Mediaya dövlət
dəstəyi söz azadlığının maddi əsaslarını
möhkəmləndirir
Azərbaycan Mətbuat Şurası növbəti ali məclisini bu qurumun yaradılmasının 10-cu ilində keçirir. Azərbaycan jurnalistlərinin bu gün Bakıda açılan VI qurultayında təkcə sonuncu ali məclisdən sonrakı fəaliyyətimiz barədə deyil, bütövlükdə, ötən 10 ildə keçilmiş yola nəzər salınacaq, ölkəmizdə demokratik medianın inkişaf etdirilməsi, söz azadlığı prinsiplərinin möhkəmləndirilməsi istiqamətində növbəti hədəflər diqqət mərkəzində olacaq. Məclisdə Mətbuat Şurasının yeni İdarə Heyəti də seçiləcək, qurumun Nizamnaməsinə, Jurnalistlərin Peşə Davranışı Qaydalarına düzəlişlər ediləcək.
Qurultayda son 5 ildə ölkəmizdə formalaşmış KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının özünü doğrultmasına, bu sahədə əldə edilmiş təcrübəyə də nəzər salınacaq. Azərbaycan jurnalistlərinin ali məclisinin cəmiyyətdə yaratdığı gözəntilər, ümidlər fonunda bu mühüm məsələyə münasibətimi ətraflı açıqlamağa ehtiyac duyuram.
Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin göstərilməsi ənənəyə çevrilib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası” və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Məqsəd odur ki, KİV-lərimiz ictimaiyyətin maraqlarını, daha doğrusu, dövlətin ictimaiyyətə xidmət baxımından seçdiyi prioritetləri qarşılamaq üçün ayaqda qala bilsinlər. Elə buradanca dövlət – media oxunun, bir növ, hədəfi müəyyənləşir. İstərdim ki, məsələ ilə bağlı fikir bildirənlər obyektivlik üçün öncə bu məqama diqqət yetirsinlər - Konsepsiya ilə KİV-ə dəstək göstərmək marağı ətraflı, konkret və detallı şəkildə ortaya qoyulur. Sənəddə bildirilir ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruriləşdirir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təminatı xüsusi əhəmiyyət kəsb edir. Buna görə də KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyinin göstərilməsi müasir dövrümüzün tələbinə çevrilib.
Göründüyü kimi, məsələyə
kompleks baxış mövcuddur. Mediaya dəstək xidmət
üçün verilir. Xidmət isə ictimai əhəmiyyət
daşımaqla həm dövlətə, həm də mediaya
eyni dərəcədə lazımdır. Söhbət təkcə
KİV-ə yardım
göstərilməsindən gedirsə, Konsepsiya qəbul
olunmazdan və KİVDF yaradılmazdan öncə də bu
iş həyata keçirilirdi. Deməli, ayrıca
sənədin ortaya çıxması və qurumun
formalaşması əlahiddə mərama hesablanmış
strategiyadır. Prinsipial baxımdan qeyd
edilməli məqam həmin strategiyanın hansı metodlarla həyata
keçirilməsidir. Mövcud xüsusda
kimsə iradını, narazılığını bildirsə,
təklifini səsləndirsə, zənnimcə, ümumi
işə, alternativsizliyi dəfələrlə
isbatlanmış prosesə fayda vermiş olar.
“Güclü media, güclü dövlət deməkdir”
formulunu “media IV hakimiyyətdir” formulu ilə
qarşılaşdıraq. Totalitar Sovetlər
Birliyi dönəmində mətbuata, onun fəaliyyət dairəsinə
münasibətdə formalaşan ənənəni, habelə
güclü dövlət hakimiyyətinin mətbu prinsipləri
arxa plana atmasını yada salaraq, bəlkə, bir
çoxlarımız düşünürük ki, dövlət
medianı klassik hakimiyyət formaları sırasında
möhkəmlənəcək qədər gücləndirərmi?
Mülahizələr də səslənir ki,
güclü medianın mövcudluğu, guya, dövlətə
alət kimi sərfəlidir. Axı,
medianın ictimai rəyi yönləndirmək, onu müxtəlif
şəklə salmaq imkanları var və dövlət bundan
yararlanmaqla istək və məramını həyata
keçirə bilər. Əlbəttə,
bu baxışların əksəriyyəti dövlətin
politoloji ədəbiyyatlarda qeyd edilən funksiyalarına bəzən
zidd olaraq da meydana çıxır və onların qayəsində
bir çox ölkələrin idarəçilik sistemindəki
arzuolunmaz praktikaya əsaslanma dayanır. Hər halda tarix
göstərir ki, belə nəzəriyyələr də həmin
sistemlərin təkmilləşməsində, həmçinin
vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsində
az rol oynamayıb, nəticə etibarilə
inkişafa gətirib.
Zaman keçdikcə bu inkişaf xüsusiyyətlərini
dəyişib.
Mətbuatın da istər fəaliyyətində,
istərsə də strukturunda buna uyğun fərqliliklər
yaranıb. Hazırkı məqamda elektron media ilə rəqabət
və jurnalistikanın daha çox kommersiya sahəsinə
çevrilməsi mərhələsi start götürüb.
Azərbaycandan fərqli olaraq bu proses və onunla əlaqədar
digər məziyyətlər ABŞ-da, eləcə də Qərb
ölkələrində olduqca tez başlanıb və
artıq yekunlaşıb. KİV-lərə
dövlət dəstəyinin göstərilməsi də həmçinin.
Qərbdə dövlətin mətbuata dəstək
göstərməsinin hansı səbəbdən zəruriliyini
dərk edir və düzgün qiymətləndirirlər.
Məsələyə aydınlıq gətirmək
üçün bir neçə məqama diqqət yetirmək
vacibdir.
Əvvəla, dünya miqyasında ötən əsrin
60-cı illərindən başlayaraq gündəlik qəzetlərin
tirajları düşməyə başlayıb. Ümumiyyətlə,
gündəlik nəşrlərin sayları da azalmağa
doğru gedib. Hətta Avropa oxucularının
çoxunun gündəlik qəzetlərə meyil göstərdiyi
ənənəvi qəzet ölkələrində abunəçilərin
sayı məhdudlaşıb və ya tam durğun vəziyyətə
düşüb. Qəzet oxumağın
orta davamlılığında da geriləmələr var. Təkcə
Böyük Britaniyada qəzetlərin tirajlarında
düşmələr artıq neçə onillikdir ki,
müşahidə olunmaqdadır. Ölkə
gənclərinin böyük qismi qəzet oxumağa ehtiyac
duymur, orta məktəbi bitirən dörd məzundan biri isə
qəzet oxumaqda çətinlik çəkir.
Əlbəttə, mövcud vəziyyətin
yaranmasında rəqabət amilinin böyük rolu var. Məsələ
burasındadır ki, dərin rəqabət müstəvisində
müəyyən qəzetlərin bazarda dominant mövqeyə
yiyələnməsi digərlərinin onlarla hər hansı
mübarizə aparmasını mümkünsüzləşdirir
və tədricən ikincilər sıradan çıxır. Təbii, həmin
nəşrlərlə birgə auditoriyalarda seyrəlmələr
yaranır ki, nəticə etibarilə sevimli qəzetini
itirmiş oxucu başqasına meyil göstərmir. Təsəvvür edin ki, vaxtilə oxucu tapmaqda
problem yaşamayan, reklamın böyük bazara malik olduğu
Nyu-York kimi şəhərdə 1990-cı ildən
başlayaraq özünü doğruldan qəzetlərin
sayı cəmi dörd olub. Hazırkı
dövrdə Nyu-York bazarında yalnız bir gündəlik qəzetin
- “Nyu-York tayms”ın hegemonğulundan söhbət gedir. Kommersiya reklamlarının və reklam gəlirlərinin
əsas hissəsi məhz bu nəşrdə cəmləşir.
Başqa
bir fakta diqqət yetirək: 1930-cu ildə İngiltərədə
500-dən artıq irili-xırdalı şəhərdə
bir-biri ilə rəqabət apara bilən qəzetlər
çıxırdı. İndi belə şəhərlərin
sayı 30-a çatmır. Ölkənin
digər yerlərində isə yerli qəzet bazarını
yalnız biri təmsil edir. Onu da demək
lazımdır ki, Avropada regional bölmələri olan qəzetlərin
sayında da azalmalar var. Bahalı kompyuterlərin və
çap texnologiyasının geniş yayılması yerli qəzetlərin
böhranını gücləndirib.
Növbəti cəhət kimi siyasi partiya
böhranlarının təsirini qeyd etməliyik. Çünki
ancaq siyasi rəqabət müstəvisində özünü
doğruldan və siyasi prosesləri işıqlandırmaqla
ömür sürən nəşrlər maddi cəhətdən
daha üstünlərinə uduzublar. Bu isə
partiya mətbuatının tənəzzülünə gətirib.
Ümumiyyətlə, İkinci Dünya
müharibəsindən sonrakı dövrdə televiziyanın
və digər kommersiyalaşmış KİV-lərin təsiri
Avropada nüfuzlu partiya mətbuatının sıradan
çıxmasında müstəsna rol oynayıb.
Ötən əsrin 90-cı illərində daha çox
yüksəktirajlı partiya qəzetlərinin
çıxdığı Qərbi Almaniyada öz gündəlik
mətbu orqanını yalnız Demokratik Sosializm Partiyası
saxlaya bildi. Digər partiyalar isə bundan məhrum oldular. Onlar ya nəşrlərini bağladılar, ya da
satdılar. Onu da deyək ki, illər ərzində
hegemon rol oynamış demokratik sosialistlər belə digər
nüfuzlu mətbu orqanlarının varlığını
qorumaqda çətinliklər yaşadı.
Nəticədə XX əsrin sonundan başlayaraq gündəlik
mətbuatın plüralist xarakterinin qorunması problemi kəskin
qoyulmağa başlayır. Əvvəl televiziya,
indi isə internetlə rəqabət fonunda mövcud cəhət
onun reklam bazası əldə etməsi və yaşaması
baxımından mühüm amil kimi dəyərləndirilir.
Qeyri-kommersiya xarakterli və gəlirsiz KİV-lərin
sıradan çıxması vətəndaşları ölkənin
daxili və xarici ilə bağlı xəbərlərdən,
ictimai əhəmiyyətli informasiyalardan məhrum edir. Bu isə cəmiyyətdə və informasiya
mühitində plüralizmin azalmasına, insanların müxtəlif
yönlü, alternativ informasiya mənbələri əldə
etmək hüququna zərbə kimi qiymətləndirilir.
Siyasi və gəlirsiz media orqanlarının
“ölümü” cəmiyyətdə medianın
“dördüncü hakimiyyət” rolunu şübhə
altına alır. Belə demək
mümkünsə, ideyalar bazarında cəmiyyətin
demokratik tələbatları, özünü ifadə vasitələri
ödənilməmiş qalır. Nəhayət,
qəzetlərin iflası məsələsi demokratik dəyərlərin
sıradan çıxması kimi assosiasiya olunaraq qlobal səciyyə
daşımağa başlayır.
Əslində, bütün bunlar dünya ictimaiyyətini
ötən əsrin 60-70-ci illərindən
düşündürməyə başlayıb. Hələ
1978-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəzetlərə
subsidiya verilməsinin təminatına kömək göstərilməsinin
vacibliyi vurğulanıb. Avropa Birliyi
ölkələrində problemi aradan qaldırmaq və mətbuatın
dözümlülüyünü təmin etmək məqsədilə
proteksionist siyasətin yürüdülməsi nəzərdə
tutulub ki, burada da mətbuat orqanlarına və mətbəələrə
maddi dotasiyaların verilməsi, poçt, teleqraf, vergi,
gömrük və digər imtiyazların tətbiqi
başlıca tədbir kimi irəli sürülüb.
Təbii ki, mövcud siyasət ardıcıl və uzun
müddətli xarakter aldığı zaman müsbət nəticələr
əldə olundu. Məsələn, indinin özündə
də dövlət dəstəyinin 1960-cı ildən tətbiq
edildiyi Finlandiyada qəzetlərin yarıdan çoxu bunsuz fəaliyyət
göstərmək iqtidarında deyil və məsələyə
tam normal yanaşılır. Hazırda bir
çox Avropa ölkələrində dövlət gündəlik
qəzetləri bu və ya digər dərəcədə
maliyyələşdirir ki, obyektiv amillərin təsiri ilə
cəmiyyətdə nəşrlər barəsində
sıradan çıxmaqda olan yüksək ictimai rəy
saxlanılsın. Birbaşa dövlət dəstəyinin
hesabına İsveçdə iki böyük siyasi qəzet -
1887-ci ildən çıxan sosial-demokrat yönümlü
“Arbatet” (“Əmək”) və 1884-cü ildən nəşr
olunan mühafizəkar ruhlu “Svenska Dagbladet” (“İsveç
gündəlik qəzeti”) saxlanılır. Avropanın bir çox yerlərində hətta
siyasi və ictimai baxışları yayan mətbu KİV-lərin
maliyyə sıxıntılarını aradan qaldırmaq,
onlara maddi dəstək göstərmək üçün
xüsusi məqsədyönlü proqramlar fəaliyyət
göstərir.
Dünyada mediaya dəstək praktikasını labüd
edən təcrübə ilə ölkəmizdəki oxşar
zərurətin meydana gəlmə səbəblərini
müqayisəyə gətirdikdə ortaya maraqlı
nüanslar çıxır. Göründüyü
kimi, Qərbdə, eləcə də ABŞ-da mətbu
böhranı iqtisadi kataklizmlər şərtləndirib.
Yəni, iqtisadiyyatın mühüm tərkib
hissəsinə çevrilən media bu mühitdə baş
verən dəyişikliklərin, tendensiyaların, rəqabətin
mənfi təsirinə məruz qalıb və sıradan
çıxmağa başlayıb. Azərbaycanda
isə mətbuatın zəif duruma düşməsi
böyük mənada hansısa iqtisadi prosesin məntiqi
davamı kimi dəyərləndirilə bilməz. Amma hər iki halda nəticə eynidir.
KİV-lərin tirajı aşağıdır, oxucu
auditoriyası seyrəkdir, maddi-texniki imkanları zəifdir,
jurnalistlər sosial çətinliklər içərisindədirlər. Deməli, Azərbaycanda
dövlət dəstəyinə ehtiyac KİV-lərin iqtisadi
rəqabətdə belə desək, itib-batmasına yol verməmək
üçün deyil, onları iqtisadi rəqabətə
hazırlamaq, artan iqtisadi tərəqqiyə adekvat
yanaşmalarını təmin etmək zərurətindən
irəli gəlib. Konsepsiyada da deyildiyi kimi,
Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi
islahatların keyfiyyətcə yeni mərhələyə
daxil olması, vətəndaş cəmiyyəti
quruculuğunun dərinləşməsi və siyasi
plüralizmin genişlənməsi cəmiyyətdə
informasiyaya olan ictimai tələbatı daha da artırıb.
Sonda onu da deyim ki, Azərbaycan demokratik mediası uzun
yolun başlanğıcındadır. Bu yol tam müstəqillik
yoludur. Kimin necə düşünməsindən
asılı olmayaraq yolumuzun məşəqqətlərinə
qatlaşmağa məhkumuq. Ola bilər,
indi etdiklərmizdə nələrsə
çatışmır, nələrəsə yenidən nəzər
salmalıyıq. Amma hədəfimiz dəyişməzdir
və dəyişməzliyi müəyyənləşdirən
Azərbaycan jurnalistikasının özüdür. Ölkənin jurnalist cameəsi bu gün, əsasən,
bir-birini başa düşür. Axı, həmin
cameənin hər bir üzvünün sosial, maddi-texniki durumu
böyük hesabla eynidir. Eynilərin
arzuladıqları həyat, sözsüz ki, gələcək.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
Xalq qəzeti.-
2013.- 11 iyul.- S. 3.