənovun dediyi bu sözlərlə
yekunlaşdırmaq istəyirəm: “
Arzularımdan biri budur ki, partnyorluq əlaqələrimdən,
şirkətimizin xaricdə qazandığı nüfuzdan
istifadə edərək iri istehsal layihələrindən
birinin cənub bölgəsinə, Masallı rayonuna
salınmasına nail olam. Bununla da əyalət
bölgəsində əhalinin məşğulluğunun daha əsaslı
şəkildə təmin edilməsinə
yardımçı olmaqdan hədsiz məmnunluq duyaram”.
...Riyaziyyatçılar
çətin bir tənliyi həll edəndə sevincdən
uçmağa qanad axtarırlar. Mənə elə
gəlir ki, lider şirkətin təmsilçiləri indi məhz
bu ovqatdadırlar. Onlar
çalışdıqları sahədə qələbə
tənliyinin uğurlu həllini tapıblar.
Uçmağa qanadları da var: biri öz qüvvələrinə
inamdır, digəri də zəhmətlərinin layiqincə
qiymətləndirilməsi.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 15.